Günel Anarqızı Azərbaycanı
“Sivilizasiyaların dialoqu” beynəlxalq forumunda təmsil edib
“ZƏNGİN MƏDƏNİYYƏTİMİZİN
DÜNYADA TƏBLİĞİ, AVROPA VƏ DÜNYA MƏDƏNİYYƏTİNƏ
İNTEQRASİYASI ÜÇÜN BELƏ TƏDBİRLƏRDƏ
FƏAL İŞTİRAK ETMƏK VACİBDİR”
Bugünlərdə Yunanıstanın Rodos adasında “Sivilizasiyaların dialoqu” adlı mötəbər forum keçirilib. “Ölkəm”
və “Pəncərə (mədəniyyətə
baxış)” jurnallarının baş redaktoru, yazıçı Günel
Anarqızının sözlərinə görə, forum artıq 8 ildir ki, hər ilin oktyabr ayında Rodosda
təşkil olunur. Foruma
hər il dünyanın müxtəlif
ölkələrindən çox sayda nümayəndə qatılır:
“Sivilizasiyaların dialoqu” adlı bu forum Rusiya
prezidentinin patronajı altında keçirilir. Forumun prezidenti Rusiyanın nüfuzlu
və məşhur simalarından olan Vladimir Yakunindir. Tədbirdə
iştirak üçün
hər il mənə təşkilatçılar
tərəfindən dəvət göndərilir. Mən ilk dəfə 2008-ci ildə bu
forumda iştirak
etmişəm. 2009-cu ildə də təşkilatçılar
tərəfindən mənə dəvət göndərilmişdi.
Ancaq müəyyən səbəblərdən
mən ötənilki foruma qatıla bilmədim.
Ancaq bu il böyük məmnuniyyətlə
gedib forumda iştirak etdim”.
G.Anarqızı deyir ki,
forumda Gürcüstan,
Ermənistan və digər MDB ölkələrindən çoxlu nümayəndə iştirak
edib: “Təəssüf ki,
Azərbaycandan cəmi iki nəfər foruma dəvət olunmuşdu,
onlardan da biri mən idim. Amma bədnam ermənilər geniş
heyətlə foruma
qatılmışdılar. Biz, Azərbaycandan
olan iki nümayəndə
bacardığımız qədər ölkəmizi forumda fəal təmsil etməyə
çalışdıq. Müxtəlif seksiyalarda
iştirak etdik. Ancaq tək əldən səs çıxmaz,
iki nəfər on nəfəri
əvəz edə bilməz. Çox istərdim
ki, biz də geniş bir heyətlə
tədbirə qatılaydıq”. Baş redaktorun dediyinə görə, forumda əsasən müxtəlif sivilizasiyalar arasında münasibətlər
qurulmasından və ünsiyyətin inkişafından bəhs
olunub. Mədəni, iqtisadi,
siyasi, sosial və başqa sahələr üzrə fəaliyyət
göstərən cəmiyyətlərin üzvləri forumda iştirak ediblər.
Forum çərçivəsində
sözügedən sahələr üzrə
çalışan insanların qarşılıqlı dialoqu qurulub. Tərəflər
arasında fikir və təcrübə
mübadiləsi aparılıb: “Forumda çox maraqlı mövzular
müzakirə olunurdu, dəyərli təkliflər
irəli sürülürdü. Məruzələrin
mövzuları da çox
maraqlı idi. Cənab
Yakuninə sual verəndə ki, artıq 8 ildir bu forum təşkil olunur, bəs bu forumun məqsədi, məramı, əldə
olunan nəticələr nədən ibarətdir,
o, cavabında bildirdi ki, bu illər ərzində
forumda müzakirə olunan
əksər məsələlər öz
həllini tapıb, irəli sürülən təkliflər
həyata keçirilib. Bu
bir daha onu göstərir ki, forum əbəs yerə təşkil
olunmayıb, çəkilən zəhmət hədər getməyib.
