Mənim adamım
VƏ YA ABEL MƏHƏRRƏMOV HAQQINDA DÜŞÜNCƏLƏR
Tanışlıqdan
oxşarlığa ... və tam fərqliliyə
Məhşur Belçika şairi və dramaturqu Materlinq Morisə görə, xoşbəxtlik üç təməl üzərində qurulur – keçmişi unutmamaq, bu günün dəqiq qiymətini vermək və gələcəyə ümidlə baxmaq... Nə dərəcədə xoşbəxt olduğunu deyə bilmir. Yazısında həm də keçmişini unutmadığını və bu gününün qiymətini verdiyini isbatlamağa çalışacaq. Güman edir ki, bunu bacaracaq, gözəl və səmimi insan, dəyərli alim, pedaqoq və əvəzsiz dost barədə illərdən bəri ürəyində saxladığı mətləbləri bəyan edəcək.
Öncə Əflatun Amaşov adlı bir gənc var idi, – deyir. Borçalı mahalının Faxralı kəndindən gəlib Bakı Dövlət Universitetində təhsil alırdı. Jurnalist olmaq istəyirdi. Günün birində onun üçün təhsilini Mixail Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmək imkanı yarandı. İsrarla şansını dəyərləndirmək istəyən gəncin işləri heç də rəvan getmədi. Çoxsaylı əngəllərlə üzləşdi, hətta naümid anları oldu. İnadından dönmədi və istəyinə çatdı.
Üzərindən xeyli vaxt ötür. İndi ömrünün yarım əsrini başa vuran həmin şəxs arzusunun reallaşması yolundakı maneələrin taleyini necə dəyişə biləcəyini götür-qoy edir. Həyat çox qəribədir, hər şey bir andaca məhv ola bilərdi, – deyə fikrə dalır. MDU-da oxuya bilməsəydi, nə edərdi? Heç şübhəsiz, bu, böyük fəlakət olardı. Bəlkə tələbə həyatını başa vurduqdan sonrakı tale yollarını heç yuxusunda belə təsəvvürə gətirməzdi.
Amma olmadı. İndi o zaman yaşananlarla bağlı bir çoxlarını xatırlayır. Yaxşı və pis bildiyi insanları nəzərində canlandırır. Başını möhkəm silkələyərək yaddaşının onda neqativ enerji yaratmasına yol vermir. Axı, həyatının dönüş nöqtəsi saydığı hadisədə böyük pay sahibi olan şəxs barədə fikir və düşüncələrini bölüşəcək. Zarafat deyil, Moskva yolundakı maneə nazir müavini idi. Məhz onun övladı MDU-ya gedəsiymiş. Lakin BDU-da həmin vaxt tədris hissə müdiri vəzifəsini tutan Abel müəllimin prinsipiallığı və qətiyyəti sayəsində gənc Amaşovun haqqı tapdalanmadı. Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Abel Məhərrəmovla həyat tanışlığı beləcə başladı...
