İstiqlal abidəsi

 

Azərbaycanın XX əsr tarixi millətləşmə və dövlətləşmə tarixidir. Məhz XX əsrdə “Azərbaycan” kəlməsi coğrafi və linqvistik mənadan çıxaraq siyasi məzmun kəsb etməyə başlamış, millətimizin imzası dünya millətlərinin imzalarının içində görünməyə başlamışdır. Lakin bu yol elə də asan olmamış, buna nail olmaq üçün Azərbaycan cəmiyyətinin bir nəsli sözün tam mənasında kiprikləri ilə od götürməli olmuşdur. XIX əsrin ikinci yarısında A.Bakıxanovun, M.F.Axundovun və Həsən bəy Zərdabinin başladığı maarifçilik hərəkatı öz nəticəsini vermiş və Azərbaycan XIX – XX yüzillərin qovşağında Şərqdə ilk olaraq islam ümmətçiliyindən türk millətçiliyinə tarixi keçid etməyə başlamışdı. Milli ideyanın məzhəbçilik üzərində qələbəsi, xalqımızın milli dirilik fəlsəfəsi, milli iradənin ideya istiqamətinə çevrilməsi islam ümmətçiliyindən türk millətçiliyinə kedin ictimai prosesdə aydın təzahürü idi. XX əsrin əvvəllərində milli dirilik tariximizin öyrənilməsi sanbalı sayından böyük olan bir nəslin ictimai proseslərdə rolunu ortaya qoyur. Həmin nəsil millətləşməmizin və dövlətləşməmizin ağırlıq yükünü öz çiyinlərində çəkən, yoxdan bir bayraq ucaldan və bütün milləti bu bayrağın gölgəsinə sığındıran ayrı-ayrı fərdlərdən, ayrı-ayrı ailələrdən ibarət idi.

Dəyərli dostumuz Rafael Hüseynovun bu yaxınlarda çapdan çıxmış “Yurdun adındakı can” kitabı (“Elm” nəşriyyatı, 2010-cu il, 904 səhifə) məhz belə ailələrin biri, həmin nəsil çevrəsində isə Azərbaycanın bir neçə digər çox qiymətli nəsillərinin haqqındakı həqiqətlərin fonunda XX əsr içərisindəki Azərbaycanın tarixi və taleyini araşdırır.

Rafael Hüseynovun adını zikr edərkən mən onun titullarını bilərəkdən sadalamadım. Son illərdə yazdığı biri-birindən gözəl, biri-birindən mənalı, millə taleyimizə işıq tutan əsərləri ilə, xeyirli əməlləri ilə o, bütün titullarından yüksəkdə dayanır.

“Vaxtdan uca”, “Rəfibəylilər”, “Millətin zərrəsi”, “Əbədi Cavid”, “Yurdun adındakı can”ın milli qayəsi Vətənimizin ruhundan keçir, bizi keçmişə qaytarır, o keçmişə ki, həmin keçmiş sadəcə dünənimiz olmayıb, həm də bu günümüzü müəyyən edən zəngin ideya xəzinəsidir və sabahkı mənəvi dünyamızın etibarlı təminatıdır.

Bu əsərlərin içərisindən təkcə 2007-ci ildə nəşr edilmiş 840 səhifəlik “Əbədi Cavid”ə nəzər salsaq, milli-mənəvi həyatımızda müəllifin gördüyü işin əzəməti aydın olar. Bu dəyərli əsər Azərbaycanda bəlkə də Hüseyn Cavidin xoşbəxt günlərinə, onun sürgün həyatına, mənəvi dünyasına və milli ruhuna ucaldılmış ən nəhəng abidədir.

Rafael Hüseynov son illərdə Azərbaycan elminin, Azərbaycan ictimai-siyasi mühitinin yetirdiyi nadir alimlərimizdən, nadir vətəndaşlarımızdandır.

