Xalq artisti Mənsum İbrahimov: “Mənə belə gözəl bir ailə nəsib etdiyi üçün Allahdan çox razıyam”

 

Ailə ən qədim zamanlardan bəri müqəddəs sayılan birlikdir. Günümüzdə bu birliyin çox da uzun müddət davamlı olmadığının tez-tez şahidi oluruq. Ailələrin belə qısa vaxt ərzində dağılmasının səbəbləri görəsən nədir? Günümüzdə bu sual, yəqin ki, hər birimizi ciddi düşünməyə vadar edir. Bu vəziyyət artıq cəmiyyət tərəfindən də qəbul edilib ki, təmkinli, səbirli və nəzakətli davranmaq, hər sözü ölçüb-biçib demək evlilikdə ən yaxşı rəftar üsuludur. Evlilikdə təmkinli davranmağı bacaran, ailəni qabiliyyətlə idarə edən, həyat yoldaşı qarşısında yersiz tələblər qoymayan şəxslər təqdir edilir və nümunə göstərilir.

Uzunmüddətli, mehriban ailə həyatı yaşayan tanınmışlarımız az olmasa da, ailə həyatları ilə örnək göstəriləcək sənətkarlarımız o qədər də çox deyil. Səsi, ifa tərzi, yaradıcılığı, şəxsiyyəti, ziyalılığı ilə yüksək hörmət qazanmış görkəmli xanəndəmiz, opera səhnəmizin misilsiz Məcnunu, bugünlərdə 50 illik yubileyi geniş qeyd edilən xalq artisti Mənsum İbrahimov cəmiyyətə nümunə göstərilməyə layiq ailəsi, özünün nümunəvi ailə başçısı olması baxımından da seçilir. Ona görə də bu layihə çərçivəsində yeni açılan “Ailə nümunəsi” rubrikasında ilk həmsöhbətimiz kimi məhz Mənsum İbrahimovu seçdik.

Mənsum müəllim 24 illik ailə həyatının qarşılıqlı sevgi və hörmət üzərində, ali dəyərlər əsasında qurulduğunu önə çəkdi: “Mənim həyat yoldaşım öz kəndimizdəndir. Biz bir yerdə böyümüşük. Ancaq bildiyiniz kimi, o zamanlar kənd yerlərində, xüsusilə də Qarabağ zonasında belə məsələlərdə bir mühafizəkarlıq vardı. Bu, elə indi də qismən belədir, amma təbii ki, dövr, şərait xeyli dəyişib. Ona görə də, açığı, indiki sevənlər kimi bizim davamlı görüşlərimiz olmayıb. Zamanla bir-birimizə olan hisslərimizi anlamağa, duymağa başladıq və bu da sonda müsbət nəticələndi. Biz 1986-cı ildə ailə həyatı qurduq. Artıq 24 ildir ki, evliyik. Bu günə qədər, tam səmimiyyətlə deyirəm ki, bizim aramızda heç bir ciddi anlaşılmazlıq olmayıb. Mən öz ailəmdən, həyat yoldaşımdan və belə gözəl bir ailəni mənə nəsib etdiyi üçün Allahdan çox razıyam. Bu ailənin bəhrəsi olaraq, mənim 4 övladım var və mən hər bir azərbaycanlıya öz ailəm kimi səmimi, mehriban, xoşbəxt ailə arzulayıram”.

İndiki sənətçilər arasında ailəsi dağılanların buna səbəb kimi səhnə fəaliyyətilə bağlı qısqanclıqları, sənətlə ailə həyatı arasında seçim etmək məcburiyyəti və başqa bu cür bəhanələri ortaya atdıqlarını dedi. Amma uzun illər sənətdə olmasına baxmayaraq, heç vaxt həyat yoldaşı ilə özünün belə səbəblərə görə mübahisə, narazalıq yaratmadıqlarını vurğuladı: “Birinci növbədə onu deyim ki, mən ciddi bir janrın ifaçısı, ciddi bir sənət adamı olduğum üçün bizim ailədə heç vaxt belə səbəblər üzündən problem yaşanmayıb. İkincisi də, mən belə düşünürəm ki, hər şey insanın özündən, onun ailəyə baxışından, hansı ailədən çıxıbsa, orada aldığı ailə tərbiyəsindən asılıdır. Belə hesab edirəm ki, bunun sənətlə heç bir bağlılığı yoxdur. O insan ki, ailəyə cidii yanaşmır, əlbəttə, onun ailəsi müvəqqəti olacaq. Mənim həyat yoldaşım sənətimə çox müsbət fikirlərlə yanaşır. Hətta mən “Leyli və Məcnun” tamaşasını oynayanda o, hər dəfə həyəcan keçirir, narahat olur. Çalışır, elə şərait yaratsın ki, mən sənətdə daha çox uğur əldə edim. Ümumiyyətlə, mənim uğurlarımda ailəmin çox böyük rolu var. Sənətçinin arxasında sağlam ailə olmasa, ciddi və əsaslı uğurlar qazana bilməz. Çünki sənət adamları yaradıcı və həssas təbiətli olduqları üçün bu, vacib şərtdir. Məsələn, sənət adamı səhər evdən çıxanda həyat yoldaşından əsəbiləşdirici bir söz eşitsə, həmin gün əhval-ruhiyyəsi pozular, nə məşq edə, nə də oxuya bilər. Amma əksinə, gülərüzlə yola salıb, gülərüzlə qarşılasa, hər şey çox yaxşı olar. Yəni bu əslində bir ailə ənənəsidir. Qadının da, kişinin də ailədə öz əsas vəzifələri var. Mənim yoldaşım müəllimədir, işləyir, amma bununla bərabər, evdəki vəzifələrini də lazımi səviyyədə yerinə yetirir. Mən də bir ailə başçısı kimi öz üzərimə düşən vəzifələri unutmuram. Nə olsun ki, sənətçiyəm, cəmiyyətdə tanınıram? Hər şeydən öncə mən atayam, həyat yoldaşıyam. Evimin bazarlığını da hər zaman özüm edirəm və bundan xüsusi zövq alıram”.

