Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
Milli
iftixarımız Üzeyir Hacıbəylinin anadan
olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız
milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq
işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı
kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin
yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə
kənara qoyulmuş, hətta heç yerdə adı belə
çəkilməyən mətbu əsərlərini aramaqla
məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə
oxucuları “525-ci qəzet” vasitəsilə tanış
etmək istədim.
Toplayanı, ərəb əlifbasından
latın qrafikasına çevirəni
və lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
(Əvvəli ötən şənbə
saylarımızda)
BİR QƏRİBİN HEYRƏTİ
Qərib bir dostum Bakıdan
aldığı təəssüratı böylə nəql
ediyordu:
Nikolayevski
küçənin böyük və gözəl imarətlərini
gözdən keçirib tazə gəldigim şəhərin
küçə və binalarını görmək
üçün mehmanxanədən çıxıb bir nəfər
bələd ilə üzü yuxarı gedirdim. Nəzərim
üç böyük mülk tərəfə
düşdü. Xırda qəsəbcədən
gəlmiş adam-cəmiyyəti xeyriyyə və realni məktəb
və uprava binaları kibi böyük mülklər. Daha gözümü çəkə bilmirdim. Ancaq bir şey çəkdirdi.
Bir vəqt gördüm ki,
üz yuxarı bir çox adam gedir. Amma
düşmən qoşunu qabağından qaçmış əsgər
kibi bunların hamısının ayaqqabılarının
altı gedib: bunlar qədəm atdıqca
ayaqqabılarının üzü qalxıb topuqlarına dəgir.
Soruşdum bunlar kimdir və haraya gedirlər.
Bələdçi dedi ki, bunlar qənd
alış-verişçisidir, upravaya gedirlər.
Gördüm bələdçi
yaxşı başa sala bilməyəcək, ona görə də
haman adamlardan birinə yanaşıb haraya
və nə üçün getdiklərini və niyə
hamısının başmağı yırtıq olduğunu
soruşdum.
Kişi dərin
bir ah çəkib uzun bir şikayət başladı. Şikayətinin
xülasəsi bu idi ki, guya bunlar hər gün saət 8-dən
gəlib upravanın qənd işinə baxan kabinəsi
qabağında səf çəkirlər. Saət 9-da “Ağa” təşrif gətiriyor. Bunlar kəmali-ehtiramla səcdə edib qol
bağlayaraq hazır dururlar. “Ağa” kabinəyə
daxil olub saət birə-ikiyədək öz işini
görür. Sonra işini qurtarıb evə
qayıtdıqda bir dəfə bunların hamısına xəbər
veriyor ki: sabah gələrsiniz.
Sabah yenə haman
qərar ilə yığılır, haman təzim edirlər.
Saət 2-yədək gözliyorlar. Ağa
çıxıb buyurur ki: “bu gün qənd yoxdur”.
O biri gün yenə gəlirlər.
Haman mərasim keçir. Saət
2-də ağa çıxıb “sabah saət 11-də gələrsiniz”
–deyə uzaqlaşır. Xülasə bu
minval ilə tacirlər həftələr ilə
iş-güclərini atıb upravada “növbət”ə
dururlar. Çəkmələri haman
gəlib-getməkdən dağılmış imiş. Hələ bu şəhərin öz
adamlarıdır.
Amma bir küncdə də
bir dəstə durub söyləşirlər: hamamda
tapışmış dərdli arvad kibi hər şeyi unudub ərindən
və qayınanalarından şikayət edirlər.
Dedim görüm bunların
dərdi nədir. Yanaşıb gördüm birisi diyor ki: bir
aydır ki, (...) uyezdindən gəlmişəm. Şaşkovskidən izn almışam. Uyezd naçalniki dəxi teleqraf çəkib
alacağım qəndin bütün bir uyezd əhalisi
ehtiyacı üçün olduğunu bildirmiş və qənd
buraxılmasını təvəqqe etmişdir. Amma bir aydır hər gün gəlirəm-qənd buraxmırlar
ki, buraxmırlar. 500 put qənd aparıb 200 manat pul
qazanacağam. Amma qabaqca 90 manat qəstin kirayəsi
vermişəm. Biri, ikisi,
üçüncünü danışdırdım,
hamısının dərdi “Ölülər” pyesası
oynanan gecə Şəfiqə xanım əfəndiyə
şikayət edən xanımın dərdindən çox
imiş.
Yəqin ki,
“Açıq söz” oxuyanlar o arvadın şikayətini
oxuyublar. A kişi, görün dünya necə xarab olub:
heç görün arvad da öz dərdini açıq
danışıb şikayət edərmi? Heç
görün arvadın da dərdi qəzetələrdə
yazılarmı?
