İstedadın janrı yoxdur
“Dostlarımdan duyğular”
silsiləsindən
Əsəd Cahangir yeni ədəbi nəsildən olan istedadlı qələm sahiblərindəndir. İstedadlı adam nə yazır yazsın, onu
istedadla yazır. Əsəd ədəbi
ictimaiyyətdə daha çox
tənqidçi və ədəbiyyatşünas kimi tanınır. Qələm sahibləri daha çox Əsədin onlar haqqında yazmasına adət ediblər.
Mən “Dostlarımdan duyğular”
sırasından növbəti yazımı daha
bir qələm dostuma
həsr etmək qərarına gəldim. Bu
gün qələm adamlarının
sözdən başqa demək olar ki, heç
nələri yoxdur. Əsəd onlarla adamdan səhifə-səhifə
söz yazıb, onların
yazdığı mətnlərin mahiyyətinin oxuculara çatdırılması üçün xeyli
işlər görüb. Ondan
söz demək də bizim
borcumuzdur və onun buna haqqı var.
Əsəd bugünkü ədəbiyyatımızın
üzdə olan, qabarıq görünən simalarındandır.
Mən neçə illərdir ki, onun fəaliyyətini
müşahidə edirəm və yuxarı xətlə irəliləyişinin
canlı şahidiyəm. Çoxlarından fərqli olaraq o,
oturub yazısını yazır və deyim ki,
gördüyü işi çox bacarıqla görür,
ortaya kamil ədəbi materiallar qoyur. Mən hesab edirəm ki, Əsəd
hansı sahədə fəaliyyət göstərsə, orada
uğur qazanardı. Yəqin ki, o özü də bunu bilir və
buna görə yaradıcılığı çoxsahəlidir.
Onun linqvistik poetika, dilçilik, ədəbi tənqid,
esseistika, poeziya, bədii və filoloji tərcümə sahələrində
çalışmaları var. Əsədin Mahmud
Kaşqarlının “Divanu lüğət-it-türk”
kitabından bəhs edən “Qədim türk ədəbiyyatının
linqvistik poetikası” monoqrafiyası bu mövzuda
yazılmış ən yaxşı əsərlərdəndir.
Monoqrafiya 2001-ci ildə nəşr edilib. O bu əsəri ilə
göstərdi ki, böyük alimimiz professor Nizami Cəfərovun
ən yaxşı davamçılarındandır. Əlbəttə,
Əsəd, Nizami Cəfərovla bərabər Yaşar Qarayev
və Kamal Abdullanı da özünün ustadları
sayır. Böyük olmaq üçün gərək
böyük adamlardan təsirlənəsən. Bu şübhəsizdir.
Mən şəxsən təəssüf edirəm ki, Əsəd
linqvistik poetika sahəsində işini davam etdirmədi. Nəşr
etdirdiyi monoqrafiya onun bu sahədə hansı potensiala malik
olduğunu göstərir. Amma Əsəd daha çox ədəbi-tənqid
yolunu tutdu. Elə ilk tənqidi məqalələri ilə də
ictimaiyyətin diqqətini cəlb elədi. “Söz”, “Səs”,
“Kim yatmış, kim oyaq”, “Yeni əsrin ibtidası”, “Dəmirbaşlar”
kimi orijinallığı ilə seçilən ədəbi-fəlsəfi
esselər ədəbi tənqid üfüqlərində yeni
ulduzun doğulduğunu bəyan etdi. O, predmetə
yanaşması, dilinin sadəliyi , kiçik mətnin
içindən dünyaya baxmaq bacarığı ilə ədəbiyyatşünaslıqda
öz üslubunun, öz dünyagörümünün
olduğunu göstərdi. Bunlar yaradıcı adamın
istedadının göstəricisi kimi mühüm şərtlərdir,
amma Əsədin bir keyfiyyəti də var ki, o bu keyfiyyətlə
çağdaş ədəbiyyatımıza böyük xidmət
göstərdi. Bu keyfiyyət – onun yeni yazarlar nəsli barədə
cəsarətlə danışmasıydı. Əsədə
qədər ədəbi tənqid yeni nəsil barədə həvəssiz
danışırdı, cəmiyyətin digər sahələrində
olduğu kimi, ədəbi mühitdə də postsovet
düşüncəsi hakim idi. Yeni ədəbi nəslin
öz tənqidçilərinə ehtiyacı vardı və
bu funksiya ilk olaraq Əsəd Cahangirin boynuna düşdü.