Mənsum İbrahimov ailə həyatını həqiqətən sənətə qurban verən sənətçilər varsa belə, onların bu qərarlarının doğru olmadığını dedi. Sənətkar belə düşünür ki, normal ailə olmadıqda bu ifadə sadəcə ailənin dağılması üçün bir bəhanədən xəbər verir. “Normal ailə olmayanda, sağlam təməllərə malik ailə qura bilməyəndə başlayırlar ki, ay mən ailəmi sənətimə qurban verdim, seçim zamanı sənəti seçdim və sairə. Ailəni necə sənətə qurban vermək olar? Əgər bu sənin həyat yoldaşındırsa, həyatda Leylindirsə, onu necə sənətə dəyişə bilərsən? Mən həyat yoldaşıma sadəcə qadınım kimi baxmıram. O mənim həyatda hər bir sirrimi paylaşdığım dostum, sirdaşımdır. Həyat yoldaşları arasında bu cür münasibətin olması vacib bir məsələdir. Mən sənətimlə əlaqədar çox vaxt evdə ola bilmirəm. Uşaqların qayğısına qalmaq, onların dərsləri, tərbiyəsi ilə məşğul olmaq kimi zəruri və çətin işlər həyat yoldaşımın çiyinlərinə düşür və o da bu barədə məni başa düşür. Mən belə düşünürəm ki, ümumiyyətlə təməli düzgün qurulan ailədə heç vaxt belə süni seçim məsələsi olmur. Əxlaq yerində olmayanda qısqanclıq tez çıxır ortaya. Əgər ailəsi olan adam özünə kənarda “dost” axtarırsa, təbii ki, bu ailənin sonu yoxdur, dağılmağa məhkumdur. Qadın da, kişi də öz ailəsinə ürəkdən bağlı olarsa, hansı seçimdən, nəyisə qurban verməkdən söhbət gedə bilər? Bu, tamamilə yanlış düşüncədir. Ailə bir dəfə qurulur, qadın da, kişi də öz ailəsini ömrünün axrına kimi qorumalıdır. Ən azı ona görə ki, arada övladlar var. Ayrılıqlar uşaqlara çox mənfi təsir göstərir və gələcəkdə bu cür dağınıq ailədə böyüyən uşaqlar sağlam ailə qurmaq bacarığından məhrum olurlar. Eqoistlik olan yerdə mehribançılıq olmaz. Axı ailə insana rəqib deyil. Tutaq ki, həyat yoldaşı xəstələnibsə, kişinin borcudur, ona kömək etsin, yeri gələndə qulluq göstərsin. Burada nə var ki, söz-söhbətə də səbəb olsun?!”

M.İbrahimov belə bir məşhur fikrə tərəfdardır ki, hər ailə kiçik bir dövlətdir. Onun qənaətinə görə, bu dövləti necə idarə etmək ailə başçısından asılıdır: “Bəzən görürsən ki, öz ailəsini idarə edə bilməyən insanlar efirə çıxıb camaata böyük-böyük “məsləhətlər” verirlər. Kişini hörmətli edən ailədir. Bu, dədə-babadan belə olub. Biz keçmişdən belə bilirik ki, ailədə kişi evə gəldiyi zaman qadın onu qapıda qarşılayır, ailə başçısı gələndə evdəkilər ayağa qalxır. Analar da qızlar gəlin köçəndə belə bir məsləhət verirlər ki, bir gözün kor olsun, bir qulağın kar. Bu o deməkdir ki, hər sözə fikir vermək, heç nədən ötrü ailə həyatında söz-söhbət yaratmaq lazım deyil. Əslində ər-arvad bir-birini yaxşı tanıyada ailədə lazımsız söz-söhbət də olmur. Elə ailələr var ki, söhbətləri küçə səviyyəsindədir, ədəbdən kənar tərzdə danışırlar. Bunlar hamısı tərəflərin bir-birinə hörmət etməməsindən irəli gəlir. Əgər arada məhəbbət və hörmət varsa, ən pis halda, nəyinsə üstündə səviyyəli şəkildə mübahisə etmək olar. Baxışlar fərqli ola bilər. Amma hörmət olan yerdə təhqirə yer qalmır.

Övladlar da bundan nümunə götürürlər və ailədə nə görüblərsə, gələcəkdə özləri də onu tətbiq edirlər”.

Mənsum müəllim hesab edir ki, ailələrin dağılmasına əsas səbəblərdən biri kənar müdaxilələrin olması, ailənin müxtəlif məqsədlər üzərində qurulmasıdır: “Müəyyən zaman keçdikdən sonra ailənin əsas üzvləri olan ər və arvad birgə qərarlar verərək, müstəqil bir ailə kimi hərəkət etməyə bacarmalıdır. Ədəb-ərkan çərçivəsində olan bu müstəqillik ailəni kənar təsirlərdən, yəni dağılmaya yol aça bilən hallardan qoruyur. Kənardan verilən lazımsız, hətta qərəzli məsləhətlər ailə üçün təhlükə mənbəyidir. Mən hər bir azərbaycanlı ailəsinin belə yad təsirlərdən, xoşbəxtliyə kölgə salacaq hallardan uzaq olmasını arzulayıram”.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.19.