Fərəhruzi qonaq
Biri mənə söylədi
ki, bəs Mansur kişi sənin şəklini
böyütdürərək çərçivəyə
salıb və emalatxanasının divarında görünən
yerdən asıb. Düşündüm ki, bir vaxtlar
yadigar kimi ona bağışladığım gənclik illərimin
şəkli olar. Və elə o şəkildəki
yaşımdan sənətinin mahir ustası,
sözünün və öz dünyasının
ağası olan Mansur ustanın emalatxanasında bir iş
günündə gördüyü işləri seyr etməyə
başladım...
...Səhərlərinin çoxunu
çəkic sədaları ilə üfüqdən boylanan
günəşi salamlamaqla açan usta Mansur o gün də
adətinə uyğun olaraq açıq həyəti
dolaşıb meyvələri təzə-təzə sulanmaqda
olan heyva ağacının böyründən keçdi və
gününün çoxunu içərisində
keçirtdiyi emalatxanasının qabağına gəldi. Rəzəni
qaldıraraq qapını açdı, asta, ağır
addımlarla emalatxanaya keçdi. İçəridə, divar
boyu düzülmüş kömür kisələrindən
birini manqala boşaldıb alışdırdı. Körüyü
də yoxladı. Hava çəkən yeri yox idi, piləyirdi.
Xeyli dəmir-dümür seçib səliqə ilə atəşxanaya
və ətrafına yerləşdirdi. Yaxşı bilirdi ki, təsərrüfat
işlərinin qızğın çağı olduğundan
bu gün də işi çox olacaq. Divarın dibindəki
taxta qutularda, divarboyu düzülmüş rəflərdə
çinlədiyi at nallarını, kəsilmiş
mıxları, iy, oraq, qəzovuc – bir sözlə, hər an gərəyi
ola biləcək əşyaları bir də gözdən
keçirdi. Tələsik işi olanları yola salmağa, dəməndə
qalanlara kömək üçün xeyli ehtiyatı var idi.
Müxtəlif çəkidə, işin tələb etdiyi
gücə uyğun istifadə etdiyi irili-xırdalı çəkiclərin
ağırını qaldırıb əvvəl sağ, sonra
isə sol əli ilə illərdən bəri dostluq etdiyi
soyuq zindana bir neçə zərbə endirdi. Sanki
qarşıdakı ağır iş günü ərəfəsində
qolunun, biləyinin gücünü, zindanın
dözümünü yoxlayırdı. Zərbə də
yerində idi, zindanın əks-sədası da. Əhvalı
yaxşılaşdı, şuxlaşdı. Həyətə
çıxıb bu gün görəcəyi işləri
ürəyində vəravürd etməyə başladı.
Qonşu həyətdən eşidilən qəfil
öskürək səsi onu düşüncələrindən
ayırdı. Qonşusu Baləli boynunu çiyninə
qısaraq qapı-bacada ora-bura vurnuxur, arabir kəsik-kəsik
öskürürdü.
Mansur usta: – Sabahın xeyir, ay
qonşu, nə olub belə səmə-səmə gəzib həyəti
dörd dolanırsan, olmaya gecəni yatmamısan? – deyə səsləndi.
Baləli: – Aqibətin
xeyir, ay usta, canından uzaq, bir az nasazam, ey nasaz. Yayın bu
cırhacırında, deyəsən, özümü bərk
soyuğa vermişəm,- dedi. Usta: – Hə, belə de! Allah
şəfa versin, – deyə evlərinə sarı döndü.
Çıxacaqdakı əlüzyuyanda üz-gözünə
su vurub dəsmalla qurulandı və ikinci mərtəbəsi
qırmızıya çalan şabalıdyarpaq qalın
palıd taxtalarından tikilmiş üstü kirəmidli evin
eyvanına qalxdı. Açıq eyvanda yerdən
salınmış xalçanın üstündə bardaş
qurub oturdu. Uşaqlar gözə dəymirdi. Balacalar hələ
də yatır, böyüklər isə dan yeri söküləndən
qalxıb qoyun-quzunu, mal-qaranı örüşə
ötürmüş, meşəyə – odun,
çır-çırpı gətirməyə getmişdilər.
