Yolsuz

 

Romandan parça

 

Tanınmış nasir, Azərbaycan nəsrinin 80-cı illər nəsrinə mənsub olan Nəriman Əbdülrəhmanlının “Könül elçisi” və “Yalqız” romanlarından sonra üçüncü irihəcmli əsəri olan “Yolsuz” romanı özünəməxsus psixoloji araşdırmadır. Müəllif romanda da, son illərdə qələmə aldığı hekayələrində də qəhrəmanlarının mənəvi yaşantılarını ən xırda təfərrüatlarına kimi təsvir etməyi bacarır. Onun bu əsərləri “şüur axını” üslubunda yazılmışdır.

 ...Teatrın binası təmirdən təzəcə çıxıb, fasadı göz oxşayır, qarşısındakı meydana da əməlli-başlı əl gəzdiriblər – bütün bunlar çox yaxşıdı, amma bizim bir şakərimiz var: bir şeyi tikib-qurandan sonra ona qulluq eləməyi unuduruq, üç-beş aydan sonra ətək-ətək pul xərclənib salınan bağlar, döşənən səkilər, asfaltlanan yollar göz qabağındaca əvvəlki görkəminə düşür, bir müddət beləcə qalır, ardınca təzədən söküntü-tikinti başlayır; belə şeylər uzunömürlü olsaydı, kefcil inşaatçı tay-tuşum deyirdi, bu qədər işçi qüvvəsini dolandırmaq olmaz, camaata rahatlıqdan əvvəl çörəkpulu qazanmaq vacibdi, fikirləşəndə görürdüm, onun dediklərində müəyyən həqiqət var; teatrın binasında təmir getdiyi aylarda truppa vaxtını qastrollarda keçirir, yeni mövsümə hazırlaşırdı, binanın təmirdən sonra açılışı da qadınımla ayrılığımın ilk dövrünə düşmüşdü, mənə səkkiz ilin yaşantılarını xatırlatmasın deyə, nə yolumu burdan salırdım, nə televiziyada təntənəyə baxmışdım; kassada səkkiz il qabaqkı ahıl qadındı, məni teatrın daimi tamaşaçısı sayıb mehribancasına gülümsünür: arxa sıralara bir bilet verin, deyirəm, onsuz da tamaşaçı azdı, cavab verir, istədiyiniz yerdə otura bilərsiniz, indi sezirəm ki, tamaşanın başlanmasına cəmi qırx dəqiqə qalsa da, gələnləri barmaqla saymaq olar, yəqin, ikiillik ayrılıqdan sonra camaatın belə şeylərə alışması, zamanın apardıqlarını bərpa eləməsi bir qədər çətin olacaq; sənətlə bağlı çox şeylər   psixoloji məqamlarla əlaqədardı, elə adamlar var, uzun illər ərzində öyrəşdiklərindən uzaq düşməyi qəbul eləmir, təzəlikdən, şıqlıqdan, dəbdəbədən tez bezirlər, köhnəliyin özündə anlaşılmaz cazibə qüvvəsi mövcuddu, adamı çəkib aparır; indi məndə də o cür hiss var: parıldayan pillələrdən, bərbəzəkli sürahılardan, gözqamaşdıran çilçıraqlardan canımı gizlətmək istəyə-istəyə plaşımı teatrın başlandığı yerə (sözə bir bax: teatr asılqandan başlayır, kimin ağzından çıxdığını bilmirəm, amma yəqin səviyyəni – filanı nəzərdə tutub) asılqana verib foyenin ikinci qatına qalxıram, ordakı geniş pəncərələrdən şəhərin olub-qalan qədim məhəllələrinin bir hissəsi görünür, yarım saatdan bir az artıq vaxtımı keçirə bilərəm.