Biz
eşitmişdik ki, arvad dərdini söyləməz. Söyləsə də, barı toyda, təziyədə, hamamda
tapışıb danışar, batıb da gedər. Yoxsa gəl
teatroda dərdin açılsın danış, sabah da qəzetədə yazılsın
rüsvayçılıq olsun-bunu nə Allah qəbul edər,
nə bəndə ... Yaxşı olur: nə üçün
onları teatra buraxırlar ki, onlar da böylə bədnamçılıq
çıxarsın.
Heç bilmirəm
bu söz hardan yadıma düşdü. Xülasə.
Qənd
müştərilərinin hərəsi bir dil ilə şikayət
edirdi. Ancaq məlum oldu ki, hamı bu qədər bədbəxt
degil “bəzi xohbəxtlər” olur ki, istədiklərini tez ala
bilir. Hamı da bunlara həsəd
aparır.
Bən iki şeyə məəttəl
qaldım:
Əvvəla,
nə üçün bunlara vəqtli-vəqtində qənd
verilmiyor.
Yaxud, nə üçün “Ağa” bir dəfə demir ki,
filan vəqt olacaq. Axır oraya yığışanlar iş
sahibidir. Həftələrlə hər gün 5
saət dükanı bağlayıb gələ bilməzlər.
(Məxfi qalsın ki, qənd almaq istəyən
gərək kildisini də götürüb özü bilzat gəlsin.
Odur ki, dükan əksəriyyən bağlı
qalır).
Saniyən daha
artıq təəccüb burasıdır ki, bu tacirlərin məgər
işi, gücü yoxdur, məgər bu bahalıqda
ayaqqabılarına heyfi gəlmir?
Bir nəfər
“Açıq söz” qəz., 22 may 1916, ¹ 191
(İlk dəfədir qəzetin
mətnindən yenidən çap edilir)
ABAD OLASAN ABADANLIQ
Bitmişdi hər
yarağımız,
Qalmışdı
saqqal darağımız.
Şəhərimizin
abadanlıq işlərinə o qədər diqqət
veriliyormuş ki, hər işi düzələndən sonra
indi növbət qəzetəsatan uşaqlara çatıyor.
Şəhər idarəsi
qorodonaçalnikə müraciətlə istida eyləmişdir
ki, küçələrdə əldə qəzetə satan uşaqlar haqqında 1913 sənəsində
uprava tərəfindən verilib, qubernator və
qorodonaçalnik tərəfindən təsdiq edilmiş olan qərarlara
əməl edilməsi üçün tədbirlər
görsün.
Məzkur qərarda diyor: Əldə
qəzetə satan uşaqlar, yayda ağ və
qışda qara mahud fortuka geyməlidirlər. Fortukanın
boynu uca, düymələri qabaqdan, özü də altı dənə,
papaqlarının qırağı qırmızı mahud,
qabağında xüsusi nişan
olmalıdır.
Yəni qəzetəsatan
uşaqlar hökumət məmurları kimi forma geyməlidirlər.
Bu axır ildə
hökumət qulluqçuları forma ilə libas tikdirə
bilmiyor; Həmişə zahirpərəstliklə məşhur
olan Rusiya məktəbləri uşaqlara bahalıq naminə
formadan xaric paltar geyməyə izin veriyor.
Amma rəsmi dəftərxana
rəisləri xalqın dərdinə qaldığı bir
halda cəmaətin öz nümayəndəsi olan uprava tələb
edir ki, gündə beş-üç quruş qazanan qəzetəsatanlar
müəyyən forma geyinsinlər.
Bilmirəm
uşaqlar aylar ilə qazandıqlarını yığıb
bir dəst formalı libas alacaq olursalar, onların yemək-içməyini
uprava təmin edəcəkmi? Təəssüflə
burasını bildirməmişdir.
Heç bir də
insaf deyil ki, Bakı kimi gözəl və abad bir şəhərdə
qəzetəsatan uşaqlar forma ilə geyinməsinlər. Əlbəttə, böylə
məmur bir şəhərin upravası razı ola bilməz ki, bir qarış torpaq və hər
növ zibil ilə dolu olub başdan-ayağa
çala-çuxurluqdan gündə iki-üç dəfə
at arabası aşan bir küçədə qəzetəsatan
uşaq formasız gəzsin.
Amma araba
aşmaq deyirəm-deyirsiniz görəsən bu nə təhər
olur. Qulaq
asınız, mən deyim:
Məsələn,
götürəlim Gimnaziçeski küçəni. Məzkur
küçə Verxni Naqornudan o yanə
daşlanmamışdır. Ona görə
yayda toz-torpaq, qışda da palçıqdan keçmək
mümkün deyil. Əlbəttə,
böylə küçələrdə çala-çuxur dəxi
çox olar. Küçənin bir tərəfi
ilə o biri tərəfinin yarım arşın təfavütü
var. Bu təfavütdən başqa bir də çuxurlar olur.
