Bakı Slavyan Universitetində tələbə həyatı

 

BSU – 10

 

2000-ci ildə xalqımızın Ümummilli lideri, ulu öndər, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin fərmanı ilə yaradılmış Bakı Slavyan Universiteti həyatının ikinci onilliyinə qədəm qoyub. Yüksəkixtisaslı kadr hazırlığı, elmi araşdırmalar, gənc nəslin təlim və tərbiyəsi istiqamətində görülən işlərin miqyasına görə bir neçə onillikləri əhatə edə biləcək on il arxada qalıb və bu müddət ərzində Bakı Slavyan Universiteti bir çox ixtisaslar üzrə peşəkar kadr hazırlığını uğurla həyata keçirən, böyük elmi potensiala, güclü maddi-texniki bazaya və müasir infrastruktura malik çoxşaxəli elm və tədris müəssəsinə çevrilib.

Bu gün Bakı Slavyan Universiteti təkcə Azərbaycanda deyil, ümumilikdə bütün Şərq bölgəsində unikal təhsil və mədəniyyət mərkəzi kimi slavyan xalqlarının mənəvi dəyərlərini tədqiq etməklə, bu xalqların dil və ədəbiyyatını, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatını dərindən bilən peşəkar mütəxəsislər hazırlamaqla, ölkənin ümumtəhsil müəssələri üçün müəllim, kütləvi informasiya vasitələri üçün jurnalist kadrları yetişdirməklə yanaşı, azərbaycanşünaslığın tədqiqi, tədrisi və təbliği istiqamətində də uğurlu addımlar atır.

Təməli qoyulduğu gündən bu günə kimi universitetə rəhbərlik edən nüfuzlu alim və tanınmış ziyalı, elmi əsərləri ilə filologiya elmini, ədəbi yaradıcılığı ilə müasir ədəbiyyatımızı zənginləşdirən görkəmli tədqiqatçı və məhsuldar yazıçı, AMEA-nın müxbir üzvü və əməkdar elm xadimi professor Kamal Abdullayevin böyük səyləri və gərgin əməyi nəticəsində Bakı Slavyan Universiteti Azərbaycan təhsil sistmendə ən qabaqcıl təhsil müəssələrindən birinə, universitetin azərbaycanşünaslığın tədrisi və tədqiqi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği istiqamətində göstərdiyi fəaliyyət isə dövlətin dünya ölkələri arasında Azərbaycanın nüfuzunun yüksəldilməsinə yönəlmiş xarici siyasətinin tərkib hissəsinə çevrilə bilib.

Müxtəlif ixtisaslar üzrə kadr hazırlığına xidmət göstərən tədris prosesinin təşkili və idarə olunması, humanitar elmlərin aktual problemlərinin tədqiqinə yönəlmiş elmi araşdırmaların aparılması, xarici ölkələrin nüfuzlu elm və təhsil müəssələri ilə əlaqələrin qurulması, dostluq və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, təlim-tərbiyə işinin təşkili və təkminləşdirilməsi də universitet rəhbərliyinin daim diqqət mərkəzində olub. Yüksək təşəbbüskarlığı və tələbkarlığı ilə bütün professor və müəllim heyətinə örnək olmuş universitet rektorunun on il ərzində həyata keçirdiyi islahatlar nəticəsində tələbələrlə aparılan tərbiyə işinin sistemlilik və fasiləsizlik, təlim və tərbiyə proseslərinin vəhdəti, tələbə və müəllimlərin tərəf-müqabil kimi qarşılıqlı fəaliyyəti, obyektivlik və şəffaflıq kimi əsas prinsiplərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edilib. BSU-nun fəaliyyət göstərdiyi yeni şəraitdə vəzifələr diapazonunun genişlənməsi tələbələrlə tərbiyə işinin məqsəd və vəzifələrinin, məzmun və formalarının, onun keyfiyyətinin dəyərlənməsi meyarlarının dərindən dərk edilməsini labüd edib. Universitetin yarandığı gündən Təhsil Nazirliyinin normativ sənədlərinə və rektorun əmr və sərəncamlarına müvafiq olaraq həyata keçirilən tərbiyə işinin başlıca məqsədi təhsil aldıqları ixtisaslar üzrə dərin biliyə, geniş dünyagörüşünə yüksək əxlaqi keyfiyyətlərə malik, xalqımızın milli müstəqillik ideyalarına sədaqətli, vətənini, millətini və dövlətini sevən əsl vətənpərvərlər yetişdirməkdir. Bu ali məqsədin nail olunmasında universitetdə aparılan təlim-tərbiyə işinin düzgün təşkili xüsusi əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində tərbiyə işinin həlli vacib problemlərinin və onun dəyərləndirilməsinin əsas meyarlarının, tələbə həyatının təşkilinin forma və metodlarının, tələbə mühitində baş verən neqativ halların aradan qaldırılması üzrə tədbirlərin, müəllim və tələbə arasında qarşılıqlı münasibətlərin başlıca istiqamətlərinin müəyyənləşdirilməsini tələb edir.

Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, istedadlı və yaradıcı gənclərlə işin təşkili, hüquq pozuntularına qarşı mübarizə və neqativ halların profilaktikası, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi, ictimai-siyasi həyatda gənclərin fəal iştirakının təmin edilməsi, onların beynəlxalq əməkdaşlığının inkişafı ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Gəncliyi Dövlət Proqramının icrası ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planına müvafiq olaraq BSU-da görülmüş işlərin əsas istiqamətləridir.

Rəsmi dövlət bayramları və milli bayramlarla bağlı kütləvi tədbirlərin təşkili, ölkənin Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı tərəfindən keçirilən tədbirlərdə tələbələrin iştirakı, YAP Nəsimi rayon təşkilatı, “İrəli” İctimai Birliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Respublika Veteranlar Şurası, “Gənclik” Tələbə İdman Cəmiyyəti, “Sağlam inkişaf və maarifləndirmə”, “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birlikləri və digər təşkilatlarla sıx əməkdaşlıq gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Tələbələrimiz mütəmadi olaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş esse müsabiqələrində iştirak edir, Böyük Vətən müharibəsi veteranları və Qarabağ müharibəsi iştirakçıları ilə görüşür, ölkənin ictimai-siyasi həyatında önəmli yer tutan tədbirlərə qatılır, müxtəlif mövzularda debatlar və diskussiyalar keçirirlər. Bu növ tədbirlərin təşkilində universitetin Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, Magistrantlar Şurası və Məktəb-Lisey Kompleksinin Şagird Parlamenti fəal iştirak edir. İstedadlı və yaradıcı gənclərlə işin təşkili istiqamətində də müəyyən nailiyyətlər əldə edilib. Tələbələrin müxtəlif fənlər üzrə respublika olimpiadalarında, bilik yarışmaları üzrə telelayihələrdə, bədii yaradıcılıq festivalları və müsabiqələrdə, siyasi biliklər olimpiadası və intelektual viktorinalarda, hazırlıq kursları və treninqlərdə fəal iştirakı istedadlı və yaradıcı gənclərin aşkarlanması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə zəmin yaradır. 2007-ci ilin dekabrında rektorun təşəbbüsü ilə universitetdə yaradılmış “Heydər Əliyev məktəbi” Tələbə Teleradiostudiyası gənc jurnalistlərin təcrübə məkanına çevrilməklə yanaşı istedadlı gənclərlə işin təşkilində də mühüm rol oynayır. Müxtəlif mövzularda müxtəlif verilişləri ilə efirə çıxan gənclər müasir dövrdə cəmiyyətimizi düşündürən aktual problemlərin müzakirəsinə qatılır, sərbəst düşünmə qabiliyyəti və fəal həyati mövqe nümayiş etdirməyə çalışır, efir mədəniyyətinə yiyələnirlər. Son üç il ərzində Tələbə Teleradiostudiyası həyat və fəaliyyəti hər bir azərbaycanlıya örnək olan ulu öndərimiz Heydər Əliyev irsinin tədqiqi və təbliğində mühüm əhəmiyyət kəsb edən yaradıcı quruma çevrilə bilib.

