Azərbaycanın sovetləşməsi və Qarabağın qara günləri (1920-1923)

 

Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olaylar öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir sıra məqamlarda mənəvi dünyamızın daşıyıcısı olan bu ulu türk yurdu bəzən tamamilə başqa biçimdə dünyaya təqdim edilmişdir. Təbiəti, tarixi, mədəniyyəti ilə ruhumuza hopmuş Qarabağa qara əllər nə zaman uzanmağa başladı? Azərbaycanın qəhrəmanlıq tarixinə böyük nümunələr vermiş Qarabağın bu gün düşmən tapdağına çevrilməsinin tarixi kökləri haradan başlanır? Azərbaycanın sovetləşməsi bölgənin taleyinə hansı ağrılı dəyişiklikləri gətirdi?Qarabağın dağlıq hissəsinə muxtar vilayət statusunun verilməsinin gizli diplomatik məqamları nədən ibarət idi?Bütün bu çoxsaylı suallara professor Cəmil Həsənlinin “Azərbaycanın sovetləşməsi və Qarabağın qara günləri (1920-1923)” yazısında geniş toxunulmuşdur.Tarixi, elmi və bu gün üçün siyasi əhəmiyyətini nəzərə alaraq həmin yazını oxucularımıza təqdim edirik.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Ermənistan hökumətinin Dağlıq Qarabağ haqqında bəzi mülahizələri

 

Əslində, Ermənistan hökuməti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi istiqamətində ilk qanunsuz addımı hələ 1921-ci ilin yazında atmışdı. Həmin vaxt hökumət dairələrində “Dağlıq Qarabağın Ermənistan Respublikasına birləşdirilməsi haqqında məsələ üzrə əsas mülahizələr” adlı 6 bənddən ibarət sənəd hazırlanmışdı. Orada göstərilirdi ki, Dağlıq Qarabağ düzən Qarabağdan alçaq dağ zolağından ibarət olan təbii sərhədlərlə ayrılır. Şübhəsiz ki, ermənilər, təbii sərhəd hesab etdikləri bu dağ zolağının da qeydinə qalmışdılar və belə hesab edirdilər ki, iki səbəbə görə həmin dağ zolağı Dağlıq Qarabağa birləşdirilməlidir: birincisi guya bu zona faktiki olaraq erməni əhalisinin istifadəsindədir; ikincisi isə dağlıq zolaqda istifadəyə yararlı torpaqlar az olduğundan, bu alçaq dağ zolağı bu və ya digər dərəcədə dağlıq hissədə yaşayan əhalini çörəklə təmin edə bilən yeganə torpaq fondudur. Məhz bu mülahizələrə görə Ermənistan hökuməti tərəfindən hazırlanmış arayışda deyilirdi ki, Dağlıq Qarabağ Talış, Marağalı, Kasapet, Kabarek, Boyəhmədli, Xanabad, Gülablı, Yengikənt, Kaqardin və Qacar kənd cəmiyyətlərini əhatə etməklə Ermənistanın hüdudlarına daxil olmalıdır. Sənəddə etiraf edilirdi ki, bu halda Boyəhmədli, Gülablı, Qacar kimi bir sıra müsəlman cəmiyyətləri Dağlıq Qarabağda qalsa da, onlar bunu guya düzən Qarabağda erməni əhalisinə məxsusi bir sıra ərazilərin müsəlmanlarda qalması ilə izah edirdilər. Sənədin ən maraqlı hissəsi onun beşinci bəndi idi. Bu bənddə göstərilirdi: ”Dağlıq Qarabağın Ermənistan Respublikasına keçməsi ilə birlikdə, Qarabağla Zəngəzur arasında ensiz dağ zolağını təşkil edən Kürdüstan deyilən ərazi də Ermənistana keçməlidir. Lakin bu rayonun özünəməxsus vəziyyəti və oranın əhalisi arasında millətçilik meyllərinin mövcud olması bu məsələdə bəzi çətinliklər doğura bilər. Bu çətinlikləri aradan qaldırmaq üçün aşağıdakı müddəaları rəhbər tutmaq zəruridir: Bu rayon Şuşa – Gorus yolundan yuxarıda yerləşir və cəmisi 27 min əhalisi olan altı kənd cəmiyyətindən ibarətdir. Bu rayondan Ermənistan Respublikasının idarəsi və ya əlacsız qaldıqda Azərbaycanın protektoratlığı altında xüsusi kanton yaradıla bilər. Kürdüstan tərəfindən Şuşa şəhəri daxil olmaqla Malıbəylı cəmiyyətinin ona birləşdirilməsi tələbi mümkündür. Aşağıdakı səbəblərə görə bu qəbul edilə bilməz: 1. Bu kənd cəmiyyətləri içərisindən yalnız Malıbəyli kəndi oturaq həyat tərzi keçirir və faktiki olaraq indi o da mövcud deyil, Sovet hakimiyyəti qurulduqdan sonra onun əhalisi arana enmişdir. Qalan kəndlər... köçəri həyat tərzi keçirirdi və son illərdə düzənlik hissədəki öz torpaqlarında qəti olaraq məskunlaşıblar; 2. Bu kənd cəmiyyəti (Malıbəyli – C.H.) paz kimi Vərəndi Xaçından ayırır və belə vəziyyətdə Şuşa qəzasının bu iki sahəsindən bir inzibati vahid yaratmaq mümkün deyildir; 4. Bu mülahizələri biz eyni ilə Şuşikənd cəmiyyətinin torpaqları və Qaybalıkənd erməni kəndi ilə tamamilə əhatə olunmuş Şuşa şəhərinə də aid edə bilərik. Şuşa şəhəri özü tarixi rayon olaraq Şuşikənd cəmiyyətinin bir hissəsidir; 4.Kürdüstan da eyni ilə Xankəndindən keçən yol vasitəsi ilə aranla birləşir”. Sənədin yekun hissədən ibarət olan altıncı maddəsində Ermənistan hökumətinin niyyəti daha açıq şəkildə ifadə olunurdu. Orada yazılırdı ki, “Kürdüstandan cənuba Həkəri çayı boyunca böyük hissəsi erməni əhalisindən ibarət olan Qaladərəsi və Cəmilli kənd cəmiyyətləri yerləşir. Bu həmin zolaqdır ki, oradan şose yolu keçir və bir inzibati vahid, habelə bir idarəçilik yaratmaq üçün Dağlıq Qarabağ yalnız bu yol vasitəsi ilə Zəngəzurla birləşə bilər. Bu bağlantı olmadan Dağlıq Qarabağın Ermənistan Respublikasına birləşdirilməsinin heç bir mənası yoxdur”.

