Ağakişi müəllimlə özümü rahat və
güvəncli hiss edirəm...
Ağakişi Kazımov ismini eşidəndə ilk növbədə insanın fikrinə – Teatr sənətinin fanatı, bütün ömrünü böyük sənətin xidmətinə həsr edən yaradıcı şəxsiyyət gəlir. Onun “Teatr sənətinə – böyük, sonsuz və təmənnasız məhəbbətinə ancaq həsəd aparmaq olar. Mənim bu böyük sənətkarla yaradıcılıq əlaqəm 1982-ci ildə Nəbi Xəzrinin “Mirzə Şəfi” tamaşasına rol bölgüsü ilə başladı... Bu tamaşada rejissor A.Kazımov mənə Şəfinin sevgilisi Pakizə rolunu tapşırmışdı. O vaxta qədər mən Ağakişi müəllimi heç tanımırdım... Bəli, məşqlər başladı. İndiki kimi yadımdadır, “Mirzə Şəfi” tamaşasının axşam məşqi idi. Aşağıda, səhnədə hansısa tamaşa gedirdi, biz isə yuxarıdakı böyük məşq otağında məşq edirdik. Tamaşanın final səhnəsində, Şəfinin qəbri üstündə illər keçəndən sonra sevgilisinin söylədiyi monoloqundan sonra, Ağakişi müəllim mənə yaxınlaşdı, öz təəccüb və heyranlığını gizlətmədi. Çünki o vaxt mən çox gənc idim, həm də həyat təcrübəm heç yox idi. Məhz bu tamaşadan sonra uzun müddət Ağakişi Kazımovun hazırladığı demək olar ki, bütün tamaşaların baş qəhrəmanı mən oldum. Yaradıcılığımın ilk illərində, bir-birinin ardınca Ağakişi müəllimin quruluş verdiyi İ.Əfəndiyevin “Büllur sarayda” Lalə, K.Kərimovun “Çahargah fantaziyası”nda Nazilə, C.Cabbarlının “Od gəlin”ində Solmaz, “Solğun çiçəklər”ində Pəri rollarını oynadım. Bu tamaşaların hər biri mənə ayrılıqda çox böyük uğur və tamaşaçı məhəbbəti qazandırdı. Ağakişi Kazımovun 1983-cü ildə hazırladığı görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşası Akademik Milli Dram Teatrının səhnəsində 300-dən çox anşlaqla nümayiş olundu. Mənim fikrimcə, İ.Əfəndiyevin “Büllur sarayda” pyesi A.Kazımovun hazırladığı ən müvəffəqiyyətli tamaşalardan biridir. Heç təsadüfi deyil ki, Ağakişi Kazımov illər keçəndən sonra bu əsərə bir daha Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş verdi. Har-hazırda Ağakişi Kazımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram Teatrı və Kino Aktyorluğu” kafedrasının müdiri kimi çalışır. Bir sözlə, mənim pedaqoji fəaliyyətimdə də mənə rəhbərlik edir. Ağakişi Kazımovun rəhbəri olduğu kafedrada işləmək çox xoşdur. Çünki Ağakişi müəllimin yanında özümü rahat və güvəncli hiss edirəm... Onun çox zəngin yaradıcı və pedaqoji təcrübəsi var. Və Ağakişi müəllim bu təcrübəsini gənclərə ötürməkdən xüsusi zövq alır. Bu gün Ağakişi Kazımov kamil sənətkar kimi Milli Teatr ənənələrimizi ləyaqətlə yaşadır. Milli mədəniyyətimizin görkəmli nümayəndəsi Ağakişi Kazımovun 75 illik yubileyini ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, cansağlığı və sevinc dolu günlər arzu edirəm.
Bəsti CƏFƏROVA,
xalq artisti, dosent
525-ci qəzet.-
2010.- 15 sentyabr.- S.7.