Qədim məhəllə də əvvəlki təəssürat tarixə, keçmişlə, məhrəmliklə bağlı hisslər doğurmur, ora-burasından yuxarı millənmiş möhtəşəm göydələnlər çəmənlikdə bitən qamış kollarını xatırladır – yox, mən yeni tikililərin əleyhinə deyiləm, amma onları qədimliyi məhv eləməyin hesabına ucaltmaq olmaz, bir də ki, belə yerdə tikilən bina ümumi ansambla xələl gətirməməlidi; bu barədə bir ahıl xəstəmlə iki aya yaxın ünsiyyətdə olandan sonra daha çox düşünməyə başlamışdım: yazıq kişi memar idi, işini-gücünü atıb elə hey bu barədə yazmışdı, yuxarılara şikayət göndərmişdi, yekə-yekə adamlar dilə tutub başına ağıl qoymağa çalışmışdılar, hətta tikdikləri binalardan birində havayı mənzil təklif eləmişdilər; amma susmamışdı, düz üzlərinə, siz tariximizin, mədəniyyətimizin, mənəviyyatımızın düşmənisiniz, demişdi, pul bu dünyada çox şeyi həll eləyir, amma hər şeyi həll eləmir, gərək bunu anlayasınız, o adamlarsa yol tapıb, işlərini yoluna qoymuşdular, zavalı memar da yaza-yaza, danışa-danışa psixoloji müvazinətini itirmişdi, köhnə məhəllədəki tikililərdən söz açanda göz yaşlarını saxlaya bilmirdi; hə, pilləkənin qurtaracağından sağ tərəfə ensiz dəhliz uzanır, həmin dəhlizin qurtaracağındakı qapı balaca, darısqal qrim otaqlarının yerləşdiyi bölməyə açılır – bilmirəm, ola bilsin, yüksəkçinli aktyorların otaqları iridi, amma bir vaxt qadınım olmuş aktrisa iki həmkarıyla dar otağa yerləşmişdi, hərəsinin bir masası, bir güzgüsü, bir stulu vardı, bir də ümumi masa, asılqan yadımda qalıb; təzə evləndiyimiz günlərdə zəng vurub evdə unutduğu mətni istəmişdi, mən də ilk dəfə iş otağına girməyə fürsət tapmışdım, həmkarlarından biri, sağ yanağında iri xalı olan, yaşılgözlü aktrisa ordaydı, bilmirəm nədənsə toyumuzda olmadığından məni tanımırdı, qadınım tanış eləyəndəsə, sınayıcı nəzərlərlə süzüb ona göz vurdu, yəqin mənimlə bağlı təəssüratını belə bildirirdi; nədənsə cəmi ikicə dəqiqə qaldığım o otaq mənə köhnə qəbiristanlıqlardakı sərdabələri xatırlatdı, sonralar çox fikirləşdim, qrim otağıyla sərdabə arasında bir oxşarlıq ağlıma gəlmədi, indisə pillələri qalxa-qalxa qəfildən o müəmmanı açdım: o qrim otağında da neçə-neçə obrazlar yaradılıb dəfn olunmuşdu, bu onda niyə ağlına gəlməyib görəsən?

Durduğum yerdən bayırda köhnə məhəllənin bir hissəsi, içəridə ikinci mərtəbənin bütün foyesi, birinci mərtəbənin foyesinin yarısı görünür, tanış-filan gəlsə, gözümə tez sataşar, üz-üzə gəlməmək üçün çarə taparam, bayırda toranlıq artıq qatılaşıb, işıqlar yanır; göydələnlərin solğun işığı köhnə binaların üzərinə düşüb qəribə təzad yaradır, elə bil səmadan enmiş nəhənglər basırıqdan çıxmaq üçün yol axtarırlar, teatrın qarşısındakı meydanla məhəllənin arasındakı küçə boyu maşın seli axır, selin bir hissəsi dairəyə çatıb sola burulur, gəldiyim səmtə dönür, qalan hissəsi isə üzüaşağı axıb gözdən itir; dayandığım yerdən əllicə addım sol tərəfdəki qrim otaqlarının birində bir vaxt qadınım olmuş aktrisa səhnəyə çıxmağa hazırlaşır, yəqin indi güzgünün qarşısında oturub yaddaşında rolunun sözlərini təkrarlaya-təkrarlaya üz-gözünə əl gəzdirir, heç ağlına da gəlməz ki, mən – səkkiz il eyni dam altında yaşadığı adam bu qədər yaxındayam; yaxşı ki, teatr işçilərinin başı qarışıqdı, tamaşa zalının girişində dayanmış o qadın da məni tanımır, az qala hər gün gördüyü, bəlkə də yaxın münasibətdə olduğu cavan aktrisanın səkkiz il həyatımda olduğunu ağlına da gətirmir; ola bilsin, pırtlaşıqsaç rəssamla aralarındakı ünsiyyətdən xəbəri var, belə şeyləri teatr kimi bir yerdə gizlətmək çox çətindi, evli olduğunu da bilir, aradabir arvadına yiyəlik eləyə bilməyən kişi barədə ikrahla fikirləşir, öz-özlüyundə haqlıdı, bunun əksini düşünmək ağılsızlıq olardı; gözlənilmədən teatrın qübbəsi altında yaranan bu hissi üçbucaq məni elə silkələdi ki, unutmamaq, elə günü sabah ağlıma gələnləri sözə çevirmək istədim, qrim otağındakı keçmiş qadınım lap yaxınlığında olduğumu bilmir, tamaşa zalının girişində dayanmış qadın mənim tanıdığı cavan aktrisa ilə münasibətimdən xəbəri yoxdu, mənsə ikisinin arasındakı ünsiyyəti təsəvvür eləyirəm – bunlara ümumi süjet tapılsa, əməlli-başlı hekayə alınar.