Foruma hər il
dünyanın bütün ölkələrindən
çoxlu sayda
nümayəndənin qatılması bu tədbirə
insanlar tərəfindən böyük maraq göstərildiyini
sübut edir. Tədbir
zamanı müxtəlif sahələrin təmsilçilərin
arasında ünsiyyət, əlaqələr qurulur
və gələcəkdə onların işbirliyi
yaranır. Biz də forumda
bir sıra insanlarla
ünsiyyətdə olduq. Onlar
arasında elələri var idi ki, Azərbaycan
haqqında az məlumatlıydı və
bizdən ölkəmiz haqda ətraflı
məlumat verməyi istəyirdi. Biz də,
təbii ki, Azərbaycan haqda
onları maraqlandıran bütün suallara ətraflı və dolğun
cavab verdik. Biz həmçinin forumda iştirak edən digər ölkələrin
nümayəndələrinə də Azərbaycan, onun qədim tarixi və zəngin
mədəniyyəti barədə geniş
danışdıq”. G.Anarqızı qeyd edib ki, o,
forum çərçivəsində
müxtəlif seksiyalarda, dəyirmi masalarda iştirak edib, diskussiyalara
qatılıb: “Mən forumun əksər
iştirakçıları ilə sıx təmasda idim və biz tez-tez görüşür,
müxtəlif mövzular ətrafında
müzakirələr aparırdıq. Fikrimcə, Azərbaycanın
zəngin mədəniyyətinin, adət-ənənələrinin
təbliği, Avropa və dünya
mədəniyyətinə inteqrasiyası üçün
belə tədbirlərdə fəal iştirak
vacibdir. Mən imkanım olduğu
təqdirdə növbəti illərdə keçiriləcək
forumlara da qatılmaq
fikrindəyəm. Bu il
məruzəmi bir az gec göndərdiyim üçün
forumda xüsusi
çıxış edə bilmədim. Ancaq
gələn il məruzəmi vaxtında təşkilatçılara
çatdırıb, forumlarda ayrıca
çıxış etmək niyyətindəyəm”.
G.Anarqızı vurğulayıb ki, forum çox yüksək
səviyyədə və gözəl bir
məkanda – Rodos adasında təşkil olunub: “Rodos Yunanıstana məxsus
olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda,
Egey dənizində yerləşən
adadır. Adanın ərazisi 1398 kilometrdir.
Böyüklüyünə görə Rodos
adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisi
125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə
uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur.
Adanın uzunluğu 78 km,
eni isə 38 km-dir.
Sahillərini qərbdən Egey dənizinin,
şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə
bitki örtüyü
daha zəngindir. Rodos
Yunanıstanın ən əsas turizm mərkəzlərindən
biridir. Adanın inzibati
mərkəzi şimal-şərqdə yerləşən Rodos şəhəridir. 1912-ci ilə
İtaliya-Osmanlı müharibəsinin nəticəsində İtaliya adanı ələ keçirib.
1948-ci ildə isə Rodos adası
Yunanıstana birləşdirilib. Oranın
gözəl iqlimi və yaradılan rahat şərait tədbirin yüksək səviyyədə
keçməsinə böyük kömək
etdi”. “Ölkəm” jurnalının
növbəti sayı haqda məlumat verən
G.Anarqızı bildirib ki,
bugünlərdə jurnalın 10-cu nömrəsi çapdan çıxıb: “Ölkəm”in
bu sayında çox
maraqlı müsahibələr yer
alıb. Jurnalda bəstəkar Cavanşir Quliyev, Almaniyada yaşayan məşhur
azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev,
Alman Azərbaycan Koordinasiya
Şurasının sədri Samirə İsmayılova ilə
müsahibələr bu sıradadır. Jurnalda həmçinin
Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyi və onun rəhbəri
Leyla Əliyevanın fəaliyyəti
haqqında maraqlı material yer alıb. “Ölkəm”in növbəti xüsusi nömrəsi isə
bütünlüklə gənclərə həsr olunacaq. Əminəm ki,
jurnalın digər sayları kimi bu sayı da böyük maraqla
qarşılanacaq. Qeyd edim
ki, noyabr ayında Fransada Gənclər Forumu
keçiriləcək. “Ölkəm” jurnalının yeni sayı da həmin forumda iştirak edənlərə
paylanılacaq”.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2010.- 16 oktyabr.- S.16.