Qara Bəylərin nəğməkar tütəyi

 

 (Hekayə)  

 

Kənddə hamı bilir ki, Yavı Heybətin oğlu Qara Bəylər traktorçudur. Özüüç təkərli (kultivator) traktor sürür. Qara Bəylər traktorçu sənətini peşə məktəbində öyrənmişdi. Atası Yavı Heybət iri gövdəli, gorgobud, çopur sifətli, xırıltılı, boğuq səsli bir kişiydi. Dəmir rəngli, corttaq gedən bir yabısı vardı. Adama elə gəlirdi ki, Yavı Heybət bütün günü bu binəva corttaq yabının belindən yerə düşmürdü. Ona görə də yazıq at çəlimsiz, boşu-boşundan keçən arıxca yabıydı. Yavı Heybət su işinə baxırdı. Yəni ki, su cuvarlığı edərdi. (“cuvarsu işinə baxan adamlara deyərdilər). Kolxozun su kanallarının qapılarının iri həlqəli dəmir açarını daim yəhərin qaşından asardı. Təsərrüfata gələn su kanallarının qapılarını tənzimləyirdi. Bu peşəsinin öhdəsindən bacarıqla gələrdi. O yanda corttaq yabının belində gələndə xırıltılı səsindən bilərdilər ki, gələn cuvar – Yavı Heybətdi. Təsərrüfat briqadirləri arı kimi tökülüşürdülər üstünə: “mənim kanalımda su azalıb, filan sahəyə su çatmır və s”- kimi suallarla onu dəng edərdilər. Və bir gün eşitdilər ki, Yavı Heybət dünyasını dəyişir. Qara Bəylər özündən başqa bir bacısı, iki qardaşı ilə atasız böyüdü. Elə bu səbəbdən orta məktəbi bitirməmiş peşə məktəbinə daxil oldu. Məktəbi qurtaranda çəlimsiz, qarayanız, hamar sifətli, bir qədər də utancaq, sakit təbiətli oğlan idi. Adam inana bilmirdi ki, bu gor-gobud, çopur-sifətli cuvar Yavı Heybətin oğludur. Bəylər peşə məktəbini bitirib traktorçu sənətinə yiyələnmişdi. Texnikanın qıt vədəsində, Bəylərə üç təkərli traktor verdilər. Elə ki, pambıq əkini, çiyid səpini kompaniyası başlayırdı, Bəylərin başını qaşımağa vaxtı olmurdu. Pambıq setkalarının arasında “kultivasiya” çəkərdi, taxıl biçiniot çalımı vaxtı traktorun dalına “lafet” yedəkləyib, dərz, ot daşıyırdı, bəzən də camaatın taxılını yığıb dəyirmana aparardı...

Pambıq yığımı gələndə, camaatı “lafetə” yığıb, axşam sahədən evə gətirərdi. Bütün günü yığılan pambığı qəbul məntəqəsinə daşıyardı. Bir sözlə boş vaxtı yoxuydu. Hətta paltarını dəyişməyə vaxtı çatmazdı. Əynindəki “kombinzonla” yatardı. Səhərlər erkən durardı, yenə əynində “kombinzontraktorunu işə salardı...

 

lll

 

Bir gün Bəylərin həyatında qəribə, unuda bilməyəcəyi bir hadisə baş verdi. Pambıq yığımının qızğın vədəsində, tələbə qızların pambıq yığdığı tərəfdən (qızların topasından), qulağına şirin ipək kimi yumşaq, ürəkləri riqqətə gətirən şabraq bir səs gəldi. Qız Qarabağ şikəstəsi oxuyurdu. Bəylər dərhal üç təkərli traktorunu saxlayıb, bir nəfəsə səs gələn tərəfə qaçdı. Oxuyan kim ola? Kənddə hamının tanıdığı Məşədi Əhməd oğlu Məhişin qızı Tubu. Qızlar onu əhatəyə almışdılar. Bəylər əlini çənəsinə qoyub, oxuyana baxırdı. Qızlar duyuq düşdülər ki, Bəylər onların arasındadır, qız səsini dərhal kəsdi. Qızlar nə illah elədilər, Tubu ağzını açmadı. Qızlar xorla düşdülər Bəylərin üstünə:

Niyə gəldin! Get traktorunu sür ...

Bəylər aralandı. Tubunun nəğməsi yenidən başlandı. Bəylər geri qayıtdı. Aralıda dayanıb, yazıq-yazıq Tubunun səsinə həsrətlə qulaq kəsildi...