Tamaşaya gələnlər var, amma qələbəlik deyil, zalın yarısı ancaq dolar, bu da ürəyimdəndi, arxa sıralardakı boş yerlərin birində oturar, kimsənin diqqətini çəkmədən psixoloji təhqiqatımla məşğul olaram: rəhmətlik müəllimim deyərdi, işin yoxdusa, kimsəyə sezdirmədən müşahidə elə, adamların ovqatına, hərəkətinə, oturuşuna-duruşuna fikir ver, sezdiyin nüanslardan psixoloji portretlərini yaratmağa, nəticələr çıxarmağa çalış, sonra onları nəzəriyyədə öyrəndiklərin ilə qarşılaşdır – peşənin xüsusiyyəti budu; bir dəfə məşğələnin ortasında məni göndərdi ki, bu kitabı filan professora çatdır, mən də professoru ötəri tanıyırdım, dəqiqləşdirməkdən ötrü həmişə sağ əlini pencəyinin yaxasından qoynuna qoyan kişinin olub-olmadığını soruşdum; müəllimim gülümsündü, səndə yaxşı müşahidə qabiliyyəti var, dedi, kütləşməyə qoyma, əslində, məni bu peşənin dalınca getməyə o söz təhrik elədi; yazmağasa lap təsadüf üzündən başladım, dost-tanış məclislərinin birində ümumi tanışımız, iki cüt, bir tək hekayəsi ilə sinəsini qabardıb gəzən yazıçı (özünü belə adlandırırdı) yazdıqlarının birinin süjetini danışdı, gördüm mənim ağlıma gələn, amma kağıza köçürmədiyim əhvalatlar daha maraqlıdı, üç gün sonra həmin hekayəsini qəzetdə oxuyanda onun əvəzinə utandım, elə həmin həftədə də klinikadakı otağımda ilk hekayəmi yazdım: hekayə özünün düzgün yaşaya bilməməsinin acığını başqalarından çıxan, bundan da şeytansayağı zövq alan bir tələbəlik dostum haqqındaydı, hər gün işə gedəndə gəlib ovqatıma soğan doğrayacağını gözləyirdim, qəribəsi də buydu ki, bütün bunu da həyatımın bir parçası sayırdım, kəsib atmaq heç ağlıma da gəlmirdi; hekayədən həmkarım xəbər tutdu, oxudu, dilə tutub qəzetdə işləyən qohumuma verdi, çap olunanda da qonaqlıq almamış əl çəkmədi, sonra ikinci, üçüncü... onuncu hekayəni yazdım, səkkiz il qadınım olacaq kimsəyə rast gələndə artıq bir kitablıq yazı-pozum vardı; qadınım bundan sonralar, evliliyimizin ikinci ilində xəbər tutdu, bir-ikisini oxudu, mənlik deyil, dedi, yazdıqlarında dramaturgiya çatışmır, əsərin ki başlanğıcı, kuliminasiya nöqtəsi, güclü sonluğu olmadı onu nə oxuya, nə də oynaya bilərəm, vəssalam; bundan sonra yazılarımı evdə yox, iş otağımdakı masamın bağlı siyirməsində saxlayırdım, bəlkə elə bu səbəbdən də o qadınım olduğu müddətdə kitab çap etdirmək barədə fikirləşmədim, yalnız ayrılandan, yazı-pozumu evə gətirəndən sonra həmin məsələni beynimdə götür-qoy eləməyə başladım.

