Təhsil Nazirliyində Akkreditasiya Şurasının ilk
iclası olub
MİSİR MƏRDANOV: “TƏHSİL SAHƏSİNDƏ
YENİLİKLƏRİN TƏTBİQİNDƏ ALİ MƏKTƏBLƏR
GERİDƏ QALIR”
İclasda Şəki
Tibb Məktəbi (Kolleci), Lənkəran Dövlət Universiteti, Mingəçevir Politexnik
İnstitutu, Naxçıvan
Özəl Universiteti
və Şəki Musiqi Kollecinin akkreditasiyasının nəticələri
müzakirə edilib.
İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ötən illər ərzində prezident İlham Əliyevin təhsilə böyük diqqət və qayğısından söhbət açıb və bu sahəyə qoyulan investisiyaların ildən-ilə artdığını bildirib. Nazirin sözlərinə görə, təhsilin keyfiyyətinin yüksəldilməsi və Avropa təhsil sisteminə inteqrasiya olunması Təhsil Nazirliyinin başlıca vəzifələrindəndir. Ona görə də Akkreditasiya Şurasının yaradılması zəruri idi: “Təhsil müəssisələrinin akkreditasiyasını keçirməklə biz heç də bu və ya digər təhsil müəssisəsinin fəaliyyətini dayandırmaq məqsədi güdmürük. Əsas məqsədimiz akkreditə olunan təhsil müəssisələrində mövcud nöqsanları aşkar etməklə onların aradan qaldırılmasına nail olmaq, təhsilin keyfiyyətini yüksəltməkdir. Biz bununla bağlı düzgün ictimai rəy formalaşdırmalıyıq”. Akkreditasiya Şurasının tərkibi barədə danışarkən nazir bu quruma kifayət qədər təcrübəyə malik ekspertlərlə yanaşı, daha çox QHT nümayəndəsinin, Milli Elmlər Akademiyasının aparıcı mütəxəssislərinin də cəlb edilməsinin zəruri olduğunu qeyd edib. Hazırda Şuranın tərkibində 2 QHT nümayəndəsi var. Nazir onların sayının 4 nəfərə çatdırılmasını təklif etdi və gələcəkdə təhsil müəssisələrinin akkreditasiyasını keçirən komissiyaların üzvləri üçün vəsait ayrılmasının vacib olduğunu bildirib: “Əsas məqsədimiz akkreditə olunan təhsil müəssisələrində mövcud nöqsanları aşkar etməklə onların aradan qaldırılmasına nail olmaq, təhsilin keyfiyyətini yüksəltməkdir. Biz bununla bağlı düzgün ictimai rəy formalaşdırmalıyıq”. M.Mərdanovun dediyinə görə, təhsil müəssisələrinin akkreditasiyası təhsil prosesinin təşkilinin, müəssisənin maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələbələrinə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti 5 il müddətinə uzadılması üçün təminat yaradır: “Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına 2005-2006-cı tədris ilindən başlanıb. Ötən 4 il ərzində yalnız ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası keçirilirdi. Bunun üçün Təhsil Nazirliyində daimi fəaliyyət göstərən Akkreditasiyası komisiyası yaradılıb. Bu müddətdə 21 ali və 11 orta ixtisas təhsili müəssisəsi akkreditə olunub. “Təhsil haqqında” Qanuna müvafiq olaraq Təhsil Nazirliyində təhsil müəssisələrin akkreditasiyasını həyata keçirən Akkreditasiya şöbəsi yaradılıb. Şöbə öz işində Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na istinad edir və bütün təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirir. Təhsil müəssisələrinin akkreditasiyasının nəticələri Təhsil Nazirliyinin əmri ilə yaradılan Akkreditasiya Şurasının iclaslarında müzakirə edilir”.