 

Dağlıq Qarabağın ilhaq edilməsi istiqamətində Ermənistanın açıq fəaliyyətə keçməsi

 

Məhz bu mülahizələrin təsiri altında 1921-ci ilin may ayında Ermənistan hökuməti heç bir hüquqi anlayışlara söykənmədən birtərəfli qaydada Dağlıq Qarabağın Erməmistana birləşdirilməsinə qərar verdi. Bu qərarın təzahürü kimi Ermənistan K(b)P MK-nın plenumu 1921-ci ilin may ayının 23-də Hakop İoanisyanı Ermənistan SSR-in Dağlıq Qarabağda müvəkkili təyin etdi. Plenumun qərarında göstərilirdi: “Hakop İoanisyan Ermənistan SSR-in Dağlıq Qarabağda müvəkkili təyin edilsin və yoldaş Bekzadyandan təlimat almaq üçün o, teleqraf vasitəsi ilə Bakıdan Tiflisə çağrılsın”. Eyni zamanda may ayının 23-də keçirilən plenumda Aleksandropol (Gümrü) qəzasının inqilab komitəsi ilə bağlı məsələ müzakirə edilərkən, D.Ter-Simonyan Dərələyəz qəzasına komissar təyin edildi. İclasda Zəngəzur komissiyasının bəyanatı haqqında Pirumovun məruzəsi dinlənildikdən sonra belə bir qərara qəbul edildi ki, RK(b)P Qafqaz Bürosunun qarşıdakı plenumunda Dağlıq Qarabağ haqqında məsələ aydınlaşana qədər, Azərbaycana nota göndərilməsindən imtina edilsin. Göründüyü kimi Ermənistan artıq may ayından başlayaraq Dağlıq Qarabağın ilhaq edilməsi istiqamətində əməli addımlara keçmişdi. Digər tərəfdən ermənilər RK(b)P MK-nın Qafqaz Bürosunun iyun ayının əvvəllərində keçiriləcək plenumunda Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyindən məlumatlı idilər. Ona görə də, onlar hüquqi baxımdan bu qanunsuz addımın gerçəkləşdirilmə yollarını axtarır və indi Qafqaz Bürosunun qərarı ilə ona qanuni don geyindirmək və Azərbaycanın müqavimətini qırmaq istəyirdilər. Qafqaz Bürosunun 3 iyun (1921-ci il) plenumunun qərarı ilə Dağlıq Qarabağı mənimsəmək istiqamətində Ermənistana verdiyi “tövsiyə” də məhz bu zərurətdən irəli gəlirdi. 1921-ci ilin mayında Qarabağla bağlı Azərbaycan rəhbərliyi də təşkilatı baxımdan bir sıra qabaqlayıcı addımlar atmışdı. 1920-ci ilin mayından 1921-ci ilin yanvarına qədər Qarabağ və Zəngəzur fövqəladə komissarlığında rəhbər vəzifə tutan Armenak Karakozov Ermənistan təsərrüfat şurasındakı təxminən bir illik fəaliyyətindən sonra yenidən Azərbaycana qayıtmışdı. 1921-ci ilin may ayının 3-də o, Azərbaycan İnqilab Komitəsinin dekreti ilə Qarabağ və Zəngəzura fövqəladə komissar təyin edilmişdi. Görünür bu müddətdə Ermənistan Dağlıq Qarabağı özünün “ayrılmaz hissəsi” elan etdiyindən Nəriman Nərimanovun təbirincə desək Azərbaycan İnqilab Komitəsi “bir ayağı Ermənistanda, bir ayağı Azərbaycanda olan” ermənilərdən biri kimi Karakozovu birinci şəxs kimi “fövqəladə və qeyri məhdud hüquqlarla” Qarabağa göndərməkdən ehtiyatlandı. Ona görə də, may ayının 15-də Azərbaycan İnqilab Komitəsi yeni dekretlə A.Karakozova may ayının 3-də verilmiş mandatı ləğv etdi və o, Qarabağ dairəsi üzrə fövqəladə komissarın müavini təyin edildi. Lakin sonralar Sergey Kirov Azərbaycan partiya təşkilatına rəhbərlik etməyə başlayandan sonra o, Karakozovun məsul şəxs kimi Qarabağa göndərilməsinə nail olmuşdu. AK(b)P MK-nın Siyasi və Təşkilat Bürosunun 5 fevral 1922-ci il tarixli iclasının qərarında göstərilirdi ki, “yoldaş Karakozov Qarabağda işləmək üçün göndərilsin. İş haqqında direktivi yoldaş Karakozov AK(b)P MK-dan alsın”. Lakin ən maraqlısı bu qərarın ikinci hissəsi idi. Orada göstərilirdi ki, “yoldaş Karakozov Azərbaycan İnqilab Komitəsinin, Ermənistan İnqilab Komitəsinin və AK(b)P MK nümayəndəsi kimi Qarabağa göndərilir”. Deməli AK(b)P MK öz qərarı ilə Armenak Karakozovu həm də Ermənistan İnqilab Komitəsinin nümayəndəsi kimi Qarabağa göndərirdi.

 

Qafqaz Bürosunun 3 iyun (1921-ci il) tarixli plenumunun müəmmalı məqamları

 

