Qara Qarayevin “jesti”
Bu silsiləmi mənim
üçün əziz olan, içimdə daim
yaşatdığım, öləziməyə
qoymadığım hisslərdən hörəcəyəm. O
hisslərdən ki, vaxtilə bir sıra səbəblərdən,
siyasi quruluş üzündən, tuş gəldiyim
haqsızlıqlardan, evsizlikdən, əsəb gərginliyindən,
vaxt məhdudluğundan qələmə ala bilməmişəm.
Amma onları dəfn edə, özümlə qara
torpağın altına apara bilməzdim, xalqım
üçün qoruyub saxlamalı, yazıya
köçürüb ona da təhvil verməliydim. Bunun
üçün səni həmdəm seçdim əziz
oxucum. Olsun ki, bu silsiləm ucbatından qınağına, tənqidlərinə
də məruz qalam. Axı milli mentalitetimizin bu üzü də
var ki, gərək yaşadığın duyğuların
böyük bir qismini dilinə gətirməyəsən. Əlbəttə,
bəzi məqamlar var ki, mən də üstündən
keçəcəm. Amma ümumilikdə götürəndə,
yox. Silsiləmin baş məqsədi belədir: düzü
düz, əyrini əyri. Yəni səmimi.
(“Duyğular” silsiləsindən)
Ötən əsrin 70-ci illəri
idi. Böyük bəstəkarımız və
böyüklüyü ilə də biz o dövr gənclərinin
qürur duyduğu Qara Qarayevin şöhrət pillələri
ilə ilbəil deyil, günbəgün yüksəldiyi
çağlar idi. SSRİ Xalq artisti, Sosialist Əməyi qəhrəmanıydı,
o dövrün ən ali ödülü sayılan Lenin
mükafatına layiq görülmüşdü. Musiqisinin
dahiliyi, möhtəşəmliyi şəksiz idi və bunu
öz çıxışlarında D.Şostakoviç,
R.Şedrin, A.Xaçaturyan, İ.Stravinski, L.Koqan, L.Mazel,
M.Aranovski, T.Xrennikov kimi zamanın böyük musiqiçiləri
aşkarda və gizlində etiraf etmişdilər. Sənət
kuluarlarında söhbət düşəndə maestro Niyazi,
Soltan Hacıbəyov, tələbələri olmuş Arif Məlikov,
Aydın Əzimov, Cavanşir Quliyev onun haqqında
heyranlıqla danışırdılar. Yaxın dostu,
istedadlı riyaziyyatçı alim, akademik Azad Mirzəcanzadə
musiqisinin incəlikləri barədə son dərəcə
orijinal məqalələr yazmışdı. Biz yazı-pozu,
söz adamlarınısa daha çox Qara Qarayevin insani keyfiyyətləri
maraqlandırar və bu səmtdən hər hansı bir
söz-söhbəti həmən can dəftərimizə qeyd
edər, yaddaşımıza hopdurardıq. Əlbəttə
bunların içərisində millətimizin xislətindən
gələn bəzəmələr, qarayaxmalar da olardı ki,
onları üzə vurmaz, unutmağa çalışar,
“tarixə” düşməyinə rəvac verməzdik. Qara
müəllim haqqında eşitdiklərimizin böyük əksəriyyəti
(demək olar hamısı) isə onun
böyüklüyündən, o boyda şan-şöhrət
müqabilində heyrətamiz sadəliyindən, sadəlövhlüyündən
xəbər verirdi. Təpədən dırnağacan sənət
adamı idi və sənətkar aurası bir an belə onun
varlığını tərk etmirdi. Məişət məsələlərində
onu asanlıqla aldatmaq olardı. Canıyla, qanıyla
bakılı olsa da onu düz-əməlli
tanımırdı, aparıb bir uzaq məhəllədə
azdırsaydılar, doğma evini, ünvanını çətinliklə
axtarıb tapardı. Bildiyi, tanıdığı, hər
döngəsinə, dalanına bələd olduğu bir şəhəri,
bir məbədgahı vardı- MUSİQİ. Burada o,
hökmran idi. Kimsədən kömək, imdad diləmədən
o şəhərin altını üstünə çevirər,
göylərində, üfüqlərində pərvaz edərdi.