Şəki Tibb Məktəbinin (Kollecinin) akkreditasiyasının nəticələrinə dair Akkreditasiya Komissiyasının sədri, Bakı 2 saylı baza Tibb Məktəbinin direktor müavini Nəzakət Mustafayeva məlumat verərək bildirib ki, rəhbərlik etdiyi komissiya Şəki Tibb Məktəbinin özünütəhlil hesabatı və təqdim etdiyi digər sənədlər əsasında bu təhsil müəssisəsinin dövlət təhsil standartlarına uyğunluğunu araşdırıb, attestasiyaya təqdim olunan 3 ixtisasdan hər biri üzrə 6 fənni əhatə edən və 60 sualdan ibarət olan testlərdən istifadə etməklə sonuncu kursda oxuyan tələbələrin bilik səviyyəsini yoxlayıb. Yoxlama zamanı bütün ixtisaslar üzrə müvəffəqiyyət və keyfiyyət göstəriciləri 100 faiz olub. 64 tələbənin biliyi “əla” (64 faiz), 36 tələbənin biliyi isə “yaxşı” (36 faiz) qiymətləndirilib. Akkreditasiya komissiyası Məktəbin fəaliyyətində bir sıra nöqsanlar da aşkar edib. Buna bəzi müəllimlərin fənn birləşmə komissiyasının tərkibinə daxil edilməməsini, dövlət imtahanı cədvəlində bir sıra fənlərin adlarının təhrif olunmasını, tədris olunan əksər fənlər üzrə proqramların qrifinin olmamasını misal göstərmək olar.
Müzakirə zamanı Misir Mərdanov bu məktəbdə kadr potensialının zəif olduğunu qeyd edib. Məlum olub ki, Şəki Tibb Məktəbində müəllim heyəti hər il yeniləşir. Bu isə tədrisin səviyyəsinə mənfi təsir göstərir. Bu təhsil müəssisəsində tələbələrin keyfiyyət və müvəffəqiyyət göstəricilərinin belə yüksək olmasını nazir inandırıcı hesab etməyib: “Azərbaycanda istənilən təhsil müəssisəsində tələbələr yoxlama zamanı “kafi” və “qeyri-kafi” qiymətlər də alırlar. Burada isə vəziyyət çox fərqlidir. Lakin Şəki Tibb Məktəbinin kadr təminatının və maddi-texniki bazasının zəif olması tələbələrin belə yüksək göstəricilər əldə etməsinin mümkünlüyünü şübhə altına alır”.
Lənkəran Dövlət Universitetinin akkreditasiya nəticələri haqqda məlumat verən Şuranın sədr müavini, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib ki, Lənkəran Dövlət Universiteti regionda yerləşsə də, onun göstəriciləri Bakıdakı təhsil müəssisələrinin bir çoxunun göstəricilərindən xeyli yüksəkdir. Yoxlamada bakalavriat səviyyəsində sonuncu kursda təhsil alan 111 tələbənin hamısı iştirak edib. Yoxlamanın nəticəsinə görə, onların müvəffəqiyyət göstəricisi 90,1 faiz, keyfiyyət göstəricisi 49,5 faiz olub. Tələbələrin attestasiyasının nəticəsinə görə, ən yüksək göstərici “Coğrafiya” ixtisası üzrə olub. 50 faizdən aşağı keyfiyyət göstəricisi isə “Biznesin təşkili və idarə edilməsi”, “Biologiya”, “Azərbaycan dili və ədəbiyyatı” ixtisasları üzrə olub. Komissiya Universitetdə professor-müəllim heyətinin tərkibində alimlik dərəcəsi və elmi adı olanların 55 faizidən az olmasını, bir sıra fənlər üzrə yerli kadrların olmaması səbəbindən 20 faizə qədər mütəxəssisin kənardan cəlb edilməsini və bir sıra digər nöqsanları üzə çıxarıb.
Akkreditasiya Komissiyası Universitetdə mütəxəssis hazırlığının səviyyəsi və keyfiyyətinin “kafi” qiymətləndirilməsini və təqdim olunan bütün ixtisasların akkreditasiyadan keçməsini tövsiyə edib.
