Azərbaycanda ailə ənənələri:
milli və etnik əlamətlərə
tarixi-etnoqrafik müstəvidə
baxış
(Əvvəli ötən
sayımızda)
Bir neçə kəlmə də rus əhalisinin ailə məişəti və
bununla bağlı adət-ənənlər
haqqında mövcud olan
qeydlərə nəzər salaq. Rus ailəsi özünün
etnik xüsusiyyətlərinə görə,
yerlilərdən xeyli fərqlənmişdir.
Patriarxal azərbaycanlı ailəsindən
fərqli olaraq, rus ailəsi
bərabərlik əsasında qurulmuş,
qadın kişi ilə eyni
hüquqa malik ailə
əsasən oğlan və qızın ümumi razılığı əsasında
təşkil olunmuşdur. Sektantlar
arasında evlənmə həddi 15-16 və ya
19-20 yaş hesab olunurdu. Həm də ərə
gedən qız oğlandan 2-3 yaş böyük
olardı. H.Kalaşevin
yazdığına görə, qızların 14-15
yaşında ərə verilməsinə az
təsadüf olunurdu, 18-20 yaş
isə qızlar üçün münasib ərə getmə dövrü
sayılırdı.
Qeyd edilir ki, rus ailələrində
nikaha girmək oğlan və qız tərəfindən həll
edilər, ata-ana isə bunu tamamlayardı. Rus kəndlərində
qızın seçilməsi üçün həm də
şərait mövcud idi. Belə ki, bayram günləri
qız və oğlanlar dəstə-dəstə kəndin kənarlarına
gəzintilərə çıxar, burada çalıb-oynayar
və beləliklə fürsətdən istifadə edib
bir-birinə nişanlı tapardılar. Qış vaxtları
isə belə görüşlər evlərdə
keçirilərdi. Gənclərin bir-birini tanımasından,
bir-birinə bələd olub, öz aralarında həyat qurmaq
məsələsinə həll etdiklərindən sonra
valideynlər işə qarışardı. İvanovka kəndində
mövcud adətə görə, oğlan evindən qız
evinə elçi göndərilərdi. Ruslarda buna “svaşka”
deyilərdi. Elçi qızın razılığını
alıb, bunu oğlan evinə bəyan edər və oğlan
bunun müqabilində qız evinə “kladka” adı ilə 15
rubldan 100 rubladək başlıq aparardı. Pulu qızın
atası və ya anası qəbul edər, qız isə buna
cavab olaraq oğlana ərə getməyə razılıq
nişanəsi kimi ipək yaylıq bağışlayardı.
Nişanlı olmasını göstərmək
üçün oğlan həmin yaylığı bir
müddət boynunda gəzdirməli idi. Qıza verilmiş pul
isə onun şəxsi mülkiyyəti sayılardı, bu pulu
anası saxlayardı. Bundan sonra ailələr arasında
qohumluq münasibətləri başlar, toy ərəfəsində
ata-analar toyun keçirilməsi, qızın cehizi, oğlan
evinin qız evinə köməyi haqqında sövdələşmələr
aparılardı. XX əsrin birinci yarısında Azərbaycan
etnoqrafiyasında müəyyən qədər ailə-nikah məsələlərinə
toxunulmuşdur. Ə.Ələkbərov XX əsrin 30-cu illərində
apardığı tədqiqat nəticəsində belə bir
qənaətə gəlir ki, kürd ailəsində
qadının kölə vəziyyətində
olmasının səbəbi dini fanatizmdir. Kürd ailəsində
oğlanın doğulması sevinclə, qızın
doğulması isə təəssüflə
qarşılanırdı. Patriaarxal xarakter daşıyan
kürd ailəsində qadınlar yaşmanır, çadrada
gəzir, gəlin çox vaxt qaynana və qaynatadan gizlənirdi.
Atası isə qızı istənilən oğlana ərə
verirdi, gənclərin rəyi nəzərə
alınmırdı.
Onu da xüsusi qeyd etmək
lazımdır ki, XX əsrin 30-cu illərində Stalin
repressiyası, ikinci dünya müharibəsi, müharibədən
sonra da repressiyaların dayanmaması və s. proseslər Azərbaycan
etnoqrafiya elminin inkişafına öz mənfi təsirini
göstərmişdir.