Çünki sənət həyatının
başlanğıcında ilk müəllimindən,
tapındığı pirdən, məbəddən- Üzeyir
Hacıbəylidən dərsini belə almışdı. Və
Üzeyir bəy də dahi uzaqgörənliklə çox dəqiq
bilmişdi ki, bəstəboylu, hələ ilk gəncliyindən
eynək daşıyan bu qarabalanın canında nələr
var və onu hansı uzaqlara, hansı üfüqlərə
yola salır. Qara Qarayev o üfüqlərə sarı
durmadan, dayanmadan qoşduğu bütün məqamlarda o dahi
insanın xəyalını daim gözləri önündə
canlandıracaq, ondan öyrəndiklərinə etibarsız
çıxmayacaq, bəzi skeptiklərin, kəmfürsətlərin,
üzdə millilərin düşündüklərinin əksinə
olaraq musiqisinə milli qaynaqlardan qan, can verəcək, milli
musiqini stilizə etmək kimi ucuz yolla getməyərək
ondan yaradıcılıqla, böyük istedadla
faydalanacaqdı. Təsadüfi deyil ki, ötən əsrin
60-cı illərinin ortalarında Qara Qarayevin dünya musiqi sənətinə
əvəzsiz töhfəsi kimi dəyərləndirilən
III simfoniyası barədə məşhur musiqi nəzəriyyəçisi
M.Aranovski belə yazırdı: “O, bu əsərində 12
tonlu texnikaya müraciət edərkən milli ənənələrlə
əlaqəsini kəsmir, bu texnikanı milli musiqi dili çərçivəsində
“quraşdırır”.
Həmin fikrin davamı olaraq
Q.Qarayev bəzən onu kosmopolitizmdə suçlayanlara deyərdi
ki, səhviniz var cənablar, mən həyatım boyu öz
xalqımla, onun özünəməxsus mədəniyyətiylə
bağlı olmuşam. Bu xalqı mən öz müdrik
müəllimim hesab etmişəm. “İldırımlı
yollarla” baletimdə də, hətta “Don Kixot” simfonik qravürlərimdə
də mən Azərbaycanlıyam, milli ladlarımızdan
çıxış edirəm...
İstedadlı bəstəkarımız,
bu gün qardaş Türkiyədə fəaliyyət göstərən
Aydın Əzimov danışırdı ki, tələbəykən
bir kərə onunla auditoriyada sözümüz çəp gəldi,
mən kobud danışdım. Bərk əsəbiləşib
sinifdən qovdu məni. Bir ara dərslərinə getmədim.
Dedim yəqin imtahanda kəsəcək məni. Az
qalmışdı başqa bir müəllimin sinfinə
keçəm. Bir gün konservatoriyanın dəhlizində
rastlaşdıq. Soruşdu hardasan, çoxdan gözümə
dəymirsən. Dedim bəs hal-qəziyyə belə.
Qayıtdı ki, əşi mən belə bir söhbəti
xatırlamıram, sənin yadında necə qalıb,
keç əyləş sinifdə...
Və növbəti imtahanda
mənə “5” verdi.
Jurnalist dostum Vaqif Əlixanov
bir dəfə Qara müəllimə telefon açıb ondan
radio üçün müsahibə almaq istədiyini
bildiribmiş. Vədələşiblər ki, evində
görüşsünlər. Vaqif deyirdi qapını
özü açdı. İçəri keçəndə
istədim kandarda ayaqqabılarımı çıxaram,
qoymadı, dedi bura məscid deyil, ora gedəndə
çıxararsan, keç içəri...
Buradaca Qara Qarayevin
özümüncə şahidi olduğum daha bir “jesti” barədə.
Gərək ki, elə 70-ci illərin əvvəlləriydi, xəbər
tutduq ki, bəstəkarın anası dünyasını dəyişib.
Həm bir insan, həm də bir jurnalist marağıyla dəfn
mərasimində iştirak etməyi özümə borc
bildim. Üz tutdum Qara müəllimgil yaşadığı
binaya- –Nizami kinoteatrıyla üzbəüz monolitə. Həyətdə
adam əlindən tərpənmək olmurdu. Onu sevənlər
də burdaydı, sevməyənlər də, adi insanlar da,
hökumət nümayəndələri də, üzünə
tərifləyib arxasınca deyinənlər də.
