Qismətin şeirləri
TƏZƏ SƏSLƏR, NƏFƏSLƏR
(X yazı)
O, məndən 38 il kiçikdir və bu uzaq”məsafədən”, ağsaqqal çağımdan cavan, sütül bir oğlan yaşına boylanmaq, onun şeirlərinin məna və mahiyyətinə varmaq istəyirəm.
Ədəbiyyata dəstə-dəstə şairlər gəlir və bir ədəbi nəsli formalaşdırmaq üçün bu dəstənin içindən tək-təklər seçilir, fərqlənir və sonra bu təklər POEZİYA yaradırlar. Bir nəslin adından danışmaq da o təklərə nəsib olur.
Qismət də belələrindəndir.
Bu, məlum həqiqətdir ki, yeni əsr ədəbiyyata özüylə təkcə yeni məzmun, ideya deyil, həm də sözün yeni, təravətli, hər bir standarta, şablona asi olan təzə söz, bədii təsvir vasitələri, orijinal düşüncə tərzi də gətirir. Bu yeni düşüncə tərzini vaxtında qiymətləndirmək, bunun ədəbiyyata nə gətirdiyini siftədən bəlirləmək, izləmək lazımdır.
Bu ağıllı oğlanın şeirləriylə birgə kiçik həcmli məqalələrini də oxuyuram və açığını deyim, onun mütaliə dairəsinin genişliyinə, oxuduğu elmi,fəlsəfi, bədii materiallara kor-koranə yox, bir huşyar gözüylə istinad eləməyi, ədəbiyyata, gerçək olan nəsnələrə yeni düşüncə tərzi ilə yanaşması məni sevindirir. Təbii ki, onun yazılarında uzaqlardan gələn, milli-mənəvi varlığımızla səsləşməyən bəzi notlar da hiss olunur (bu, mənim şəxsi fikrimdir), amma o, bu məqalələri, esseləri ona görə yazmır ki, bəziləri kimi Qərbin plaşına bürünüb özünü qayət ağıllı, müdrik pozaya malik feyləsof kimi nümayiş etdirsin. O, sadəcə olaraq, düşündüklərini yazır və yazılarında bir zərrə belə təkəbbür əlaməti hiss olunmur.
Ancaq Qismət nə yazırsa-yazsın, o, ŞAİRDİR. Olsun ki, Qismət haçansa bir gözəl hekayə çap etdirdi və bu hekayə ilə ədəbi ictimaiyyətin diqqətini cəlb elədi (Vaxtilə Vaqif Nəsib “Omaroğlunun qayıtması” hekayəsi ilə diqqəti cəlb eləmişdi), olsun ki, bir esseist kimi də parlasın... bu “olsun”lar hər halda gələcəyin söhbəti ola bilər. Amma yaradıcılıqda istedadın ən çox üzə çıxdığı bir janrdan yapışmaq daha önəmli deyilmi?
İndiki gənc ədiblər janrdan-janra keçməyi, bu gün şeir, sabah nəsr, birisi gün esse ya məqalə, hətta romanyazmağı çox sevirlər. Ancaq bu cəhdlərin əksəriyyəti yalnız uzaq məsafəyə hazırlaşmadan start götürən bir idmançının uğursuz qaçışına bənzəyir. Qaçırsan, qaçırsan və birdən, hiss eləyirsən ki,bu, sənin xörəyin deyil. Mən Qismətin bədii istedadının poetik istedad olduğunu və onu gələcəkdə gözləyən uğurların (buna qətiyyən şübhə eləmirəm!) şeirləriylə bağlı olacağına inanıram.
Qismət ən sonuncu ədəbi nəslin nümayəndəsidir və bu nəslin içərisində çox cavankən dünyasını dəyişən Fərhad Mete, Feyziyyə Hacızadə, Fərid Hüseyn, Cavid Zeynallı, Zərdüşt Şəfizadə, Aysel, Qaraqan, Rəbiqə, Vüsal Nuru kimi istedadlı gənclər var. Bu gənclərin yaradıcılığı ilə bağlı bir yazımda (“Yolun başlanğıcı”) söz açmışam. Amma onların hamısının yaradıcılığına xas olan bir cəhəti yenə də nəzərə çarpdırmaq istəyirəm. O da bundan ibarətdir ki, bu cavanlar bizə öyrəşdiyimiz düşüncə tərzini deyil, öyrəşmədiyimiz, hətta qəbul etməyə çətinlik çəkdiyimiz fərqli düşüncə tərzini təqdim edirlər. Onların şeiri də, nəsri də istər məzmun, istərsə forma baxımdan ənənəvi şeirə və nəsrə heç oxşamır.