Mansur arvadı Pakizənin xalçanın üstündə sərdiyi
süfrənin təmiz, ağ, nazik örtüyünü
qaldırdı, yeməklərə göz gəzdirdi. Süfrəyə
səhər yeməyi üçün lazım olan təamlar
düzülmüşdü. Pəhləvan cüssəli
Mansur kişi “Bisimillah” dedi və iştahla yeməyə
girişdi. Bolluq idi. Piyalə dolusu balı
qaşıqlayıb yarıladı.. Yağ, qaymaq, motal pendiri
ilə bütöv bir pencəkeş çörəyini yeyib
örtüyü səliqə ilə yeməklərin
üstünə çəkdi. “İlahi, şükür”,
–deyərək süfrədən qalxdı. Açıq
eyvanda o baş-bu başa var-gəl edib kəndi, kəndin əyri-üyrü
döngələrini, xırda təpələri fırlanaraq
sağa, sola keçib gedən yollarını seyr etməyə
başladı. ...Pakizə qoltuğuna vurub həyətə
düşürtdüyü kilimi emalatxananın
qabağındakı qollu-budaqlı nəhəng tut
ağacının altındakı taxta ləmin üstünə
sərməklə məşğul idi. Bir azdan gəlib kilimin
üstünə düzmək üçün döşəkçələri
də aparacaqdı. Təpələrin arxasından boy göstərən
yay günəşi həyət-bacadakı kölgəni
qovmuşdu və indi yaxın-uzaq kəndlərdən gələn
müştərilər nallatdırmaq üçün gətirdikləri
atları emalatxananın arxasındakı mıxlara
bağlamaqda idilər. Mansur eyvandan həyətə endi.
Müştəriləri ilə salamlaşıb
dil-ağız elədi. Ömrünün illərindən
yoğurub özü ilə yaşıd etdiyi emalatxanasına
girdi. Əlini çəkicinə atdı və həvəslə
işləməyə başladı. Xırman vaxtı
olduğundan əlimyandıda qalan işlər çox idi. Səhər
açılandan emalatxanya gəlib hazır diləyini
götürüb aparanlar da var idi, intizar və heyranlıqla
durub işinin başa gəlməsini gözləyənlər
də. ...Tunc sifətində puçur-puçur tər
damcıları bərq vuran usta atlıların da ikisini yola
salmış, indi də leytili Sübhanın kəhər
yabısını nallayırdı... Günortaya iki saat
qalmışdı ki, həyətə bir atlı daxil oldu. Gələn
adam elə atın üstündən: – Salaməleyküm, ə,
kişilər, xoş gördük, – deyərək salam verdi.
Ustanın əli işdə olsa da, qulaqları ətrafdan gələn
səs-sədaya həssas idi. Bu çəkic-zindan zərbələrinin
hay-həşiri içində belə, gələn adamı səsindən
tanıdı. Atlı el-oba içində xətir-hörmət
sahibi olan darnohurlu Meybulla kişi idi. Usta əlini işdən
saxladı. Nallamaqda olduğu atın ayağını
buraxdı. Qəddini düzəldib irəli – təzə gələn
qonağa tərəf gedərək:
– Əleyküməssalam, ay Meybulla
kişi. Xoş gəlmisən – deyə dəsmalla
sürtüb ovxaladığı, silib təmizləməkdə
olduğu əlini Meybullanın ona tərəf uzanan əlinə
tərəf aparıb:
– Bağışla, əl-ayağım
bulaşıqdır, – deyib təzə gələn qonaqla, daha
doğrusu yeni “müştəri”si ilə
görüşdü. Meybulla kişi:
– Sənin əlinin tozuna da qurban, necəsən,
nə var nə yox, ay Mansur? – deyə usta ilə dil-tavaza etməyə,
ürəkdən əhvallaşmağa başladı. At
nallatmaq, qəzovuç, təndir şişi, maşa, iy, oraq