Qafqaz Bürosunun 3 iyun tarixli plenumunun iclasının protokolundan aydın olur ki, Nəriman Nərimanov plenumun işində iştirak edib və iclasın birinci məsələsi kimi plenum onun Azərbaycandakı əleyhdarlarından olan Sarkisa (təcili olaraq işdən azad edilməsi), Cəbiyev, Axundov, Ağamirov, Şatunovskaya və Lordkipanidzeyə (Bakı komitəsinə ziyan vermədən yerlərinin dəyişdirilməsinin Azərbaycan MK-ya təklif edilməsi) qarşı qərar qəbul edib. Ola bilsin ki, Nərimanov 3 iyun iclasında tək qalacağını nəzərə alıb Qafqaz Bürosunun qərarına münasibət bildirməyib və mübarizəni az sonra respublika orqanları vasitəsi ilə davam etdirməyə üstünlük verib. Digər tərəfdən Qafqaz Bürosunun “Zəngəzur məsələsi” haqqında gizli qərarının Yuri Fiqatnerin (Qafqaz Bürosunun katibi) imzası və Qafqaz Bürosunun möhürü ilə təsdiqlənmiş nüsxəsi büronun bütün üzvləri ilə yanaşı Bakıya, Nərimanova da göndərilib. Göründüyü kimi Azərbaycan tərəfinin dərhal qeyd edilən qərara və xüsusilə, onun tərkibinə qeyri-qanuni şəkildə salınmış Qarabağla bağlı maddəyə etiraz etməməsi, az sonra ermənilərin Qarabağa iddialarının güclənməsi istiqamətindəki bir sıra əməli addımlarına rəvac verdi. Bir sıra azərbaycanlı müəlliflər RK(b)P MK Qafqaz Bürosunun 3 iyun 1921-ci il tarixli axşam iclasının 6 saylı protokolu və həmin protokola əlavə olunan “tamamilə məxfi” şifrli sənədlə tanış olmadıqlarından səhv olaraq belə hesab edirlər ki, Qafqaz Bürosunun həmin iclasında Dağlıq Qarabağla bağlı qərar Azərbaycanın iştirakı olmadan qəbul edilib. Halbuki, Azərbaycan Xalq Komissarları sovetinin sədri kimi Nəriman Nərimanov və Azərbaycan K(b)P MK-nın katibi kimi Qriqori Kaminski bilavasitə qeyd edilən iclasda iştirak ediblər və Azərbaycan rəhbərliyi isə həmin gün demək olar ki, tam heyətdə Tiflisdə olubdur. Bundan əlavə, Qafqaz Bürosunun plenumunun 4 iyun tarixli iclasının protokollarından aydın olur ki, Azərbaycan rəhbərliyindən həmin vaxt Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Muxtar Hacıyev, Azərbaycan K(b)P MK-nın katibləri Qriqori Kaminski və Ruhulla Axundov, Bakı komitəsinin katibi Sarkis (Danilyan) də eyni zamanda Tiflisdə olublar və iyun ayının 4-də onlar plenumun işində iştirak ediblər. Çünki iyun ayının 3-4-də keçirilən Qafqaz Bürosunun plenumunun gündəliyində Azərbaycanla bağlı çoxlu məsələlər var idi. Qeyd edilən rəhbər işçilərin Tiflisdə olmasına baxmayaraq, Nərimanov və Kaminski istisna olmaqla digərləri plenumun iyun ayının 3-də keçirilən axşam iclasında iştirak etməmişdilər. Halbuki iclasın birinci məsələsi AK(b)P MK-nın fövqəladə qurultayının keçirməsi ilə bağlı “Azərbaycan məsələsi” idi. Məsələn, Azərbaycan MİK-nin sədri Muxtar Hacıyev iyunun 3-də keçirilən səhər iclasında bəyanatla çıxış edib ona xüsusi vaqon verilməməsindən narazılığını bildirmişdi. Yaxud, plenumun iyunun 4-də keçirilən iclasında Ruhulla Axundov və Sarkis AK(b)P MK-nın fövqəladə qurultayının çağırılması ilə bağlı geniş məruzə ilə çıxış etmişdilər. Nərimanov və Kaminski istisna olmaqla bu rəhbər işçilər Qafqaz Bürosu plenumunun iyun ayının 3-də keçirilən axşam iclasında bilavasitə iştirak etməsələr də, həmin iclasda “Zəngəzur məsələsi”nin içərisində Dağlıq Qarabağ haqqında qəbul edilmiş qərardan məlumatlı olmadıqlarını söyləmək çətindir. Bu məsələ ilə bağlı bir amilə də diqqət yetirmək lazımdır. Belə ki, Ermənistanda və Gürcüstanda sovet hakimiyyətinin qələbəsini səbrsizliklə gözləyən Azərbaycan rəhbərliyi, xüsusilə, hələ Azərbaycanın sovetləşməsi ərəfəsində Moskvadakı danışıqlarında sovet qoşunlarının “Ermənistana hücumu haqqında” təminat almış Nərimanov qonşu respublikalarda sosialist ideyasının oturuşması naminə böyük güzəştlərə hazır idi. Azərbaycan sovetlərinin 1921-ciilin may ayında keçirilən I qurultayında o deyirdi: “Erməni fəhləsi və yoxsul kəndlisi hiss etməlidir ki, bolşeviklərin vaxtında yaxşı yaşayırlar, nəinki daşnakların. Mən sizə yoldaşlar bunu bəyan edirəm və deyirəm ki, bütün bunlar bizim boynumuza düşür. Kiçik Azərbaycan həm Ermənistan, həm də Gürcüstan haqqında düşünməlidir, imkan daxilində bu iki respublikada həyatı təmin etməlidir”.

Qafqaz Bürosu plenumunun 1921-ci ilin iyun ayının əvvəllərində keçirilən iclaslarının daha müəmmalı bir məqamı vardır. Belə ki, iyun ayının 3-də keçirilən səhər iclasında plenum 12-ci məsələ kimi Ermənistan İnqilab Komitəsinin tərkibini təsdiq etdi. Qabaqcadan hazırlanıb iclasın təsdiqinə verilən tərkibdə Xarici işlər komissarı Askanaz Mravyan inqilab komitəsinin üzvü olmalı idi. Lakin Mravyan Xarici işlər komissarı kimi saxlanılsa da, Ermənistan K(b)P MK-nın qərarı ilə plenumda İnqilab Komitəsinə üzv təsdiq edilmədi. Bu addımın elə həmin gün keçirilən ikinci iclasında Qarabağ haqqında qəbul edilmiş qərarla bilavasitə əlaqəsi var idi. Çünki Qafqaz Bürosunun iyun ayının 3-də Qarabağla bağlı qəbul etdiyi qərardan az sonra iyun ayının 19-da Ermənistan İnqilab Komitəsi Askanaz Mravyanı Dağlıq Qarabağa müvəkkil təyin edəcəkdi.