XX əsrin 30-cu illərində
repressiyaya məruz qalan Ə.Ələkbərovun əsərlərinin
yalnız 1960-cı ildə kitab halında işıq
üzü görməsi, 1946-cı ildə “Quba şəhərinin
toy adətləri” adlı kitabı nəşr olunan
R.Babayevanın şəxsən Mir Cəfər
Bağırovun istehzası ilə üzləşməsi
sadaladığımız proseslərin məntiqi nəticəsi
idi.
Çox təəssüf
ki, XX əsrin ikinci yarısında ailə-nikah məsələlərinin
etnoqrafik baxımdan öyrənilməsinin ilk təcrübəsi
birbaşa olaraq, Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin rəhbəri Mircəfər Bağırovun tənqidi
və təzyiqi ilə üzləşib. R.Babayevanın
Qubanın ailə-nikah məsələləriylə
bağlı əsəri Mircəfər Bağırovun
birbaşa hücumuna məruz qalıb. Bu əsərə
iztehza olunması Kommunist Partiyasının etnoqrafik tədqiqatlara
yanaşmasının ən bariz nümunəsi idi. XX əsrin
ikinci yarısında Azərbaycan etnoqrafiyasında daha sürətlə
və geniş şəkildə tədqiq olunmağa
başlayan sahə ailə məişəti, ailə-nikah
münasibətləridir. XX əsrin 50-ci illərinin
ortalarında keçmiş SSRİ-də hakimiyyət dəyişikliyi,
Stalin repressiyalarına son qoyulması, şəxsiyyətə
pərəstişin nəticələrinin aradan
qaldırılması cəmiyyətdə bir “yumşaltma”
yaratdı. Buna baxmayaraq, ötən əsrin ortalarından
başlayaraq “sosializm cəmiyyəti qurmaq” üçün
onun əsasların yaratmaq məqsədilə siyasi sifariş
cəmiyyətin bütün sahələrində olduğu
kimi, ictimai elmlərdə, o cümlədən etnoqrafiya elmində
də özünü göstərməyə
başlamışdır. “Sovet ailəsi” termini, cəmiyyətdəki
ailə-nikah münasibətlərini bu qəlibə
uyğunlaşdırmaq cəhdləri tədqiqat
mövzularının seçilməsinə, tədqiqatların
ruhuna mənfi təsir göstərmişdir. Ancaq Azərbaycan
ailəsinin tarixi formaları, nikah növləri, toy, dəfn
adətləri, ailədaxili münasibətlərin sistemi yaradılmışdır.
Etnoqraflar torpaq və təsərrüfat münasibətləri,
nəsil əlaqələri və s. məsələlərdən
asılı olaraq Azərbaycanda kiçik və böyük
ailələrin mövcudluğunu, xüsusiyyətlərini
araşdırmışlar. Məhz XX əsrin ikinci
yarısında Azərbaycan etnoqrafiyasında nikah növləri
təsnifatlandırılmağa başlanılır. Bu proses
50 il ərzində yeni tədqiqatlarda özünü göstərir.
Bəzən terminlər, adlandırılmalar bir-birindən fərqli
olsa da, amma ailə-nikah münasibətlərinə bir-birindən
bir o qədər də fərqlənməyən yanaşmalar
üzə çıxırdı. Bu illər ərzində Azərbaycanda
tarixən təkkəbinli və ikiarvadlı nikah formaları,
ekzoqam, enloqam nikah qaydaları, köbəkkəsmə
(beşikgərtmə), levirat, sororot, kuzen nikah adətləri,
qızqaçırma və toy ilə nikahagirmə
formaları təsdiq edilirdi. Toy adətlərinin təsnifatında
da ciddi fərqlər yoxdur. XX əsrin ikinci yarısında Azərbaycan
etnoqrafiyasında toy qızın bəyənilməsindən
nişan aparılmasına qədər birinci mərhələyə,
qızın nişanlanmasından toya qədərki ikinci mərhələyə,
toyun başlanmasından gəlinin ər evində üzə
çıxarılmasına qədərki
üçüncü mərhələyə
bölünür. XX əsrin ikinci yarısında azsaylı
xalqların və etnik qrupların ailə və nikah məsələlərinin
öyrənilməsi də genişlənir. XX əsrin birinci
yarısında, eləcə də ikinci yarısının
ilk onilliyində ailə-nikah məsələləri ilə
bağlı məsələlərin öyrənilməməsinin
bir səbəbi də konkret siyasi qadağalarla bağlı
idi. Bolşevik-sovet rejiminin qanlı repressiyaları, İkinci
Dünya müharibəsi başqa xalqlarda olduğu kimi, azərbaycanlıların
da ailə sistemində dəhşətli iz buraxmışdı.
