“Milli dəyərlər
və qloballaşma məsələsində
“qızıl orta”nı tapmağa
çalışmalıyıq”
AYDIN XAN ƏBİLLİ: “QLOBALLAŞMANIN GƏTİRDİYİ
YENİLİKLƏR MİLLİ DƏYƏRLƏRLƏ
TOQQUŞMAMALI, ƏZƏLİ MƏNƏVİ KEYFİYYƏTLƏRİN
SƏRHƏDİ QLOBALLAŞMANIN SƏRHƏDLƏRİNƏ
QƏDƏR OLMALIDIR”
Tanınmış yazar və kulturoloq Aydın Xan Əbilli ilə qloballaşmanın Azərbaycana gətirdiyi müsbət və mənfi cəhətlər, bu prosesin milli mədəni dəyərlərimizə təsiri və gender anlayışına cəmiyyətimizdəki münasibət haqqında onun fikirlərini öyrənmək üçün söhbətləşdik.
– Milli mənəvi dəyərlər baxımından yanaşdıqda, sizcə, qloballaşma Azərbaycana hansı müsbət və mənfi məqamlar gətirib?
– Azərbaycanlılar və türklər həmişə dünyada gedən bütün proseslərin içində, bəlkə də mərkəzində olublar. Bizim yerləşdiyimiz ərazi də bunu ehtiva edir. Azərbaycan Şərq Qərb, xristian və müsəlman dünyasının mərkəzində, sərhədlərin qovşağındadır. Həmişə qloballaşmaya və dünyanın birləşməsinə səy göstərmişik. Türklər və azərbaycanlılar tarixən də, indinin özündə də həmişə Şərq və Qərb dünyasını birləşdirmək üçün mühüm addımlar atıblar. Azərbaycanda atəşgah var, islam dininə məxsus dəyərli abidələr, pirlər, həmçinin alban xristian kilsələri mövcuddur. Bütün dünyada artıq Azərbaycan millətlərin, mədəniyyətlərin, xalqların və svilizasiyaların birləşdiyi çox unikal bir məkan kimi qəbul olunub. Bu baxımdan qloballaşmanın Azərbaycanda belə sürətlə yayılmasına və milli dəyərləri belə öz təsiri altına almasına normal baxmaq lazımdır. Biz dövlət müstəqilliyimizi ikinci dəfə bərpa edəndən sonra ilk əvvəl iqtisadi qloballaşma prosesinə qoşulduq və ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində böyük neft kontraktları bağlandı. Zaman keçdikcə Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirəndən sonra, bir çox sosial iqtisadi problemlərini həll edəndən sonra artıq dünyanın digər qlobal proseslərinə qoşulmağa başladı. Azərbaycanın təşəbbüsü ilə dinlər, musiqi, muğam idmanla bağlı dünya səviyyəli düşüncəyə malik insanların birləşdiyi tədbirlər tez-tez keçirilir. Artıq YUNESKO, BMT və digər beynəlxalq təşkilatlar da Şərq-Qərb dialoqunda Azərbaycanı mərkəzçi bir ölkə kimi qəbul edirlər. Bu da gənc və müstəqil dövlət olaraq qloballaşa proseslərində ön sıralardan birinə keçməyimizə dəlalət edir. İstənilən dəyişiklik həm müsbət, həm mənfi tərəfləri ilə insanlara, xüsusilə də ayrı-ayrı fərdlərə böyük təsir göstərir.
QLOBALLAŞMA ÖZÜYLƏ
YENİ DƏYƏRLƏR, SİSTEMLƏR,
DÜNYAGÖRÜŞLƏR VƏ FƏRQLİ FƏLSƏFƏ
GƏTİRİR.