 

Sərhəd məsələlərinə dair Tiflis konfransı və Azərbaycan

 

1921-ci ilin may-iyun aylarında Dağlıq Qarabağı Ermənistana vermək cəhdləri ilə bağlı RK(b)P MK-nın Qafqaz Bürosunun belə tələsik və hüquqi baxımdan qanunsuz qərarları nə ilə bağlı idi? Bu tələsik addımlar ilk növbədə Zaqafqaziya respublikalarının sərhəd məsələlərini tənzimləyəcək hər üç respublikanın nümayəndələrindən ibarət komissiyanın müzakirələrinin iyun ayının 15-də Tiflisdə başlanacağı ilə bağlı idi. Hələ, 1921-ci ilin may ayının 2-də keçirilən RK(b)P MK-nın Qafqaz Bürosunun plenumunda Zaqafqaziya respublikalarının daxili sərhədlərini müəyyənləşdirmək üçün Sergey Kirov başda olmaqla üç respublikanın nümayəndələrindən ibarət komissiya yaradılmışdı. Ona görə də, Qafqaz Bürosu 3 iyun qərarı ilə, Ermənistan hökuməti isə 12 iyun dekreti ilə Dağlıq Qarabağı Ermənistanın tərkibinə daxil etməklə sərhəd məsələlərinin müzakirə ediləcəyi Tiflis görüşü ərəfəsində Azərbaycanı baş vermiş fakt qarşısında qoymaq istəyirdilər.

Azərbaycan XKS 1921-ci ilin may ayının 23-də keçirilən iclasında sərhəd məsələlərinin həlli ilə bağlı Tiflisə yollanacaq nümayəndəliyə Xarici işlər naziri Mirzə Davud Hüseynov və Azərbaycan MİK sədrinin müavini Səməd ağa Ağamalıoğlunu daxil etdi. Lakin az sonra bu məsələnin əhəmiyyətini nəzərə alaraq nümayəndə heyətinin tərkib genişləndirildi. 1921-ci ilin iyun ayının 13-də Azərbaycan XKS Zaqafqaziya respublikalarının sərhədlərinin müəyyən edilməsi ilə bağlı Zaqafqaziya respublikalarının nümayəndələrindən ibarət komissiyanın Tiflidə keçiriləcək iclasında iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin genişləndirilmiş tərkibini təsdiq etdi. Xarici işlər komissarı M.D.Hüseynov, Azərbaycan MİK-nin sədri M.Hacıyev, onun müavini S.Ağamalıoğlu və doktor Vəkilovdan ibarət nümayəndə heyətinə vəkalət verildi ki, Azərbaycanın SSR-in Sovet Ermənistanı və Sovet Gürcüstanı ilə sərhədlərinin müəyyən edilməsi istiqamətində iyun ayının 15-də Tiflisdə işə başlayacaq konfransda Azərbaycanı təmsil etsinlər. Azərbaycan XKS-nin iclasında nümayəndə heyətinə təlimat verildi ki, respublikanın sərhədlərinin qorunub saxlanması istiqamətində aktiv fəaliyyət göstərsinlər. İyunun 14-də N.Nərimanov tərəfindən M.D.Hüseynova göndərilən telefonoqramda deyilrdi: “XKS-nin qərarı ilə Sizə təklif olunur ki, iyunun 15-də sərhəd məsələlərinə baxılacaq komissiyasının iclasında iştirak etmək üçün elə bu gün Tiflisə yola düşəsiniz. M.Hacıyev, S.Ağamalıoğlu və doktor Vəkilov Sizinlə birlikdə gedəcəklər”.

