Ürək adamı idi, ürək də onu apardı...

 

Hər görüşün bir tarixçəsi, hər hicranın bir anı olur. Onunla 1974-cü ildə tanış olmuşduq. Bizi dost edən isə bəlkə tale yaxınlığımız idi. Raqif zəhmətkeş bir ailədə böyümüşdü. Atası Əkbər müəllim uzun illər Ağdaşın Mürsəl kəndində ibtidai sinif müəllimi, anası isə evdar qadın idi. Ailədə bir neçə qardaş bacı idilər. Raqif olduqca sakit təmkinli, həddindən artıq təvazökar zəhmətkeş idi. Universitetin jurnalistika fakültəsində gündüz oxuya-oxuya hər ikimiz işləyirdik. Raqif fəhlə yataqxanasında tərbiyəçi vəzifəsində çalışırdı. onun, mənim, demək olar ki, boş vaxtımız olmazdı, başına, vaxt tapanda isə kitabxanalara tələsərdik. Raqifin incə yumoru, özünəməxsus şən zarafatları var idi. Bəzən tələbə dostlarımızın, müəllimlərimizin hər hansı bir hərəkətini yaddaşına yazıb, müəyyən vaxt ötəndən sonra onu elə şirin-şirin təkrarlayardı ki, uğunub gedərdik. İkinci kursu başa vurduq. Təklif etdim ki, ixtisas təcrübəsini bizim rayonumuzdaŞəmkirdə çıxanUlduzqəzetində keçirək. Raqif buna can-başla razılıq verdi. Nəhayət, həyatımızın qısa şirinUlduz”lu günləri başladı. Rayon qəzetinin redaktoru vəzifəsini qocaman kommunist, geniş həyat təcrübəsi olan Qurban Məmmədov icra edirdi. O bizim göndəriş vərəqəmizi alıb, “xoş gəlmisiniz, haydı, başına” – dedi. Təcrübə keçməyə gəlsək , redaksiyanın bütün əməkdaşları bizi qələm yoldaşlarından, uzun illik əməkdaşlardan seçmirdilər. Mənim jurnalistlik fəaliyyətim, demək olar ki, burada hələ orta məktəbdə oxuduğum illərdən başlamışdı. Raqif isə Şəmkirə ilk dəfə gəlirdi. O, özünün zəhmətkeşliyi, ədəb-ərkanı ilə tez bir zamanda redakisya əməkdaşlarının hörmətini qazandı. Bizim evdə qalırdıq. Ailəmiz, bacı qardaşlarım, anam ikimizə eyni qayğını göstərirdilər. Raqif belə məhəbbəti qazanmağı bacarırdı. Özü ilə götürdüyü fotoaparatı tez-tez işə salar, qohum-əqrəbanın, uşaqların şəkillərini çəkərdi. İndi ailə albomumuzdaRaqif çəkən şəkilləradlı fotolar yaşayır.

Onda Şəmkir Su Elektrik Stansiyasının tikintisinin qızğın çağları idi. Yayın qızmar vədəsində günlərlə Kür üstündə, Bozdağın ətəklərində dolaşıb, Şəmkir SES-i tikənlərin həyatldarından, onların şücaətlərindən bəhs edən yazıları məsul katibə təqdim edərdik. Səhərisi də qəzet səhifəsində çap olunardı. Raqif burada elə hörmət-izzət qazandı ki, növbəti dəfə redaksiya özü marağında oldu ki, o, mənimlə yenidən Şəmkirə ixtisas təcrübəsinə qayıtsın.

