Milli mədəni dəyərlər qloballaşma ilə üz-üzə: mədəniyyət mübadiləsi, yoxsa mədəniyyətə təcavüz?

 

Qloballaşma milli-iqtisadi, sosial-siyasi digər sistemləri bir-birilə əlaqələndirən nəhəng bir prosesdir. Bu əlaqələr tədricən mürəkkəbləşərək qlobal şəbəkə əmələ gətirir. Bu sistem sanki bir orqanizm kimi fəaliyyət göstərir və Yer kürəsinin istənilən nöqtəsində baş verən hadisə milli sərhədləri aşaraq, qlobal rezonans doğura bilir. Hətta ən ucqar ərazilərə belə təsir imkanına malik olur. Bu gün qloballaşmaya, onun gətirdiyi yeniliklərə, ölkələrin milli mənəvi dəyərlərinə təsiri barədə yanaşmalar da müxtəlifdir. Bəziləri hesab edirlər ki, əslində böyük dövlətlər qloballaşmadan istifadə edərək öz dəyərlərini nisbətən kiçik dövlətlərə təlqin etmək və bununla da onları tam olaraq təsirləri altına almaq istəyirlər. Buna görə də hətta inkişaf etmiş Avropa ölkələrində belə qloballaşma əleyhinə tez-tez etirazlar baş qaldırır. BMT-nin sabiq baş katibi Kofi Annanın da bununla bağlı maraqlı fikirləri var: Bütün dünyada milyonlarla insan qloballaşmanı tərəqqi vasitəsi kimi deyil, həyatı, əməyi və ənənələri məhv etməyə qadir olan qasırğaya bənzər viranedici qüvvə sayır. İnsanların bir çoxu üçün bu prosesə mane olmaq və millətçilik, təməlçilik, digər “çiliklər”timsalında xəyali təskinliyə üz tutmaq kimi qızğın istək səciyyəvidir”.

Bəs müasir dövrdə qloballaşmanın sırf milli dəyərlərə nə kimi təsiri var?

 Öncə qeyd edək ki, qloballaşma dedikdə xalqın, millətin tarixi təcrübəsindən qaynaqlanan, əsrdən-əsrə, nəsildən nəslə ötürülərək, onun özünəməxsusluğunun, milli özünüdərkinin əsas parametrinə, obyektinə çevrilmiş dəyərlər nəzərdə tutulur. Bu dəyərləri milli dövlətçiliyin bel sütunu da adlandırmaq olar. Milli dəyərlərə misal olaraq milli tarixi, tarixi qələbələri, şəhidləri, milli qəhrəmanları, namusu, qeyrəti, ana dilini, dini, milli musiqini, tarixi və mədəni abidələri, milli bayrağı, gerbi, himni, milli mədəniyyət və incəsənət nümunələrini, milli geyim, paytaxt, ailə, böyük kiçik münasibətləri və digər elementləri göstərmək olar. Politoloq Qabil Hüseynli də o fikirdədir ki, milli dəyərlərə biganə münasibət fəsadlarla nəticələnə bilər. “Qloballaşma ilk növbədə dünyanın iqtisadiyyat məkanındakı qapıları açır. Ölkələr arası iqtisadi mübadiləni genişləndirir. Digər yandan isə milli dəyərlərə çox ciddi zərbə vurur. Qloballaşma vahid dünya məkanının, ictimai-siyasi, mədəni məkanın tədricən yaranmasına gətirib çıxarır. Bu prosesdə super güclərin mədəni dəyərləri diqtəedici rol oynayır. Yəni hakim, aparıcı dəyərlər kimi təqdim edilirictimai şüura bu cüryol tapır”. Q.Hüseynli deyir ki, nəticədə milli dəyərlərin aşınması baş verir. Guya mədəniyyətlərin sintezi və qarşılıqlı zənginləşməsi prosesi adı altında milli dəyərlər əslində böyük güclərin dəyərlərinin altında qalır və əzilir. “Bu qarışıqlıq nəticəsində isə bir çox millətlərin dəyərlərinin sintezindən ibarət olan mədəni dəyərlərin bazarı yaranır, onların ictimai siyasi, mədəni mühitə yol açması asanlaşır. Məsələn, şou deyilən, əslində qloballaşmanın bir təzahürü kimi həyatımıza daxil olmuş bu dəyərin milli mənəvi mühitimizlə, simamızla o qədər də əlaqəsi yoxdur. Bu əslində milli özünüdərki, milli kimliyi aşındıran və bu prosesi pozan bir amil kimi meydana çıxır. Əlbəttə, bu o demək deyil ki, millətlər tamamilə öz qınına qapılıb qalmalıdır, ümumbəşəri dəyərlərdən nəyisə əxz etməməlidir”.