Elmə klassik ədəbiyyatın tədqiqi ilə gələn bu fədakar araşdırmaçı Məhsətini necə varsa elə təqdim etməyi bacardı, Xaqani, Nizami və orta əsr ədəbiyyatımızın digər sütunları haqqında yeni söz deyə bildi, Şərqin az qala “Quran” ayəsi qədər dəyişməz olan “Min bir gecə”sinə çox yox, bircə gecə əlavə etməklə “Min ikinci gecə”nin sirrinə vaqif oldu. Məhəmməd Füzulinin mühiti və yaradıcılığı barədə Rafael Hüseynovun son illərdə “525-ci qəzet” dərc olunmuş silsilə yazıları Füzuli poeziyasının ilahi qatlarının açılması, bu böyük mənəvi xəzinənin ruhumuza hopdurulması baxımdan ədəbiyyatşünaslığımızda yeni söz oldu.

Füzuli haqqında yaşadığı dövrdən böyük qələm və söz ustadları tərəfindən çox qiymətli fikirlər deyilib, çox mənalı sözlər yazılıb. Bu dəryaya yeni damla atmaq hər kəsin ağlının gücü deyildir. XVI əsrdə çəkilən ağrının XXI əsrdə hovunu almaq hər tədqiqatçıya nəsib olan xoşbəxtlik deyildir. Rafael Hüseynov bu çətin işin öhdəsindən gəldi və həmin silsilənin yaxın vaxtlarda kitaba çevrilməsi füzulişünaslığımıza dəyərli töhfə olardı.

Lakin bu kiçik risalədə mən Rafael Hüseynovun tarixi xronologiyaya sığmayan bütün yaradıcılığını təhlil etmək fikrində deyiləm. Sözüm ruhunda bir xəfif Azərbaycan gizlədən “Yurdun adındakı can” haqqındadır. Rafaelin bu istiqamətdə olan araşdırmaları taleyinə qara günlər yazılmış işıqlı adamlarımızın, milləti diri saxlayan böyük əməl sahiblərinin tarix muzeyindən ibarətdir.

XX əsrin əvvəllərində yaşayıb-yaratmış, cümhuriyyət qurmuş, onun siyasi məzmununu millətimizin ruhuna köçürmüş millət atalarının işıqlı obrazını yaratmaq onun əsərlərinin əsas qayəsini təşkil edir. Bu adamların taleyini işıq tutduqca Rafael özü də işıqlı ziyalılarımızdan birinə çevrildi.

“Yurdun adındakı can” milli diriliyimizin Gəncə səhifələrini əhatə edir. Ziyadxanovların, Yusifbəylilərin, Pişnamazzadələrin, Rəfibəylilərin, Şıxzamanlıların...timsalında bir neçə ailənin müxtəlif nəsllərinin tarixi prosesdə iştirakını bir süjetdə birləşdirmək, bir nəslin örnəyində XX əsr istiqlal mücadiləmizin canlı mənzərəsini yaratmaq Rafaelin qələmində son dərəcə səmimi çıxmışdır.

Əsərdə təqdim edilən Rəfibəylilər Gəncənin köklü nəsillərindəndir və hadisələr də əsasən məhz Gəncədə cərəyan edir. Əsər bütövlükdə XX əsrdə Gəncənin keçdiyi tarixi yolu, bu şəhərin taleyimizdə və milli həyatımızdakı rolunu əhatə edir. Tam əsasla deyə bilərik ki, Rafael Hüseynovun “Yurdun adındakı can”ı Azərbaycanın milli-mənəvi həyatını, Bakıda və onun ətrafında formalaşdırılan təkmərkəzçilikdən kənara çıxardı, milli hüdudlarımızda ikinci quberniya mərkəzi kimi Gəncənin əzəmətini ortaya qoydu.

Şübhəsiz ki, əsərin belə mühüm bir missiyanı yerinə yetirməsi tək tariximiz üçün deyil, bütövlükdə ictimai fikrimiz üçün yeni hadisədir.

Rafael əslində tarixçilərimizin cəsarət etmədiyi böyük bir işin öhdəsindən gəldi.