Ona görədir ki, haman küçə
ilə gedən arabalar həmişə bir böyürlü
qalaraq bir az cəld sürdükdə, atı basmamaq
üçün böyrü üstə uzanır ki, rahat
getsin. Amma bəzi vəqt olur ki, böyrü
üstündə də dayana bilməyərək
çoxları havaya qalxıyor.
Bax, haman
böylə küçədə qəzetəsatanların
forma geyinməməsi təhəmmül olunacaq şeylərdən
degildir. Ona görə də abadanlıq
komissiyası yaxşı eyləyir ki, bu bahalıqda
uşaqlardan forma tələb ediyor.
Ancaq bir şeydən baş
aça bilmədim: görəsən, upravanın fikri cəmaətə
gülməkdir, yoxsa xəlqi özünə güldürmək?
BİR NƏFƏR
“Doğru söz” qəz., 18 iyun 1916,
¹ 15
(Məqalə
ilk dəfədir qəzetin mətnindən çap edilir).
istida –xahiş
O YANDAN-BU YANDAN
–Belə də bahalıq
olar? Hər şeyə yaxın gedirsən, od
qiymətinə! Doğrusu, bir az da belə
getsə, daha onda heç; Onda gərək yeməyəsən,
içməyəsən, geyməyəsən, tərki-dünya
abidlər kimi gedib oturasan bir dağın ətəgində,
gecə-gündüz Allaha ibadət edəsən!
–Xeyr a ... Özünü
nahaq qorxudursan! Bunlar nahaq, nahaq fikirdir. Nə olub məgər? Çörəkçi
çörəyin qiymətini artırıbsa,
başmaqçı da başmağın qiymətini
artırıbdır. Bəzzaz
parçasının qiymətini artırdığı kibi,
dəllək də başın qiymətini
artırmışdır. Baqqal
soğanın, kələmin, kökün qiymətini
artırıbsa, dərzi də paltarın qiymətini
artırıbdır. Doktor bir manatı iki manat etdigi kibi
(özü də qabaqca), qəzetəçi də beş qəpigi yeddi qəpig edibdir. Müxtəsər hərə öz işini əməllicə
bilir. Yəni çörəkçi
başmaqçıya deyəndə ki, çörəyin girvənkəsi
doqquz qəpikdir, başmaqçı da çörəkçiyə
deyir ki, başmağın cüfti altı manatdır. Bəzzaz da dəlləgə deyəndə ki, qara
çitin arşını dörd abbasıdır, dəllək
də bəzzaza deyir ki, başını üç
abbasıya qırxıram. Baqqal dərziyə deyəndə
ki, acı soğanın girvənkəsi beş
şahıdır, dərzi də baqqala deyir ki, donun birini
üç manata tikirik. Qərəz hamısı bu ayaqdan! ...
Yəni mən demək istəyirəm ki, lap
arxayın ol, elə bahalıq-zad yoxdur ki, ondan ötrü də
tərki-dünya olub, dağ ətəkinə gedib ibadət
edəsən. Çünki bahalıq ona deyirlər ki, ətir
girvənkəsi ola on şahı,
çörəgin girvənkəsi ola iki şahı, amma dəllək
başın birini qırxa bir şahıya, dərzi donun birini
tikə on dörd şahıya, baqqal da yumurtanın birini verə
bir qəpiyə! Doğrudan da buna deyərlər bahalıq!
Yoxsa sən onun kisəsinə zar gəl, mən də viziti
edim iki manat! İstəyirsən, çörəgin girvənkəsini
çıxar bir manata, əlüstü baqqal da yumurtanın
birisini verəcək on şahıya! Böylə
olanda yenə bahalıq degil. Bir yandan da ki, Allaha
şükür, nə çoxdur indi pul! ... Bizim
qədim şəhərdə bir baqqal var imiş, yaz olanda tərəkəmədən
biri satmaq üçün tuluğda onun dükanına süd
gətirər imiş. Baqqal xalis musurman olduğu
üçün tərəkəmənin südünü
çəkib təhvil alanda gah olan gücünü gələr
imiş tərəzinin daşı olan tərəfinə, gah
da pudluğu batman deyə hesab edərmiş! Tərəkəmə
də əvvəllər xam olduğu üçün bir
söz demiyormuş. Amma sonralar getdikcə
ustalaşdığından tərəkəmə baqqala
südü evində çəkib gətirər imiş.