Deyəsən, artıq tamaşa zalına girmək olar, birinci zəng vuruldu, amma tələsmirəm, başqalarının biletyoxlayan qadına yaxınlaşmasını gözləyirəm ki, başı qarışsın, mənə fikir verməsin, üstəlik, sual verib cavab almağa macalı olmasın; fəndim uğurlu alınır, qadın üzümə baxmadan bu qübbə altındakı hissi üçbucağın mövcudluğunu ağlına gətirmədən məni içəri, buraxır, girib arxadan üçüncü sırasının orta yerlərinin birində otururam, çətin ki, məni narahat eləyən tapılsın, tamaşaçıların çoxu irəli gedir, səhnədə baş verənləri daha yaxından görmək istəyir, arxa sıralarda hələ bir neçə cavan cütlük var, onların da başları özlərinə qarışıb; tamaşanın süjetindən xəbərim var, televiziyada müəllifi danışıb, məşqdən bir səhnə də göstəriblər, həmin səhnədə bir vaxt qadınım olmuş aktrisa ağlaya-ağlaya aldatdığı kişidən bağışlanmasını istəyir-məlum dramaturji sxem, məhəbbət üçbucağıdı- dramaturqu da tanıyıram, üç il qabaq əsəblərinin müalicəsilə bağlı klinikamıza gəlib-gedib, mən də söhbət eləməli, məsləhət verməli olmuşam; bu da daha bir hissi üçbucaq, şübhəsiz, dramaturqla bir vaxt qaldınım olmuş aktrisa bir-birini tanıyırlar, mən dramaturqla ünsiyyətdə olmuşam, amma o, əsərində oynayan aktrisanın bir neçə ay əvvəlcədən mənim qadınım olduğunu bilmir, bir vaxt qadınım olmuş aktrisanın da mənim dramaturqu tanıdığımdan xəbəri yoxdu; əlbəttə, dramaturqla təsadüfən elə bu zalda qarşılaşsaq, məni olsa-olsa əsərinin tamaşaçısı hesab eləyər, əsas obrazlardan birini yaradan aktrisayla aramızda hər hansı bağlılığın olduğu ağlına da gəlməz, bundan ötrü aktrisanın da təsadüfdə iştirak eləməsi vacibdi; bu cür dramaturji gedişsə, yalnız bədii əsərdə ola bilər, indi yalnız mənə məlum olan belə psixoloji vəziyyət dramaturqa daha bir mövzu verərdi, amma mənim qismətimə düşüb, bunu da yadda saxlamaq lazımdı.

Təxmin elədiyim kimi zal yarısına qədər dolub, elə indicə də üçüncü zəng vuruldu, yəqin bir neçə dəqiqədən sonra tamaşa başlayacaq, şükür Allaha, tanış-filan da çıxmır, bununla belə, az qala yarıuzanıb əlimi yanağıma söykəyirəm ki, sifətimi görən olmasın; daha bir – bu dəfə hissi yox, real uçbucağın yaranması bu vaxtımda heç münasib deyil, tamaşada əsas rollardan birini oynayan aktrisanın bir vaxt qadınım olduğunu bilən kimsənin ortaya çıxması, təəccüblə, bəlkə də şübhəylə sorğu-suala tutması, üstəlik, çox güman ki, yanımda oturmaq fikrinə düşməsi məndən ötrü fəlakət kimi bir şey olardı, indi gəl o adama nələrisə anlatmağa cəhd elə, aylardan bəri başqa kişinin qadını olan kəsə bu marağını ört-basdır eləməyə çalışıb teatra sevgidən-filandan danış, ay inandı ha! səni tanıyan adamdısa söylədiklərinlə üzəyarı razılaşıb, içində istehzayla güləcək, bəlkə də o qadını geri qaytarmağa can atdığımı fikirləşib nakişi də sayacaq, düzdü, elə şeylər var, başqalarına, hətta ən yaxşı kəslərə izah eləməyə borclu deyilsən, amma təkcə özün üçün yaşamırsan axı, ətrafdakıların mühakimələrini nəzərə almağa da məhkumsan; axır ki, Allah dualarımı eşidir: işıq öləziyir, həzin musiqi eşidilir, pərdə ağır-ağır aralanır, səhnənin arxa tərəfində sahil bağının mənzərəsi görünür, dekorda salxım söyüd, oturacaq, alçaq dəmir məhəccər, uzaqlarda gəmilər, göy üzündə qağayılar görünür, quruluşçu rəssamın təxəyyülü bundan uzağa gedə bilməyib; səhnənin sağ tərəfindən iki nəfər-bir vaxt qadınım olmuş aktrisayla köklüyü azca sezilən cavan aktyor gəlirlər, bir qədər yanakı oturub guya dənizə baxırlar, qadın, bəsdi, daha onu aldada bilmirəm, deyir, bütün bunlara son qoymaq lazımdı, gecələr vicdan əzabından gözlərimə yuxu getmir, əlavə eləyir, sənin də öz həyatın, övladın var; kişi susur, “dənizə” baxır, qalxıb oturacağını ətrafında gəzişir, sonra çömbəlib qadının əllərindən yapışır, mən də vicdan əzabı çəkirəm, deyir, ömrüm boyu sevmədiyim bir qadınla yaşamaq məni cəhənnəm kimi qorxudur, mənim günahımın övladı olan qızımı hər gün görmək acılarımı daha da artırır; əlindən öpüb az qala yalvarır, ikimizin də bu əzabdan qurtulmaq şansımız var, deyir, gəl onu əldən buraxmayaq, qadın susur, göz yaşı yanağına axır, kişi ayağa qalxıb bir qədər acıqla, sənin bu tərəddüdün məni daha da üzür, deyir, neyləyəcəyimi bilirəm, bir qədər sükut olur, sükutda dalğaların səsi, qağayıların qışqırtısı, uzaqlaşan gəminin fiti eşidilir, sonra qadın qalxıb, gedək, deyir, üşüdüm, asta-asta səhnədən çıxırlar.