 

Azərbaycan Xalq Komissarları Sovetinin Askanaz Mravyanı Qarabağdan qovması

 

Azərbaycan Xalq Komissarları Sovetinin iyun ayının 26-da keçirilən iclasında Ə.Qarayevin Dağlıq Qarabağa və Naxçıvan diyarına səfəri haqqında məruzəsi müzakirə edildi. Müzakirə əsasında qəbul olunmuş qərarda Ermənistanın Dağlıq Qarabağa yönəlmiş iddialarını özündə əks etdirən materialları öyrənmək və bu barədə Azərbaycan XKS üçün geniş məruzə hazırlamaq məqsədəuyğun sayıldı. Bunun üçün iclasda üç nəfərdən (Şahtaxtinski, Vəzirov və Əliyev) ibarət bir komissiya yaradılması yaradılması zəruri hesab edildi. Eyni zamanda qərara alındı ki, Orconikidze, Ermənistan İnqilab Komitəsinin sədri Myasnikov, Azərbaycan Hərbi-dəniz komissarlı Qarayev və Sovet Ermənistanının Qarabağa müvəkkil təyin etdiyi Mravyana teleqram göndərilməklə, Azərbaycan XKS tərəfindən bu məsələ ətraflı şəkildə araşdırılana qədər Ermənistan hökuməti tərəfindən Mravyanın verilmiş vəkalət ləğv edilsin. Bu qərara uyğun olaraq iyunun 27-də Nərimanov Orconikidze və Myasnikova teleqram göndərərək bildirdi ki, Dağlıq Qarabağ haqqında məsələnin yalnız Ermənistan İnqilab Komitəsi tərəfindən həll edildiyini, Ermənistan XKS-ində onun hələ müzakirə edilmədiyini və baxılmadığını nəzərə alaraq, Azərbaycan XKS yekdilliklə Mravyan yoldaşın Ermənistanın Dağlıq Qarabağda fövqəladə müvəkkili kimi peyda olmasını misli görünməmiş siyasi və taktiki səhv hesab edir, onun dərhal geri çağırılmasını xahiş edir. Ə.Qarayevin Azərbaycan XKS-nin iyunun 26-da keçirilən iclasındakı məruzəsində Dağlıq Qarabağla bağlı nə deyilmişdisə, S.Kirov Azərbaycan KP MK birinci katibi seçiləndən 4 gün sonra, XKS-nə məktub yazılaraq bu məruzənin mətni tələb edildi və bildirilirdi ki, məruzə iyulun 29-u gündüz saat 3:00-dən gec olmayaraq MK-ya göndərilsin. Lakin XKS-nin işlər idarəsinin müdiri Ə.Şirvani MK-ya cavab yazdı ki, iyun ayının 26-da XKS-nin iclasında Ə.Qarayevin məruzəsi şifahi şəkildə söylənilib və məruzənin stenoqramı yazılmadığından onun mətnini bərpa etmək mümkün deyildir.

 

Serqo Orconikidze:“Qarabağ məsələsi bütün Sovet respublikalarının şərəf işidir və onu elə həll etməliyik ki, bu axırıncı dəfə olsun”

 