Yazıçılar Birliyinin 2004-cü ildə keçirilən
son qurultayı öncəsi onun “Min illərin ayrıcında”
adlı məruzəsi böyük rezonans doğurdu, bir
neçə mətbu orqanda nəşr olundu. Məruzənin əsas
özəlliyi burada yeni yazarlar nəslinin ətraflı təhlil
olunmasıydı. Bu gün məşhur olan bir çox imzalar
məhz Əsədin bu məruzəsindən sonra gündəmə
gəldilər. Və burada söhbət ondan getmir ki, tənqidçi
Əsəd Cahangir öz məruzəsində kimlərinsə
adını çəkib. Əsas məsələ odur ki, o, ədəbi
meydanda yenicə görünməyə başlayan bir çox
gənc qələm sahiblərinin
yaradıcılığındakı mahiyyəti ortaya qoya
bildi və ədəbi ictimaiyyəti bu imzalara ciddi
yanaşmağa inandıra bildi. Bu bir tənqidçinin, bir ədəbiyyatşünasın
ədəbiyyat qarşısında böyük xidmətidir.
Çünki isdedadı görüb, bunu etiraf etmək
bacarığı hər adamda olmur. Reklam maşını isə
istedadsızlığa xidmət edir. Məncə, ədəbi
tənqidin əsas funksiyası, mətndə ədəbi
ictimaiyyətin anlaya bilmədiyi ideya və üslubu, dil
xüsusiyyətlərini, fərqli dünya
görümünü təhlil edib bunu oxuculara
çatdırmaqdır. Təəssüf ki, bu gün bizdə
ədəbi tənqiddən daha çox, ədəbi tərif
institutları fəaliyyət göstərir. Mətn qalır
bir tərəfdə, məqalələrdə daha çox tərifçi-tənqidçinin
fantaziyası və bilgiləri əks olunur. Və adamlar
sözə hörmət hissini, söz qarşısında məsuliyyət
hissini itirməyə başlayırlar. Bir balaca ölkədə
nə qədər “dahi yazıçı”, “dahi şair” olar.
Adamlar düşünür ki, dahilik elə budursa, elə
özüm qələm götürüb dahi olaram. Və
götürürlər. İndi hamı yazır, imkanı
olanlar pul verib yazdırır. Bir dəfə Çingiz
Abdulayev İspanyiya kralı Xuan Karlosdan belə bir sitat gətirdi:
“Hər bir kral yazıçı olmaq arzusundadı, amma
heç bir yazıçı kral olmaq istəmir”. Amma bizim bu
“kralların” hamısı yazıçı olmaq xəyalına
düşüb. Çünki söz dəyərdən
düşəndə ona hökm etmək istəyənlər
çox olur. Müqəddəs kitablarda söz allaha bərabər
tutulurdu, insanlar sözə az qala səcdə edirdilər,
bugünkü cəmiyyətimizdə isə söz, əxlaqsız
qadın səviyyəsindən də aşağı
düşüb. Xalq yazıçısı Elçin “Vaysman
xəstəliyi” yazısında bu məsələləri
geniş şərh etdiyindən, mən bu barədə
çox danışmağa lüzum görmürəm. Bir də
ki, bu yazımın qəhrəmanı Əsəd Cahangirdir. Ədəbiyyatşünaslıqda
öz üslubu, öz yeri olan bir qələm adamı. Bəli,
məhz qələm adamı. Çünki, Əsədin
yaradıcılığı yalnız tənqidi məqalələrlə
bitmir. Mən “Azərbaycan” jurnalında onun “Bu Adam” və
“Namaz” adlı iki poemasını oxumuşam. Sufi-mistik
poeziyasının modern dirçəlişi kimi meydana
çıxan bu poemalar çox istedadla yazılıb. Təsadüfi
deyil ki, xalq şairi Fikrət Qoca “Namaz” poemasını
yüksək qiymətləndirib və bu barədə “Ədəbiyyat
qəzetində” məqalə ilə çıxış
edib. Hər iki əsər poetik baxımdan mükəmməldir,
üstəlik onları oxuyanda müəllifin yüksək
intellekt sahibi olduğunun şahidi olursan. İntellekt
çatışmamazlığı isə bugünkü
müəlliflərin zəif yerlərindən biridir. İstər
nəzm, istərsə də nəsr əsərləri
yazanların əksəriyyətinin əsərləri bir-birinə
bənzəyir və yaxud bir birini təkrar edir. Bu baxımdan Əsədin
hər iki poeması bu yazılardan fərqlənir. Burada kifayət
qədər yeni ifadə tərzi və dünyaya fərqli
baxış var. Ədəbiyyat da, məncə, elə budur.
