“Sarı Odalar”ın
İradəsi
Dünən Azərbaycan
Yazıçılar Birliyində,
tanınmış publisist,
“Ədalət” qəzetinin
baş redaktoru İradə Tuncayın “Sarı Odalar” bədii publisistik kitabının təqdimetmə
mərasimi oldu. Bir sıra yazıçı,
şair və jurnalistlərin qatıldığı
tədbirdə ictimai-siyasi
xadimlər, millət vəkilləri iştirak edirdilər. “Mən burda çoxdandır görmədiyim
dostlarımı gördüm.
Bu məni sevindirdi.
Çox
yaxşı haldır
ki, bu adamlar
vaxt ayırıb bura gəliblər və bu da
onların İradə
xanıma olan dərin sevgi və sayğısından
xəbər verir” sözləriylə çıxışa
başlayan AYB-nin katibi Rəşad Məcid İradə Tuncayın yaradıcılığı
barədə danışdı.
Kitabda toplanan yazıların ayrı-ayrı vaxtlarda “Ədalət”də və
“525-ci qəzet”in səhifələrində
işıq üzü
gördüyünü qeyd
etdi. R.Məcid vurğuladı ki,
bu kitabda Osmanlı tarixinin ən müxtəlif məqamlarından tutmuş,
son yüzilliklərdə ətraf
ölkələrdə baş
verən mühüm hadisələrədək xalqımız
üçün önəmli
məqamlara işıq
salan yazılar, həmçinin böyük
sənətkarlar barədə
esselər yer alıb. Bu kitabın
üstünlüyü ondadır
ki, hər hansı uzaq dövrlərdən yazılmış
esselərdə də
bu günə aid eyhamlar, tarixin müəyyən qatlarının
bugünümüzlə əlaqəli
məqamları oxuculara
çatdırılır və
onları inandırır.
“Sarı Odalar” kitabında toplanan esselərin publisistika sərhədlərini aşaraq
bədii ədəbiyyata
yaxınlaşdığını deyən Rəşad Məcid onu da əlavə elədi ki, bu gün bədii
ədəbiyyat adına quru publisistik dillə yazılar yazılsa da, onlarda bədii
üslubdan əsər-əlamət
olmadığı açıqca
görünür. Amma İradə
xanım öz esseistika üslubu ilə bədii əsərlər səviyyəsində
yaza bildiyini sübut edib.
R.Məcid çıxışının sonunda İradə xanımın AYB-yə üzvlüyü ilə bağlı da “məsələ qaldırdı”. O, Moskvada
tədbirə qatılması
səbəbi ilə bu mərasimdə iştirak edə bilməyən AYB sədri,
xalq yazıçısı
Anarın İradə
xanıma təbriklərini
çatdırdı. Sonra AYB sədrinin
müşaviri Rauf Aslanov da bu
təbrikə qoşularaq,
İradə xanıma
bir dəmət gül təqdim etdi.
Tənqidçi Vaqif Yusifli isə çıxışına publisistika
barədə fikirləri
ilə başladı:
“Publisistika bir sıra sahələrlə
yaxından bağlıdır.
Tarix, ədəbiyyat, fəlsəfə
ilə bağlı fikirləri bu janrda ifadə etmək olar. Son illərdə publisistika
ilə davamlı məşğul olan azsaylı müəlliflərdən
biri də İradə Tuncaydır.
Düzdür, bir sıra
şair və yazıçılarımız da ara-sıra publisistika ilə məşğul olurlar.
Amma İradə xanım bu janrla davamlı
məşğul olan qələm adamlarındandır.
Son illər istər
ədəbi tənqid,
istərsə də bədii publisistikada regionçuluq, dostbazlıq
hissləri hökm sürür. Ancaq İradə xanımın
yazılarında daha çox insanın daxili aləminə nüfuz etmək bacarığı və meyli hiss olunur. O, azərbaycançı
publisistdir və ayrı-ayrı hadisələrə, müxtəlif
şəxslərə obyektiv yanaşır”.
Vaqif Yusiflidən sonra söz
alan AYB-nin katibi, ədəbiyyatşünas
Arif Əmrahoğlu İradə Tuncayı ilk olaraq televiziya
ekranlarından tanıdığını dedi: “Sonralar mən
onun yazılarını “Ədalət”də, “525-ci qəzet”də
oxudum. İradə Tuncayın
yazılarını oxuyanda yadıma rəhmətlik Aydın Məmmədovun
məşhur bir fikri düşür. Aydın
müəllim deyirdi ki, elə yazarlar var, bir tezisi
götürüb uzun bir məqalə yazırlar. Elələri də var ki, bir məqalədə 50 dənə
tezis ata bilirlər ortaya. İradə
xanım bu cür yazarlardandır. O, dərin savada,
güclü istedada malik yazardır”.
Yazıçı-dramaturq,
“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli
çıxışının əvvəlində kitabın
zahiri görünüşü haqqında fikirlərini
bölüşdü: “Kitab mənim də çox sevdiyim
sarı kağızda, nəfis tərtibatda çap olunub.
Kitabda cəmi bir hərf səhvi gördüm (Bu məqamda
müəllif Tuncay yerdən replika səsləndirdi:
“Özüm bir neçəsini tutmuşam. Nə
qədər diqqətlə oxusam da, diqqətimdən
yayınanlar olub”). Belə bir deyim var: “Ədəbiyyat
faktsız jurnalistika, jurnalistika faktlı ədəbiyyatdır”.
Məncə, publisistika ən çətin
janrdı. Bu kitab son günlər mənim
stolütü kitabıma çevrilib. Belə
bir kitab yazdığına görə İradə xanıma
minnətdarlığımı bildirirəm”.