İyun ayının 27-də keçirilən AK(b)P MK Siyasi və Təşkilat Bürosunun iclasında “Azərbaycanla Ermənistan arasında sərhədlər haqqında” məsələ müzakirə edilən zaman Siyasi və Təşkilat Bürosu Dağlıq Qarabağın Azərbaycana şəksiz iqtisadi meylini nəzərə alaraq, Dağlıq Qarabağ haqqında məsələnin Bekzadyan tərəfindən qoyuluşunu qəbul edilməz sayır. Sənəddə göstərilirdi ki, erməni və türk əhalisi yaşayan yerlərin müvafiq qaydada Ermənistana və Azərbaycana ayrılması təklifi iqtisadi baxımdan sərfəli deyildir və bu səbəbdən də qəbul edilə bilməz. Azərbaycan tərəfi məsələnin yeganə həllini Nərimanovun bəyanatında deyildiyi kimi yerlərdə erməni və müsəlman əhalisinin geniş sovet quruculuğuna cəlb edilməsində görürdü. İclasda qərara alındı ki, bu məsələnin sonrakı gedişi və müzakirəsi Tiflisdən məlumat alınana qədər açıq saxlanılsın. Eyni zamanda N.Nərimanov tapşırıldı ki, Siyasi və Təşkilat Bürosunun fikri Tiflisə çatdırılsın. Hələ iclas davam edə-edə N.Nərimanovun tapşırığı ilə qərarın mətnini Ə.H.Şirvani birbaşa xətlə Tiflisdə olan M.D.Hüseynova çatdırdı. O dedi: Nərimanov yoldaş Sizə bildirməyi xahiş etdi ki, məsələ yalnız bu şəkildə həll olunmalıdır, əks təqdirdə Xalq Komissarları Soveti məsuliyyəti öz üzərindən götürür. Əgər Sovet Ermənistanı bu aktla Ermənistanın bitərəf kütlələrinin və daşnakların məlum əhvali-ruhiyyəsini nümayiş etdirməyi arzulayırsa, onda unutmaq lazım deyildir ki, həmin şəraiti, daşnaklar kimi antisovet qrupları biz də Azərbaycanda bərpa edə bilərik. Bu zaman telefona yaxınlaşan Nəriman Nərimanov yuxarıda qəbul olunmuş qərarla bağlı M.D.Hüseynova bildirdi: “deyin ki, bu siyasi büronun və təşkilat bürosunun rəyidir. Əgər onlar mənim bəyanatıma istinad edirlərsə, orada hərfən belə deyilmişdir: Dağlıq Qarabağa öz müqəddəratını sərbəst təyin etmək hüququ verilir”. M.D.Hüseynov Tiflisdə cərəyan edən proseslərin təfsilatı barədə Nərimanova Bakıya gələndən sonra məlumat verəcəyini bildirdi, lakin əlavə etdi ki, “bizim qərar şübhəsiz ki, çox soyuq qarşılanacaq”. M.D Hüseynov eyni zamanda bir gün əvvəl Orconikidze ilə olan söhbətini Nərimanova xatırladaraq dedi: ”dünən Serqo yoldaşla söhbət etmişəm, o bir başa dedi ki, Qarabağ məsələsi bütün Sovet respublikalarının şərəf işidir və onu elə həll etməliyik ki, bu axırıncı dəfə olsun, yəni dünən mən sizə dediyim şəkildə həll edilməlidir”. Bundan sonra Nərimanov məlumat verdi ki, “bu gün yoldaş Mravyanı Qarabağdan geri çağırmaq barədə surəti Serqo, Myasnikov və Qarayevə olmaqla sizin adınıza teleqrama göndərilib”. Hər ehtimala qarşı Hüseynov vurğuladı ki, çox ağır