Yüz, iki yüz il bundan əvvəl yazılanlardan fərqlənməyən
mətnlərə Azərbaycan cəmiyyətinin nə
ehtiyacı var ki? Əlbəttə, Əsədin poemalarını
hazırlıqsız oxucu üçün anlamaq çətindir,
amma əsl ədəbiyyatın işi, oxucunun səviyyəsini,
zövqünü stimullaşdırmaqdan ibarətdir. Şair,
ya yazıçı oxucunun yedəyində gedirsə, demək
dünyada sözün də, fikrin də qiyməti olmayacaq.
Söz barədə esse yazan Əsəd sözün qiymətini
bildiyindən, onu tanrı timsallı gördüyündən,
sözlə davranmağı da bacarır. Məsələn,
onun fransız şairi Artur Rembo, tatar şairi Robert Minnullindən
etdiyi çevirmələri poetik tərcümə sənətimizin
ən yaxşı nümunələrindən saymaq olar.
Çünki, bu tərcümələrdə çevirməçi
orijinalın formasını, məzmununu və ruhunu
mümkün qədər saxlamağa çalışıb.
Bu da bu günkü tərcümə sənətimizdə
çatışmayan cəhətlərdəndir. Nəşr
olunan əksər tərcümələr, o cümlədən
televiziya tərcümələri tərcüməçinin
intellekti səviyyəsindədir və bu da oxucuda, ya dinləyicidə
ən azından gülünc doğurur. Çünki tərcümələrlə
əksərən elə adamlar məşğul olur ki, onlar tərcümə
etdiyi əsərin yarandığı ölkə barədə,
onun ədəbiyyatı və folkloru barədə heç bir
təsəvvürə malik deyillər. Buna görə bir
çox tərcümələri oxuyanda oxcuda belə təsəvvür
yaranır ki, əsər azərbaycanlı müəllif tərəfindən
yazılıb. Xüsusən, televiziyada dublyaj olunmuş filmlərin
tərcümələri çox bərbad vəziyyətdədir.
Uzun illər boyu müstəmləkə həyatı
yaşamış Azərbaycan dili, işlək dil
olmadığından, xeyli inkişafdan qalıb, amma müstəqillik
dilimizin inkişafı üçü bizə böyük
şanslar verib. Azərbaycan dilinin qorunması ilə
bağlı dövlətin qanunu var. Bu dili inkişaf etdirmək
bizim hamımızın borcumuzdur. Xüsusən tərcümə
sənəti bu işdə böyük rol oynayır. Elmi-tərəqqi
əsrində çox sözlər var ki, onların dilimizdə
qarşılığı yoxdur. Amma son illərdə dil və
tərcümə sənəti ilə daha çox diletantlar məşğul
olur və yaxud meydan onlara verilir. Azərbaycan
Yazıçılar Birliyi isə ümumən bu prosesdə
iştirak etmir. Buna görə azərbaycandilli kitablar və
kinolar bir neçə dil bilən gənc nəsli çox az
maraqlandırır. Tərcümə sənətinin belə
bir vəziyyətdə olduğu vaxtda Əsəd Cahangir kimi
intellektual adamların tərcümə ilə məşğul
olmasına müsbət hal kimi baxıram. Amma bəla
ordadır ki, ortaya yaxşı mətn qoyanlara bu ölkədə
pul vermək istəyən yoxdur. Baxmayaraq ki, onlar dövlət
və xalq üçün daha əhəmiyyətli işlər
görürlər. Əsəd Cahangir də bu sırada
olanlardandır. Mən onun Con Patrik və müasir amerikan
şairlərindən etdiyi bədii çevirmələri, eləcə
də D.Zatonski, İ.İlin, L.Andreyev, İ.Adelgeym, A.Dugin,
İ.Nikitina və başqalarından etdiyi filoloji çevirmələri
də oxumuşam və bu mənim gəldiyim qənaəti bir
daha təstiqləyir – istedadlı adam nə yazsa, onu istedadla
da yazır. Çünki istedadın janrı yoxdur.
Elxan ZAL QARAXANLI
525-ci qəzet.- 2010.- 20 oktyabr.- S.7.