 Ekspert düşünür ki, milli mədəni dəyərlər qarşılıqlı zənginləşməyə məruz qalmalı, başqa millətlərin mədəni dəyərlərindən nəsə götürülməlidir. “Amma burada qarşılıqlı zənginləşmə prosesi diqtə xarakteri daşıyır. Yəni hakim güclərin milli dəyərləri bir növ diqtə şəklində kiçik xalqların, müstəqilliyini yenicə qazanmış xalqların mədəni həyatına bu və ya digər formada zorla çırpılır, daxil edilir və buna da mədəniyyətə təcavüz deyirlər. Mədəniyyətə təcavüz millətin dilindən tutmuş, millətə aid olan komponentlərin hamısını ya sıradan çıxarır, ya da ona güclü təsir göstərir. Bu mənada qloballaşmanın mədəniyyətdə təzahürü çox ağrılı və ziyanlı bir proses kimi özünü göstərə bilər”. Politoloq deyir ki, mədəni və mənəvi cəhətdən güclü olan xalqlar bu aşınmanın qarşısını ala bilir. Amma elə xalqlar var ki, bu aşınmadan heç cür xilas ola bilmirlər və nəticə etibarı ilə qloballaşmanın təsir altına düşürlər. Onun təsiri ilə məcburiyyət qarşısında həmin dəyərləri qəbul etməyə məcbur qalırlar.

 Bəs Azərbaycanda bunun təsirləri nə dərəcədədir?