O vaxtlar dəbə
minmişdi, ölü düşəndə imkanı olan da
olmayan da dəfn mərasiminə orkestr gətirdərdi, cənazə
yerdən qaldırılanda ağır matəm musiqisi ərşi-fələyə
yüksəlirdi. Həmin günsə Qara Qarayevin anası vəfat
eləmişdi və hamının elə mənim özümün
də möhkəm inamım vardı ki, musiqisiylə
dünyanın ən ünlü konsert salonlarını
ehtizaza gətirən bəstəkarın anasının dəfnində
orkestrlər tüğyan edəcək. Amma... birdən, bir
yox, beş yox, yalan olmasın on-on beş başı təsəkli,
əmmaməli molla ərrəhman surəsini gözəl
avazla oxuya-oxuya monolitin həyətə çıxan bloku
ağzında göründülər. Onların arxasınca
atlaz örtüklü mafə, mafənin ardıncasa
bütün görkəmindən yetimlik yağan Qara Qarayev həyətə
çıxdılar.
Və bir də... dəfn mərasiminə
gələnlər arasında böyük şairimiz Rəsul
Rzanı gördüm. Mən ona nisbətən yaxın
dayanmışdım və baş verənləri bütün
detallarınacan izləməyə
çalışırdım. Odur ki, birdən Rəsul müəllimin
kinayəli nəzərlərlə çevrilib arxasında
dayanmış iki nəfərə baxdığını
aydınca gördüm. Onların öz aralarında mızıldadıqlarını,
sən demə Rəsul müəllim də eşidirmiş.
Onlardan biri deyirdi: “Bu da vidimo onun bir jestidir də. Yəni
baxın, mən əsl xalq adamıyam”. Bunu, ərrəhman surəsinin
sədaları altında axirət dünyasına yollanan
ananın dünyaca məşhur övladı barədə
söyləyirdilər. Halbuki, o dövr üçün hətta
ictimai-siyasi xadim sayıla biləcək sənətkarın həmin
“jesti” qəhrəmanlığa bərabər idi. Amma Qara
müəllim bunu qəhrəmanlıq xatirinəmi eləmişdi?
Məyər o zamanacan elədikləriylə Qara Əbülfəs
oğlu qəhrəman deyildimi? Dargözlərin,
paxılların “jest” adlandırdığı bu hərəkət
onun qəlbinin diqtəsi, mərdliyi, ana haqqı
qarşısında son borcu idi.
Sonra.... proses bir neçə
dəqiqəliyə nə üçünsə hərəkətdən
qaldı. Mafə ilə arxadan gələn izdiham arasında
xeyli boşluq yarandı. Və həmin boşluqda yalnız
Qara Qarayev kimsəsiz, köməksiz fiquru ilə tək-tənha
dayanıb dərdli-dərdli gözlərini yerə zilləmişdi.
Adətən belə məqamlarda hüzür yiyəsinin
yaxın adamları, qohum-əqrabası onun sağ-solunda
dayanır, qolundan yapışıb simsarlıq edirlər.
Qarayasa kimsə yaxınlaşmırdı, elə bil o boyda
şəxsiyyətin bu yekəlikdə şəhərdə
bir canıyananı yox idi. Bu, bəlkə mərasimdə
dövlət rəsmilərindən bəzilərinin
iştirakına görəydi, ya bəlkə çox
qulaqların yadırğadığı ərrəhman surəsindən
xoflanmışdılar, hər nəydisə, cansıxıcı,
misgin bir mənzərəydi. Və mənə elə gəlirdi
ki, bu məqamlarda Qara müəllim adamların gözü
önündəcə sürətlə qocalır. Bir də mənə
elə gəlirdi ki, bu dəqiqələrdə Qara Qarayevin
ortada tək qalmasından həzz alanlar da az deyildi (öz
aramızdı, xislətimizdə bu da var axı). Bax, bu yerdəcə
o xofu, o çaşqınlığı, dövlət məmurlarından
o yersiz ehtiyatkarlığı ilk olaraq duyub hiss eləyən
xalq şairi Rəsul Rza oldu və dostunu bu birdənbirə
“qocalmaqdan” xilas elədi. Rəsul müəllim axsaya-axsaya, ləngərli
addımlarla izdihamın arasından qopub Qara Qarayevə
yaxınlaşdı, qoluna girdi. Qara Rəsulu yanında görəndə
başını onun çiyninə söykədi, deyəsən
xəfifcə hönkürdü də. Və iki böyük
sənətkar biri-birinə sığınıb ağır,
müztərib addımlarla izdihamın ardınca getdilər.
İntiqam MEHDİZADƏ
525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.26.