Bu fəlsəfə isə bəzən yerli xalqların və millətlərin, o cümlədən azərbaycanlıların milli mənəvi dəyərləri ilə üst-üstə düşə bilər, yaxud müəyyən mənada əksi ola bilər. İnkişaf həmişə qurban tələb edr. Əgər biz yalnız qloballaşmanın yaxşı tərəflərini götürmək istəsək və onun müəyyən həmlələrinə, tələblərinə qarşı sipər çəkmək istəsək, yox, bu mümkün deyil. Qloballaşma çox önəmli, maraqlı, sivilizasiya və bəşər tarixində sanki sunamiyə çevrilmiş bir hadisədir. İslam dininin özü qloballaşmanın bir təzahürü idi. Yaxud türklərin imperiya yaratması və Avropaya qədər getməsi qloballaşmanın bir təzahürü sayıla bilər. Amma onda zaman yetişməmişdi. İndi isə zaman yetişib, insanlarımız hiss edir ki, bəşəriyyətlə bağlı baş verən bütün hadisələrin içində olmalıdırlar. Əksini istəyiriksə, bu sadəcə bizi əzəcək. Təbiət hadisəsi olaraq özümüzü böyük dalğanın ağuşuna buraxsaq, onun təsiri az olacaq, amma ona qarşı vuruşmaq istəsək məhv olub gedəcəyik. Bu mənada qloballaşma sözsüz, Azərbaycana çox yeniliklər gətirib. Artıq cəmiyyət, fərd olaraq biz dünyaya açılmışıq. Dünya bizə açılıb, bir çox qanun və qərarlarımız, dəyərlərimiz artıq dünya səviyyəsində qəbul edilir. Məsələn, böyüyə hörmətdən tutmuş muğam kimi estetik dəyərlərə qədər. Biz bu dəyərlərimizi dünyanın qlobal dəyərlər sisteminə çevirə bilmişik. İran yaxud Özbəkistan muğamından söhbət gedəndə, bizim muğamımızı standart kimi götürüb, onunla müqayisə aparırlar. Yaxud dinlərlə, ayrı-ayrı xalqların dininə, ədəbiyyatına, mədəniyyətinə qayğı ilə bağlı. Və ya müxtəlif etnik təfəkkürə malik insanların Azərbaycanda sərbəst yaşamasını nümunə kimi götürürlər. Bütün bunlar bizim də qloballaşmaya verdiyimiz dəyərlərdir. Bu baxımdan
QLOBALLAŞMA İLƏ BİRGƏ
HƏLƏ BİZƏ ÇOX YENİLİKLƏR GƏLƏCƏK
VƏ BİZ BUNA HAZIR OLMALIYIQ.
Qloballaşmanını ən birinci qanunu budur ki, istər fərd, istər millət olsun, gələn bütün şeylərə açıq olmalı, tolerant olmalı, ikincisi intellektual olmalısan. Sözsüz, intellekti, savadı olmayan insan və millət qloballaşmada məhv olub gedəcək, əriyib yox olacaq, digər xalqların, etnik qrupların tərkibinə daxil olacaq, bunun qarşısını yalnız və yalnız güclü təhsil, intellektual və elmi inkişafı dünya səviyyəsinə qaldırmaqla almaq və qloballaşmanın mənfi təzühürlərinin təsirini azaltmaq mümkündür. Eyni zamanda dünyanın aparıcı xalqlarının sırasına qoşulmaq istəyiriksə, qoballaşmaya öz töhfəmizi verməliyik. Biz buna müsbət yanaşırıq, amma hazırlıqlı olmağı da unutmamalıyıq.
– Necə düşünürsünüz, qloballaşma Azərbaycan ailəsində, milli ailə dəyərlərimizdə nəyi dəyişdirib?
– Əslində bizim ailə institumuzda və milli dəyərlər sistemimizdə bir çox cəhətlər var ki, bunlar, ola bilər, başqa xalqlara qəribə görüsün. Amma bunlar ümumiyyətlə, sivilzasiyanın gətirdiyi proseslərin məntiqi nəticəsi kimi ortaya qoyulub. Yəni qloballaşmadan əvvəl də bu proseslər yavaş-yavaş arxa plana keçirdi. Oxucuya daha aydın olsun deyə bir misal gətirmək istəyirəm: Bakıda heç kim çadır toyu etmir. Yaxud ailələrdə 4-5 uşaq yoxdur, o ki qaldı 10 ola. Əvvəl olurdu, onları evləndirmək, ev-eşik sahib etmək, yaşatmaq üçün mübarizə aparmaq lazım idi. Bunun üçün isə mütləq idi ki, dəyərlər sistemi kəşf edəsən. Xalqımızın bununla bağlı müəyyən dəyərlər sistemi olub. Amma
ƏNƏNƏVİ DƏYƏRLƏR
SİSTEMİ İNDİ O QƏDƏR DƏ İŞLƏK
DEYİL, ÇÜNKİ QLOBALLAŞAN DÜNYADA
YAŞAYIRIQ.