Həm bu fakt, həm də ailə-nikah məsələlərinin
öyrənilməsi xalqın milli kimliyi ilə məsələlərin
üzərinə işıq saldığından tədqiqatların
istiqamətləri dəyişdirilmişdir. Kolxozçu ailələrin,
fəhlə ailələrinin, ümumiyyətlə yeni sovet
ailəsinin yaranması ilə bağlı mövzulara daha
çox önəm verilirdi.
Ancaq ailə-nikah məsələlərinə
daxil olan yas adətləri, əksər hallarda
keçmişin və şəriət qaydalarının tənqidi
üzərində qurulduğundan kifayət qədər
etnoqrafik material olmasına baxmayaraq, etnoqrafik izahına tam tapmır.
Ailə və nikah münasibətlərində ən az
öyrənilən ailədaxili münasibətlərdir. Ailədaxili
münasibətlərin (uşaq tərbiyəsi, qadının
vəziyyəti və s.) tədqiqinə adətən, yeni
“sosializm cəmiyyəti” quruculuğu baxımından
yanaşılır. Məhz ailə-nikah məsələlərindən
çıxış edərək ötən əsrin 80-ci
illərində etnososial mövzulara maraq artır.
Maraqlıdır ki, Azərbaycan
etnoqrafiya elmində ilk elmi dərəcələrə layiq
görülən alimlər məhz ailə məişətilə
bağlı tədqiqatlar aparıblar. H.A.Quliyev “Azərbaycan
kolxozçu kəndlilərinin sosialist mədəniyyəti və
məişəti (Quba rayonunun materialları əsasında)”
1953-cü ildə dissertasiya müdafiə edib və elmlər
namizədi alimlik dərəcəsinə layiq
görülüb. Dissertasiyada qadınların vəziyyəti,
ailə başcısı, ailədə əmlak məsələsi,
ailənin gəliri, ailədə uşaqlarin tərbiyəsi,
ailə-nikah məsələləri, toy və doğum adətləri
əksini tapib. H.Quliyev sonrakı illərdə ailə
münasibətlərinə başqa əsərlər də həsr
edib.
M.İ.Atakişiyeva isə elə həmin
il “Azərbaycanlıların ailə məişəti
keçmişdə və indi (Xaldan rayonunun materialları əsasında)”
adlı dissertasiyanı müdafiə edib və elmlər namizədi
adı alıb. R.Babayeva Abşeron toylarının
elçilik, nişan (bu mərhələdə oğlan evi
üzük və şal gətirərdi), paltarkəsdi (toy
paltarlarının tikilməsi), sərpayı (yaxın qohum
qadınlar toplaşardılar, “başıbütöv”
qadın gəlinin başına xına qoyardı), xinə-nahana
(xına və hamam gecəsi) bölündüyünü
yazır. Müəllif sırf dövrün ideoloji tələblərindən
irəli gələrək, qeyd edir ki, XIX əsrin ikinci
yarısında və XX əsrdə oktyabr inqilabınadək
azərbaycanlılar arasında nikah sırf iqtisadi məsələlərə
görə bağlanırdı: “...Əksər valideynlər
sosial baxımdan bərabər olan yaşlı dul kişiyə
qızlarını vermirdilər. Bu vəziyyətdə evlənmək
istəyən dul kişi daha aşağı təbəqədən
arvad seçməli idi və ya öz təbəqəsindən
dul qadın ilə evlənməli idi. Yüksək təbəqədən
olmayan qadın üçün daha yüksək təbəqədən
olan dul kişi ilə nikaha girmək şərəf
sayılırdı”. Valideynlərin nikaha razılıq verməməsi,
onların aralarındakı düşmənçilik və
maddi vəziyyətə görə, oğlanın “qızqaçırmağa”
üstünlük verdiyini bildirən müəllif hərdən
toy xərclərinin ödənməsi üçün vəsait
olmadığından yalançı
qızqaçırmağa əl atıldığını,
amma kəbin bağlanılanadək qızın evdə qonaq
sayıldığını göstərir.