vəziyyət yaranıb və bundan çıxış yolu aramaq lazımdır. O dedi: mən belə hesab edirəm məsələni köklü şəkildə müzakirə etmək lazımdır. Ona görə ki, bir tərəfdən Ermənistan XKS bizim xəbərimiz olmadan bəyanat verir və öz fövqəladə komissarını Qarabağa göndərir. Hərçənd erməni yoldaşlar iddia edirlər ki, bütün bunlar bizim razılığımız ilə edilir və biz bunlardan xəbərdarıq. Digər tərəfdən isə biz onlara teleqram göndərərək, demək olar ki, onların qərarını ləğv edirik. Mən bilmirəm necə olacaq. Mən fikirləşirəm ki, bu və ya digər dərəcədə məsələni bir daha və bir daha müzakirə etmək lazım gələcək, mən digər çıxış yolu bilmirəm. Əlbəttə, mən indi gedib yoldaş Serqo ilə məsləhətləşəcəyəm və yola düşmək ərəfəsində bir daha Sizə məlumat verəcəyəm”. N.Nərimanov M.D.Heseynovdan xahiş etdi Serqoya desin ki, “o material ki, indi bizdə var, əgər Serqo o materialla tanış olsa, o özü bunun əleyhinə olacaq. Bütün bu materialı siz Tiflisə aparın. Onda aydın olacaq ki, bizim erməni yoldaşlar, yoxsul erməni və müsəlman əhalisinin rifahı haqqında, inqilabın möhkəmlənməsi haqqında deyil, müstəsna olaraq ərazi barədə fikirləşirlər”.

Kim idi Azərbaycan rəhbərliyinin adından ermənilərə bu razılıqları verən? M.D.Hüseynov – ermənilər bütün işləri bizim razılığımızla gördüklərini iddia edirlər – deyəndə yəqin ki, burada Qafqaz Bürosunun 3 iyun iclasında məlum qərar qəbul edilərkən N.Nərimanovun susmasını nəzərdə tuturdu. Şübhəsiz ki, Nərimanovun bu hərəkəti Qarabağ məsələsinin müzakirəsində müvəqqəti olsa da öz mənfi rolunu oynadı, lakin hadisələrin sonrakı gedişi göstərdi ki, Azərbaycan tərəfindən ermənilərə bu “anonim” razılığı verən Qafqazda real hakimiyyəti əllərində cəmləşdirmiş Serqo Orconikidze ilə Sergey Kirov idi. Onlar Sovet Rusiyası ilə Türkiyə arasında Moskva müqaviləsindən sonra (Naxçıvan üzərində Azərbaycanın qanuni hüquqlarının tanınması ilə bağlı) Mərkəzin məxfi göstərişinə əsasən Qarabağın Ermənistana verilməsinin müxtəlif yollarını arayırdılar. Həmin günlərdə onlar A.Bekzadyan tərəfindən səsləndirilmiş Qarabağın milli-etnik əlamətlərə görə bölüşdürülməsi ideyasını iyunun 26-da Nərimanova göndərdikləri teleqramda belə ifadə edirdilər: “Əgər bizim fikrimizlə maraqlanırsınızsa, o bundan ibarətdir: bütün mübahisələrin qəti şəkildə həll olunması və əsl dostluq münasibətlərinin bərqərar edilməsi üçün dağ Qarabağ haqqında məsələni həll edərkən bu prinsipləri rəhbər tutmaq zəruridir: heç bir erməni kəndi Azərbaycana birləşdirilməməlidir, eyni ilə buna uyğun olaraq, heç bir müsəlman kəndini də Ermənistana birləşdirmək olmaz”.