Həmin ana qədər bir-birimizdən xəbərsiz eyni taleyi yaşamışıq – Bakıya gəlmiş, orta məktəbdən sevdiyimiz, arzuladığımız elm sahəsinin dalınca ölkənin ən adlı-sanlı ali məktəbinə – BDU-ya yollanmışıq, qohumsuz, simsarsız böyük şəhərin vağzal gecələrindən başlayan abituriyent həyatımızı yataqxanalı qayğılar əvəzləyib. Amma fərqliliklərimiz çoxdur və düşünürəm ki, məxsusi cəhətlərinə görə onun tam fərqli mərhələyə çatması labüd, qaçılmaz olub. Orta məktəbin qızıl medalı ilə elmə qədəm qoyan Abel seçdiyi kimya fakultəsini əla qiymətlərlə bitirib, cəmi 26 yaşında ikən Moskva Dövlət Universitetinin aspiranturasında namizədlik dissertasiyasını müdafiə edib və... vətənə qayıtmışıq. O, göstərdiyim uğurlarla, mən isə ondan xeyli sonrakı MDU təhsilimlə. Və yenə də fərqlilik. Bəzən elmə həvəs göstərəndə, nəyisə araşdırmaq, tətqiq etmək istəyəndə gözümün önündə onun həyat yolu ilə bağlı bu, canlanır. Həm həvəslənirəm, həm də tərəddüd edirəm. Həvəslənirəm ona görə ki, bu insanın fəaliyyəti bir elm adamına məxsus keyfiyyətləri canlandırmaq baxımından əvəzsiz məxəzdir və qibtə edilməyə, baxıb öyrənilmək nümunəsidir. Azərbaycan elminə 30-dək elmlər doktoru və namizədini bəxş etmək, elmi nailiyyətlər, ixtiralar... saymaqla bitmir. Bir anlığa düşünürsən ki, bütün bunlar 60 illik ömürə necə sığıb? Tərəddüdümün səbəbi isə Abel müəllim ola bilməkdə duyduğum çətinliklə bağlıdır. Elə bilirəm, o, bir alim üçün bəlli olan ən yüksək parametrdir, onun kimi olmayacaqsansa, qolunu çırmalamağa dəyməz.
Çətin bildiklərim və
ya ağır zəhmətin bəhrəsi
Həyat hər bir halda hər kəs üçün çətindir. Amma Abel müəllim daha çətin bildiyim elm yollarında irəliləyib. Pillə-pillə, qarış-qarış. Bu cəhət ona hər pillədə dayanan insanın məziyyətlərini görməyə, dəyərləndirməyə, onu başa düşməyə imkan verib. Kiçik elmi işçi vəzifəsindən bir zaman təhsil aldığı fakultənin dekanı vəzifəsinədək yüksəlib. Doktorluq dissertasiyasını müdafiə edib, bu böyük müəssisənin tədris hissəsinin müdiri olub. Bu mərhələdə son dərəcə labüd hadisə baş verib – elmi-pedaqoji, idarəçilik səviyyəsi yüksək qiymətləndirilən Abel Məhərrəmov prezidentin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Prezidentin təyinatı
çoxminli universitet kollektivinin ürəyincə idi. Universitetdəki
hər kəs onu işgüzar, ideyalar irəli sürən və
ideyalar üzərində inadkarcasına dayanan fəal vətəndaş
kimi çoxdan tanıyır və qəbul edirdi. Məhz bu mühitdə BDU-da 1966-cı ildə tələbəlik
həyatına başlayan alim 33 ildən sonra həmin
universitetə rəhbərlik etməyə başlayıb.
Bəlkə özü fərqinə varmır.
Kənardan baxanlardan biri kimi mənə onun
etdikləri yenə də deyim, son dərəcə çətin
və mümkünsüz görünür və bu çətin
yolda iki mühüm mərhələni aydın görürəm
– 1999-cu ilədək olan dövr və ondan sonrakı. Əgər birinci mərhələ gərgin zəhmətlərlə
yadda qalmışdısa, ikincisi bir növ, həm həmin zəhmətlərin
bəhrəsinin qazanılması, həm də qurub-yaratmaq,
novatorluq keyfiyyətlərindən doğan fəaliyyətin
gerçəkləşdirilməsi ilə xarakterizə olunur.
Birincidən
başlayaraq deyim ki, Abel müəllimin müasir kimya elmindəki
tədqiqatları çoxşaxəlidir, müxtəlif
maraqlı və mürəkkəb sahələri əhatə
edir. Bu, daha geniş söhbətlərin mövzusudur.
“Əməkdar elm xadimi” fəxri adını
qazanması, Azərbaycanda təhsilin və elmin
inkişafındakı xidmətlərinə görə
“Şöhrət” ordeni ilə təltif edilməsi bir
çox mətləblərdən xəbər verir.