Bizim tarixi tədqiqatlara baxsaq, XX yüzildə sanki Azərbaycanın tarixi yalnız Bakının tarixindən ibarətdir. Halbuki, Bakı kimi, Gəncə də bir quberniyanın, tərkibinə Naxıçıvanı da alan, İrəvan isə başqa bir quberniyanın mərkəzi idi. Rafaelin “Yurdun adındakı can”ı Azərbaycanın mənəvi dünyasını təkmərkəzçilikdən çıxarmağa yönəlmiş ilk böyük, həm də kifayət qədər uğurlu bir cəhddir.

Əsərin ikinci böyük üstünlüyü onun yazılı mənbələrə dayanaraq qələmə alınması ilə yanaşı, böyük həcmdə şifahi tarix materialına söykənməsindədir.

Azərbaycan, eləcə də Rusiya, Özbəkistan və Qazaxstan Milli Təhlükəsizlik və Daxili işlər nazirliklərinin, Türkiyənin bir sıra arxivlərində onlarla deyil, yüzlərlə cild materialı araşdırmaqla yanaşı Rafael Hüseynov nəhəng həcmdə şəxsi arxiv materiallarını tədqiqata cəlb etmişdir. Bu şəxsi arxiv sənədlərinin elmi dövriyyəyə gətirilməsi yaxın tariximizin indiyədək qaranlıq qalan bir çox məqamlarına aydınlaşdırmaq üçün geniş imkanlar açır. Həmin şəxsi arxiv sənədlərinin digər diqqətədəyər cəhəti isə bundan ibarətdir ki, R. Hüseynov onların böyük bir hissəsini bəxtinə siyasi mühacirlik düşmüş, İran və Türkiyə ilə yanaşı, bir sıra Avropa ölkələri və Amerika Birləşmiş ştatlarına pənah aparmış qərib soydaşlarımızdan toplamışdır.

Bu zəngin material üzərində özünəməxsus yüksək alim peşəkarlığı ilə incələmələr aparmış R. Hüseynovun üz tutduğu digər bir məxəz çevrəsi üzərində xüsusi dayanmaq istəyirəm.

“Yurdun adındakı can” şifahi tarix materiallarının elmi dövriyyəyə gətirilməsi baxımından ən sanballı əsərdir.

Bizim elmimizdə hələ ki öz dəyərini almayan şifahi tarix materialları: hadisələrin iştirakçıları ilə aparılan müsahibələr, söhbətlər, ağrılı günlərin xatirələri Qərb ölkələrində artıq çoxdandır ki, qiymətli mənbələr sırasına daxil olmuşdur.

Rafael Hüseynov bu sanballı monoqrafiyası ilə şifahi tarix materiallarının elmimiz üçün, ictimai fikrimiz üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu ortaya qoydu.

Bu baxımdan onun topladığı şifahi tarix materiallarının təkcə həcmi böyük deyildir, eyni zamanda həmin materialların coğrafiyası da Rəfibəylilərin və bütövlükdə Gəncəlilərin səpələndiyi dünya qədər çox genişdir. Rafael bu dünyanı dolanıb, insanları danışdırıb və həqiqət anını meydana çıxarıb.

“Yurdun adındakı can”ın milli qayəsi kitabın ricətindən çox aydın şəkildə görsənir. Sanki vətəndaşlarımıza və xüsusilə gənclərimizə çağırış kimi səslənən bu bir neçə cümlə, Azərbaycan adlı varlığın bəşəri dəyərlərə sayğısı ilə yanaşı, ilahi gücə söykənməsindən də xəbər verir. Müəllif yazır: “ Dünyada bircə gerb var ki, üstündə “Allah” yazılıb və dörd alov dilimindən yaranan həmin ulu söz daim bu milləti qoruyar. Ən ali sərvətimiz olan istiqlalımızın yolunda can qoyanları unutmasaq! Səkkizgüşəli ulduzumuza “cənnətin açarı” deyiblər. Bu müqəddəs rəmz həmişə qarşımızda uğur qapılarını açar. Bayrağımızda qovuşan rənglərin nişan verdiyi uç böyük yola sadiq qalsaq! Keçmişi dəyişmək, gələcəyi bilmək mümkünsüzdür. Keçmişi bilərək gələcəyi dəyişmək olar. Özümüzü yaxşı tanısaq!..”