 

Dağlıq Qarabağın erməni əhalisinin hər hansı formada Azərbaycandan ayrılmaq fikri yoxdur

 

İyun ayının 27-də Mirzə Davud Hüseynov Nəriman Nərimanovdan aldığı təlimatı dərhal Qafqaz Bürosunun müzakirəsinə verdi və onun məlumatından sonra qərara alındı ki, “RK(b)P MK-nın Qafqaz Bürosunun fövqəladə plenumu çağrılsın, yoldaş Nərimanov və yoldaş Myasnikova bu məzmunda bir teleqram göndərilsin: RK(b)P MK-nın Qafqaz Bürosunun Rəyasət Heyəti təklif edir ki, bu teleqramı alan kimi Qafqaz Bürosunun fövqəladə plenumuna gələsiniz. Gündəlikdə Respublikaların sərhədlərinin müəyyənləşdirilməsi haqqında məsələ olacaqdır. Qafqaz Bürosunun 6 üzvü Tiflisdədir. Siz gəlib çıxmayacağınız təqdirdə Qafqaz Bürosunun Tiflisdə olan 6 üzvünün qəbul etdiyi qərar məcburi (tərəflər üçün – C.H.) olacaqdır. Ona görə təcili olaraq gəlməyinizi təkid edirik”.

İyun ayının 28-də Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan XKS-nin yeni iclası çağırıldı və Aleksandr Myasnikovun Dağlıq Qarabağı“ Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” kimi elan edən bəyanatı rədd edildi. Eyni zamanda həmin iclasda Azərbaycan XKS-nin rəyi olmadan Dağlıq Qarabağa Ermənistanın fövqəladə nümayəndəsi təyin edilmiş Askanaz Mravyanın geri çağırılması məsələsi qoyuldu. İclasın qərarında deyilirdi: Məsələni Qafqaz Bürosunda müzakirə etmək üçün yoldaş Nərimanovun Tiflisə səfərini nəzərə alaraq AK(b)P MK-nın Siyasi və Təşkilat bürosunun 27 iyun 1921-ci il tarixli iclasının qərarı əsas kimi götürülsün.

Ermənistan tərəfindən Qarabağın dağlıq hissəsinə iddialar irəli sürüləndə Şuşa qəzasının icraiyyə komitəsinin sədri Bünyatov Nərimanova və daxili işlər komissarı Həmid Sultanova göndərdiyi “Şuşa qəzasında vəziyyət haqqında” məruzəsində yazırdı ki, Dağlıq Qarabağın erməni əhalisinin hər hansı formada Azərbaycandan ayrılmaq fikri yoxdur. Onlar gözəl başa düşürlər ki, Qarabağın aranından ayrılsalar, Ermənistandan mütəmadi təlimatlardan başqa bir şey ala bilməyəcəklər və aclıqdan məhv olacaqlar. Eyni zamanda onlar yaxşı anlayırlar ki, Azərbaycanın ərazisində ermənilərin həmişə, hər şeyi tələb edən güclü səsləri olacaq və ümidvardırlar ki, onların tələbləri birinci növbədə təmin ediləcəkdir, halbuki onlar bunu Ermənistan SSR-dən gözləmirlər. Özlərini guya, Azərbaycan SSR-in “ögey oğlanları hesab edən” erməni əhalisinin bəyanatına gəldikdə isə, Bünyatov belə halların dövlət siyasəti ilə deyil, ayrı-ayrı işçilərin yersiz hərəkətləri ilə bağlı olduğunu bildirirdi. Ona görə N.Nərimanov bu fikirdə idi ki, dünyada heç kim Dağlıq Qarabağ və Zəngəzur əhalisinin Azərbaycanla birləşməsinə mane ola bilməz”.

 

 

(Ardı var)

 

Cəmil HƏSƏNLİ

Tarix elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.10-11.