Səhifələrə
sığmayan ömrün salnaməsi
Bugünlərdə əməkdar
jurnalist Svetlana Nəcəfovanın
jurnalistika sahəsindəki
40 illik fəaliyyətinə
həsr olunan “Ömürdən səhifələr”
adlı kitab işıq üzü görüb.
Qeyd edək ki, S.Nəcəfova əmək
fəaliyyətinə “Pioner” jurnalı redaksiyasında
başlayıb. 1973-1977-ci illərdə “Azərbaycan
qadını” jurnalı redaksiyasında şöbə
redaktoru və baş redaktorun müavini vəzifəsində
çalışıb. Sonra “Respublika” qəzetində
şöbə müdiri işləyib. Yazıları təkcə
ölkə mətbuatında deyil, həmçinin vaxtilə
ümumittifaq qəzet və jurnallarında da dərc olunub. S.Nəcəfova
“Əməkdar jurnalist” fəxri adına,“Qızıl qələm”,
“Dan ulduzu”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Vətən”,
“Araz”, “Humay” və sair mükafatlara layiq görülüb.
Beş publisistik, bir bədii, bir tərcümə
kitabının müəllifidir. İlk kitabı
“Qırmızı qalstuklar klubu” 1966-cı ildə “Gənclik”
nəşriyyatı tərəfindən çap olunub. Sonralar onun “Ömrə sevinc gətirənlər”, “Hər ömür bir nəğmədir”,
“Biz beynəlmiləlçilərik”, “Onun taleyi”, “Azərbaycanın
qeyri-hökumət qadın təşkilatları” kitabları böyük tarajla çap edilib. Svetlana xanım hazırda Jurnalistlər Birliyinin katibidir. ABŞ-ın “Kim kimdir?”
nəşri onun adını özünün 2000-ci il
nominantlarının siyahısına, 2005-ci ildə isə Universal Sülh
Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiya
Svetlana xanımı sülhməramlı
səfir kimi öz
sıralarına qəbul edib. 50 illik fəaliyyəti ərzində həmişə
ictimai işlərdə, xüsusilə də
qadın hərəkatında yaxından iştirak
edib.
“Elm və təhsil”nəşriyyatı
tərəfindən nəşr olunan “Ömürdən səhifələr”
adlı kitabın tərtibçi və redaktoru, fəlsəfə
doktoru, dosent Fəridə Səfiyevadır. Kitabda əməkdar
jurnalist Svetlana Nəcəfovanın jurnalistika sahəsindəki
40 illik fəaliyyətinin müəyyən bir hissəsi
toplanıb. Kitabda həmçinin Azərbaycanın alim, ziyalı,
zəhmət adamları, müharibə veteranları və s
haqqında bir-birindən maraqlı oçerk, məqalələr,
müsahibələr, Svetlana xanımın ədəbi
yaradıcılığından bir neçə hekayə,
müəllif haqqında mətbuat səhifələrində
çap olunmuş yazılar yer alıb. Kitabın ön səhifəsində
dossent Fəridə Səfiyevanın yazdığı ön
sözdə bildirilib ki, S.Nəcəfova 40 illik jurnalistik fəaliyyətində
sadə zəhmət adamından tutmuş xalqın
böyük ziyalılarına qədər neçə
insanın həyat salnaməsini, tale yolunu qələmə
alıb. Neçə insanı ümidsizlik girdabının əlindən
alıb, həyata, yaşayıb-yaratmağa həvəsləndirib:
“İndi onun məqalə və oçerklərini oxuduqca
başa düşürəm ki, anamın yazıları
dövrün, zamanın fövqündə dura bilib, dünən
olduğu kimi, bu gün də aktuallığını
saxlayıb. Sovet dönəmindən yazılan əsərlərin
hər birində duyulan böyük ürək, insanlara sonsuz
məhəbbət, onların talelərinə, problemlərinə
