Görkəmli rejissor,
pedaqoq, aktyor, psixoloq, Ağakişi
Kazımov haqqında heç bir “ziyafətdə”, “çayxanada”
demədiyim fikirlər haqqında, “natamam”
xatirələr...
70-ci illərin əvvəllərində,
uzaq Tatarıstandan Azərbaycana sevinc dolu sənət dalğası xəbəri
gəldi və şad xəbər tezliklə Azərbaycan ziyalılarının teatra
olan məhəbbətini
bir daha artırdı. O vaxtkı nəsil
Ağakişi Kazımovu yaxşı
tanısa da, bizim nəsil
onu görmək arzusundaydı. Hərbi
xidmətdən (1972-73) qayıtdıqdan sonra
eşitdim ki, Ağakişinin quruluş
verdiyi tamaşalara bilet tapmaq müşkül
məsələdir. İlk
baxdığım tamaşa Dumbadzenin “Darıxma ana”
tamaşası oldu. M.Sənaninin məşhur
monoloqundan sonra xeyli ağlayıb, tamaşanı axıra qədər
seyr edə bilmədim. Və rejissor Ağakişi
Kazımovun kim olduğunu
bildim. O vaxt ona yaxınlaşmaq mümkün
olmurdu. Həmişə məşqdən
çıxıb gedəndə, aktyorların əhatəsində
olurdu. Nəhayət, bir
gün H.Hacıyev küçəsində
F.Polodov bizi
tanış etdi. O vaxtdan
görüşəndə xırda sənət söhbətləri
edərdik. Nəhayət, İ.Əfəndiyevin “Büllur sarayında” görüşdük.
Ancaq bir rejissor kimi Ağakişi
məni başqa planda
görürdü. C.Cabbarlının “Od gəlin”dəki Altunbay kollektivi çaşdırsa da,
Kazımov yenə öz sözünü
demişdi. Nə isə... Sonralar
işlədiyimiz tamaşalarda, artıq
A.Kazımov həm mənim, həm kollektivin
nəzərində həm gözəl rejissor,
həm də bir pedaqoq
kimi çox yüksəlmiş
və sevilmişdi. A.Kazımov təcrübəli
psixoloqdur. Hər bir obraz canlı insandır. Kazımov bu obrazları elə gözəl təhlil edir ki, artıq sən həyatda
o obrazları axtarır və tapırsan.
A.Kazımov hansı teatra quruluş
verirsə, o teatrın nəfəsini, aktyor heyətin gücünü
o dəqiqə hiss edir. A.Kazımovun aktyorluğunu
həmişə mərhum Həsənağa Turabov
çox tərif edərdi. Nəhayət,
biz də bunu “Yük” filmində gördük
və sevdik. Təbii ki,
bu mənim səhər saat
7:30-da olan fikirlərimdir. A.Kazımov novator-rejissordur, elə olaraq
da qalacaq. Ömrünün mən deyərdim elə
75-ni də sənətə həsr edən A.Kazımov bu gün də yaratmaq eşqilə yaşayır. Və onun buna haqqı var! Yəqin 90 illiyinizdə dediyim
fikirlər daha dolğun
olacaq.
Yaşar NURİ,
xalq artisti
525-ci qəzet.-
2010.- 15 oktyabr.- S.7.