Adi bir məhəbbət uçbucağıdı: kişi arvadını yox, başqa qadını sevir, qadın ərini yox, başqa kişini sevir, o biri kişi qadınını saxlamaq üçün mübarizə aparmalı olur, lap bizim başımıza gələnlərdi, ola bilsin, qadınım pırtlaşıqsaç rəssama münasibətini elə bu nöqtəyə gətirəndən sonra məni atıb-atmamaqla bağlı tərəddüd keçirib; rəssam da dil töküb, bütün bunlar bəlkə də sahil bağında yox, kafelərdən, restoranlardan birində, lap elə rəssamın mənzil-emalatxanasında baş verib, amma qadınım məni aldadanda vicdan əzabı duyduğunu hiss eləməmişdim, hər halda bunu üç il saxlamaq asan iş deyil, yəqin aktrisa olmasaydı, ondan ötrü çox çətin olardı, elə indi də elə təbii oynayır, heç deməzsən, kişisini başqasının ayağına verən, sonra da dinməz-söyləməz çıxıb onun yanına gedən budu; əlbəttə, bütün olub-keçənlərdən dramaturq xəbər tuta bilməzdi, bunlar başqalarının başına gəlib, güman ki, bir qədər başqa cür olub, dramaturq da ora-burasını düzəldib nəticədə bizim başımıza gələnlərə oxşar bir şey alınıb – belə çıxır, dünyada tale modellərinin sayı o qədər də çox deyil, sadəcə o modellərin iç məzmunu, təfərrüatları bir az fərqlidi; o biri səhnə kişinin öz mənzilində arvadıyla konfliktidi, sən ailənə diqqət göstərmirsən, başın öz iş-gücünə qarışıb, Allah bilir, bəlkə başqa qadın da saxlayırsan, arvadı dil-boğaza qoymadan üyüdüb-tökür, kişi də bütün bu söz-söhbətdən canını qurtarmağa çalışır, uşağın eşitməməsi üçün səsini qısır; o qadının obrazını yaradan aktrisanın ovqatı deyəsən, yerində deyil, aradabir səsinə hakim ola bilmir, bir yerdə vurğunu düzgün qoymadı, əlbəttə, bu quruluşçu rejissora aid olan məsələlərdi, bir də teatr tənqidçilərinin işidi, səhnə də bir qədər uzundu, görünür, dramaturq vaxt ölçüsünü saxlamaq üçün başqa bir yol tapa bilməyib; amma quruluşçu-rejissor bunu görə, müəllifi inandıra, səhnəni qısalda bilərdi, illah da, axırda uşağın “ata, atacan!” qışqırıb onun üstünə qaçması qurama təsir bağışlayır, mən olsaydım, səhnənin finalına sözsüz hərəkətlə qurardım, daha təsirli alınardı.