Bununla belə yenə görərmiş ki,
süd əksik gəlir. Nə isə tərəkəmə
öz-özünə deyir ki, buna hiylə etməkdən
başqa çarə yoxdur. Bu dəfə
tuluğun yarısına qədər süd töküb, o
biri yarısını da “Paşa bulağı” adlanan bulaqdan
su ilə doldurarmış. Tuluğu gətirib
baqqalın tərəzisinin gözünə qoyduqda baqqal yenə
daş tərəfə güc gələrkən tərəkəmə
başını silkələyə-silkələyə deyir
imiş: “Heç eybi yoxdur, sən daşa güc gəl, mən
də Paşa bulağına!”
Doğrudan da o tərəkəmə
demişkən, indi sən qəndə güc gəl, mən də
soğana! ...
–Bu sözlər
hamısı düzdür, hamısı doğrudur. Axı mən
məvacibə qulluq edirəm! ... Bir də
qulluqçulardan başqa fəqir-füqəra da var.
–Hə öylə isə sənin
də sözün doğrudur. Onda siz
qulluqçular ilə fəqir-füqəralar tərki-dünya
etməgə həqqiniz var? Yoxsa biz
kazinodan, klubdan-filandan əl çəkəsi degilik,
çünki imdi hər kəs özünə görə əvvəlkindən
çox qazanır. Məgər
görmürsən ki, bu axır vaqtlarda “Aşıq Qərib”
operası üç dəfə oynandığı halda, yenə
bilet çatmır? Halbuki imdiki
teatrların tamaşaçılarının çoxu Quba
meydanı adamlarıdır? Əgər
böylə degilsə, pəs ədəbsiz sözlər nədir?!
O gecəki dava nə idi?!
Bir nəfər
“Sovqat” qəz., 9 oktyabr 1916, ¹ 32
cüft-cüt
O YANDAN-BU YANDAN
Bu çərənçi
xalamın əlindən lap təngə gəlmişəm. Elə ki, əlimi
çörəgə uzadıram diyor: a qara geymiş,
çörəgi az tıx, onsuz da
görürsən ki, un tapılmır. Deyirəm: a xala! Qorxma Allah kərimdir. Unumuz
qurtarar, kartof yeyərik, kartof qurtarar, kələm yeyərik.
Qərəz bir şey yeyərik. Daha ağzımızı göyə açıb
acından ölməyəcəgik ki ... Yemək sarıdan
qorxma, bu dünyada əlindən gəldigi qədər ye ki,
öləndə gözün dalda qalmasın. Odu bax! Adam gərək o bir nəfər milyonçudan dərs
alsın. Kişi erməni, rus arasında
ad qoydu. Özü də xaricilər
arasında müsəlmanların başını lap
ucaltdı. Bu zalım milyonçu
proporşik olana kimi bir əli qumar kağızında, bir əli
ağzında oldu. Elə yedi, içdi,
oynadı. Daha bundan başqa alayı bir
işi yox idi. Doğrudur diyorlar: o milyonlar qurtardı, o
böyük evlər hamısı qumara getdi. Amma nə olsun
ki, kişi bu gün şöhrət
qazandı. Elə gərək belə də
olaydı. Çünki: adam dövlətli
olanda gərək bir şöhrət qazansın. Bir müsəlman
dövlətlisi ki, şöhrət üçün iş
görmədi, onun nə ləzzəti?! Onlar da bir neçə
əqilsiz xaricilər kimi degillər ki, bir xeyir işə pul
verəndə şöhrət üçün verməsinlər
və bir iş tutanda özgələr ondan ibrət
götürməsinlər. Xülasə,
zalım milyonçu pulları yaxşı yedi, doğrudan da
daha öləndə gözü dalda qalmaz. Bən hələ bu sözlərin dalını deyəcəgdim,
birdən xalam başıma elə qapaz saldı ki ... bir də
onda gördüm ki, xalamın ləçəgi hirsindən
xadimi-millət Məşhədi Məmişin papağı
kimi qulağının dibinə düşüb.
Gördüm ki, bir az da dayansam, daha da
şuluq olacaq, yavaşcadan sovuşmaq istədim. O saət
xalam fikrimi bilib gözlərini bərəltdi və əlimdən
tutub məni elə sirkələdi ki, gözlərim
qaranlıq gətirdi və elə bildim ki, mən də
müharibə meydanında 42 santimetroluq toplar qabağındayam.
Doğrudan da xalam çox qüvvətli
imiş, baxdım ki, xeyr, qapazın biri də gələcək.
Ona görə yaltaqlığa başlayıb, təsəlli
üçün dedim ki: Ay xala! “Un”dan ötrü fikir eləmə!
Qoy bu fikri o ac nemsələr etsinlər ki,
taxıllarını damlarda əkirlər, bizə nə var?!