Öz ailəmizi götürüm: Vaxtilə ailədə 8 uşaq olmuşuq, indi yalnız mən burda yaşayıram, qalanları hamısı dünyanın müxtəlif ölkələrindədirlər. O insanlardan necə tələb edə bilərik ki, sırf qədimdən gələn milli adət-ənənələrlə yaşayın. Əlbəttə, dəyərli nümunələri yaşatmaq lazımdır. Bizim 50 milyonluq xalqımız və 300 milyonluq türk dünyası qədimdən gələn adət-ənənələri istər-istəməz öz ailəsində yaşadır. Bu, Novruz bayramıdır, mətbəximiz, musiqimiz, böyüyə hörmət, qadın-kişi münasibətlərindəki səmimiyyət və sairədir. Amma Rusiyada, Amerikada, hətta Cənubi Afrikada yaşayan azərbaycanlıdan tələb edə bilmərik ki, vaxtilə nənələrimizin, babalarımızın daşıdığı adət-ənənələrlə ailəni və özlərini idarə etsinlər. Bu mümkün deyil, çünki onlar ayrı mühitdə yaşayırlar. Və yaxud qloballaşmaya doğru biz onsuz da xeyli vaxtdan bəri addım-addım gedirdik. Elə götürək urbanizasiya məsələsini. Obyektiv və subyektiv səbəblərdən kəndlərimiz boşalırdı. Qarabağ münaqişəsi nəticəsində Qərbi Azərbaycandan, digər bölgələrdən mərkəzə köç baş verdi. Əvvəl paytaxt Bakıda 1 milyon yarım əhali yaşayırdısa, indi insanların sayı 4 milyona çatıb. Urbanizasiya, şəhərləşmə az-çox bizim adət-ənənələrimizi də, necə deyərlər, redaktə etmişdi. Kənddə yaşayanda bir qonşunu çağırmaq üçün qışqıra bilərdik, elə deyilmi? Amma şəhərdə 4 milyonun hamısı qışqırsa, görün nə olar. Bu məsələlər bir qədər mübahisəli məsələlərdir və bütün dünyada dartışılır. Bu dartışmada hər halda ortaq məxrəc tapmaq çətindir. Bu baxımdan fikirləşirəm ki, milli dəyərlər və qloballaşma məsələsində “qızıl orta”nı tapmağa çalışmalıyıq. Qloballaşmanın gətirdiyi yeniliklər milli mənəvi dəyərlərlə toqquşmamalı, əzəli mənəvi keyfiyyətlərin sərhədi qloballaşmanın sərhədlərinə qədər olmalıdır. Ondan o tərəfə keçməməlidir. Keçəndə artıq pozuntular ola bilər. Bizim milli dəyərlərimiz var. Onlardan misal gətirdik.
ÇALIŞMALIYIQ Kİ,
MİLLİ DƏYƏRLƏRİ QLOBAL DÜNYANIN DƏYƏRLƏRİNƏ
ÇEVİRƏK.
Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva, Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə böyük işlər görürlər. Bu işləri hamılıqla davam etdirməyimiz gərəkdir.
– Dediniz ki, Azərbaycanın milli dəyərləri qloballaşmanın gətirdiyi yeniliklərlə toqquşmamalıdır. Bu sahədə balans yaratmaq mümkündürmü?
– Biz onsuz da
qloballaşmanın qarşısını ala
bilməyəcəyik. Dediyim kimi, bu bir
sunamiyə bənzəyir. Baxmır ki,
hansı xalqsan, millətsən, ortaya yeni sistem və
dəyərlər gətirir.
İstəsək də, istəməsək
də, artıq azərbaycanlı uşaqlar
sırf azərbaycanlı
deyillər. Şəbəkədə otururlarsa, artıq internet övladı, zəmanə
övladlarıdırlar. Millət və onun gələcəyi
də bu uşaqlardan asılıdır.
Fransızlar da mübahisə
edirdilər ki, qloballaşma onlara nə verəcək, amma Avropa Birliyinin
içində “əriməyə”
başladılar. Sivilizasiyanın gətirdiyi hər bir yenilik insanın
firavanlığı üçün
düşünülüb. Qloballaşma
düşüncədə, həyat tərzində dəyişməyi tələb
edən prosesdir.