Budur, Qismətin “525 Kitab”
seriyasından “Vitrin” şeirlər
kitabı işıq üzü görüb. Bu şeirləri
ümumilikdə məlum mövzulara bir ayrı nöqteyi-nəzərdən yanaşan, sanki
deyilmişlərin tamam əksinə deyilən
şeirlər hesab etmək olar. Bəlkə də çoxluq
üçün bu
antipoeziyadır, yəni deyərlər ki,
sevgi ya Vətən
haqqında da belə demək olarmı?
İndiyə qədər söz
haqqında yüzlərlə şair şeir yazıb və onların şeirlərində
söz bu
dünyanın əzəlisi sayılıb, ən qüdrətli
körpü olub. Yazmaq işi Əlahəzrət
sözə səcdə eləmək olub.
Şairlər də söznən ucalıblar, ya
da sözlərinin kəsərsizliyi
onları unutdurub. Görün,
Qismət nə yazır:
Yazmaq zibillikdə eşələnməkdi,
Sözü tapanacan əllər kir olur.
Hər zibil qabının dərinliyində,
Nəsə
yazılası bir fikir
olur.
Baxın, tamam fərqli bir düşüncə...Şairlərimiz
“üsyan bayrağı”
qaldırıb deyərlər
ki, bu nədir,
yazmaq işini, şairliyi zibillikdə eşələnmək kimi
düşünmək peyğəmbərlərdən
sonra gələn şair nəsli üçün təhqir
deyilmi? Necə yəni, “hər zibil qabının dərinliyində nəsə
yazılası bir fikir
olur”. Əlbəttə, qatı “ənənəçi”nin
fikrincə, bu misralar
sözə, şairlik sənətinə
rüsvayçılıq gətirir. Bəs Vətən
haqqında şeir necə?
Yaxşı danışıram maşından, qızdan
Söz sənə gələndə susuram, Vətən.
Qoy yazım,
qurtarsın şeir, bir azdan
Yenə deyəcəm
ki, cəsuram, Vətən.
“Mənimsən”
deməyə cürətim
yoxdu,
Bu canla heç nəyə taqətim yoxdu,
Şuşaya getməyə
qeyrətim yoxdu,
Bulvara getməyə
hazıram, Vətən.
Mən sənin
qədrini bilmirəm hələ,
Pul olsa qaçıram tez gülə-gülə,
Bax, sənə
yazdığım şeirimi
belə,
Mükafat naminə
yazıram, Vətən.
Təbii ki, bu şeir də
eyni münasibətin qurbanı olacaq. Amma bu iki
şeir, mənim fikrimcə, söz və Vətən haqqında yazılan şeirlərə – özü
də onlarla şeir ki, nə
Sözə yaraşır,
nə də Vətənə-bir parodiyadır.
Bunlar Qismətin
şeiriyyət cəhətdən
o qədər də seçilməyən şeirləridir,
amma Səlim Babullaoğlunun fikrinə şərikəm ki, “düşüncəyə yer
açan” şeirlərdir.
Qismətin şeirlərini
məzmun və coğrafi baxımdan üç qismə ayırmaq olar. Birinci qismə sırf milli məkanı əhatə edən şeirlər daxildir.. İkinci qismə aiddir görmədiklərinin (burada
ölkələr, şəhərlər
nəzərdə tutulur),
amma oxuduqlarının
hesabına yaranan şeirlər və üçüncüsü,canlı, isti-isti yaranan təəssüratlarının məhsuludur ki, burada məkanın elə bir əhəmiyyəti
yoxdur, əsas məzmundur..
“Yolun başlanğıcı” məqaləsində
yazmışdım ki,
Qismət, köhnəlməyən
ibarə ilə desək, çox realist şairdir, onun şeirlərində bir tikə də romantika yoxdu və hər şey real görüntülərin
eskizidir.Elə indi də o fikirdəyəm . Təsvir olunan reallıqlar olduqca fəna təsir bağışlayır, amma
neyləmək ki:
..Vaqonlarda
böyüyür dilənçi
uşaqlar,
vaqonlarda qocalır
kitabsatan kişilər.
mənim kimi,
sənin kimi,
onun kimi,
bizim kimi..
Oksigensiz tunellərdə
keçir ömür,
Ömür dedikləri
ölümə qədərki
tunel.
Əlbəttə, bu tipli şeirlər işıqda “qaranlıqları”
seyr etməkdir və Qismətin bu qaranlıqlarda gördüyü nə varsa, onun müşahidələrinin
qismətidir... Amma bu, o demək deyil ki, həyat
təkcə qaranlıqlardan
ibarətdir, poeziya ancaq fənalıqları qələmə almaqdır.
Əgər bu dünya qaranlıq şəhərlərdən, metrolardan,
kafelərdən, dərs
otaqlarından, 8-ci mərtəbədəki
mənzillərdən ibarət
olsaydı, onda yaşamağa, nəfəs
almağa, sevməyə,
şeir yazmağa dəyərdimi?