Görkəmli
alim 2000-ci ildə elm və texnika sahəsindəki səmərəli
fəaliyyətinə görə Tehranda İqtisadi Əməkdaşlıq
Təşkilatının Qızıl medalı ilə təltif
edilib. Bu
baxımdan sonrakı on il xüsusilə əlamətdar
səciyyə daşıyıb. 2002-2004-cü
illərdə Qara Dəniz Hövzələri Ölkələri
Universitetləri Assosiasiyasının prezidenti kimi fəaliyyət
göstərib. 2004-cü ildən qurumun
vitse-prezidenti olub. Həmin il elm və
təhsil sahəsində göstərdiyi təşəbbüskarlığa,
milli təhsilin inkişafı və beynəlxalq təhsil məkanında
inteqrasiya proseslərinə verdiyi töhfələrə
görə Rumıniyanın “KOMANDOR” dərəcəli ali
Qızıl Ulduz Ordeninə layiq görülüb. 2004-cü ildə ona Türkiyənin Kırıkkale
Universitetinin “Fəxri doktoru” adı da verilib.
Dünyanın digər bir çox tanınmış ali təhsil
ocaqlarının fəxri doktoru adına layiq görülən
görkəmli alim 2009-cü ildə Rusiyanın Həmkarlar
İttifaqının 100 illiyinə həsr olunmuş yubiley
medalı, 2010-cu ildə Avrasiya əməkdaşlığı
üçün göstərdiyi xidmətlərə görə
Avrasiya Universitetiləri Assosiasiyasının medalı ilə
təltif edilib.
Yeni universitet, yeni ideyalar
Qurub-yaratmaq,
novatorluq keyfiyyətlərinə gəlincə, böyük ictimai
xadimlər harada və hansı sahədə yüksəlməyə
başladıqlarından asılı olmayaraq
hamısının ucalıq yolu vətəndaşlıq
duyğularından, Vətən sevgisindən keçir. Onu yaxından
tanıyanlardan biri kimi qətiyyətlə deyə bilərəm
ki, Abel Məhərrəmovun da ucalıq yolu vətəndaşlıq,
yurddaşlıq duyğularından, Vətən sevgisindən
keçmişdir. Vətənə sevgini
isə torpağa sevgidən, vətəndaşa məhəbbətdən,
gördüyün işə məsuliyyətdən
başlamaq gərəkdir. Abel Məhərrəmovun
rektor təyinatından sonrakı fəaliyyəti məhz bu
amala xidmət edən misilsiz nümunələrin
yaradılması ilə xarakterizə olunur. O,
ideyalarını gerçəkləşdirməyi BDU-nun
köhnə, dağılmış görkəmini əsl
universitet səviyyəsinə salmaqdan başlayıb. Tezliklə universitet köhnə görkəmini dəyişib,
həyətindən tutmuş həyatına qədər hər
şeydə böyük canlanma baş verib. Hətta təmir
və yenidənqurma işləri respublikanın digər ali təhsil ocaqları üçün bir məktəb
rolunu oynayıb.
Universitet təhsili
onun görkəminə, statusuna adekvat olmalıdır – deyimi əməldə
reallaşmağa başlayıb. BDU ölkədə
ilk dəfə olaraq təhsildə Avropa standartlarına –
Boloniya sisteminə, bakalavr, magistratura pillərinə
qoşulub. Respublika Təhsil Nazirliyi bu təşəbbüsə
nəinki yaşıl işıq yandırıb, habelə
BDU-nun təcrübəsini digər ali məktəblər
üçün də vacib sayıb. Rektorun
dünya standartlarına söykənən tədris fəaliyyəti
ilə universitet xarici dövlətlərin nüfuzlu təhsil
ocaqlarının diqqətini cəlb edib. Moskva Dövlət
Universiteti, Ankara, İstanbul universitetləri ilə tələbə
mübadiləsi təcrübəsi yeni istiqamət alıb. Bütün bunların nəticəsi olaraq
sadaladığım ödüllər qazanılıb. Və bütün bunlar heç şübhəsiz,
tanınmış kimya aliminin, mükəmməl idarəçinin
ucalığa aparan yolunun gedişləri kimi yadda qalıb.