Bəlkə biz Braziliyanı unutmuşuq,
amma Ronaldinonu bütün dünya tanıyır. Deməli, qloballaşma
hər bir insana təsir etməlidir. Biz də
yalnız burda yaşayan 9 milyon azərbaycanlı haqqında
yox, dünyadakı 50
milyon azərbaycanlı
haqqında təsəvvür
yaratmalıyıq ki, dünyaya açıq olan qlobal bir
millətik. Hər halda, biz dünya
ilə işləmək
və dünyaya nələrsə vermək
istəyirik. Amma qloballaşma,
sözsüz ki, millətlərə, dövlətlərə,
sistemlərə təsir
edir, ən böyük təsiri sözsüz ki, fərdlərədir. Hər bir
azərbaycanlı, 50 milyon
olaraq, məsuliyyət
daşıyır ki, Azərbaycan, azərbaycanlı
kimi qloballaşmada yerini dürüst müəyyənləşdirsin.
– Gender bərabərliyi
də qlobalaşma ilə daha da
aktuallaşan dəyərlərdən
sayılır. Sizin Azərbaycanda gender anlayışına
baxışınız necədir?
– Əslində, mən tarixə ekskurs etmək istəmirəm, amma bir məqamı
mütləq vurğulamalıyam
ki, Azərbaycan Cümhuriyyəti Şərqdə
qadına ilk seçilmək
və seçki hüququ verən dövlət olub. Heç
ABŞ-da, Avropa ölkələrinin qadınlarının
o zaman belə hüquqları yox idi. Ümumən götürəndə, Azərbaycan
həmişə qadın
və kişi
bərabərliyinin gözləndiyi
bir məkan kimi qəbul olunub. Azərbaycanın dahi şairi
Nizami Gəncəvinin
əsərlərindən tutmuş,
indiyə qədər
yazıb-yaradan yazıçılarımızın
əsərlərində baş
qəhrəmanlar həm
də qadınlar olub. Məsələn,
“Leyli və Məcnun”, “Xosrov və Şirin”, ilk müsbət, ilk kübar,
ilk hökmdar qadın
obrazı Nizamidən tutmuş Füzuliyədək
ədiblərimizin yaradıcılığında
öz əksini tapıb. Bizdə qadını əzmək
meyli, digər xalqlardan fərqli olaraq, şüurumuzda oturuşmayıb. Bu baxımdan bizim işimiz daha asandır. Gender məsələsi ortaya atılanda mən onun feminizm tərəfini
deyil, daha çox balanslaşdırma
məsələsini nəzərdə
tuturam. Biz bunu çox asan həzm etdik.
BİZDƏ QADINA – ANAYA, BACIYA,
BİBİYƏ, XALAYA HƏDSİZ DƏRƏCƏDƏ
BÖYÜK HÖRMƏT VAR.
Bir çox xalqlar var ki, orda
söyüşlərin əksəriyyəti
anaya, qadına ünvanlanırsa, bizdə
qadını söymək
çox ağır günah sayılır. Bu baxımdan Azərbaycanda məsələ çox da kəskin deyil. Amma sözsüz ki,
bizim problemlərimiz də var. Son vaxtlar Azərbaycan qadını ilə bağlı həddən artıq ciddi problemlərlə rastlaşırıq. Qadın alverindən
tutmuş, məişət
zorakılığına qədər
bir çox məsələlər artıq
problem halındadır. Ailələrin dağılmasının əsas səbəbkarları
indi qadınlar olmağa başlayıb.
Bunun müsbət və mənfi cəhətlərini
qoyuram bir tərəfə, amma iqtisadi problemlər, kanallarda teleserialların təbliğ etdiyi yaşayış tərzi,
meşşanlıq və
digər məsələlər
qadınlarımızın özlərinə və ətrafdakılara problem yaratmalarına
səbəb olub.
Bunun qarşısını ancaq
maarifləndirmə, intellektual
səviyyəni artırmaqla
almaq olar. İnanmıram ki, intellektual
qadın öz ailəsini dağıtsın.
Bu baxımdan məsələlərə bir
qədər fəlsəfi
yanaşmağın tərəfdarıyam.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2010.-
21 oktyabr.- S.6.