100 yaşlı “Ər və arvad” yenidən səhnədə
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin
“Ər və arvad” operettasının premyerası keçirilib. Əsər Üzeyir
Hacıbəylinin 125, Musiqili
Komediya Teatrının
isə 100 illik yubileyi münasibətilə
səhnələşdirilib. Mərasimi giriş sözü ilə açan teatrşünas,
sənətşünaslıq doktoru Məryəm Əlizadə Şərqin
ilk operettasının yaranma
tarixindən danışıb:
“1909-cu ildə Üzeyir
Hacıbəylinin yazdığı
“Ər və arvad” operettası ilk dəfə 1910-cu il may ayının 24-də Bakıda
Nikitin qardaşları
sirkində nümayiş
etdirilib. Bu tamaşa
ilə Azərbaycanda
operetta janrının və
Musiqili Komediya Teatrının təməli
qoyulub. Tamaşada Mərcan bəy
rolunda Əhməd bəy Ağdamski, Kərbəlayi Qubad rolunda Mirzağa Əliyev çıxış
ediblər. Səhnə əsərinin
rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyli olub. Elə bu səbəbdən də məhz bu tarixi Azərbaycan
Musiqili Komediya Teatrının başlanğıc
günü kimi qəbul edirik. Bu il teatrın
100 illik yubileyi dövlət səviyyəsində
qeyd olunacaq. “Ər və arvad” musiqili komediyası Ü.Hacıbəylinin
sonralar yaratdığı
“O olmasın, bu olsun” və “Arşın mal alan”
operettalarının sələfi
kimi məzmun və forma etibarilə daha sadədir. XX əsr Azərbaycan
dramaturgiyasında ilk musiqili
komediyalar olan bu əsərlərdə iki janrın – musiqi ilə dramaturgiyanın tələbləri,
xarakter əlamətləri
birləşib. Bu, 100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerasıdır”.
Çıxışının sonunda M.Əlizadə
tamaşaçıları sağlam gülüşün
geniş yer aldığı səhnə
əsərinə baxmağa
dəvət edib.
Tamaşanın quruluşçu
rejissoru Yusif Əkbərov, quruluşçu
dirijoru Nazim Hacıəlibəyov, rəssamı
Eldar Qurbanov, baletmeysterlər Zakir və Yelena Ağayevlər,
xormeyster Vaqif Məstanovdur. Əsərin yeni redaktəsi
və orkestləşdirilməsi
əməkdar incəsənət
xadimi Sərdar Fərəcovun işidir.
Səhnə əsərində
rolları xalq artistləri İlham Namiq Kamal (Mərcan
bəy), Afaq Bəşirqızı (Minnət
xanım), Yaşar Nuri (Kərbəlayi Qubad), Arif Quliyev
(Səfi), Fatma Mahmudova (Arvad), aktyorlardan Əliməmməd
Novruzov (aşpaz), Gülcahan Salamova (Gülpəri), Ağaxan Şərifov (süpürgəçi),
Hüseyn Əlili (suçu) canlandırıblar.
Səhnə əsərində xalq artisti İlham
Namiq Kamalın yüksək peşəkarlıqla
yaratdığı Mərcan
bəy obrazı ailə mühiti içində göstərilir.
Mərcan bəy ailəyə
münasibətində mənəviyyatsız
mövqe tutduğundan
mənəvi cəhətdən
iflasa uğrayır.
Komediyada
Minnət rolunu böyük ustalıqla canlandıran xalq artisti Afaq Bəşirqızı
gözüaçıq, öz
hüquqlarını müdafiə
etməyi bacaran, qadın ismətini, ailə namusunu qoruyan bir obrazdır.
Köhnə adətlərdən ayrıla bilməyən, “arvad almağın da, boşamağın da yolunu bilən”
Kərbalayi Qubad gülünc vəziyyətdə
qalıb ifşa olunan ikinci surətdir.
O, Mərcan bəyin təklif etdiyi 2500 manat pulun həvəsinə
özünü gülünc
vəziyyətə salır.
Tamaşanın premyerası böyük
maraq və məmnunluqla qarşılanıb.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.-
19 oktyabr.- S.7.