Növbəti səhnə təbii ki, sevilən qadının öz ərilə münasibətlərini aydınlaşdırdığı səhnədi: əri oynayan aktyoru tanıyıram, tez-tez getdiyim kafelərin birində görürdüm, bir neçə dəfə haqq-hesabını vermişəm, bir kərə də eyni masa arxasında oturmalı olmuşam; təxminən mənimlə yaşıddı, hələ evlənməyib, üçüncü qədəhdən sonra idarəolunmaz bir məxluqa çevrilir, adamın yeyib-içdiyini burnundan gətirir, amma yaxşı aktyordu, elə təbii oynayır ki, səhnədə olduğunu sezmirsən, bir vaxt qadınım olmuş aktrisayla da əla tərəf-müqabilidi, quruluşçu rejissor bu məsələdə gül vurub; ər-arvadın söhbəti sıxıntılı keçir, tez-tez qırılır, ortaya sükut çökür, kişi qalxıb otaqda gəzinir, zəng çalan telefonun dəstəyini götürür, cavab gəlmədiyini görüb hirslə yerinə atır, qadın divanda oturub, əlləri qoynundadı, ərinin üzünə baxmır, sonra qalxıb ərinə doğru bir-iki addım atır, elə bil, nəsə demək istəyir, kişi dönüb nəzərlərini onun üzünə dikir, lazım deyil, deyir, onsuz da münasibətlərimizin nə vaxt isə bu nöqtəyə çatacağını bilirdim; deyir, sənə istədikdərini vermək iqtidarında deyiləm, elə şeylər var ki, mənim iradəmdən kənardadı, onları çalışıb-vuruşmaqla əldə eləmək olmur, qadın yerində donub qalır, uzun-uzadı baxışır, bir-birini sözsüz-sovsuz başa düşürlər; insafən, dramaturq bu səhnəni yaxşı işləyib, bir vaxt qadınım olmuş aktrisayla aktyor da gözəl oynayırlar, ola bilsin, quruluşçu-rejissor peşəsinə xas fəhmlə ifaçıların gerçək həyatdakı ovqatlarını duya bilib, qadınım olmuş aktrisa da bir zaman oxşar yaşantıları keçirib, aktyor da kiməsə istədiklərinin hamısını vermək iqtidarında olmayan adamdı; bu səhnədə sözün azlığı, hisslərin bolluğu uğurlu tapıntıdı, düzdü, bir vaxt qadınım olmuş kəslə aramızda buna bənzər epizod baş verməyib, amma əminəm ki, baş versəydi, hər şey elə bu cür alınardı.

Pırtlaşıqsaç rəssamın ilk dəfə üç il əvvəl qadınım olan aktrisanın rol aldığı tamaşaya quruluş verdiyini öyrənəndə, aralarında hələ miqyasını bilmədiyim ünsiyyət yarandığını dəqiqləşdirəndə münasibətlərimizi bu cür aydınlaşdıra bilərdik; amma buna mən imkan vermədim, çünki qarşısıalınmaz bir axının öz mənbəyindən tərpəndiyini, get-gedə yaxınlaşıb birgə saydığımız həyatımızı bürüdüyünü duyurdum, o axının qarşısını almağın mümkünsüzlüyünü, əl-qol atmağın faydasızlığını hiss eləyirdim, buna görə də təhqiramiz qısqanclıq səhnələri oynamağı, ruhumu pərən-pərən eləyən göz yaşları, məni mənən alçaldan etiraflar həyatımı zindana çevirərdi; gedəni saxlamaq olmaz, fikirləşirdim, getməyi qərara alıbsa, bu gün olmasa da, sabah, pırtlaşıqsaç rəssamla olmasa da, başqa biriylə çıxıb gedəcək, hər kəsin öz yolunu seçmək hüququ var, kimsəni zorla xoşbəxt eləyə bilməzsən, hər şeyin öz təbii axarı ilə getməsi, nə gec, nə tez – vaxtında baş verməsi daha yaxşıdı; mən tələsdim, yanıldım, yəqin, o da tələsib səhvə yol verdiyinə əmindi, ona görə də səbrin həmişə yararı var – son üç ili belə düşünürdüm, sonra gördüm, doğrudan da səhv eləməmişəm, ayrılığımızdan ikimiz də mümkün qədər az itkiylə çıxdıq; sonrakı səhnələrdə hissi tarazlıq bir qədər pozulub, qadının sevdiyi kişi öz sevgisilə ailə borcu arasında vurnuxa-vurnuxa qalır, bəzi məqamlarda tərəddüdlərinin səmimiliyini inandırıcı çalarlarla çatdıra bilmir, onun arvadını oynayan aktrisa gözgörəti qabadı, bu dramaturqun görümüdü, yoxsa quruluşçu rejissorun traktovkasıdı, deyə bilmərəm, amma tamaşanın ümumi ovqatına xələl gətirir, bəlkə çığırıb-bağırmaqla, nifrətini bildirməklə yox, daha insani yollarla ailəsini qorumağa çalışsaydı, konflikt daha bitkin olardı; əlbəttə, hər dəfə münasibət gərginləşəndə uşağın araya girməsini də orijinal tapıntı saymaq olmaz, düzdü, deyirlər, dünyada heç şey körpənin göz yaşlarına dəyməz, amma o göz yaşlarının dünyanı nizama salacağını da iddia eləmək düzgün deyil, hörmətli dramaturq bunu ağlına gətirsəydi, yəqin, başqa çıxış yolu axtarardı.