– bir sözlə, kəndçinin, kənd evinin digər
çox vacib məişət əşyalarını düzəltdirmək
üçün səhərdən növbə gözləyənlər
də ayağa qalxıb ehtiramla Meybulla kişi ilə
görüşdülər. Cavanlardan biri irəli
çıxıb atın cilovunu kişinin əlindən
aldı. Kənara çəkib oturduqları yerdən bir az
aralı, həyətin sol tərəfindəki uzun tövlənin
kölgəsində dirəyə bağladı. Meybulla
cavan oğlana:
– Bacıoğlu, çox uzağa
aparma, məni yubadarsan ha! – deyə eyhamla dilləndi. Elə
bil, bununla da ustanın onun işini qabağa salacağına
işarə edirdi. Usta Meybullaya tut ağacının
altındakı taxta ləmi göstərib: – Ayaq üstə
qalma, keç əyləş, yol gəlmisən, – dedi. – Hələ
bir nəfəsini dər, inşallah, səni də yola
salarıq. Meybulla ləmə yaxınlaşıb kilimin
üstündəki döşəkçələrdən
birini rahatlayıb altına çəkdi. Bayaq gələndə
qalxıb onunla görüşənlər də
qayıdıb yerlərində oturdular. Usta isə
yarımçıq qoyduğu işinin üstünə
döndü. Əli, diqqəti işdə, dili isə təzə
gələn qonaqda, uzun zaman hörmətlə, ehtiramla
qarşılanmağa öyrəşmiş, bir vaxt bu yerlərin
ortabab vəzifəlilərindən olan Meybulla ilə söhbətdə
idi. Usta indi nalladığı atın sahibi Sübhana tərəf
dönərək:
– Yazıq heyvanı o qədər
qaranal işlətmisən ki... Kəndiniz də
daş-qayadır, çəng etmisən atı.
Dırnaqları da tökülüb, yaxşı
baxmamısan, – deyə onu məzəmmət edir,
iradını bildirirdi. Sübhan: – Hə, usta, düz deyirsən,
canım sənə qurban, çatdıra bilmirəm, vaxt edə
bilmirəm, bütün işim-gücüm də bu
heyvanın boynunadı,- söylədi. Sonra başını
döndərib tut ağacının kölgəsində oturan
Meybulla kişiyə tərəf baxaraq davam etdi:
– Usta, mən o bəxtəvərlərdən
deyiləm ki, atın nalı boşalıb səs edən kimi
bəy naharı edib, günün dalınca özümü sənə
yetirim... Mansur usta onun sözünün fərqinə
varmayıb Meybullaya: – Siz tərəflərdə nə var, nə
yox? Nəvələr bu yayı da yanındadılarmı? Gəliblərmi,
– deyə xəbər aldı. – Xatirin əziz olsun. Mansur,
hamısı yaxşıdırlar. Hə, yanımdadılar.
Elə onların lilinə düşüb bu istidə iki
çay keçmişəm, it ləhlədən o yoxuşu
qalxıb Qayalıya, sənin yanına gəlmişəm. Nəvələr
od-yalovdurlar. Gözümü oğurlayan kimi atı minib
çapırlar. Suvarmağa, otarmağa aparmaq adına yortub əldən
salıblar. İndi də könüllərinə yaylaq
düşüb. Bir həftədir məni dəng ediblər
ki, bizi yaylağa apar. Könüllərinə
“Kükürdlü” bulaqda kabab yemək düşüb. Mən
də fikirləşdim ki, bu at boşalmış,
taqqıldayan nalla daşlı, çınqıllı o boyda
yolu gedib-gələ bilməz. Sürüb gəldim yanına.
Sonra da ətrafda oturanları gözdən keçirib: – Bilirəm,
inşallah, məni tez yola salarsan, – deyə bir az arxayın, həm
də ərklə sözünə əlavə etdi.