Bizim o qədər yerimiz var
ki, igirmi il dava olsa, əkib yeməglə
qurtarmaq olmaz. O ki, bahalıq məsələsidir: onu da
yazıq dəgirmançılar ondan ötrü ediblər ki,
cəmaət ayıq olsun, bilsinlər ki, bəli! Bu gün davadır. Daha bir də
gedib dəgirmanları-filanı dağıtmasınlar.
Bir də nə var ki, Allaha şükür, biz kasıb-filan
degilik ki! ... Mən bu sözləri deyəndə xalam bir az sakit olmuşdu. Odur ki, yumuşaqlıq ilə
mənə dedi ki: bu sözlərin düz! Amma o əlindəki
bir-iki parça yerə güvənmə! Həmişə
dayın oğlu “Zərbəli”dən ibrət al! Hanı onun o atadan qalma o gözəl yerləri?
Hamısını o zalım “Veysəl” onun əlindən
alıb dostu “Cəfər”in əlinə salmadımı?
İndi dayın oğlu ha tullanıb
düşür ki, əlinə bir yer salsın, sala bilmir.
Ona görə, balam, əqlini başına cəm et! Bu gün yerə-filana güvənməli
vəqt degildir. Yaxşısı budur ki, çörəgi
az ye, sabaha da qalsın. Yoxsa sonra acından
ölərsən!
Bu sözlərin
qabağında mən daha bir söz deyə bilmədim. Çünki deyəsən
xalamın sözləri yaman söz degil idi ...
Bir nəfər
“Sovqat” qəz., 12 oktyabr 1916,
¹ 35
İlk dəfə aşkarlanıb qəzetin
mətnindən çap olunur.
TEATR VƏ MUSİQİ
Qara bəla
Dekabrın 2-də cümə
günü gecə Tağıyevin teatrında Hacıbəgov
qardaşlarının müdiriyyəti tərəfindən
artist Bağdaşbəgov cənablarının benefisi olaraq
benefis sahibinin təbdil etmiş olduğu məşhur Namiq
Kamal bəgin “Qara bəla” adlı faciəsi
mövqei-tamaşaya qoyuldu.
Faciənin məzmunu böylədir:
Hindustan padşahı Əkbər şah hindinin övlad naminə
“Bəhrəvərbanu” adında yalnız bircə qızı
olur ki, bu qız vətən üçün müzəffəriyyət
və qalibiyyət qazanmış vəzir oğlu Xosrov Mirzəyə
aşiq olmuş və yekdigərini atəşin bir eşq ilə
sevmişlər. Eyni zamanda Əxşit namində əslən
məchul və quldur bir ərəb hiylə və quldurluqla
qazanmış olduğu yüz minlər ilə parasını
sərf etmiş də Bəhrəvərbanuya malik olmaq
üçün Əkbər şah hindinin sarayında saray
ağası rütbəsinə nail olmuşdur.
Bəhrəvərbanu isə
daima Xosrov Mirzənin eşqilə dəmgüzar olduğu
üçün əsla aram olmaz və bu yolda onsəkkiz ildən
bəri dayəsi olan Mehrdilin verdigi nəsihətlərə qətiyyən
qulaq asmayıb getdikcə Xosrov Mirzənin cangüdaz eşqilə
zəif olmağa başlar və eyni məhəbbətlə
kui cananda dolaşan Xosrov Mirzə dəxi bir çarə
vüsal arar. Bunları görən Əmir Əxşid Xosrov
Mirzəni bir hiylə ilə aldatmaqdan sonra Bəhrəvərbanunun
yanına gəlib Xosrov Mirzənin ona layiq
olmadığını və binaənileyh bu sövdadan vaz
keçməsini mələ-nətkəranə bir surətlə
bəyan etdikdə Bəhrəvərbanu ona acıqlanar, lənət
oxuyar və əlhasil burada da hiylənin lüzumini hiss edən
Əmir Əxşid tərzi ifadəsini dəgişər və
yumuşaq bir lisan ilə Bəhrəvərbanunun ürəgini
ələ alaraq Xosrov Mirzəni saraya gətirib də onunla
görüşdürəcəgini vəd edər. Biçarə və namuslu dayə işin dərəcəyi-vəxamətini
anlarsa da, ümidi-vüsal ilə sərməst olan Bəhrəvərbanu
və onun sözünü rədd edər. Və əlhasil Əmir Əxşid sarayı xəlvətliyərək
Bəhrəvərbanu ilə Xosrov Mirzəni
görüşdürər. Az bir
fasilədən sonra bir bəhanə ilə onları yekdigərindən
ayırar və Bəhrəvərbanunu təkləyərək
bu dəfə öz qəddar eşqini xanım sultana izhar edər.