Akademik Abel Məhərrəmovu
təşəbbüs adamı, ideyalar carçısı kimi
xarakterizə edərkən onun klassik Azərbaycan
ziyalılarının ideyalarına bələdliliyindən,
bu gün ölkədə aparılan siyasi, ictimai idarəçilik
kursundan aldığı təcrübədən
danışmamaq olmur. Dəfələrlə BDU-da yubileyləri
xüsusi qeyd edilən klassik jurnalistlərimizin həyat və
yaradıcılığına həsr olunmuş tədbirlərdə
iştirak etmişəm. Abel müəllimin
necə Zərdabiləşdiyinin, Cəlil Məmmədquluzadələşdiyinin...
şahidi olmuşam. Bu
çıxışların başqalarından daha məntiqiliyini,
dərin zəkaya əsaslandığını və
müasir günümüzlə səsləşən
düşündürücü bir tərzdə təqdimatını
xüsusi vurğulamaq lazımdır.
Xalqa xidmət və tələbə adamı olmaq
Lap
uşaqlıq çağlarından vurulduğu və
özünə həyat kredosu seçdiyi elm sahəsi onu
akademikliyə qədər gətirib çıxardı. Universitet həyatında
qazandığı təcrübə isə onu xalq elçisi
– deputatlıq kürsüsünə qaldırdı.
Milli Məclisə 2005-ci il seçkilərində
16 saylı Yasamal 2-ci seçki dairəsindən namizədliyi
irəli sürülmüş Abel Məhərrəmov
mütləq qələbə qazandı. Yeni Azərbaycan
Partiyasının Siyasi Şurasının və İdarə
Heyətinin üzvü olan Abel müəllim parlamentin Azərbaycan-Yaponiya
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun rəhbəri, Azərbaycan-ABŞ, Azərbaycan-İspaniya,
Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvüdür. Qurumun Elm və təhsil komitəsinin fəal üzvü
kimi ölkəmizdə təhsil sahəsində qəbul edilən
qanunvericilik aktlarının hazırlanmasına böyük
töhfələr verir.
Yasamal
seçki dairəsi həm də Bakı Dövlət
Universitetinin tale payıdır. Abel Məhərrəmov
universitet uğurlarını bu dairənin uğurları ilə
birləşdirməyi bacarıb. Bununla
bağlı çoxsaylı misallar çəkmək olar.
Təkcə birini vurğulayım – BDU-da
yaradılmış və dünya təhsil standartlarına
uyğunlaşdırılmış orta məktəb liseyi əsasən
bu rayonun sakinlərinin xidmətindədir. Rektorun
təşəbbüsü və birbaşa rəhbərliyi ilə
Yasamalda universitetin əməkdaşları üçün
17 mərtəbəli dörd yaşayış binası
ucaldılıb. Deputat-rektor müntəzəm
olaraq hər həftənin cümə gününü
ümumi qəbul günü elan edib. Bu günlərdə
o, tələbələrini, bir çox hallarda isə elə
iş yerindəcə öz seçicilərini dinləyir və
heç kimi naümid qaytarmır.
“Abel Məhərrəmov
hər şeydən öncə tələbə
adamıdır”. Universitetin jurnalistika fakultəsinin tələbələrindən
birinin kövrək qələmindən çıxan bu fikir məni
yenə də keçmişə, ilk
tanışlığımıza aparır. Tələbə olmuşam və o, sizlərə
söhbətimin əvvəlində anlatdığım həmin
hadisədə mənim də adamım olub. Normal vətəndaş
olan hər bir şəxs isə yaşlaşdıqca, təcrübə
qazandıqca, dünyanı dərk etdikcə, belə bir qəti
qənaətə gəlir: hər şeydən öncə Vətəndir.
Vətən isə vətəndaşını
sevməkdən, ona dəyər verməkdən, əsl vətəndaşlıqdan
başlayır. Akademik, rektor, deputat,
gözəl və səmimi insan Abel Məhərrəmov təcrübəsinin
diqtə etdiyi vətəndaşlıqdan.
Əflatun AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2010.- 16 oktyabr.- S.9.