Pərdə bağlanır, fasilə elan olunur, çıxıb bir qədər foyedə gəzinmək olar, amma yox, tanış kimlərəsə rast gəlmək əndişəsi məni yerimdən qalxmağa qoymur, yalnız oturuşumu dəyişib yenə əlimi yanağıma söykəyirəm ki, sifətim aydın seçilməsin; tamaşaçıların yarıya qədəri çıxışa doğru gedir, yerində qalanlar tamaşa, yaxud da tamam başqa şeylər barədə söhbətə girişirlər, yəqin, indi bir vaxt qadınım olmuş o aktrisa qrim otağında oturur, pırtlaşıqsaç rəssam içəri girib onu öpür, təriflər yağdırır, sonra tamaşa qurtarandan sonra neyləyəcəklərindən danışırlar; heç ağıllarına da gəlmir ki, qadınım olmuş kəslə səkkiz il bir dam altında yaşayan adam lap əlçatarda tək-tənha oturmuşam, onların barəsində düşünürəm, əlbəttə, əgər tanıyanlardan ar eləməsəydim, bir balaca da təpərim olsaydı, durub qrim otağına gedər, yaxşı ifasına görə aktrisaya təşəkkürümü bildirərdim, amma adamların qadını əlindən alınmış kişiylə münasibətini yaxşı bilirəm, üstəlik, hələ də onun başqasına məxsus olduğunu dərk eləmək mənə əzab verir; ona görə heç məhkəməyə də getmədim, ərizəmi vəkilimlə göndərdim, o da hər şeyi yoluna qoydu, dediyinə görə, hakim qərarı oxuyanda o anacan sakit oturmuş qadınım olan kimsə azacıq diksinib, hətta üzündə ani çaşqınlıq ifadəsi görünüb, bayırda gül dəstəsilə gözləyən pırtlaşıqsaç rəssamın təbrikinə – filanına heç sevinməyib – ola bilsin, bu vəkilimin mənə ürək-dirək vermək üçün quraşdırdığı təskinlikdi, amma həqiqət də ola bilər, bir Allah şahiddi ki, mən istədiyi kimi yaşamaqda ona mane olmadım...

Tamaşanın ikinci pərdəsində ehtiraslar daha da qızışır, uzun çək-çevirdən sonra övladının əsiri olan kişi boşanmağa qərar verir, ərlə arvad arasında uşağın kimin yanında qalacağı üstündə dava başlayır, paralel səhnədə də partlayış baş verir, kişi qadının başqasına vurulduğundan xəbər tutub, amma izahat istəmir, susur; bu susqunluq da qadının müvazinətini pozur, məni danla, söy, döy, amma susma, deyir, ömrümüzün axırınacan belə yaşamağın mümkün olmadığını özün də başa düşürsən, neyləyək, qismət beləymiş, əlavə eləyir, nə səndə təqsir var, nə məndə, çalışdıq, alınmadı, ömür bununla bitmir, deyir, başqasına rast gələrsən, sonra göz yaşları içində yalvarır, bağışlanmasını istəyir, kişi də nəsə demək istəyir, amma söz boğazında tıxanıb qalır, qəfildənsə sinəsindən fəryad qopur, sən mənim ömrümü taladın, deyir, get, çıx get... ağır səhnədi, əgər qadınımdan pırtlaşıqsaç rəssamla münasibətləri barədə izahat istəsəydim, mən də belə bir vəziyyətə düşərdim, eynilə o biçarə ər kimi, deməyə söz tapmazdım, çünki öz-özlüyündə açıq-aydın olan bir şeyi qurdalamaq yaranın qaysağını qoparmağa oxşayır, onun ağrısı da hələm-hələm kəsilməz; əlbəttə, səhnədə belə şeyi göstərmək çətindi, dramaturqa da, rejissora da, ifaçılara da, tamaşaçılara da kəskin konflikt, ehtiraslar toqquşması lazımdı, insafən, bu səhnədə də ifaçılar yaxşı oynayırlar, bir vaxt qadınım olmuş aktrisanın çılqınlığı, gözlənilməz zərbədən çaşmış ərin susqunluğu, gərginliyi artırır; son səhnəsə dramaturqun ağlına hardan gəlib bilmirəm, bir qadına bağlı olan iki kişi qarşılaşır, daha doğrusu, təsadüfən üz-üzə gəlirlər, aralarında gərginlik yaşanır, çox vaxt övladını sevən ata danışır, nələrisə anlatmağa çalışır, hər şeyin sona çatdığını düşünən kişisə qulaq asır, arada nəsə demək istəyir, amma deyə bilmir, əlini yelləyib kədərli-kədərli susur, lap sonda getməli olan qadın – bir vaxt qadınım olmuş aktrisa peyda olub ikisinin arasında dayanır, tamaşa lal səhnəylə bitir; nolar, pis deyil, o qadın hansı kişini xoşbəxt eləyəcək? özü xoşbəxt olacaqmı? ümumiyyətlə, dünyada xoşbəxtlik deyilən bir şey varmı? sualları açıq qalır, musiqi də pis seçilməyib, üç insanın sabahından narahatlığını yaxşı çatdırır; tamaşaçılar əl çalırlar, ifaçılar səhnəyə çıxıb baş əyirlər, bir neçə nəfər gül dəstələri verir, vəssalam, hər şey bitir: bir vaxt qadınım olmuş aktrisa tanıdığım aktyorla o biri aktrisanın arasında dayanıb zala – bizə baxa-baxa gülümsünür, məni ayırd eləyə bilməz, birincisi, ayağa qalxmamışam, əl də çalmıram, əlimi yanağıma söykəyib yerimdə oturmuşam, ikincisi, gözləri o qədər iti deyil, bunu birgə həyatımızdan bilirəm.