Kişinin səsinin ahəngindən, eyhamından səhərdən
durub növbə gözləyənlərin, deyəsən,
xoşu gəlmədi. Çünki bir neçəsi bir-biri
ilə altdan-altdan baxışaraq
könülsüz-köhülsüz öskürdülər...
... Meybulla kişi
yanılmışdı. Usta Mansur kimi elə oturanların da
hörmət saxladıqları bu köhnə “qulluqçu” “məni
tez yola salarsan” sözünü deyəndə gərək onları
da saya salaydı, əvvəlcə elə onlardan
başlayaydı və rüsxəti də onlardan alaydı.
Usta durumu anlayıb müştərilərinə:
– Günorta
vaxtıdır. Səhərdən heç nəfəsimi bir
hovur da dərməmişəm. Elə siz də ac
olarsınız. Gəlin əvvəlcə bir tikə
çörək yeyək, sonrasına baxarıq. Sonra da
üzünü Meybulla kişiyə tutub:
– Uşaqlar da çoxdan gözləyirlər,
zənnimcə etiraz etməzlər, səni də bir təhər
yola verərik, – deyərək divardan asılmış əlüzyuyanın
qabağına keçdi, qollarını
çırmalayıb əllərini sabunlaya-sabunlaya evə tərəf
səsləndi. –Ehey, ay adam, kim var orda? Pakizə, nəyiniz
var, gətirin görək, acından əldən getdik. Evin
sahibəsi Pakizə də:
– Mansur, kartoflu ayran
aşı bişirmişəm, – deyə cavab verdi. Sonra
uşaqlarla köməkləşib süfrəni,
çörəyi, qab-qacağı və pıqhapıqla qaynayan
yekə mis qazanı ocağın üstündən
götürüb həyətə, emalatxananın
qabağındakı iri tut ağacının altındakı
ləmə daşımağa başladılar. Pakizə
süfrəni sərib çörək tığını
ortaya qoydu. Yekə nimçədə qırmızı
baş soğan da gətirdi. Ayran aşının qablara
çəkilməsinə səbri çatmayanlar ortaya
qoyulanlardan, süfrədə olanlardan iştahla yeməyə
başladılar. Meybulla isə durub baxırdı. Hələ
ki, süfrəyə əl uzatmırdı. Pakizə ayran
aşını belə yeməklər üçün nəzərdə
tutulmuş dərin, böyük boşqablarda oturanların
qabağındakı süfrəyə düzdü.
Qaşıq cingiltiləri acmış adamların “həyat
simfoniyası”nı səsləndirməyə başladı. Bəziləri
isti aşı qaşıqla götürür, dodağına
yaxınlaşdıraraq üfürür, soyudaraq içirdi.
Boşqablarındakı aşa çörək
doğrayıb yeyənlər də var idi. Usta isə ayran
aşını qədim taxta qaşığıyla
içirdi. Bu gün qismətlərinə bu süfrə
düşən “fərəhruzi” adamlar ayran aşından
içdikcə “bəh-bəh” deyib tərifləyir,
ustanın ömür-gün yoldaşına: – Süfrəniz
ruzulu, əlləriniz var olsun, – deyə dua-səna edirdilər.
Meybullanın süfrəyə əl uzatmadığını,
qismətindən qaçdığını görən
Mansur kişi başını qaldırdı və
qonağına tərəf dönərək:
– Meybulla, Vallah, çox ləzzətli
ayran aşıdı, – dedi. – Yaxşı da ədviyyat vurulub.
Ye, a kişi, bir
dadına bax, yol gəlmisən, ac olarsan. Meybulla oturduğu
yerdə, altındakı döşəkçəni
yırğalayıb, bir qədər də rişxəndqarışıq
əda ilə:
– Görürəm, bərk
girişibsiz, – dedi. Sözünə azca ara verib: – Allah
heç düşmənimə də ayran aşını
qismət eləməsin, – deyə oturduğu yerdə bir də
qurcalandı... Usta karıxdı. Bu köntöy sözdən
tutuldu, nəzərləri bir anlıq Meybullanın
üzünə sancılıb qaldı. Birdən-birə
qaşıqların səsləndirdiyi simfoniyanın da ahəngi
pozuldu. Ustanın qaşığı əlində quruyub
qalmış, tikəsi boğazında ilişmişdi. Nə
geri, nə də irəli gedirdi. Bu nə söz idi?