Daha sonra
söz millət vəkili Məlahət İbrahimqızıya
verildi. Məlahət
xanım çıxışında dedi ki, gözəl
kitablar tələsik oxunmur: “Sarı odalar” kimi kitab cümlə-cümlə,
diqqətlə oxunmalıdır. Ümumiyyətlə,
İradə xanımın nəinki kitabına, hər bir məqaləsinə,
hər bir essesinə ayrılıqda təqdimat keçirilməlidir”.
M.İbrahimqızı
millət vəkillərindən Azay Quliyevin də təbrikini
müəllifə çatdırdı.
Şair-publisist Qulu Ağsəs
isə İradə xanımı əməlli-başlı
“terrorçuluğa” səslədi: “Bu yaxınlarda Üsamə
bin Ladenin müsahibəsini oxudum. Müsahibəni alan jurnalist onu terrorçu yox,
inşaatçı-mühəndis kimi təqdim etmişdi. Mən arzu edirəm ki, Azərbaycan
yazıçıları da belə güclü olsunlar,
avtoritet olsunlar və hamı onlardan qorxsun. Mən belə düşünürəm ki, publisistika
da ədəbiyyatdır. Onların
arasında sərhəd qoymaq olmaz”.
Tanınmış
publisist Etibar Babayev də diqqətçəkən bir
çıxış etdi. İradə Tuncayın
yazılarını ancaq səhərlər oxuduğunu deyən
Etibar bəy: “İradə Tuncayda hamıdan bir az
var. Bir az Napoleon, bir az Siseron, bir az Yuli Sezar, amma hamıdan
çox İradənin öz dünyası var. İradənin
iç dünyası dərin və poetikdir” – dedi.
Professor
Gülrux Əlibəyova tədbirdə səslənən
publisistika, bədii ədəbiyyatla bağlı fikirlərə
münasibətini açıqladı və müəllifə
yaradıcılığında yeni uğurlar arzuladı.
Yazıçı Nahid
Hacızadə çıxışına, İradə Tuncaya
onun haqqında yazdığı yazılara görə minnətdarlıq
etməklə başladı: “İradə mənim haqqımda
da bir neçə məqalə yazıb, mən buna görə
ona minnətdarlığımı bildirirəm. O bizə Məmməd
Araz yadigarıdır”. Sonra Nahid müəllimlə İradə
xanım arasında maraqlı bir dialoq yaşandı:
N.Hacızadənin “İradə, sən adi adam
deyilsən” cümləsinə İradə xanım “Bilirəm”
deyə cavab verdi.
Teleaparıcı
Nərgiz Cəlilova İradə xanımla bir yerdə işləməyin
verdiyi məmnunluqdan, güvənc hissindən
danışdı, ona yeni müvəffəqiyyətlər dilədi.
“Təhsil” nəşriyyatının
baş redaktoru, yazıçı Mustafa Çəmənli
İradə Tuncayın publisistikasındakı az
sözlə böyük mənalar ifadə etmək
gücündən danışdı və kitabdan bəzi
nümunələr oxuyaraq öz fikrini əsaslandırdı.
Söhbət “Təhsil” nəşriyyatından düşmüşkən, tədbirdə İradə Tuncay və Aqil Abbas kitabın ərsəyə gəlməsində bu nəşriyyatın direktoru Bəhruz Axundovun təkidinin böyük rol oynadığını qeyd etdilər və kitabın belə nəfis şəkildə çap olunması üçün ona minnətdarlıqlarını ünvanladılar.
“Olaylar” qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuz İradə Tuncayın yaradıcılığını mütəmadi izlədiyini və bir müddət yazılara ara verərkən narahatlıq keçirdiyini və bunu müəllifin özünə də söylədiyini qeyd etdi. Y.Ocuz bu yazıların Azərbaycan jurnalistikasında xüsusi yeri olduğunu söyləməklə yanaşı, dərc edildiyi qəzetlərə də nüfuz gətirdiyini bildirdi.
Jurnalist Əlövsət Bəşirli fikrən 1967-ci ilə qayıdaraq, İradə xanımın atası, xalq şairi Məmməd Arazla ilk tanışlığı barədə xatirələrini dilə gətirdi. O, İradə xanımın yazılarını mütəmadi və diqqətlə oxuduğunu, ailə üzvlərinə də oxutdurduğunu, bu yazılarda Məmməd Araz istedadının, Məmməd Araz publisistikasının davamını gördüyünü söylədi.
İstedadlı gənc şair və publisist Aysel Əlizadə İradə Tuncayı özünə yaxın sirdaş və dost hesab etdiyini bildirdi: “İradə Tuncay qeyri-ənənəvi adamdır. İradə xanımın tədbirində qeyri-adi çıxışlar etmək lazımdır. Onun yazılarında hədsiz intellektuallıq və istedadla yanaşı, çox böyük səmimiyyət var”. A.Əlizadə İradə Tuncayın Nobel mükafatına layiq bir qələm sahibi olduğunu dedi və çıxışını belə bitirdi: “Tarix sizin haqqınızı verəcək, İradə xanım!”
Çıxış
üçün söz
alan yazıçı-publisist, millət vəkili
Aqil Abbas öncə həyat
yoldaşına minnətdarlığını bildirdi:: “İradə xanım, çox
sağ ol ki, 32 ildir, mənim kimi bir adama
dözürsən”. İradə xanımın cavabı da maraqlı oldu: “Aqil, elə sən də sağ
ol ki, mənə
dözürsən”.
Mərasimə
qatılanların hər birinin üzünün ifadəsindən
və davranışlarından onların tədbirdən
xoş təəssüratlarla ayrıldıqları aşkar
hiss olunurdu.
Nərmin HÜSEYNZADƏ
525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.18.