Kitabı oxuduqca əmin olursan ki, müəllifin milli ruhumuzu riqqətə gətirən bu həzin ürək yanğısı dini inanclarımızın söykəndiyi “Qurani Kərim”in, müqəddəs kitabın açarı olan səkkiz cümlədən ibarət Fatihə surəsinin, milli inanclarımızdakı elə həmin həcmdə təzahürüdür.

Bu müqayisənin fonunda Rafaelin müstəqilliyimizi iman olaraq qəbul etməsinə heyrət etməyə bilmirsən.

Bu müqayisənin davami kimi “Yurdun adındakı can” önsöz əvəzi olaraq “Allahın məktubu” ilə başlayır və müəllif haqlı olaraq yazır ki, “tarix Allahın məktubudur.”

Əsəri oxuyanda, Rəfibəylilərin Gəncədən başlanıb Azərbaycana və oradan da dünyanın bir çox güşələrinə səpələnmiş həyat hekayəti tarixinin Allahın məktubu qədər düşündürücü olduğuna iman gətirirsən. Bu hekayətin başında Ələkbər bəy Rəfibəylinin əzəmətli siması, ortasında Kamil Rəfibəylinin bu tayda qalan yeganə inşa dəftəri, sonunda isə Nigar xanımın zaman-zaman içində yaşatdığı nisgili dayanır. Bu baxımdan “Yurdun adındakı can”ı hissiz-həyacansız oxumaq olmur. Elə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, fəqət həmin parlamentin bütün iclaslarına sədrlik etmiş Həsən bəy Ağayevin kitabın əvvəlində Ənvər paşaya ünvanladığı məktub kimi. Azərbaycanın istiqlalının onun hüdudlarında bərqərar olmasında və məxsusən 1918-ci ildə Bakının yadellilərdən azad olunmasında müstəsna xidmətləri olmuş Osmanlı imperatorluğunun keçmiş hərbiyyə naziri Ənvər paşaya məktubunda Həsən bəy, onun Azərbaycanın taleyindəki haqqı-sayını xatırladaraq, hazırda bolşevik Rusiyası ilə əməkdaşlığını yanlış hesab edirdi. Həsən bəy yazırdı: “Azərbaycanın tamam sərvətinin zorən alınıb bolşeviklər tərəfindən Moskvaya göndərilməsini görən əhali daha bunların “Şərqə nicat verəcəyik” sözlərinə qətiyyən inanmırlar. İnanmaq dəxi olmaz. Zira rus Şərqin nicatı deyil, onun məmatını arzu edər. Dövlətli paşa həzrətləri! Məktubumun, şübhəsiz çox qüsuru var. Əlimdən gələni yazdım. Azərbaycanlı olduğum üçün qəlbim atəş tutub yanır. Qüsurlarımdan dolayı əfvimi dilərəm, əfəndim. Əgər zat-i aliləri tərəfindən yardım olarsa, türk Azərbaycanı kəndi haqq və istiqlalını hər halda müdafiə və mühafizə etməyə qadir olur.”

Həsən bəy Ağayevin sərt məktubu və Rafael Hüseynovun iztirablı təhkiyyəsi fonunda tarixin acı reallığı belə idi

Əsərin əvvəlində daha bir məktub insanı riqqətə gətirir. Bu, Xarkov şəhərində təhsilini başa vurub özü bu şəhərdən yazdığı sonuncu məktubdan Gəncəyə tez gələn Xudadat bəy Rəfibəylinin atası Ələkbər bəyə məktubudur. O yazırdı: “Sevgili ata! Məktubu yazıram ki, sizə burada oxuduğum illərdə yaratdığınız imkan, çəkdiyiniz zəhmətlərə, mənə etdiyiniz köməkliklərə görə təşəkkür edim. Arxayın ola bilərsiniz ki, mənə etdiyiniz yaxşılıqlar itməyəcəkdir.Yenə sizin nəsihətinizə uyğun olaraq vəd edirəm ki, sizə borcumu xalqımıza, camaatımıza vicdanla, sədaqətlə xidmət etməyimlə yerinə yetirəcəyəm. Buradakı türk tələbə yoldaşlarımla da sizin məndən istədiklərinizi söyləmişəm. Onlar da and içiblər ki, bu yolda sabitqədəm olsunlar. Mən xidmət etmək üçün gəlirəm.” Doğrudan da Xudadat bəy Gəncəyə gəldi və bütün varlığı ilə bu millətin təkcə biçarə xəstələrini deyil, onun milli ruhunu da müalicə etdi.