Bəhrəvərbanu qəzəblənər,
küfr edər. Əmir Əxşid isə kəndi
arzusuna nail olmaq üçün Xosrov Mirzənin həbs
edildigini söylər. Bəhrəvərbanu qəş
edər. Xanım sultanın bu halından istifadə edərək
Əmir Əxşid onu aparar və məlum məqsədinə
nail olar. Bəhrəvərbanu tutulmuş
olduğu bu rüsvayçılıqdan ölüm
döşəginə düşür. Atası
Əkbər şah isə işin künhündən xəbərdar
olmadığı üçün hər növ tədabir və
nəsihətdə və hətta Xosrov Mirzə ilə izdivac
vədində bulunursa da, karkir olmaz. Nəhayət,
Bəhrəvərbanu Əmir Əxşidi
çağırdıb daha Xosrov Mirzəyə məhəbbət
etmədigi üçün onu qətl etməgə qərar
verdigini söylər və buna dəstərs olmaq
üçün bir qədər zəhər istər. Ümidi-vüsal ilə sərgərş olan Əmir
Əxşiddən aldığı zəhəri xanım
sultan özü içib çabalamağa başlar. Bu səsə təlaşla gələn dayədən
Bəhrəvərbanu atasını və axır nəfəsində
Xosrov Mirzəni görmək istədigi üçün
onların hazır olmasını arzu edər. Hamısı gələrlər. O halda Bəhrəvərbanu
əli ilə məlum qara ərəbi göstərərək:
“Bu bənim namusuma təcavüz etdi!...”-deyə
ona nifrin edər. Bu məlum xəbəri
eşitməklə haldan çıxan Xosrov Mirzə Əmir Əxşid
ilə qılınclaşar, onu qətl edər və Bəhrəvərbanudan
sonra özünün dəxi sağ qalmasını istəmiyib
oradaca intihar edər və faciə xitam bulur.
İştə gözəl
bir qələm və üslub ilə yazılmış bu faciədə
nə qədər şairanə təşbihlər, nə qədər
ruhnəvaz hallar, nə qədər gözəl şivə və
ədalar var ki, əfradı ğayət az və hər pərdəsində
eyni adamlar görüldügü üçün təbii
tamaşaçıları usandırıb kəlalə gətirəcəgi
yerdə biləks hər kəs də böyük bir maraq, dərin
bir diqqət, talğın bir hal görülürdü.
Ğayət məhdud olan bu faciə nə qədər böyük
bir qüdrət qələmiyyə ilə
yazılmışdır ki, o hər zaman şikayət edilən
tamaşaçıları belə bilaixtiyar özünə
ram edib, onlara şairanə bir ğəzai-ruhani verirdi. Bərəkət versin ki, bunu təbdil edən
Bağdadbəgov cənabları o cümlələrə, o
incəliklərə toxunmadan təbdil etmişlər.
Artistlərə
gəlincə, Əmir Əxşidin rolunu oynayan benefis sahibi
Bağdadbəgov əməginin qiymətini və benefisinin
parlaq çıxmasına təqdir etmiş olmalıdır
ki, bu dəfə rolunu olduqca gözəl oynaya bildi və qiymətli
hədiyyələr aldı. Xosrov Mirzə rolunda
olan Abbas Mirzə Şərifov həmişəki kibi bu dəfə
dəxi müvəffəq oldu. Fəqət
Bəhrəvərbanunun o odlu məhəbbətinə layiq bir
surət və sima ilə degil, aşiq olmalı bir libas geyinməgi
tərcih etmiş olmalı idi ki, surətindən çox
libasına əhəmiyyət vermişdi. Bəhrəvər
rolunu ifa edən Alinskaya xanıma bir artist olursam, doğrusu həsəd
aparram. Onun o gözəl əda və hərəkətini
gördükcə insan kəndi-kəndinə “əcəba bir
gün olur da bu Alinskaya bizim səhnəmizi tərk edərsə,
onun yerinə kim qaim olur?”-sualını
verir də-Heç!-cavabını alınca məyus olar. Dayə mehrdil rolunda olan ikinci Alinskaya isə rolunu o qədər
apara bilmədi. Əkbər şah hindinin
azca rolunu oynayan Mirzə Muxtar dəxi çox zəif idi.
Gözəl, sakit və müvəffəqiyyətlə
keçən bu oyunun tamaşaçısı əvvəlkilərə
nisbətən az idi.