Politoloq deyir ki, qloballaşma Azərbaycana xeyli təsir göstərib. “Amma şükürlər olsun ki, Azərbaycan özünə aid olan mədəniyyət nümunələrini qoruyub saxlaya bilib. Məsələn, muğam mədəniyyəti, aşıq musiqisi, mədəniyyətmizin Üzeyir Hacıbəyovla başlayan bir çox nümunələri, klassik musiqi nümunələri və sairənin qorunması ilə biz özünəməxsus bir mədəniyyət fomalaşdıra bilmişik. Bununla yanaşı kütləvi bazar mədəniyyəti kapitalizmin kütləvi mədəniyyəti, şou biznes kimi adlar altında həyatımıza daxil olur. Bu isə mədəniyyətin kommersiyalaşmasına və bir növ mənəvi təlabatı ödəməkdə daha çox gəlir mənbəyinə çevrilməsinə yol açır. Onda mədəniyyət artıq insanın dünyagörüşünü, onda milli özünəməxsusluğu, milli keyfiyyətləri formalaşdıran amildən daha çox, bir növ insanı kosmopolitləşdirən, öz milli mənəvi kimliyindən uzaqlaşdıran bir amil rolunu oynayır. Məhz kütləvi mədəniyyətin təsiri altında insan öz milli kimliyini itirir və yaxud başqa bir məxluqa çevrilir”. Onun sözlərinə görə, qloballaşma cəmiyyətdə milli münasibətlər sisteminin bütün strukturuna təsir edir. Bu təsir bəzən dəyişdirici, bəzən dağıdıcı, bəzən də tənzimləyici olur. Hər üç halda baş verənlər millinin xeyrinə olmur. Kütləvi mədəniyyətin, güc mərkəzlərin yaratdığı dəyərlərin xeyrinə olur. Bu məqamların milli dəyərlərimizdən olan ailəyə, ailə daxili münasibətlərə təsiri necədir? Qabil Hüseynli deyir ki, ailə də ictimai münasibətlər sisteminin bir formatı, tərkib hissəsidir. “Bu məqamlar təbii ki, ailə münasibətlərinə də təsir edir. Azərbaycanda ailə münasibətləri ənənəvi formasından fərqli bir forma almaqdadır. Tutalım, Azərbaycanda indi çoxuşaqlı ailələrə rast gəlmək mümkün deyil. Vaxtilə qəhrəman analar var idi. Ən azı ailədə 4-5 uşaq olurdu. İndi Avropada olduğu kimi Azərbaycan ailəsində də bir uşaq, bəzən isə uşaqsızlıq halları artıq dəbə çevrilib. Hətta bu kənd yerlərinə də ayaq açmağa başlayıb. Boşanma hallarının artmasını xüsusilə qeyd etmək lazımdır. Nikah yaşının çoxalması da Azərbaycanın bir demoqrafik problemlə üzləşdiyini söyləməyə əsas verir. Kimdeyir desin, statistika nə göstərir göstərsin, Azərbaycan xalqı daha artmır. Azərbaycan xalqı qocalır. Əhalinin ümumi balansında gənclərin sayı azalır. Qocalar da çox yaşamır. Yaşı 50-dən yuxarı olanların sayı 10 il əvvəllə müqayisədə kəskin dəyişib. Bütün bunlar onu göstərir ki, ölkədə demoqrafik problembaş qaldırmaqdadır. Bu problem bütün problemlərdən daha ziyanlı və qorxuludur. Çünki bu millətin varlığı, gələcəyi ilə bağlı olan məəsələdir”. Politoloq deyir ki, insan, kütləsi, millətin fərdləri yoxdursa, bu millətin varlığını təhdid edən amillərdəndir. Bir gün belə vəziyyət onsuz da kiçik olan millətləri daha da kiçildə və barmaqla sayılacaq səviyyə gətirib çıxara bilər. Bəs qloballaşmanın müsbət məqamları varmı? Q.Hüseynlinin fikrincə, bəziləri pozitiv məqamları vurğulaya bilər. “Məsələn, gender bərabərliyindən danışırlar, homeseksuallara sərbəstlik verilməsindən danışıb, bunları uğur kimi təqdim edirlər. Gender bərabərliyinin əleyhinə deyiləm, hətta bunu təqdir edirəm. Amma Azərbaycan xalqının özünün adət-ənənələri var ki, buna görə ailədə kişinin və qadının mövqeləri dəqiq müəyyənləşdirilib. Bu bəzən mühafizəkarlıq kimi görünsə də, hər halda qadının bir ana, ailə ocağının qoruyucusu kimi funksiyasını daha dəqiq müəyyənləşdirir, kişini isə bir növ evə çörək gətirən, təminatını həyata keçirən şəxs kimi təqdim edir. Əgər kişi bir qədər mühafizəkar olmasa, kosmopolit olsa, bir gün görərsən ki, o qısa müddət ərzində kosmopolit dəyərlərin içində əriyib yox olub, nəticədə vaxtilə çərkəzi papaq qoyan, döşünə patrondaş taxan, xəncər gəzdirən Qafqaz kişisi indi uzunsaçlı, şortik geyinən, homoseksualizmi təbliğ edən qəribə bir varlığa çevrilib. Burda artıq söhbət başın içindən, ətraf aləmə münasibətdən, intellektual səviyyədən gedir. Yabançı xarici dəyərləri mənimsəmiş insanların toplusuna çevrilmək təhlükəsini hiss edirik, bu təhlükənin qarşısını almaq üçün səylər göstərilməlidir”.