Hələ ayağa qalxmaq olmaz, qoy ifaçılar səhnədən çəkilsinlər, tamaşaçılar zaldan çıxsınlar, bu da bir neçə dəqiqə çəkəcək, o müddətdə fikirlərimi cəmləşdirə bilərəm; amma mən olsaydım, tamaşanı bu cür bitirməzdim, talelər onsuz da aydındı, qadın getməyi qət eləyibsə, qarşısını heç kəs, heç nə kəsə bilməz, ərinin yanında qalsa, xoşbəxt ola bilməzlər, çünki aralarındakı münasibətə xələl gəlib, üstəlik, onları bir-birinə bağlayacaq vacib bağlardan biri – uşaq yoxdu, arvadından bezmiş sevgilisinin yanında olması da asan deyil, arada ayrılma, həm də uşaq var; bəzi nüansları çıxsaq, bizim başımıza gələnə çox oxşayır, əlbəttə, mən pırtlaşıqsaç rəssamla bu cür təkbətək üz-üzə gəlmədim, aramızda bu cür yöndəmsiz gərginlik olmadı, bir vaxt qadınım olmuş kimsə yanına gedəndə rəssam arvad-uşağını çoxdan atmışdı, bir də ki, arada belə peşimanlıqlar, göz yaşları-filan olmadı, heç nəyi izah eləmədik, o, getmək istəyirdi, getdi, mən saxlamaq fikrində deyildim, saxlamadım, bununla da hər şey bitdi; hə, indi qalxmaq olar, zaldan çıxan sonuncu tamaşaçıları gözdən keçirib arxalarınca gedirəm, biletyoxlayan qadın bir qədər yorğun görünür, bütün bu tamaşalar, alqışlar, gül dəstələri ondan ötrü adiləşib, hər gün gördüyü işinin bir hissəsidi, indi zalı yoxlayıb qapını örtəcək, arın-arxayın evinə yollanacaq; qadın ötəri gülümsəyə-gülümsəyə məni – sonuncu tamaşaçını foyeyə buraxır, bayaq qurduğum hissi üçbucaqdan xəbəri də yoxdu, amma ola bilsin, bir vaxt qadınım olmuş aktrisayla rastlaşsa, təbrik eləyəcək, bir-iki xoş söz deyəcək; beləcə, piləllərlə aşağı enə-enə beynimdən keçirirəm, bugünkü addımını uğurlu saymaq olar, amma tələsmə, ehtiyatlı ol, küçəyə çıxanacan tanış kimsəyə rast gəlməsən, uğur barədə fikirləşmək mümkündü, bir az ayağını sürü, asılqanın qarşısının boşalmasını gözlə, onsuz da tələsməyə yerin yoxdu, çıxıb elə gəldiyin küçələrlə evə qayıdacaqsan, sabah bazar günü olduğundan özünə balaca kef düzəldə, sevdiyin guşələrin birində oturub dərdini dağıda bilərsən, əlbəttə, zəng vurub çağırmalı dost-tanışın da var, amma namünasib vaxtdı, həm də cəmi iki-üç saatın içində aldığın təəssüratları həzm eləmək, təxəyyül çalxantılarını yatışdırmaqdan ötrü tək qalmağa ehtiyacın var...

 

 

Nəriman ƏBDÜLRƏHMANLI

 

525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.28-29.