İndi sual oluna bilər ki,həyat, yaşadığımız
gerçəklik və
bu dünya niyə iyirmi dörd yaşlı bir gənc üçün
bir belə qaranlıq, bir belə həbsxana və ölümə qədərki tunellərdən
ibarətdir? Bu pessimizm
hardan gəlir?Köhnədən
dəbdə olan dekadent fərdiyyətçiliyindənmi?
“Mən bəşəriyyətə
nifrət edirəm, mən ondan qaçıram. Mənim yeganə vətənim, mənim boş, tənha qəlbimdir” (K.D.Balmont). Bəlkə sürrealizmdən?
Bu “izm”ləri
iyirmi dörd yaşlı cavan oğlanın şeirlərinə
döyənək etməyək,
sağına, soluna döşəməyək. Hər
bir şeir həyatdan, bu həyatın gözəlliklərindən,
səndə oyatdığı
qəmdən, sevincdən
yaranırsa, hər bir kədərin, ümidsizliyin arxasınca xoş günlər, duyğular da gəlirsə və bunlar mütəmadi olaraq bütün ömrün boyu bir-birini əvəzləyirsə,
bunun heç bir “izm”ə dəxli yoxdur. “Edison silsiləsi”ndə “dekadent”
Qismət şükranlıqla
əllərini göyə
qaldırıb deyir ki:
bir Bakı
gecəsində,
bir iftar süfrəsində
istiqanlı, ağzıdualı
bir stəkan suyu,
qəhvəyi gözlü
bir xurmanı,
sarı saçlı,
mübarək üzlü
bir çörəyi
bölmək varsa,
günəş varsa, dostlar varsa,
gülmək varsa
şükür olsun, şükür olsun, gülümsə!
çöldə cilvələnirkən
dekabr günəşi,
çıxıb getməyə
yer varkən,
evdə oturmaq vasvası adamlar kimi
sevgi məcəlləsinə
görə cinayət.
dünya həbsxana
zatən,
qutu evlər
içrə kibrit olmağa
nə hacət.
bu günəşdən
od almaq,
yanmaq, alışmaq,
sevmək...
insanları sev, dostum.
Hər bir şairin həyata, insanlara, dünyaya münasibətdə müəyyən
baxış bucağı
olur.Bu baxış bucağını müəyyənləşdirən
şairin fərdi yaşantılarıdır, gerçəkliyə
münasibətini təyin
edən mövqeyidir (bu mövqe şəraitdən
asılı olaraq dəyişikliyə uğraya
da bilər), həyat, gözəllik, sevgi, ictimai aləm haqqında təsəvvürləridir və
bu mənada iyirmi dörd yaşlı Qismətin Bakıdan, bu şəhərdə gördüklərindən,
müşahidə etdiklərindən
yaxud içərisində
yaşatdığı duyğularından,
həyat və dünya haqqında düşüncələrindən yaranan şeirləri də məhz belə bir baxış
bucağından yaranır.
Qismət bir vomcun “gözlərində
zibillikdən tapdığı
almanın dişlək
yeri qədər boş” bir həyat
görür, bu tip adamlar haqqında yazmaq yasaq deyil,
amma elə yazmaq ki, sən
onun “çiçək
dükanının önündə
dayanıb qızılgüllərə
baxanda gözlərində
Füzuli şeirini” oxuya biləsən. Qismətin “Analiz” adlı bir şeiri
var, bu şeirdə
xitab obyekti Adamlar, Ağaclar, Dənizlər və Şairlərdir. Mənim fikrimcə, bu şeirdə Qismətin-bu
iyirmi dörd yaşlı cavan şairin həm indiyə qədər yazdığı, həm də olsun ki,
bundan sonra dayazacağı şeirlərin
poetik marşrutu təyin olunur. Qismət bu şeirdə təbiət
və insan arasında əzəli, əbədi bir harmoniyanın varlığını
təsdiqləyir və
dünyanın Sevgi və Söz üstündə bərqərar
olduğunu bəyan edir:
Ağaclar,
səhər acqarına
bir kibrit qutusu mavilik
verin analizə.
Görəcəksiz ki,
yarpaqlarınızın atası
buluddu.
Görəcəksiz ki,
siz ucalığa
hamiləsiniz.
Şairlər,
səhər acqarına
bir kibrit qutusu söz verin analizə.
Görəcəksiz ki,
Allah var.
Görəcəksiz ki,
hər şey dəqiqdi, düzdü.
Görəcəksiz ki,
Dünya-Sözdü...
Bəli, Dünya
Sözdü (“Bu xəlvət
pərdəsini açan
zaman əlbəəl,
Söz oldu bu cahanda cilvələnən
ilk gözəl” – Nizami
Gəncəvi).Çağdaş
poeziyamızın bir cavan, istedadlı nümayəndəsi də
son anda bu ali kəlamı təsdiqləyir. Bu, onun şairlik kredosudur və arzulayaq ki, onun şeirləri
həmişə sözün
ucalığına yol
alsın.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.24.