“Sovqat” qəz.,
5 dekabr 1916, ¹ 78
İlk dəfədir yenidən qəzetin
mətnindən çap olunur.
dəmgüzar-vaxt keçirən
mələnət-lənətə layiq
vəxamət-təhlükə
sərgərş-coşmuş
kəlal-bezikmə, usanma
DİL DAVASI
“Parisdən “B.V” qəzetəsinə
verilən məlumata görə Fransa əsgəri mütəxəssislərindən
Feyler Almaniya tərəfindən İsveçrənin bitərəfligi
pozulması ehtimalı həqqində şayiə olan xəbərlərdən
bəhsə “Jurnal”da yazıyor ki, onun zənnincə Almaniya
baş komandanlığı gərək sövqəlgeyş
və gərəksə siyasi mülahizələrdən
dolayı bu işə iqdam etməz. Zira ...
Qəzetələrimizdə
böylə bir xəbəri oxuyan kibi görürsən
oxucular ağzını əgdi, gözünü
qıydı, yoldaşına baxıb şikayət dilini
açdı:
–Bu nədir canım? Yazıçılar özlərini lotu
qayırıblar, yoxsa sizi dəli hesab edib ələ
salırlar. Bu nə dildir, nə
üçün öz dilimizdə yazmırlar ki, biz də
oxuyub başa düşək?
–Yaxşı sizin diliniz
hankıdır? “Türkcə?”
Uzun bəhs
başlanır. Biri isbat edir ki, yazıçılar savadlı
olduqlarını göstərirlər, o biri deyir bizim əsla
dilimiz yoxdur; Üçüncü, dördüncü ... Xülasə,
hərə bir söz diyir; Saətlər ilə höccətləşirlər,
ancaq ildə bir dəfə möcüz qəbilindən bir adam tapılır ki, özünün
savadsız olduğunu da boynuna alır.
Əlqissə,
yazılar hamısı türkcə yazılmalıdır ki,
oxuyanlar hamısı başa düşsün.
Türkcə
... Əlbəttə, əlifəlbəttə türkcə
yazılsın.
Aradan bir müddət
keçir: dəlinin birisi qəzetə böylə bir şey
yazır:
“Əkinçilər-işçilər”
tükədənlər dərnəgini düzəldənlər
Əmirhacyan və yanı olanları ellərini “Əkinçilər-işçilər”
dərnəginin özəgi ilə tanış
etmək üçün bu adına günü öylədən
sonra saat dörd sonunda məkatib yapısına
çağırır”.
Qəzetə
şəhərlərdə, kəndlərdə
yayılır, oxunur. Gülürlər, istehza edirlər.
Qəzetənin abu qismini kəsib ciblərinə
qoyurlar, uşaq dərs əzbərləyən kibi əzbərliyirlər.
Beş adam bir yerə
yığışanda oxuyurlar, danışırlar. Bəzi
alicənablar tapılır ki, “a kişi dəlinin birisidir, bu
da böylə fokus ilə çıxıbdır”-deyə “dəli”ni əfv edirlər. Amma
çoxları onun günahından keçmək istəmir,
keçə də bilməz. Çünki:
Bu nədir, kim
başa düşür; Nə dildə yazılıbdır. Nə üçün bunu öz dilimizdə
yazmırlar ki, görək nə demək istiyor. Bəlkə
bizi bu dil ilə sögür, təhqir edir ...
–Balam, bircə de
görüm axır sizin öz diliniz hankıdır? Yazan nə dildə yazsın?
“Türkcə,
türkcə, türkcə! ...”
–Qardaşım, bu yazı
tamamilə türkcədir. Saət və məktəb
sözlərindən başqa burada bir əcnəbi
sözü yoxdur. Sən türkcə istiyorsun, bu kişi də sırf türkcə
yazıbdır. Pəs acıqlanmaq nə
üçündür?
Yox, bir şey
yazanda gərək diqqət edilsin ki, oxuyan başa
düşsün. Ona görə oxuyucuların öz dilində
yazmaq lazımdır.
Baxdım
gördüm, xeyr, söhbət çox uzundur. Söz verdim
ki, bundan sonra oxuyucuların öz dilində yazım. Hətta nümunə olmaq üçün bir
şey də yazdım. Hamının
xoşuna getdi. Yazdığım bu idi:
Bu gün
yanvarın 12-dən etibarən “Açıq söz”
çitatellərinə obeşşat edirəm ki, min bəd
bundan sonra bir şey yazanda inostrannı söz və qəliz
ibarə işlətməyib həmişə öz radnoy
dilimizdə prostoy yaziq ilə yazacağam. Hanki dildə
yazmaq istədigimi bildirmək üçün də bunu bir
obrazes yazıb oxucularıma predstavit edirəm”.
Bu əmrin
istehkamı üçün öz dəst-xəttim ilə qol
yazdım.