“Yurdun adındakı can”da Ələkbər bəy Rəfibəylinin milli mücadilə üzərində qurulmuş həyatının canlı mənzərəsi təsvir edilmişdir. Lakin bu təsvir müəllifin arzu və istəklərinin təqdimatı olmayıb, dövrün reallıqlarını özündə əks etdirən sənədlərdə süzülüb gələn həqiqətlərdir.

Milli dil və milli məktəb uğrunda mübarizə, “Difai”nin qurulması və bu vasitəylə millətin varlığının mühafizə edilməsi, cahil və nadan adamların bərəlmiş gözləri və sıyrılmış qılınclarından keçərək ailə üzvüləri ilə birlikdə Sidqi Ruhullanın teatrına gəlməsi Ələkbər bəyin həyat amalından irəli gəlirdi. M.Şahtaxtinski elə həmin vaxtlar yazırdı ki, Şərqdə kişi çoxdur, amma vətəndaş yoxdur. Ələkbər bəy Azərbaycanın da daxil olduğu Şərqin kişi bolluğunda bu yurdun tək-tük vətəndaşlarından idi. O vətəndaşlardan ki, harda bir uşaq görürdü onun valideynindən ilk ricası balacanı məktəbə aparması olurdu. 1919-cu ildə Ələkbər bəylə vida mərasimində Türk Müəllimlər İttifaqı tərəfindən dəfn mərasimində nitq irad edən Bəhram Musazadə onun Azərbaycan tarixindəki rolunu belə qiymətləndirirdi: “Ələkbər bəy bir balaca uşağın əlindən tutub irəlilədən kimi, bizim millətin əlindən yapışaraq hələ Nikolay dövründən bəri buraya kimi gətirdi.”