Müzakirə zamanı Təhsil Nazirliyi Aparatının rəhbəri, Akkreditasiya Şurasının üzvü İlham Pirməmmədov fənn proqramlarının qrifsiz olması və tədris planlarının Universitet rəhbərliyi tərəfindən təsdiq edilməməsi faktını mənfi hal kimi qiymətləndirib.
Məsələyə münasibət bildirən nazir Misir Mərdanov təhsil sahəsində yeniliklərin tətbiqində ali məktəblərin hələ geridə qaldığını qeyd edib. Nazir deyib ki, Lənkəran Dövlət Universitetində müəyyən edilən problemlər ötən illərlə müqayisəli şəkildə təhlil edilməlidir. Onun qənaətinə görə, ötən 4-5 il ərzində Universitet xeyli inkişafa nail olub və tanınmağa başlayıb. Bu, universitetin rektoru Asəf İsgəndərovun göstərdiyi səylərin nəticəsidir. Burada maddi-texniki bazanın gücləndirilməsi, müəllim heyətinə yerli kadrların cəlb edilməsi mövcud problemləri müəyyən qədər aradan qaldırıb. Nazir Komissiyanın arayışında qeyd olunanlarla razılaşdığını və bu təhsil müəssisəsinin fəaliyyətindən ümumilikdə razı qaldığını söyləyib. Lənkəran Dövlət Universitetinin rektoru A.İsgəndərov Təhsil Nazirliyinə və şəxsən Misir Mərdanova maddi-texniki bazanın gücləndirilməsində Universitetə göstərilən yardıma görə təşəkkürünü bildirib və üzləşdikləri iki əsas problemdən – Universitetdə idman zalının olmaması və kompüter təchizatının zəif olmasından danışıb.
İlham Pirməmmədov xatırladıb ki, akkreditasiya prosesi başa çatdıqdan sonra təhsil müəssisələri nöqsanları aradan qaldırmaq üçün xüsusi tədbirlər planı hazırlamalı və həyata keçirməlidir.
Mingəçevir Politexnik İnstitutunun akkreditasiyasının nəticələrinin müzakirəsi Misir Mərdanovun bu təhsil müəssisəsi haqqında söylədiyi fikirlərlə başlayıb. Bu günə kimi Mingəçevir Politexnik İnstitutu haqqında heç bir şikayət daxil olmadığını söyləyən nazir bu ali təhsil müəssisəsinin rəhbəri haqqında xoş sözlər deyib: “Ali məktəbə rəhbərlik edən şəxsdən çox şey asılıdır və bu baxımdan Akif müəllimin fəaliyyətini çox yüksək qiymətləndirirəm”.
Mingəçevir Politexnik İnstitutunun akkreditasiyasının nəticələrinə dair məlumat verən Akkreditasiya Komissiyasının sədri Ayaz Abdullayev yoxlama zamanı sonuncu kursda təhsil alan tələbələrin bilik səviyyəsinin müəyyənləşdirilməsində 134 tələbədən 130-nun iştirak etdiyini bildirdi və qeyd edib ki, burada tələbələrin müvəffəqiyyət göstəricisi 98,5 faiz, keyfiyyət göstəricisi 93,8 faiz olub. İnstitutda mütəxəssis hazırlığı aparılan bir sıra ixtisaslar üzrə maddi-texniki bazanın zəif olması, bəzi müəllimlərə 5-6 fəndən dərs yükünün planlaşdırılması, fənn proqramlarının bir çoxunun Təhsil Nazirliyinin qrifi ilə nəşr edilməməsi, professor-müəllim heyətinin tərkibində alimlik dərəcəsi və elmi adı olanların 55 faizdən az olması kimi nöqsanlar aşkar edilib.
Naxçıvan Özəl Universitetinin akkreditasiyasının nəticələri haqqında Şura üzvlərinə Akkreditasiya Komissiyasının sədri, professor Əlican Babayev məlumat verib. O, Universitetin maddi-texniki bazasının yüksək olduğunu, orada müasir elektron sistemin tətbiq olunduğunu, məşğələlərdə smart lövhələrdən istifadə edildiyini vurğulayıb.