Düşündü ki, görünür, hörmət
etdiyi, elə də bəd adam sayılmayan bu kişinin vəzifəli
günlərində qonaq gedəndə hələ heç evə
girməmiş az qala hələ həyətdə
qabağına gətirilən qablıplovun ab-havası
başından çıxmayıb. Ya da ki, sabah gedəcəyi
yaylaqda, “Kükürdlü” bulaqda yeyəcəyi kababın
havasında “uçur”. Dərindən nəfəs alıb
boğazında ilişib qalan tikəsini bir təhər uddu.
Usta Mansur: – Hə?..., eləmi, – deyib süfrəyə
baxdı. Ayran aşını taxta qaşıqla
qarışdırdı, qarışdırdı... Bir də dərindən
nəfəs alıb aşını içməyə davam
etdi. İki baş qırmızı soğanı da yumruğu
ilə əzərək dabandöyməsi edib pencəkəş
çörəklə yedi və “İlahi, şükür”,
– edib oturduğu yerdə qəddini düzəltdi. Su, çay
sonranın işi idi. Ayran aşı bir az
uzaqlaşmalıydı... Süfrəni
yığışdıran Pakizə qonaqların
qabağındakı əl vurulmamış boşqabı
götürüb: – Meybulla dayı heç nə yeməyib
ki, – deyə sual dolu nəzərlərlə ərinə tərəf
baxdı... – Kişiyə qonağı işarə edərək;
– Bəlkə başqa bir şey hazırlayım?... Mansurun
dillənmədiyini görüb: – Bir azdan acıxacaqsan, yemək
istəyəcəksən, nə hazırlayım? Mansur
arvadına: – Əlli olsana! – çımxırdı. Pakizə
Mansurun belə məqamlarda acı sözdən betər kəsən
sərt tanış nəzərlərini üzərində
hiss edib, kişinin “əlli olsana!” çımxırmasına əlavə
kəlmə kəsmədən qab-qacağı
yığışdırıb tələsik evə
yollandı. Usta ayağa qalxıb emalatxananın
qarşısına gəldi. A Səftər bala, atını
irəli çək. Ayaqlarını tutub qaldırmağa
gücün çatacaq? Tez tərpən, – deyib çevik hərəkətlə
əlini çəkicə atıb işə girişdi.
İndi ustanın nəfəs yolları da atəşxanada
qızdırdığı dəmirə hava piləyən
körüyü ilə həmahəng
fısıldayırdı... O, nal düzəltmək
üçün odda qıpqırmızı qızaran dəmirin
bir tərəfindən maşa ilə tutub zindanın
üstünə qoydu, sonra da ağır çəkiclə
döyməyə başladı. Biləyinin qüvvəti və
çəkicin ağırlığı ilə birləşən
güclü zərbələri pul kimi qızaran dəmiri
xamır kimi özdələyir, fəsəli kimi burum-burum
edib fətir kimi yastılayırdı.
...Meybulla kişi kəsif payız
dumanı kimi qaş-qabağını sallamışdı.
Çaşqın bir vəziyyətdə idi. Ayran
aşını bəyənməmişdi. Özlüyündə
onun gəlişinə xüsusi ehtiram göstəriləcəyini
zənn edirdi. Qonaq həm də ona məxsusi bir xörək
veriləcəyini umurdu, elə buna görə də ayran
aşından imtina etməsinə daxilən haqq
qazandırmağa çalışırdı. Usta da pərt
olmuşdu. Bu ayıq-sayıq, mötəbər kişi onun
süfrəsini bəyənməmişdi. Rəngini zəlf
bilib çörəyinə əl uzatmamışdı.