Kitabda Ələkbər bəyin milli-mənəvi ruhunun davamçısı kimi Xudadat bəy Rəfibəylinin parlaq obrazı yaradılmışdır. Azərbaycan milli hökumətinin ilk səhiyyə naziri, Gəncə şəhərinin valisi kimi Xudadat bəy istiqlalımızın millətimizin ruhuna hopdurulması üçün bütün fədakarlıqları etdi. 1920-ci ilin may ayında baş verən Gəncə üsyanının qaranlıq məqamlarına işıq düşdükcə bu işıqda Xudadat bəyin milli siması da apaydın görsənir. Həmin dövrdə Moskvaya yazılan gizli raporlarda Gəncəni belə böyük xalq həyəcanının bürüməsi bilavasitə Gəncə valisi Xudadat bəyin həbsi ilə bağlı olduğu göstərilirdi. Onu rolunu M.Ə.Rəsulzadə belə dəyərləndirirdi: “Məşhur vətənsevən Ələkbər bəy Rəfibəylinin oğlu Xudadat bəy Azərbaycanın işğalı üzərinə Gəncədə vali ikən həbs edilmiş, Gəncədə zühur edən üsyan əsnasında edam edilmişdir. Fədakar bir millət adamı idi.” Doğrudan da Rafael Hüseynov “Yurdun adındakı can”da bu fədakar millət adamının nəsillərə ibrət dərsi verə biləcək dolğun siyasi portretini yaradıb. Kitabda Rəfibəylilərin sonrakı fəaliyyəti haqqında son dərəcə maraqlı məqamlar vardır. Azərbaycan SSR daxili işlər orqanlarının qanlı-qadalı 1930-cu illərdə Xudadat bəy Rəfibəylinin həyat yoldaşı Cavahir xanım barədə tərtib etdiyi arayışın Rafael Hüseynov tərəfindən oxuculara təqdim edilməsi, bu ailənin Azərbaycanın istiqlalına sədaqətinin kiçik bir nümunəsidir. Orada göstərilirdi: “Rəfibəyova Cəvahir xanım. 1880-cı il təvəllüdlü. Azərbaycanlı, bitərəf, evdar qadın, Kamenisti küçəsi, 43 nömrəli evdə yaşayır. Sovet ordusu sıralarında heç kəsi yoxdur. Keçmiş Gəncə general-qubernatoru, Sovet hökuməti orqanları tərəfindən 1920-ci ildə güllələnmiş X.Rəfibəyovun arvadıdır. Oğlu Rəşid son vaxtlaradək Moskvada təhsil alırdı. İkinci oğlu Kamil müsavatçıdır. Türkiyəyə mühacirət edib, hazırda Kars şəhərində yaşayır. Türk ordusunda xidmətdədir. “Müsavat”ın İstanbul komitəsi və türk kəşfiyyatı ilə əlaqədədir. SSRİ-yə qarşı fəal kəşfiyyat işi aparır. Bizim əraziyə emissarlar yığıb göndərilməsi işi ilə məxsusi məşğul olur. Qızı – Nigar Xudadat bəy qızının indi Türkiyədə mühacirətdə yaşayan iki əmisi var. Ana və qız 1936-cı ilə qədər xariclə yazılı əlaqə saxlamışlar. Hazırda Sovet hökumətinə qarşı düşmən münasibətdədir.” Bu arayış Rəfibəylilərin həyat amalını o qədər güclü əks etdirir ki, daha ona nəyi isə əlavə etməyə heç bir ehtiyac yoxdur.

Rafael Hüseynovun bu əsərinin milli tarixçiliyimiz, vətənşünaslığımız, xalqşünaslığımızdakı bir mühüm önəmi də ondan ibarətdir ki, müəllif sovet siyasi repressiyalarının qurbanları haqqında bəzən yanlış olaraq ifadə edilən “günahsız cəzalandırılmışlar” qənaətindən imtina edir, bütün sovet onilləri boyunca mərd azərbaycanlıların həm ölkə daxilində, həm də mühacirətdə yaramaz quruluşa və ideologiyaya qarşı fəal mübarizə apardıqlarını sənədiylə-sübutuyla ortaya qoyur.

Kitabda 1920-ci ildə sovetləşməyə qarşı Gəncə dirənişinin təfsilatı ilə tanış olduqda, istər istəməz dünyanı öz məhəbbətinin cazibəsinə salmış “Əli və Nino” dastanının qəhrəmanı Əli xan Şirvanşiri xatırlamalı olursan. Sevgisi ilə vətənin istiqlalı arasında seçim anı yetişdikdə Əli xan tərəddüd etmədən Azərbaycanın istiqlalını, cazibəsində can verməyə hazır olduğu sevgisindən üstün tutmağı bacarır.

Rafaelin əsərini oxuyanda Gəncə dirənişinin mayasının haradan qidalandığını açıq-aydın görürsən. Əsərdə Gəncə mühitinin geniş dairəsi araşdırmaya cəlb edilmişdir və əslində bu kitab Azərbaycanın işıqlı adamlarının böyük bir silsiləsinin sərgiləndiyi istiqlal muzeyidir, istiqlal abidəsidir.

Rafael Hüseynovun bu əsəri millətimizin əzablı və şərəfli tarixi yolu barədə, müəllifin təsdiqlədiyi kimi “mütləq keçməli olduğumuz”, bizi biz edən yol haqqında vicdanla, qəlb yanğısıyla, dəqiqliklə qələmə alınmış misilsiz salnamədir və hər kəsə millətimizin tükənməz mənəvi qüdrətini, ən müdhiş dövrlərdə belə parlaya bilən istedadını, sönməyən inamını göstərməkdədir.

 

 

Cəmil HƏSƏNLİ,

tarix elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2010.- 20 oktyabr.- S.4.