Şəxsiyyət və yaradıcılıq fenomeni haqqında monoqrafiya

 

Cavan yaşında artıq ədəbiyyatımızın patriarxları sırasına daxil olmuş görkəmli söz adamı Nizami Cəfərovun yaradıcılığı son illər ədəbiyyatşünasların diqqətini daha çox cəlb edir. Onun haqqında ayrı-ayrı məqalələrlə yanaşı, Rüstəm Kamal, Rahid Ulusel, Mübariz Məsimoğlu, Tehran Əlişanoğlu, A.Aydınqızının monoqrafiyaları nəşr olunub. Bu sıradan növbəti əsər də tanınmış ədəbiyyatşünas, Anar, Sabir Rüstəmxanlı, Əlabbas və bu sətirlərin müəllifi barədə (eləcə də “60-cı illər nəsrinin etik problemləri” adlı monoqrafiyanı qeyd etməmək olmaz) kitabların müəllifi, fəlsəfə elmləri namizədi Sabir Bəşirovun yenicə işıq üzü görmüşNizami Cəfərov: şəxsiyyət və yaradıcılıq fenomeni” monoqrafiyasıdır.

Filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, MM-in mədəniyyət komissiyasının sədri... Nizami Cəfərovun öz istedadının və savadının miqyasilə qazandığı titul və vəzifələrdir. Onun yaralıcılıq ömrünün bəhrəsisə 1991-ci ildən bəri qələmə aldığı monoqrafiyalar, beşcildlik “Seçilmiş əsərləri”, dördcildlik “Türk xalqları ədəbiyyatı”dır. Təxminən 20 illik bir dövrü əhatə edən bu sanballı yaradıcılıq məhsulu görkəmli tədqiqatçının doğrudan şəxsiyyət və yaradıcılıq fenomeni olduğunu göstərir. Nizami Cəfərovun dil və ədəbiyyata nüfuzunun dairəsi o qədər genişdir ki, onun toxunduğu sahələri bir monoqrafiyada araşdırmaq çox çətindir. O, folklorşünas, dilçi, mətnşünas, Azərbaycanşünas, türkoloq, ədəbiyyat tarixiçisi, tənqidçi, müasir ədəbi prosesin tədqiqatçısı kimi ayrı-ayrılıqda oxuculara təqdim edilə bilər. Sabir Bəşirov monoqrafiyasında N.Cəfərovu folklorşünas, ədəbiyyat tarixçisi, tənqidçi və müasir ədəbi prosesin tədqiqatçısı kimi təqdim edir, şübhəsiz, bu zaman mümkün qədər yığcamlığa can atır ki, alimin portret cizgiləri aydın olsun. S.Bəşirov haqlı olaraq yazır:

...N.Cəfərovun monumental şəxsiyyətilə epik təfəkkürü üzvi vəhdət təşkil edir ki, bu iki cəhətin də onun yaradıcılığına sirayət etdiyinin şahidi oluruq. Yəni tədqiqatçının söylədiyi fikirlər, ortaya qoyduğu müddəalar monumental və epikdir, genişmiqyaslı mülahizələr ortaya çıxarır...” Alimi yaradıcılığının ilk illərindən yaxşı tanıyan və izləyən müəllif N.Cəfərovun qələmindən çıxan əsərlərin dərin ağlın, böyük intellektin, dəqiq riyazi təfəkkürünün nəticəsi olduğu qənaətinə gəlir və bizcə, bu qənaətində tamamilə haqlıdır. Müəllif N.Cəfərovu folklorşünas kimi təqdim edəndə ədəbiyyatşünas R.Kamalın “folklor katarsisi” filoloji-fəlsəfi anlayışına xüsusi diqqət göstərir, bu kontekstdə alimin “Eposdan kitaba” və “Koroğlu”nun poetikası” əsərlərinin Azərbaycan folklorşünaslığında tutduğu yeri ön plana çəkir. Onun fikrincə, N.Cəfərov “Kitabi-Dədə Qorqud” eposunun Azərbaycan xalqının tarixindəki və mədəniyyətindəki yerini çox dəqiq ifadə etmişdir. “Koroğlu”nun poetikası” əsərindəsə alim koroğluşünaslıqda düzgün hesab etdiyi fikirləri, mülahizələri, faktları bir daha təsdiq edir, yanlış mövqelərəsə aydın münasibətini bildirir, eyni zamanda “Koroğlu” eposunun təşəkkül – formalaşma tarixini dövrləşdirir, dastanın müəllifinin kimliyinə (aşıq olduğuna) aydınlıq gətirir, ideya-məzmun cəhətlərinin elmi şərhini verir. Onun fikrincə, “...N.Cəfərov folklor, başqa sözlə desək, türk epik təfəkküründən yaranmış mədəniyyət abidələrimizlə bağlı tədqiqatlarında əhatəli fikir söyləməyi, mənəviyyatımızın keçdiyi yola hərtərəfli nəzər salmağı bacarır...” S.Bəşirov monoqrafiyada alimin Azərbaycan ədəbiyyatı tarixinə dair elmi araşdırmalarına xüsusi diqqət yetirir və qeyd edir ki, “...N.Cəfərovun elmi araşdırmalarında stereotiplər, daşlaşmış qəliblər yoxdur. O, tədqiqatının mövzusundan asılı olaraq fikirlərini ümumiləşdirməyi, həmişə gözlənilməz və maraqlı elmi nəticələrə gəlməyi bacarır...” Müəllif haqlı olaraq alimin Azərbaycan ədəbiyyatının mənşəyi, oğuz türklərinin ədəbiyyatyaratma prosesi, ədəbiyyat tariximizlə bağlı sistemləşdirmə, dövrləşdirmə prinsipləri, türk (Azərbaycan) mədəniyyətinin başqa mədəniyyətlərlərlə dialoqu məsələlərilə bağlı araşdırmalarını bütövlükdə ədəbiyyatşünaslığımızın uğuru sayır. Onun fikrincə, N.Cəfərov Azərbaycan ədəbiyyatının tarixini türkcəmizin tarixindən ayırmaqla tədqiq etmir, əksinə, dil və ədəbiyyatı iç-içə araşdırır, bu da tədqiqatının mükəmməlliyini şərtləndirir.

 Müəllif N.Cəfərovun ədəbiyyat tariximizin sistemləşdirilməsi və dövrləşdirilməsindəki rolunu xüsusi olaraq qeyd edir. Xüsusilə alimin XX əsr Azərbaycan ədəbiyyatının mərhələləri barədə bölgüsünün düzgün metodologiyaya əsaslandığını bildirən S.Bəşirov hər mərhələnin elmi şərhini uğurlu hesab edir.