Bir nəfər
“Doğru söz” qəz., 14 yanvar 1917, ¹ 39
Məqalə ilk dəfədir
ki, qəzetin mətnindən çap edilir
sövqəlgeyş-strategiya
əlifəlbət-mütləq, yəqin
BALACA FELYETON
Qənd, çörək və ətin bəhsləri
Mirzə Təhmasib
qulluğunu bitirəndən sonra şkafın alt gözündən
möhkəm bir kağıza sarıqlı üç girvənkə
qəndi götürüb paltovunun altına vurdu və
üsulluca divanxananın qapısından çıxıb evlərinə
gəldi. Gizlin gətirdigi qəndi mizin üstündə duran
çörək və ətin yanına qoydu. Qənd
onları görcək ğayət mütəkəbbiranə
bir tövr ilə gözlərini ağarda-ağarda sözə
başlayıb dedi ki:
–Görsən indi bu saətdə
dünyada məndən əziz, məndən istəkli bir
şey varmı? Mənim mərtəbəm o qədər
böyümüşdür ki, bu saət dillərdə mənim
adımdan başqa bir söz yoxdur. Məndən
ötrü hər şəhərin böyük adamları
yığılıb gündə məsləhət və məşvərət
edirlər. Cürbəcürə işlər
düzəldirlər, kartoçka paylayırlar. Bilirsinizmi ki, bu kartoçka məsələsi nə
qədər əngəl-üzar və bulaşıq bir məsələdir?
Bu kartoçka üsulunu düzəltmək üçün
minlər ilə adam, milyonlar ilə para
işləyir də yenə başa bir şey çıxara
bilmiyorlar. Düz indi tazə ildən iki ay
keçir, hələ Bakı kibi zorba bir şəhər bu
kartoçka məsələsilə
çalışıb-vuruşur. Axırda
başını itirdigindən şıltaq edən uşaq
kibi indi də diyor ki, gərək hamının başbortu əlində
olsun ki, ona beş çetver qənd
verilsin.
Görürsünüzmü
mənim gücümü?
Bundan sonra gərək Qədiməlinin
anası dabanı çattağ xalanın, səfilin
arvadı Ağcanın əllərində paşportu olsun ki,
onlar mənim üzüm görə bilsinlər! Yoxsa hələ-hələ məni görmək
olmaz. Doğrudan da mən çox əziz
olmuşam. Məsələn: mənim adım hər
gün qəzetələrdə yazılır. Hətta o
gün qəzetədə var idi ki, bədəfkarlar Məşhədi
Qulaməlinin evini kəsib üç yüz manat pulunu, beş yüz manatlıq müxəllifatını
və iki girvənkə də qəndini oğurlamışlar!
Mən buraya gəlməzdim. Ancaq birisi öz nahaq işini xoda vermək
üçün məni rüşvət verib işini
qabağa saldı. Bilirsinizmi ki, mənim sayəmdə nə
qədər aclar dolandırılır: nə qədər dəmir
yol məmurları yüklərini tutdular? Qərəz
ki, imdi bu saət də məndən əziz, məndən istəkli
bir şey yoxdur.
Qəndin bu
lovlağını görən ət hirsindən
qızarıb acıqlı bir surətdə dedi ki:
–Mən özüm demirəm,
get sən məni qəssabların kassalarından xəbər
al, gör ki, nə qiyamətlər qoparmışam. Hətta şanım o qədər ucalıb ki,
böyük-böyük adamlar məni qəssablardan telefon ilə
xəbər alıb qayət ehtiram ilə məni evlərinə
aparırlar. Bu saət mən öylə
bir vəlvələ salmışam ki, qəssabları
şümür edib, şümürə rəhmət
oxutdururam. Dəvə əti o yana
dursun, eşşək, it ətlərindən xəbəriniz
yoxdur. Ha, ha, ha-deyə acı bir qəhqəhə
çalıb vüqarlı bir halət aldı.
Bu sözlərə
təcrübədidə bir nəzər ilə baxan salxorda
çörək bir söz deməyib, ancaq mənalı bir təbəssüm
etdi. Guya o demək
istiyordu ki:
–Mənsiz vay insanların
halına! ... Bilmirəm məndən sonra insanlar nə edəcəklər!
Bu halda içəri girib
bunların söhbətini eşidən Mirzə Təhmasib məişətin
tünlügindən və çolux-cocuğunun
çoxluğundan bir söz deyə bilməyib, dili tutuldu və
hönkür-hönkür ağlamağa başladı!...
“Sovqat” qəz., 1 mart 1917, ¹ 149
Felyeton ilk dəfədir ki, qəzetin mətnindən
çap edilir.
üzar-ayıb
salxorda-dünya görmüş
(Ardı var)
Üzeyir HACIBƏYLİ
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.20-21..