Azərbaycan dirijorluq
sənətinin İtaliya təntənəsi
ƏYYUB QULİYEVİN PARMADA KEÇİRİLƏN
ARTURO TOSKANİNİ ADINA BEYNƏLXALQ MÜSABİQƏDƏKİ
ÇIXIŞLARI BAŞ MÜKAFATLA – “QRAN PRİ” İLƏ
QİYMƏTLƏNDİRİLİB
İstedadlı musiqiçi,
Azərbaycanda yeni nəslə mənsub ən mahir və
tanınmış dirijor
olan Əyyub Quliyev Avropanın çox nüfuzlu musiqi yarışmalarından
birində – Arturo Toskanini
adına IX Beynəlxalq Dirijorlar Müsabiqəsində “Qran-Pri”yə
layiq görülüb.
Müsabiqə İtaliyanın Parma şəhərində oktyabrın 5-dən
16-dək keçirilib. İtaliya
prezidentinin himayəsilə gerçəkləşən
müsabiqə ilk dəfə olaraq, Parmanın “Teatro di Reggio” Opera
Teatrının təşkil etdiyi nüfuzlu “Verdi-2010” Opera
Festivalı ilə birgə düzənlənib.
Müsabiqənin əsas təşkilatçıları – Arturo Toskanini Fondu, Cüzeppe Sinopoli Festivalı və Toskanini
Filarmonik orkestridir.
3 mərhələdən ibarət
olan müsabiqəyə 35 ölkədən 171 nəfər
dirijor müraciət edib və onlardan yalnız 12 nəfəri
1-ci mərhələyə vəsiqə qazanıb. Tələb
olunan şərtlərə əsasən, gənc dirijorlar hər
mərhələdə Toskanini Filarmonik orkestri ilə Y.Haydn,
V.Mosart, L.Bethoven, İ.Brams və S.Prokofyevin müxtəlif
irihəcmli simfonik əsərlərini hazırlamaqla bərabər,
onları konsertdə ifa etmək bacarıqlarını
nümayiş etdiriblər. Müsabiqənin 1-ci mərhələsində
iştirak edən Azərbaycan, Amerika, Avstriya, Fransa,
İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Rusiya və Serbiya
təmsilçisi olan 12 nəfərdən yalnız 4-ü
yarımfinala və 2 nəfəri isə finala vəsiqə
qazanıb. Oktyabrın 16-da Parmanın məşhur “Paqanini
Auditorium” salonunda keçirilən final mərhələsi və
bağlanış konsertində çıxış edən Əyyub
Quliyev 1-ci yerə layiq görülüb. Keyko Mitsuhaşi
(Yaponiya) isə 2-ci yeri tutub. Əyyub Quliyev, eyni zamanda,
Cüzeppe Sinopoli Fondunun təsis etdiyi baş mükafatla da təltif
olunub. Beləliklə, o, müsabiqə tarixində bu nailiyyətə
imza atan ilk Azərbaycan dirijoru olub. Gənc dirijorların
çıxışlarını dünya şöhrətli
dirijor, professor M.Yurovskinin (Almaniya) sədrliyilə P.Antonini,
P.Minardi, L.Ferrari (İtaliya) ve M.Orteqa Püyol (İspaniya) kimi
ünlü simaların təmsil olunduqları münsiflər
heyəti qiymətləndirib.
GÜNEL
525-ci qəzet.-
2010.- 22 oktyabr.- S.7.