Görkəmli şərqşünas Aida İmanquliyevanın məqalə və tərcümələrindən ibarət toplunun təqdimatı olub

 

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində görkəmli şərqşünas, professor Aida İmanquliyevanın məqalələr və tərcümələrindən ibarət toplunun təqdimat mərasimi keçirilib. Kitab Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub. Topluya professor Aida İmanquliyevanın ötən əsrin 60-70-ci illərində qələmə aldığı dəyərli elmi məqalələr və ərəb dilindən Azərbaycan dilinə tərcümələri daxil edilib. Tədbiri giriş sözüylə açan İnstitut direktoru, professor Gövhər Baxşəliyeva Aida İmanquliyevanın elmi yaradıcılıq yolundan danışıb, onun şərqşünaslıq elmindəki nailiyyətlərinin böyük önəm daşıdığını vurğulayıb. Kitabı filologiya elmləri doktoru Vilayət Cəfər tərtib edərək, ona ön söz və şərhlər yazıb. Tədbirdə çıxış edən V.Cəfər uzun illər Aidə İmanquliyeva ilə eyni şöbədə çalışdığını və bu məqalələrin onun böyük zəhməti, bilik və təcrübəsi hesabına başa gəldiyini bildirib. Vilayət Cəfər A.İmanquliyevanın ötən əsrin 60-70-ci illərində istər Azərbaycan, istərsə də keçmiş SSRİ şərqşünaslığında ərəb-məhcər ədəbiyyatının ən yaxşı araşdırıcısı olduğunu xüsusilə vurğulayıb. Gənc filoloq Ruhəngiz Cümşüdova öz çıxışında Aida İmanquliyevanın bu toplu ilə alim kimi sanki yenidən kəşf edildiyini söyləyib. O, bildirib ki, bu kitab gənc filoloqların, şərqşünasların yaradıcılıq yollarında daima yanan mayak olacaq. Kitabda A.İmanquliyevanın ərəb dilindən Azərbaycan dilinə çevirdiyi həcmcə kiçik, lakin məzmununa görə düşündürücü, mütərəqqi fikirlər təbliğ edən əsərlər, o cümlədən M.Nuaymənin “Qu-qu saatı”, “Umayqubun toyuğu”, “İnsanquş”, “Buz əriyəcək”, Süheyl İdrisin “Azadlıq”, Mahmud əz-Zahirin “Boğulmuş hıçqırıqlar”, Macid Zeyyib Ğənəmanın “Növbəyə dayanmaq”, “Vətənin portreti”, Sahib Camalın “Yusif” hekayələrinin yüksək səviyyəli tərcümələri yer alıb.

 

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.16.