R.Babayeva məqaləsində
monoqam (təkkəbinli), poliqam (çoxkəbinli) və
siğə (müvəqqəti nikah) haqqında məlumat
verir, şəriət qaydaları oğlan üçün 15
yaş, qız üçün 9 yaşda nikaha icazə versə
də, əksər hallarda oğlanların 18 yaş,
qızların isə 12-13 yaşda nikaha girdiklərinə
bildirir. Məqalədə kəbin, kənd yerlərində
evlənənlər üçün yeni ev tikilməsi, toy
zamanı oğlan evinin qız evindən oğurluq etməsi adəti
və s. barədə də məlumat verilir. R.Babayeva bildirir
ki, qızın valideynlərinin nikaha etirazı və oğlan
ailəsinin maddi çətinliyi “qız
qaçırmağa” gətirib çıxarırdı.
XX əsrin birinci
yarısında ailə və nikah məsələləriylə
daha çox başqa elm nümayəndələri məşğul
olmuşlar. Məsələn, R.B.Əfəndiyev “başgərtmə”
nikah forması haqqında araşdırma aparıb: “Əgər
iki qohumun eyni vaxtda iki uşağı olub və bunlardan biri
qız, o biri oğlandırsa, onda onları beşikdəcə
nişanlayırdılar və uşaqlar böyüyəndə
nikaha girirdilər”.
Q.T.Qaraqaşlı apardığı müşahidələrə əsasən, XX əsrin əvvələrində Qazax qəzasında 30-40 nəfərlik böyük ailələrin olduğunu yazır. Azərbaycanla bağlı tarixi-etnoqrafik ədəbiyyata dair araşdırmalara görə. “Azərbaycanlılarda müxtəlif tarixi dövrlərdə ailə və nikahın tədqiqi yolunda çoxlu çətinliklər vardır. Bunun əsas səbəbi ailə və nikaha aid qədim yazılı mənbələrin yoxluğudur. Bu barədə etnoqrafik səziyyəli yazılı məlumatlar XIX əsrin əvvələrindən başlayaraq Qafqazda olmuş rus müəlliflərinin əsərlərindədir...Lakin həmin məlumatlar çox ötəridir, azərbaycanlılarda ailə məişətinin bütün sahələrini əhatə etmir, bu əsərlərdə ailə və nikahın tarixi etnoqrafik təhlili yoxdur”. Q.Qeybullayev kuzen, levirat, soorat nikahlarını bir-birindən fərqləndirir: “Kuzen (fransızca, kouzin əmioğlu deməkdir) nikahlar mənşəcə qrup nikahının qalığıdır. Qəbilə quruluşu dövründə nikahlar bir qəbilənin qadınları ilə digər bir qəbilənin kişiləri arasında mövcud idi və bu nikah münasibətləri qrup nikah formasını əmələ gətirirdi. A.İ.Sadıqov və Q.A.Qeybullayev birgə yazdıqları əsərdə qeyd edirlər ki, Azərbaycanda böyük ailələr onun əsasını qoyan şəxslərin adına –lar,-lər şəkilçiləri əlavə edilməklə əvvəlki nəslin hansı sənətlə məşğul olması ilə (məsələn, dəmirçilər), məhəllənin coğrafi mövqeyi ilə (yuxarı, orta, aşağı) və s. adlanırdı. Böyük patriarxal ailələr Azərbaycanda inqilabaqədərki və sovet etnoqrafiyasında öyrənilməyib. Ötən əsrin 60-cı illərində böyük və kiçik ailələrin tədqiqinə diqqət çoxalır. Quba rayonunun materialları üzrə böyük ailələri tədqiq edən Q.Qeybullayev yazır ki, bəzən kiçik ailələr təsərrüfat səbəblərinin təsiri nəticəsində böyük, bölünməz ailələrə çevrilir, bir neçə nəsildən sonra isə əks proses gedir və kiçik ailələr seqmentləşir. Torpaq münasibətlərinin xüsusiyyətləri, primitiv əmək alətləri, nəsil əlaqələrinin güclü qalıqları ailələrin XX əsrin əvvələrinə qədər birgə yaşamasını şərtləndirib. Xüsusən Şahdağ xalqları yaşayan Xınalıq, Qrız, Buduq, Cek, Əlik, Soub və başqa kəndlərdə böyük ailələrin qalması natural təsərrüfatın qalığı idi.
Bəhmən ƏLİYEV
525-ci qəzet.- 2010.- 14 oktyabr.- S.6.