Gənclər arasında hüquq pozuntuları və neqativ halların profilaktikası demokratik dəyərlərin öyrənilməsi və insan hüquqlarının qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində aparılan işin tərkib hissəsidir ki, bu sahədə də Tələbə Gənclər Təşkilatı və bir sıra kafedraların birgə təşkilatçılığı ilə müxtəlif tədbirlər, dəyirmi masa və elmi seminarlar, sənədli film nümayişləri və müvafiq orqanların nümayəndələri ilə görüşlər keçirilib. Universitet tələbələrinin fəal və yaradıcı şəkildə qoşulduqları maraqlı layihələrdən biri də ötən il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Tələbələr azad sahibkarlıq fəaliyyətində” beynəlxalq proqram üzrə Respublika çempionatı olub. Gənclərimizin respublikanın müxtəlif bölgələrində yerləşmiş qaçqın məktəblərinin şagirdlərinə yardım məqsədi ilə keçirilən xeyriyyə marafonu təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib. Məlumdur ki, tələbə özünüidarəetməsi ali məktəbdə tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində mühüm amildir. Gənclərə gələcək əmək fəaliyyəti üçün zəruri olan idarəçilik bacarıq və vərdişlərinin, işgüzar keyfiyyətlərin aşılanması rektorun təşəbbüsü ilə mütəmadi olaraq keçirilən “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə gününün başlıca məqsədi olub, bu on il ərzində artıq dörd dəfə keçirilmiş bu tədbir isə tələbə həyatının ən maraqlı və əlamətdar hadisəsinə çevrilib. Sonuncu dəfə ötən tədris ilində baş tutmuş tələbə özünüidarəetmə günü universitetin rəhbər işçilərinin vəzifə səlahiyyətlərini uğurla icra etmiş gənclərə yüksək etimad göstərilib və onlara rektorun təşəbbüsü ilə universitetin idarə olunmasında daim fəal iştirak etmək imkanı verilərək “xəlifələrdən” ibarət Kölgə Kabineti yaradılıb. Şübhəsiz ki, bu gün kövrək addımlarını atan bu tələbə qurumu yaxın gələcəkdə öz təşəbbüskarlığı və qətiyyəti ilə universitet rəhbərliyinə fəal yardımçı olacaq. Tələbələrin yüksək səviyyəli beynəlxalq tədbirlərdə, universitetdə keçirilən beynəlxalq konfranslarda tərcüməçilər, müşaiyət qrupunun üzvləri qismində iştirak etmələri, xarici ölkələrin görkəmli alim və tədqiqatçılarının qatıldığı müxtəlif tədbirlərə cəlb olunmaları universitetdə ənənəyə çevrilib və gənclərdə fəal həyat mövqeyinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. BSU-da fəaliyyət göstərən “Totem” Tələbə teatrı, “Sfera” Tələbə Teatr studiyası, “Palitra” Tələbə Rəsm dərnəyi, “Tələbə dünyası” və “Tələbə dünyası+” qəzetləri, özfəaliyyət və rəqs dərnəkləri gənclərin asudə vaxtının səmərəli təşkilində fəal iştirak edir, onların mədəniyyət və incəsənət aləminə qatılmasında yardımçı olur. BSU Tələbə Gənclər Təşkilatının Rusiyanın Moskva Dövlət Linqvistik Universitetinin Gənclər İntelektual Mərkəzi, M.V.Lomonosov adına Moskva Dovlət Universitetinin Gənclər Şurası ilə Niyyət protokollarının imzalanması, Ukraynanın Poltava İqtisad və Ticarət Universitetinin Tələbə Gənclər Şurası ilə qurduğu əlaqələr, gənc tədqiqatçıların xaricdə keçirilən beynəlxalq konfranslarda idmançı tələbələrin MDB ölkələrinin pedaqoji ali məktəb tələbələri arasında keçirilən I Birlik Yarışlarında iştirakı gənclərin beynəlxalq əməkdaşlığının inkişafı istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdəndir. Müxtəlif tədbirlərdə və idman yarışlarında qazanılmış diplomlar və fəxri fərmanlar, kuboklar və medallar 200-dən çox hədiyyə və eksponatın yerləşdiyi və müasir texniki avadanlıqla təmin olunmuş universitet muzeyinin bəzəyidir. Bu gün universitetdə tərbiyə işinin effektiv strategiyası və sistemi formalaşıb. Fakultə dekanlıqları və şöbələr, kafedralar və tələbə özünüidarəetmə orqanları əsas diqqəti ixtisas üzrə biliklərin nəzəri və əməli əsaslarına yiyələnmiş, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, peşə məsuliyyətinə malik yüksək ixtisaslı mütəxəsislərin hazırlanması məsələlərinin həllinə yönəldiblər. Bu işdə bizə fakultələrdə fəaliyyət göstərən və universitetin təhsil, elmi, mədəni və ictimai həyatında fəal iştirak edən Valideynlər Şurası yaxından kömək göstərir. Qeyd edim ki, mövcud sistem universitetin və ölkədə təhsil sisteminin xüsusiyyətlərini, tərbiyə işinin idarə olunmasının özünəməxsusluğunu, yaradıcılıq fəaliyyətinin həyata keçirilməsini, tələbənin şəxsi keyfiyyətlərinin formalaşması prosesində özünüidarəetmə orqanlarının rolunu nəzərə alır.

Tələbə həyatının aktual problemlərinin öyrənilməsi məqsədilə universitetdə anket sorğuları keçirilir, gənclərin dünyagörüşünün, cəmiyyətdə qarşılıqlı münasibətlərin mənəvi və etik məsələlərinə, tolerantlıq, gənclər mühitində baş verən neqativ hallar, peşə seçimi və işlə təmin olunma kimi məsələlərə baxışlarının formalaşması problemləri üzrə söhbətlər və dəyirmi masalar təşkil olunur, radioverilişlər hazırlanır, universitet qəzetində məqalələr dərc edilir. Hal-hazırda tələbələrlə tərbiyə işinin təkmilləşdirilməsinin, təlim-tərbiyə prosesində onun səmərəliliyinin yüksəldilməsinin zəruriliyini nəzərə alaraq, universitetdə vahid tərbiyə mühitinin formalaşması işi davam etdirilir.

 

 

Oktay Səmədov,

BSU-nun tərbiyə işləri

üzrə prorektoru,

dosent

 

525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.24.