İsfar Sarabskinin Beynəlxalq
Caz Festivalı çərçivəsində
konserti anşlaqla keçib
Azərbaycanın istedadlı caz ifaçısı, 43-cü Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabski Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində konsert verib. APA-nın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə İsfar Sarabskini basda Emil Həsənov, zərb alətlərində Aleksnadr Maşin müşayiət edib. Festivalın aparıcısı Rahib Azəri deyib ki, artıq Bakıda keçirilən “Beynəlxalq Caz Festivalı –2010”la bağlı dünyaca məşhur “Euronews” kanalında tanıtım çarxlarının da nümayişinə başlanılıb. İsfar Sarabski konsert proqramında repertuarına yeni daxil etdiyi caz kompozisiyaları ilə yanaşı, ifasında çox sevilən və dünyaya səs salan musiqilərə də yer ayırıb. Gənc pianoçunun hər bir ifası çoxsaylı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Festival çərçivəsində konsertlərdən ilk anşlaqla baş tutan məhz İsfarın çıxışı olub. Azərbaycanlı musiqiçi həm yerli, həm də əcnəbi musiqisevərlərin diqqət mərkəzində olub. Tamaşaçıların onun sənətinə göstərdiyi diqqətdən razılığını bildirən İsfar Sarabski APA-ya açıqlamasında pərəstişkarlarının ona və sənətinə olan sevgisini itirməmək üçün hər zaman öz üzərində işləyəcəyini deyib: “Bakıda Caz Festivalının keçirilməsi və bu festivalda konsertimin təşkil olunması mənə çox xoşdur. Sevinirəm ki, doğma Bakımızda bu cür mötəbər və dünyanın bir çox caz musiqiçilərinin iştirak etdiyi caz bayramı keçirilir. Xalqımızın cazı dinləməsi və bu musiqiyə həvəs göstərməsi də ayrıca bir sevincdir. Vətənimdə, xalqım qarşısında konsert verməkdən çox məmnunam”. İsfar Sarabski festival çərçivəsində konsertləri təşkil olunan dünya caz musiqiçiləri ilə də tanış olduqlarını deyib. Gələcəkdə Bakıda keçirilən Beynəlxalq Caz Festivalının daha yüksək səviyyədə təşkilinə ümid edən gənc pianoçu, bu festivalı dünyada ən yaxşı festivallardan biri kimi qiymətləndirib: “Əylənmək, başqa nələrsə haqqında düşünməklə yaxşı musiqiçi olmaq olmur. Gənc musiqiçilər gərək öz üzərlərində daha çox işləsinlər və mən bu yolu tutmuşam. Ən önəmlisi məqsədə çatmaq üçün lazımi qədər çalışmaqdır”. İsfar, eləcə də konsertinin anşlaqla baş tutmasından sevincini dilə gətirib və xalq tərəfindən bu cür sevgi ilə qəbul olunmasından xoşbəxt olduğunu əlavə edib. Qeyd edək ki, “Bakı Beynəlxalq Caz Festivalı-2010” Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Mədəniyyət Fondu, “Sweet production”un təşkilatçılığı ilə keçirilir. Festival oktyabrın 30-dək davam edəcək.
525-ci qəzet.- 2010.- 21 oktyabr.- S.7.