Universiteti bitirdik, hərəmiz bir yerdə çalışdıq. Başımız qayğılara elə qarışdı ki, aylarla belə görüşə bilmirdik. Amma həyatın acılı-şirinli günlərində onunla hər zaman çiyin-çiyinə olduq. Xəstə düşdük, bir-birimizi arayıb axtardıq, çətin anlarda dayaq olduq. Raqif curnalistikanın zəhmətkeş, cəfakeş əsgərlərindən idi. Qəzet tərtibatını, qəzet işinin məsuliyyətini olduqca yüksək qiymətləndirərdi. Çoxtirajlı zavod qəzetindən tutmuş, “Azərbaycanqəzetinə qədər bir çox redaksiyalarda çalışdı, “Respublikaqəzeti, Azərbaycan Ensiklopediyası ilə əməkdaşlıq etdi. Harada olursa-olsun, vəzifəsinin, ona tapşırılan işin öhdəsindən gəlməyə çalışırdı. Bəlkə o, yeganə jurnalist idi ki, ürəyindən heç vaxt baş redaktor olmaq keçmirdi. Özü tez-tez deyərdi ki, mən jurnalistikanın qara fəhləsiyəm. Ailədə , çalışdığı kollektivdə nizam-intizamlı olmağı hədsiz dərəcədə uca tuturdı. Dedi-qodudan, yersiz çəkişmələrdən uzaqda dayanmağı sevirdi, sədaqətli mehriban idi. Universitetə qəbul olunanda zavod direktoruna ərizə verib ki, bundan sonra gündüz oxuyacağam, xahiş edirəm məni işdən azad edəsiniz. Direktor deyib ki, mən sənin kimi tərbiyəli adamı haradan tapıb yataqxanaya tərbiyəçi təyin edəcəyəm? Get, işinə davam elə. Azərbaycanqəzetində birgə çalışdıqları tələbə dostumuz Füzuli Məmmədov ağır xəstəliyə düçar olanda Raqif, demək olar ki, hər gün onunla əlaqə saxlayırdı, yanına gedirdi. Füzuli dünyasını dəyişdi. Raqif bunu özünə dərd etdi. Aradan az keçdi, tələbə dostumuz, onunlaAzərbaycanqəzetində bir yerdə çalışan Seyidağa Cabbarov qəfildən rəhmətə getdi. Bu acı xəbəri mənə Raqif çatdırdı. Telefonda elə beləcə dedi: “Seyidağa getdi, Köçəsgərdən onun dəfnindən gəlirəm”. Dalınca isə qəhərli-qəhərliBilirsən necə olub? Seyidağa səhərə yaxın, yatdığı yerdəcə keçinibdi” – dedi. Ağıla da gəlməzdi ki, aradan az bir vaxt keçəcək, Raqifin özü yuxuda ola-ola, əbədiyyətə qovuşacaq... Həkimlər deyəcəklər ki, ölüm səhərə yaxın baş verib...

Orucluğun son günü, ömür-gün yoldaşı Tahirə xanımı rayona yola salıb ki, get bir əzizlərimizin qəbirlərini ziyarət elə. Tahirə xanım rayona çatar-çatmaz zəng ediblər ki, geri qayıt...

 O, ürək adamı idi, ürək də onu apardı. Tələbə dostumuz Əlövsət Məmmədov taksidə gedə-gedə infarktdan dünyasını dəyişmişdi. “Niyə bizim uşaqlar ürəkdən gedirlər” – deyirdi. Raqif tələbə dostlarım içində ən yaxın dostum, sirdaşım idi. Bəzən ötən günləri xatırlamaq adama ağrılı, nisginli və kədərli görünür. Bu ilin aprel ayında oğlumun toyu idi. Bir çox tələbə dostlarım çiyin-çiyinə verib rəqs etdik. Gözüm Raqifdə idi, onun çox oynamasını istəmirdim. Artıq ikinci infarkt arxada qalmışdı. Toyun çəkiliş lentinə baxanda, onun bizdən ayrılıb, əzgin və yorğun halda yayındığı bir məqam var. Raqifin olmadığı bu 40 gün ərzində onunla birgə illərimizdən gözlərimə qayıdan, ürəyimi üşüdən bax bu bircə andır. Ona görə deyirəm ki, hər hicranın bir anı olur... Son yarpaq əvəzi: “Azərbaycan” qəzeti redaksiyasının dəhlizində burada çalışıb, dünyasını dəyişən qələm dostlarımızın şəkilləri asılıb. Hər dəfə yolum oraya düşəndə şəkillər önündə ayaq saxlayıb, xəyala dalıram. Bu sırada tələbə dostlarım Füzuli Məmmədovun, Seyidağa Cabbarovun şəkilləri də var. İndi oraya daha iki qələm dostumun şəkilləri də asılacaq – Raqif Şirinov və Eldar Nəsibli Sibirel!.. “Azərbaycan” qəzeti və jurnalistikamız qırx gün içində iki tanınmış qələm adamını, mən isə iki dostu itirdim...

 

 

Taleh HƏMİD

 

525-ci qəzet.- 2010.- 19 oktyabr.- S.7.