İndi bu adamla necə rəftar etsin? “Dur çıx get
desin!” – bu da olmazdı. Atını nallayıb tez də yola
salsınmı? Bu da heç baş tutan iş deyildi. Beləcə
götür-qoy edə-edə ürəyində: “Qoy gözləsin”
– qərarına gəlib, pərtliyini, acığını
gördüyü işdən, dəmirlə çəkicdən
çıxarırdı.
... Usta Mansur əlində tutduğu
sınmış, dağılmış mühərriki yerə
qoymadan gəlib emalatxananın qabağında məlul-müşkül
durub baxan Həmdullaya: – Yenə harasını
sındırıb gətirmisən, ay xalası göyçək,
indi harasını düzəldim, – deyərək
dağılmış vintli diski oğlanın əlindən
alıb baxdı. Sən bu rusun köhnə kombaynını mənə
yenidən icad elətdirəcəksən, ay Həmdulla, – dedi.
Tez də emalatxanaya keçib sınmış diski təmir
etməyə başladı. Həmdulla da ustaya kömək
edir, gah körüyü basır, lazım gələndə dəmiri
maşa ilə ustanın zindanının üstünə
qoyur, tutub saxlayırdı. Mənsur usta sifətini saqqal
basmış, halın-əhvalın təkcə baxan gözlərindən
təyin etmək mümkün olan, sürtkü
yağlarından, dizel yanacağı ilə yuyulmaqdan əllərinin
dərisi də nöyüt rəngində olan mexanizatora – Həmidullaya
baxaraq soruşdu:
– Kombaynın bundan sonra neçə
il işləyə bilər? Həmidulla: – Nə bilim usta, yəqin
bir müddət işləyəcək də, – dedi. Usta
cilaladığı detalı ona uzadaraq:
– Apar bağla yerinə, xatircəm
ol. Kombayının son nəfəsinədək bu hissəsi
işləyəcək. Sonra da yuxarı tərəfi, evini
göstərərək: – Qalx ora, Allah verəndən nə
var al, ye. Yubanma, yeri, işinə tələs,
fağır-füqəranın çörəyini yerdə
qoyma, əlli ol, – deyərək yenə işinin başına
döndü. lll Meybulla səssəz-səmirsiz oturmuşdu.
Dinib danışmırdı. Durub atını çəkib
getməyi də özünə
sığışdırmırdı. Gözləyirdi,
dözürdü. Durub gedə bilməzdi, getməyəcəkdi
də... ... Çəpərsiz həyətin o başından
gələn qadın evin qabağındakı taxtın
qırağında sıra ilə oturanlara salam verib emalatxanaya
yaxınlaşdı. Emalatxanadakı çəkicin,
zindanın sədasını nəzərə alaraq atəş
püskürən kürə ilə əlləşən
ustaya doğru gedib bərkdən: – Mansur qardaş, günortan
xeyir, – deyə salam verdi. Usta əlini döydüyü dəmirdən
bir anlıq çəkib: – Hər vaxtın xeyir, Arəstə.
Sənsən, yəqin oraq üçün gəlmisən.
Çəkicini zindanın böyründə sütuna
söykəyib qapının girişinə, qadının
durduğu yerə yaxınlaşdı. Divar boyunca yerləşən
rəfdəki cürbəcür əşyaların
arasından bir orağı seçib götürdü.
Baxdı və qadına uzatdı. Sonra da: – Bax, gör dəstəyi
də xoşuna gəlirmi? – deyə xəbər aldı.
– Uşaqlar tut ağacından
yonublar. Tiyəsini də poladdan döyüb
ovxarlamışam. Götür apar. Xeyrə işlədəsiniz,
taxılınız da bərəkətli olsun! Usta Mənsur
orağı qadına uzadıb tez də yarımçıq
qoyduğu işinin üstünə qayıtdı. Arəstə
ustaya dua-sənə edib, minnətdarlığını
bildirdi. Həyətdə oturanlarla sağollaşıb gəldiyi
kimi də çıxıb getdi. Usta isə işində idi.