Qızlardan kimsə atmaca atdı:

– Eh, fikir verməyin, qoy baxsın , olacaq baxanda...

Bir başqası:

Əşi bəxtin gətirib, səsinə aşiq olub , olsun bir az qarayanızdı, yaxşı oğlana oxşayırdedioxu sən allah ... yarım gəlsin ay nənəni oxu!

 

Tubu davam etdi:

 

Qoy yarım gəlsin ay nənə,

Qapıda duran oğlana

Boynun buran oğlana

Rəhmin gəlsin ay nənə...”

 

 

Beləcə Bəylər Tubuya vuruldu. Hər Tubu oxuyanda, qaçıb gəlirdi, Tubunun səmtinə, boynu buruq, yazıq-yazıq baxırdı. Beləcə günlər bir-birini qovdu. Bəylərlə Tubunun münasibətləri daha da yaxınlaşdı, bir-birlərinə isnişdilər. Gecələr ay doğanda, səhərlər gün çıxanda evdən bir çıxardılar, görüşərdilər, hətta Tubu onun üçtəkərli traktoruna minər, Bəylərin arxasında oturar, oğlanın çiyinlərindən bərk-bərk yapışardı. Mahnı səsləri traktorun uğultusuna qarışıb bütün tarlaya yayılardı.

Arvadların ağzını yummaqmı olar?! Dedilər ki, Yavı Heybətin oğlu Qara Bəylər Məhişin qızı Tubuya vurulub. Dedilər ki, gədənin başına hava gəlib. Dedilər ki, gədəynən qız lap Leyli-Məcnun olublar, hətta abır-həya etmədən qız minir onun traktoruna, gədəni bərk-bərk bağrına basır, qucaqlayır. Atalar demişkən yaman yeyənin olsun, yaman deyənin olmasın. Oğlan Tubugildən çıxmırdı. Qızın ata-anası vaxtsız dünyalarını dəyişmişdilər. Tubu qoca nənəsinin yanında qalırdı. Bəylər Tubunun nənəsinin ən istəklisi olmuşdu. Hətta qarının içmək suyunun rayon mərkəzindəki artizan bulağından gətirərdi. Nəinki Tubunun nənəsi, elə lap bütün kəndin qız-gəlinləri səhənglərini, güyümlərini, vedrə-bidonlarını yığardılarlafetə”, nəğmə oxuya-oxuya, Tubunun şikəstəsinə qüvvət verə-verə rayon mərkəzindəki artizan bulağından su gətirməyə gedərdilər. (Kolxoz sədri kəndin harasında artizan quyusu qazdırsa suyu şor idi)

Beləcə 3-4 aydan sonra toy edəcəkdilər... Hətta aralıqda söz gəzirdi ki, Tubunun nənəsi pəl vursa qoşulub qaçacaqlar.

Qəflətən Qarabağ müharibəsi başlandı. Bəylər getdi Qarabağı erməni dığalarından xilas etməyə... Tubu ondan əl çəkmədi. Ayağını dirəyib dedi ki, mən gedirəm. Mən səni tək buraxan deyiləm. Kəndin ağsaqqalı-qarasaqqalı yığışıb qıza öyüd-nəsihət verdilər:

Olmaz bala, sən qız uşağısan, müharibə başqa şeydi.

Eybi yoxdur- dedimən yaralılara kömək edərəm, yardım göstərərəm.

Birtəhər qızı fikrindən çəkindirdilər. Bəylər ona təskinlik eləyib toxtaqlıq verdi:

Tez-tez gələcəm, – dedi, Bəylərgəlib səni aparacam, hələ gedim yerbəyer olum, sənə məktub yazacam. Bəylər yola düşdü...

Bir müddət Bəylərdən yaxşı xəbərlər gəldi. Yazırdı ki, tankçı olmuşam. Qəzet, televiziya, radio tez-tez Bəylərdən xəbərlər verirdi, onun qorxmazlığından, igidliyindən danışıb yazırdı...

Bir gün kəndə xəbər gəldi ki, Bəylərə güllə dəyib Sarayeva kəndində hərbi hospitalda yatır. Tubu bu xəbəri eşidən kimi, tumanın balağını əlinə alıb, saçını bağlayıb quş kimi uçdu həmən hospital yerləşən kəndə. Avtobusda soraqlaşdı, xəbər aldı. Tanıyanlar, bilənlər kəndin yerini dedilər. Sürücü hospitala səmt olan yerdə saxladı, barmağı ilə göstərdi:

Bax qızımdedibu cığırla gedərsən, şam ağaclarının əhatəsində, ikimərtəbəli bina var, hospital həmin binada yerləşir...