həssas münasibət bu yazıların köhnəlməsinə,
dəyərini itirməsinə imkan verməyib. Onların hər
birindən canlı insan, fərd, onun sevinci, kədəri
boylanır. Çünki Svetlana xanım sifarişlə
yazmayıb. Ürəyinin səsini dinləyib, qəhrəmanlarını
özü seçib. Kitabın məqalələr və
oçerklər adlı hissəsində yer
alan “Həyat böyük
yoldur” başlıqlı yazını S.Nəcəfova
akademik Zərifə Əliyevayanın həyat
və fəaliyyətinə, xatirəsinə həsr edib. Kitabda həmçinin S.Nəcəfovanın akademik Şəfaət Mehdiyev,
görkəmli jurnalist Nəsir İmanquliyev, yazıçı Ələviyyə
Babayeva, şairə Zivər Ağayeva, xalq rəssamı
Maral Rəhmanzadə, Xalidə Səfərova
və Kamil Xanlarov, əməkdar
rəssam Mahmud Tağıyev, rəssam Çingiz Abbasov, əməkdar
müəllim Bilqeyis Məmmədova,
professor Mirvari
Tağıyeva, jurnalist Sona
Bağırova və başqaları haqqında bir-birindən
maraqlı oçerk və məqalələri
yer alıb. Kitabdakı Əfaqanıstan
ağrıları başlıqlı hissədə S.Nəcəfovanın
qələmə aldığı “Sınaq saatı”, “Xatirəyə
dönmüş günlər”, “Dörd ilin
ayrılığı”, “Analar şərəfinə
elegiya” “Mərdlik məktəbi”, “Nə tez kişiləşir oğlanlar”,
“Sınaq günləri”, “Sevinc payı”,
“20 Yanvar- qan
yaddaşımız” adlı məqalələr oxuculara təqdim olunub. Kitabda S.Nəcəfovanın
vaxtilə qələmə aldığı “Tükənməyən
qayğıyla”, “Peşmançılıq” və “Ümid” adlı hekayələr, akademik Arif Mehdiyev,
akademik Abel Məhərrəmov,
xalq şairi Nəbi Xəzri,
Sara Aşurbəyli, Qurban
Əliyev, yazıçı Əli Əmirli, şairə-bəstəkar
Xanım İsmayılqızı,
yazıçı Əli Səmədli, oftalmoloq
Tamilla Şəfəq, Azəri Türk Qadınlar Birliyinin
sədri Tənzilə Rüstəmxanlı, şairə Kəmalə
Ağayeva, professor
Dilarə Seyidzadə, Yaradıcı Qadınlar
Assosisiyasının sədri Afaq Hüseynova ilə müsahibələri dərc
olunub. “Ömürdən səhifələr”də
həmçinin S.Nəcəfova fİradə Əliyevanın
qələmə aldığı “Hər ömür
bir nəğmədir”, Züleyxa
Nadirin “Xanım-xatın həmkarım”, Paşa Babəkərlinin “Sülhməramlı
səfir”imiz, Hikmət Ziyanın “Qadınlara məhəbbət
çələngi”, Əjdər Fərzəlinin “Söz ürəkdən gələndə”,
Nurəddin Babayev, Ərşad Mirzəyev,
Məmməd Gsmaygl, Mətanət Aramirli və başqalarının qələmə
aldığı mətbuatda çıxan yazılar yer alıb. Kitabda bir çox
tanınmış insanların S.Nəcəfova haqqında dediyi fikirlər də öz
əksini tapıb.
Xalq şairi Sabir
Rüstəmxanlı Svetlana xanım haqda danışarkən
bildirib ki, S.Nəcəfovanın həyatı ilə
yaradıcılığı bir-birini tamamlayır: “Azərbaycanın
qadın jurnalistlərindən söhbət gedəndə
yadıma ilkin düşən qələm sahiblərindən
biri Svetlana Nəcəfova olur. Svetlana xanımı ədəbiyyata,
jurnalistikaya gəldiyi ilk günlərdən tanıyıram. Həmin
illərdən ölkənin demək olar ki, bütün
oxunan, tanınan qəzet və jurnallarında kəskin
oçerklər, publisist məqalələr, portretlər,
zarisovkalar, yol qeydləri və sair yazıların altında
S.Nəcəfovanın imzasını görmüşəm.