Endirdiyi çəkic zərbələri ilə zindanın
üstündə yaratdığı cingiltili musiqi Arəstənin
də, dünyanın da gözünü o üz-bu üz
çevirə-çevirə oturub əsnəyən bu
kişinin də səsini artıq eşidilməz etmişdi...
...Mansur əlini yaxalayıb dəsmalı mıxdan asdı. Gəlib
taxtın qırağında, döşəkçənin
üstündə oturdu. Ucadan evə tərəf səsləndi:
– Pakizə, yeməyə nəyiniz var? Tez gətirsənə,
acımdan belim qırıldı. Pakizə açıq
eyvandan həyətə baxaraq: – Mansur, bayaqkı ayran
aşından qalıb, gətirim? Özün qoymadın
başqa yemək hazırlayım. Mansur: – Gətir, əlli ol.
“Kuəzingin” nağllını danışma, tərpən.
Eləcə soyuq-soyuq gətir, – dedi. Mansur Pakizənin süfrəyə,
qabağına qoyduğu ayran aşını taxta
qaşığı ilə hortulladaraq içir, təndir
çörəyinə yavanlıq edirdi. Usta ona diqqətlə
baxan, bir kəlmə belə kəsməyən, burun pərləri
gərgin vəziyyətdə qalxıb enən darnohurlu
qonağına: – Meybulla, acmısansa, deyim sənə də gətirsinlər,
– deyə təklif etdi. Meybulla himə bəndmiş kimi, elə
oturduğu yerdə altındakı döşəkçə
ilə fırlanıb cəld süfrəyə tərəf
döndü: – Nənəm qurban, ayran aşını yaradana.
Ölmürəm bəs ayran aşı üçün?
Soruş, gör qalıbsa mənimçün də gətirsinlər,
– deyərək təndir çörəyinə əl
atıb böyük bir tikə kəsdi. Mansur əlini yeməkdən
saxlayıb: – Pakizə, tez ol, Meybulla kişiyə də bir qab
ayran aşı gətir. Haydı, əlli ol, – deyə evdəkiləri
tələsdirdi. Meybulla kişi ayran aşını
iştahla içir, tərifləməyi də əsirgəmirdi.
... Artıq gərginliyi ötmüş, əhvalı yerinə
qayıdan Mansur arvadına: – Pakizə, cəld ol, iki dənə
beçə tut, cığırtma bişir, üstünə
də beş-altı yumurta vur. Soğanını da bol elə,-
deyə tapşırıq verdi. Bir az kənarda dayanmış
cavan oğlana çığırışan beçələri
nişan verib dedi: –Ay bala, üz onların
başını,-dedi və üzünü təkrarən
arvadına sarı tutub uca səslə: – Əlli ol, ay arvad,
qonağın yanında biabır olduq, kişini ayran
aşı yudu apardı. –Sonra da dərindən köks
ötürüb Meybulla kişiyə: – Allah sənə insaf
versin, ay Meybulla, acından öldürmüşdün ki bizi,
– deyib, – ay uşaq, kişinin atını tez bura çəkin,
– deyə çəkicinə əl atdı. Meybulla kişi də
söz altında qalmadı: – Mən fərəhruzi adamam, Mənsur!
Nə versən yeyəcəyəm. Narahat olma... lll Mansur
kişinin, dəməndəyə dəstgir olan
emalatxanasından bax beləcə ayrıldım. Ancaq
özlüyümdə çox düşünürəm və
hələ ki sona qədər dəqiqləşdirə bilmirəm.
Bilmirəm ki, şiş qayalara söykənən dağlarda,
yamaclarda, vadilərdə lövbər salmış, meşə
ətəklərində, yayla başında binə-bölgə
bağlamış, elə bu dağların özü qədər
qədim kəndlərdə yaşayan dünya
görmüş ahıllar daha çox aqildir, yoxsa qolunun
gücünə, barmaqlarının incəliyinə güvənən
sənətkarlar, yaxud məktəb oxumuşlar, kitabdan, dəftərdən
xəbərdar olanlar?...
Novruz NƏCƏFOĞLU
525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.29.