Tubu çantasını da götürüb cığırla addımladı. Cığırın kənarları topa-topa böyürtkən kolu ilə örtülü idi. Böyürtkən kollarının üstü yetişmiş, lalıxlamış qara böyürtkənlərlə doluyda. Qız şirnikdi, torbasından boş banka çıxarıb Bəylər üçün böyürtkən yığmaq həvəsinə düşdü. Arabir böyürtkən gilələrindən ağzına qoyurdu. Qızın barmaqları, dodaqları qara şirəyə boyanmışdı. Bankasını doldurub cığıra qayıtdı. Cığırın kənarı ilə addımlayarkən, qəflətən ayağı altında dəhşətli partlayış baş verdi Tubunu havaya qaldırıb çırpdı yerə. Hadisə lap hospitalın yaxınlığında baş vermişdi. Sən demə düşmən cığırın kənarında mina basdırıbmış. Yaxında kim vardısa, partlayış olan tərəfə qaçdı. Bir nəfərin al-qan içində boğulduğunu görüb, hospitala xəbər apardılar. Təcili yardımı maşını gəldi, Tubunu maşına uzatdılar.

Bütün xalatlılar ona kömək edirdi, yaralını dərhal əməliyyat otağına apardılar. Qanaxmanı dayandırıb digər tibbi yardımları yerinə yetirdilər... (qan qanəvəzedicilər köçürdülər). Əhvalatı eşidən Bəylər qoltuq ağacına söykənərək əməliyyat otağının qapısında dayanmışdı. (Baldırından aldığı yara sayalanmışdı, artıq evə yazılmaq ərəfəsində idi.)

Tubunu əməliyyat otağından çıxarıb reanimasiya otağına aparanda, Bəylər qızı gördü. Özünü onun üstünə atıb hönkürdü.

Sən burda neynirsəndedi.

Qız kəsik-kəsik, hənirtisi güclə eşidilən, heysiz halda danışdı:

Sənin yanına ... ...lir... Böyürt...kən yığ...

Ardını deyə bilmədi. Gözlərini əbədi yumdu.

Tubunun meyitini kəndə Bəylər apardı. Qolunu çırmalayıb məzarını özü qazdı. Başdaşına aşağıdakı sözləri yazdır:

 

Sən gözümün içindəsən

canımın, qanımın, ürəyimin

içindəsən

 

Yaşlılardan, mollalardan eşitmişdi ki, qəbrin üstünü mərmərlə örtmək düz deyil. Qiyamət günü yağışlar yağacaq, sel su yerinə axacaq, məzarlardan insanlar yaşıl ağaclar kimi baş qaldıracaqlar, qəbiristanlıq yaşıllığa bürünəcək.

Aylar, illər keçdi. Bəylər tez-tez Tubunun məzarını ziyarət etməyə gedərdi. Qəbrinin üstünə güllər, çiçəklər, qərənfillər qoyardı. Bir dəfə gələndə gördü ki, qəbrin torpağından bir topa qarğı-qamış göyərib baş qaldırıb, qol-budaq atır... Qarğıların yan-yörəsini hamarladı. Tez-tez su gətirib dibinə tökərdi. Bir gün möcüzə baş verdi. Qırğı qələmindən düzəltdiyi tütəyə ağacdan dil yondu, şişi qızdırıb tütəyə deşiklər açdı. Tütəyi dodaqlarına qoyub üfürdü. Tütək dilə gəldi:

 

Qoy yarım gəlsin ay nənə,

Qapıda duran oğlana

Boynun buran oğlana

Rəhmin gəlsin ay nənə...”

 

Bir vaxtlar pambıq tarlasında qızların əhatəsində Tubu bu mahnını oxuyanda Bəylər arxada durub oğrun-oğrun, yazıq-yazıq, boynu buruq halda tamaşa edərdi. Həmin gündən isə gündən traktorun sükanı arxasına keçəndə, tütəyi dodaqlarına qoyub üfürən kimi, tütək həmin mahnını oxumağa başlayırdı.

Hamı bilir ki, bu səs Tubunun səsidi:

 

Qoy yarım gəlsin ay nənə,

Qapıda duran oğlana

Boynun buran oğlana

Rəhmin gəlsin ay nənə...”

 

 

Nürəddin QƏNBƏR (MirzƏyev),

AYB-nin üzvü,

respublikanın fəxri cərrahı

 

525-ci qəzet.- 2010.- 22 oktyabr.- S.6.