Bu imza mənə həmişə doğma olub. S.Nəcəfovanın
özüylə tanışlıqdan sonra əmin olmuşam
ki, onun yazıları ilə həyatı bir-birini
tamamlayır”. Jurnalıst Zemfira Məhərrəmli isə
qeyd edib ki, Svetlana Nəcəfova sosial-mənəvi problemlərdən
yazan, jurnalıstikada öz sözü, mövqeyi olan qələm
sahiblərindəndir: “Svetlana” sözü bir xalqın dilində
“işıq” anlamındadır. Bu adı daşıyan
jurnalist xanım, doğrudan da işıqlı bir ömür
yaşayır. Xeyirxah, dəyərli, bənzərsiz
yazıları ilə insan talelərinə nur çiləyir,
işıq səpir”. “Azəri-türk Qadınlar Birliyi”nin sədri
Tənzilə Rüstəmxanlı isə deyib ki, Svetlana
xanım, bəlkə də, jurnalistika aləmində gənc
nəslə hədsiz qayğıkeşliklə yanaşan
yeganə insandır: “Əgər biz hər birimiz Svetlana
xanım kimi gənc nəslə kömək edə bilsək,
onları cəmiyyətimizin layiqli bir vətəndaşı
kimi yetişdirə bilsək, onda vətən
qarşısında xidmət etdiyimizi deyə bilərik”.
Jurnalist Telli Pənahqızı vurğulayıb ki, o, Svetlana
xanımı həmişə özünə örnək
sayıb: “Svetlana xanım mənə insanları sevməyi,
heç kəsə paxıllıq eləməməyi,
geniş ürəkliliyi öyrədib. S.Nəcəfova öz
qələmi ilə, öz sözü ilə və ürəyində
gəzdirdiyi böyük məhəbbətlə hamıdan fərqlənən
bir jurnalistdi”. Jurnalist Mehriban Vəzirin dediyinə görə,
Svetlana xanım onun üçün böyük insan, ləyaqət
simvolu, qibləgahdır: “Svetlana xanımın gözəl cəhətlərindən
biri də budur ki, o heç vaxt özünə xəyanət
etməyib, heç bir dövrdə dəyişməyib, həmişə
özü olaraq qalıb. Şan-şöhrət dalınca
getməyibsə də, qələmi özü ona
şan-şöhrət gətirib”.
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov
isə bildirib ki, Svetlana Nəcəfovanın publisistikası,
peşə fəaliyyəti onun gözləri önündən
keçib: “Svetlana xanımın qələmindən
çıxan neçə-neçə portret oçerklər,
analitik korrespondensiyalar, jurnalistikanın digər janrlarında
yaradıcılığı, dəyərli əsərləri
həmişə insanlar tərəfindən rəğbətlə
qarşılanıb. Svetlana xanımın qələmindən
çıxan bütün yazılar ona şöhrət,
uğur gətirib”.
Flora Xəlilzadə isə Svetlana
xanım haqqında danışarkən deyib ki, S.Nəcəfovanın
yaradıcılığını əks etdirən
bütün yazılar hər zaman geniş oxucu auditoriyası
toplayıb: “Svetlana xanımın toxunduğu movzuların bir
ana xətti var. Bu da qadın taleyidir. Xüsusilə də
onların taleyi, həyat yolu, cəmiyyətdəki yeri,
üzləşdikləri çətinliklər, göstərdikləri
fədakarlıq, əzmkarlıq Svetlana Nəcəfovanı
bir jurnalist-yazıçı kimi həmişə
düşündürüb. Bəlkə də elə buna
görə qadınlarla bağlı qələmə
aldığı hər bir yazı mənəvi dəyərinə,
təsirinə görə seçilib. Svetlana xanım qəhrəmanlarını
sadəcə təqdim etməklə kifayətlənməyib.
Haqqında yazdığı insanı bütöv,
bütün cəhətləri ilə birlikdə oxucuya
çatdırmaq üçün ən kiçik nöqtədən
başlayaraq parlaq uğuruna qədər uzanan yolu çox
maraqlı şərh etməyi bacarıb”.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2010.- 19 oktyabr.- S.7.