Politoloq deyir ki, hələ də ekranlarımızda uşaqlarımızın gülüş payını hansısa “ulduzların” söyüşməsi alır. Gənclərin asudə vaxtının təşkili ilə bağlı elmi-fəlsəfi proqramların yerini kimlərinsə necə geyinməsi, necə oturması, hansı maşını minməsi və bu kimi heç kəsə lazım olmayan informasiyalar tutur. “Belə vəziyyət Azərbaycan xalqına hansı dəyərləri aşılaya bilər, bu efiri zəbt edənlər kimdir axı? Bəlkə böyük əsərlər yaradıblar, xalq qarşısında böyük xidmətləri olub, yaxud Nobel mükafatı laureatlığını gətiriblər Azərbaycana?! Bəlkə Motsartın, Baxın, Bethovenin əsərlərinə bərabər əsərlər yaradıblar. Yox, sadəcə olaraq, musiqi dünyamızı, zövqümüzü, mənəviyyatımızı korlayırlar. Təbii, kiminsə xoşuna gələ bilərlər. Çünki zövqlər müxtəlifdir. Amma milli zövqdən söhbət gedirsə, artıq musiqimiz bəlli dəyərlər içərisində bəslənilməli, köklənməli və o dəyərlərin kölgəsində inkişaf etməlidir”. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Rövşən Məcidov isə deyir ki, qloballaşma, milli sərhədlərin şəffaflığı təkcə əməkdaşlığın genişlənməsi ilə nəticələnmir, əvvəllər lokal və milli səviyyədə olan, həll edilə bilməyən bəzi problemlər də qloballaşır və qlobal səviyyədə daha effektiv, kompleks, qərəzsiz yanaşma tələb edir. “Məsələn, terrorizm, separatizm, narkotika, insan alveri, etnik münaqişələr, milli özünəməxsusluğun tədricən pozulması, ekoloji böhran, əmək və istehsal bazarında mövcud olan dispraporsiya kimi amillər antiqlobalizm hərəkatını doğurur.

 Qloballaşmanın əsas əlamətlərindən biri nəqliyyat şəbəkəsinin, kütləvi informasiya və kommunikasiya vasitələrinin sürətlə genişlənməsi və inkişaf etməsidir. Buna görə də dünyanın hər hansı bir yerində baş verən hadisə operativ şəkildə bütün planetə yayıla bilir. Bu, imkan verir ki, bəzi qurumlar yayımladıqları informasiya ilə bütün bəşəriyyəti anındaca manipulyasiya edib(şüurlarını yönəldib) öz ideologiyalarını, düşüncə və davranış tərzlərini, musiqilərini, geyimlərini və başqa cəhətlərini təbliğ etsinlər. Beləliklə eyni sual ortaya çıxır: Milli-mədəni dəyərləri və milli şüuru yad təbliğatdan necə hifz etməli, ölkənin milli maraqlarını necə əsaslandırmalı? R.Məcidov deyir ki, qlobal problemlərin həlli yüksək səviyyədə qlobal əməkdaşıq tələb edir. Bunun üçün beynəlxalq təhlükəsizlik vacibdir. Yalnız təhlükəsiz mühitdə əməkdaşlıqdan danışmaq mümkündür. Beynəlxalq təhlükəsizliyin təmini üçün isə böyük dövlətlərin ilk növbədə özləri beynəlxalq hüququn norma və prinsiplərinə dəqiq və ardıcıl əməl etməli, sonra isə bunu digər subyektlərdən qərəzsiz və təkidlə tələb etməlidirlər. R.Məcidov deyir ki, Azərbaycanın əsrdən-əsrə, nəsildən nəslə keçən yaradıb yaşatdığı milli-mədəni dəyərlər milli mövcudluğumuzun qarantıdır. Onları hansısa kosmopolit ideyalara və yad təriqətlərə qurban vermək olmaz. “Bəzi mənfi cəhətlərini nəzərdən qaçırmamaq şərtilə, qloballaşmanı mütərrəqi bir ideya adlandırmaq olar. Lakin müasir dünya siyasətində bu proses qlobal hegemonluq iddiasında olan məlum qüvvələr tərəfindən qəsdən ciddi şəkildə deformasiyaya uğradılmışdır. Hazırda o, heç də, qlobal maraqları əks etdirmir”. Ekspert deyir ki, qloballaşma ictimai-siyasi həyatı bütün sahələrində milli özünəməxsusluğu, milli dəyərləri tədricən silməkdədir. Amma hər millət özünüqoruma instinktinə malikdir. Bu instinkt isə onu miqrasiya axınını məhdudlaşdırmağa və digər tədbirlər həyata keçirməklə ölkənin milli maraqlarını qorumağa məcbur edir”.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2010.- 20 oktyabr.- S.6.