Komissiyanın sədri Universitet üzrə bakalavriat səviyyəsində sonuncu kursda təhsil alan 111 tələbədən yoxlamada 109 nəfərin iştirak etdiyini deyib. Yoxlamanın nəticəsinə görə, onların müvəffəqiyyət göstəriciləri 89,9 faiz, keyfiyyət göstərisi 70,6 faiz olmuşdur. Akkreditasiya Komissiyası Universitetdə bir sıra nöqsanlar da aşkar edilib.
Şəki Musiqi Kollecinin akkreditasiyasının nəticələri barədə məlumat verən Bakı Musiqi Akademiyasının dosenti, əməkdar incəsənət xadimi Həcər Babayeva qeyd edib ki, Kollecin ən böyük problemi orada kadr potensialının zəif olmasıdır. Bundan başqa, Kollecin fənn proqramları 2001-ci ildən sonra yeniləşməmişdir və onların çoxu qrifsizdir. “İmtahana düşən suallar qəbuldakı suallarla eynidir və onların əksəriyyəti çox sadədir”. H.Babayeva Akkreditasiya imtahanlarında sonuncu kurs tələbələrinin müvəffəqiyyət və keyfiyyət göstəriciləri müvafiq olaraq 98,5 faiz və 98,5 faiz olsa da, Komissiya öz arayışında tədrisin maddi-texniki bazasının zəif olduğunu, pedaqoji heyətin tərkibində ali təhsillilərin 50 faizdən az olduğunu, tədris-metodik vəsaitlərin kifayət qədər olmadığını, kitabxanada ixtisas fənlərindən kifayət qədər ədəbiyyatların, musiqi notları və ümumtəhsil fənlərindən dərsliklərin olmadığını vurğulayıb. Akkreditasiya Komissiyası attestasiyaya təqdim olunmuş 6 ixtisasdan yalnız üçünün – “Orkestr alətləri”, “Xalq çalğı alətləri” və “Xor dirijorluğu” ixtisaslarının akkreditasiyadan keçməsini, “Fortepiano”, “Xanəndəlik” və “Musiqi nəzəriyyəsi” ixtisasları üzrə müəllimlərin 70 faizdən çoxunun orta ixtisas təhsilli olması səbəbindən həmin ixtisasların akkreditasiyadan keçməməsini tövsiyə edib.
Şuranın sədr müavini Həbib Zərbəliyev isə bildirib ki, bu Kollecdə ötən Akkreditasiyadan sonrakı müddət ərzində yeni rəhbərlik tərəfindən tədris prosesinə yeni müəllimlər cəlb edilib, musiqi alətləri alınıb, Komissiyanın rəyində göstərilib nöqsanların bir çoxu aradan qaldırılıb: “Əgər Şura üzvləri etiraz etmirsə, Akkreditasiya Komissiyasının sədri bu faktları araşdırıb məlumat versin. Ondan sonra qəti qərar çıxarmaq olar”.
İclasda Kollecdə musiqi alətləri ilə bağlı problemlərin tam aradan qaldırılması üçün Yaponiyanın xüsusi təşkilatları ilə danışıqlar aparılması təklif edilib. Bu məsələlərə münasibət bildirən Şəki Musiqi Kollecinin direktoru Sərdar Şərifov doğrudan da Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tərəfindən müəssisəyə 1 royal hədiyyə edildiyini, 2 yeni pianonun alındığını və daha 2 royalın təmir olunduğunu vurğulayıb.
Akkreditasiya Şurasının ilk içlasını Akkreditasiya şöbəsinin ötən müddət ərzində gördüyü işlərin və ümumilikdə fəaliyyətinin təqdimatı kimi dəyərləndirən Misir Mərdanov tədbirin sonunda ilk müzakirəni müsbət qiymətləndirib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2010.- 20 oktyabr.- S.2.