 S.Bəşirov monoqrafiyada N.Cəfərovun ədəbiyyat tarixindəki xidmətlərindən danışarkən dördcildlik “Türk xalqları ədəbiyyatı” fundamental əsərini xüsusən qeyd edir. Bu məqamda müəllif akademik İsa Həbibbəylinin əsər haqqındakı fikrinə söykənir: “...Bu vaxtadək çap olunmuş elmi əsərləri tanınmış alimin imkanlarının ayrı-ayrı, müəyyən aspektlərini bəyan edirsə, “Türk Xalqları ədəbiyyatı” Nizami Cəfərovu tam ifadə edir... Doğrudan da əsər bu sahədə uzun illərdən bəri mövcud olan boşluğu layiqli şəkildə doldurur. S.Bəşirovun təqdimatında ədəbiyyatşünas tənqidçi Nizami Cəfərov müasir ədəbiyyatı izləyən, bəyəndiyi müəlliflər və əsərlər haqqında yazan qələm sahiblərindəndir. Onun araşdırma obyekti klassiklərimizlə yanaşı, görkəmli söz adamları İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Anar, Nəriman Həsənzadə, Elçin, Fərman Kərimzadə, Zəlimxan Yaqub, Nüsrət Kəsəmənli və başqalarının yaradıcılığıdır. Müəllif N.Cəfərovun Anar haqqında qələmə aldığı “Onuncu portret” kitabını dəyərləndirir, onu Anarın yaradıcılığı haqqında ən yaxşı əsər sayır. Əlbəttə, S.Bəşirov özü 1994-cü ildə “Anar” adlı monoqrafiya yazsa da, bu etirafı ilə həmkarının istedadına lazımi qiymət verir. O, alimin “Nəriman Həsənzadə: tariximizin taleyi, taleyimizin tarixi...”, “Bəxtiyar Vahabzadə, yaxud millətin şairi” məqalələrini, eləcə də İsmayıl Şıxlının, İsa Hüseynovun, Elçinin yaradıcılığı haqqında esseslərini ədəbi tənqidimizin sanballı nümunələrindən sayır. Əlbəttə, müəllifin tənqidçi N.Cəfərovla müasir ədəbi prosesi izləyən N.Cəfərov arasında fərq qoyması yanlış anlaşılmamalıdır. Alim çağdaş qələm sahiblərinin əsərlərinə münasibətini bildirməklə yanaşı, müsahibə və dialoqlarında ədəbiyyatın missiyası, əsərlərin mövzuları, yaradıcı insanların mənəvi ölçüləri barədə də fikirlərini bildirir. S.Bəşirov xüsusən alimin 70-80-cı illər ədəbi nəslinə münasibətini ön plana çəkir. N.Cəfərov bu nəslin yaradıcılığını dəyərləndirir, ədəbiyyatımızdakı postmodernizm çəkişmələrinin dəyərləndirir, ədəbi tənqidimizin vəziyyəti və səviyyəsilə bağlı fikirlərini bildirir.

 Müəllif bu məsələlərdə alimlə mübahisəyə girişir, xüsusilə ədəbi əsərlərə münasibətdə subyektivliyin izafiliyini onu narahat edən məsələ kimi ortaya çıxır. O, N.Cəfərovun Azərbaycan ədəbi tənqidinin başlıca problemlərindən birini tənqidçi obrazının yoxluğu barədə fikirlərini də şərh edir. Müəllifə görə, əslində, R.Kamalın təbirincə desək, alimin bu pessimizminin kökündə onun maksimalizmi dayanır, çünki N.Cəfərov özü tənqidçi obrazının necə olduğuna canlı sübutdur. S.Bəşirova görə, “...Nizami Cəfərovun ədəbi-tənqidi məqalələrindəki hər hansı problemin kompozisiya həlli prinsipi, fikir sərbəstliyi, təhkiyənin canlılığı, elmimik diqqəti çəkir...” Monoqrafiya müəllifinin fikrincə, N.Cəfərovun bu vaxtadək ortaya qoyduğu yaradıcılığı onun təfəkkürünün imkanlarından xəbər verir, o, güman ki, gələcəkdə indiyədək yığcam müddəalar şəklində ifadə etdiyi elmi fikirlərini və konsepsiyalarını əhatəli araşdıracaq, Azərbaycan ədəbiyyatına, bütövlükdə mədəniyyətimizə və mənəviyyatımıza yeni-yeni töhfələr verəcək.

 S.Bəşirovun “ədəbi portret” adlandırdığı bu monoqrafiya əslində, janrın tələblərinə tam cavab verir. Müəllif N.Cəfərov yaradıcılığının digər sahələrinə toxunmasa da, görkəmli tədqiqatçının tutumlu portretini yaratmağa nail olub. Məncə, monoqrafiyanın ən dəyərli cəhətlərindən biri də müəllifin o portretdəki cizgilərinin səmimiliyidi. O, mübahisəli saydığı məqamlarda qələm dostu ilə “çəkişir”, amma opponentinin mövqeyinə də hörmətlə yanaşır. “Nizami Cəfərov: Şəxsiyyət və yaradıcılıq fenomeni” monoqrafiyası əyalətdə yaşaya-yaşaya ədəbi prosesdə fəal iştirak eləyən istedadlı tədqiqatçı Sabir Bəşirovun ədəbiyyatşünaslığımıza növbəti və layiqli töhfəsidi.

 

 

Nəriman ƏBDÜLRƏHMANLI

 

525-ci qəzet.- 2010.- 22 oktyabr.- S.7.