Bəlkə də mən elə qar çiçəyiyəm,

Heç vaxt oxşamayıb ilk bahar məni

 

Nizami

 

Günəş kainatın sönməz ocağı,

Ya yanan ürəyin közüdür bəlkə?

Göy göl Nizaminin şeir varağı,

Kəpəz də şairin özüdür bəlkə

Ay mürəkkəb, gün də qələm göndərib,

İlham pərisinin məbədi Gəncə.

Səf-səf ulduzları sözə döndərib,

Söz də ki, ömrünü əbədi gəncə

Elə alıb-verib söz nəfəsini,

Əriyib min illik zaman buz kimi.

Həkk edib aləmə xəmsəsini,

Göylərə həkk olmuş beş ulduz kimi.

Sənəti dönübdür pirə, ocağa,

Ömrüsə əbədi vüqar olubdur.

Yazıb son sözünü sancıb torpağa,

Qələmi göyərib çinar olubdur.

Nə qədər şairə var məhəbbəti,

Lalələr düzülüb sağı-soluna.

Sarvana dönübdür şanı, şöhrəti,

Gəncənin yolu da karvan yoluna

Kim bilir?

Çox da məni eşitmir,

Nədən bilim ki, daş kar.

Çox sirri var aşkarın,

Olsa da çox sirr aşkar.

Dünya dönüb leylaca,

Qala qurub tax-taca.

Hökmünü ehtiyaca,

Mehrini verib eşqə.

Baxma pambıq zərif, ,

Ona baş kəsəndə bax.

Yerlə yeksan olar dağ,

Düşmən olsa qarışqa.

Gündüzlər səngərdədir,

Gecələr ləngərdədir.

Ay şanlı sərkərdədir,

Ulduzlar yoxsa ləşkər?

Çəkən elə çəkib xətt,

Yer məxrəcdir, göy surət.

Nə olacaq bəs qismət,

Kim bilir haqdan başqa?

 

 

Biz

 

Durnalar cüt uçur, tək uça bilməz.

Eşqimin cüt uçan durnasıyıq biz.

Yaz yeri öpməsə gül aça bilməz.

Eşqi yaz, qəlbi yer sanasıyıq biz.

Göyü var qoynunda qanad çalmağa,

Yeri var, üstünə lələk salmağa.

Eşqdən başqa nə var könül almağa,

Yoxsa bu hikməti danasıyıq biz?

Qaçan at dayanmaz cilovu yoxsa,

O, necə ovçudur, tilovu yoxsa.

Ürəyin atəşi, alovu yoxsa,

Qalıb tüstüsündə donasıyıq biz.

Bir eşqdir qisməti iki ürəyin.

Odur ki, bir edib arzu, diləyin.

Kündəsi yapılıb bişən çörəyin,

Elə təndiri tək yanasıyıq biz.

 

Zirvə əl çatmazdır hər yol ötənə,

Çayır tək ayaqlar altda bitənə.

Ucalıq gətirib ana Vətənə,

Onun zirvəsinə qonasıyıq biz.

 

 

Şimşək

 

Çox da ki, şimşəyin ömrü bir anlıq,

Ömrə yox, fikir ver anda qüdrətə.

Çaxanda diksinib, qaçır qaranlıq,

Yeri də, göyü də salır heyrətə.

 

Oda dözə bilməz yoxsa cürəti,

Ürək məhəbbətin odundan keçir.

Uzaq sahillərin şanı-şöhrəti,

Gəlib Ana yurdun adından keçir.

 

Günəş, sevən qəlbin mehribanlığı,

Vətən, arzusunun xoş səhəridir.

Partizan Mehdinin qəhrəmanlığı,

Sənətkar Mehdinin şah əsəridir.

 

İgid yol seçəndə bir dəfə seçər,

Necə ki, yolunu dəyişmir bahar.

Uzaq sahildə də canından keçər,

Vətən sevgisini uca tutanlar.

 

Yer ona qəlbini bağışladı ki,

O, yerə əbədi alqış gətirsin.

Göy də bu ülfəti alqışladı ki,

Torpağa aydınlıq, yağış gətirsin.

 

 

Əlvida

 

Təzəcə alışıb, dönürdük oda,

Tüstüyə qoşulub bəs niyə getdik?

Hər şeyin yaxşısın sevdik dünyada,

Hər şeyin pisini bəs niyə etdik?

 

Ovdan ayrı düşdü ilk tilovumuz,

Qərq oldu dəryada yox sorağı da.

Dünyanı yandıran od, alovumuz,

Yandıra bilmədi bir ocağı da.

 

Eşqimiz aləmi necə bəzərdi,

Biz ilmə olduq ki, o, salsın naxış?

O varlıq toxumu necə bitərdi

Nə sən torpaq oldun, nə də mən yağış.

 

Bu eşq Günəşinin dan yeri uzaq,

Əl yetməz bir daha qürubdan ona.

Qovur qaranlığı yananda çıraq,

Qaranlıq gətirdin sən yana-yana.

 

Kim deyir bu eşqin atəşi sönüb,

Sönsəydi qəlbimdə tufan qopardı.

Eşqə dönüklüyün küləyə dönüb,

Səni xəzan kimi alıb apardı.

 

 

Namərd

 

Görünsə də su kimi,

Çirkabdır, içmək olmaz.

Özü kimi əskidən

Arşın mal biçmək olmaz.

 

Ar-namusu satıbdır,

Dönüb buyruq quluna.

Alıb papaq da qoyub,

Satdığının puluna.

 

Aldadıb dilə tutmaq,

Peşəsi qurmaq tələ.

İlana zəhər verən

Namərddir kərtənkələ.

 

Leş görsə quzğun olur,

Sür-sümük görsə köpək.

Mərdlərsə qartal kimi

Qonur zirvəyə tək-tək.

El bəs necə qorusun,

Vətən adlı çeşməni.

Çıxıb ocaq başında

Oturubsa düşməni.

 

 

Elə ver

 

Eşqin məlhəm, könlüm səndən yaralı,

Doyan deyil könlüm eşqdən, elə ver.

Gördün ki, canını üzüb yar alır,

Əsirgəmə, eşqə qurban elə, ver.

Yaz gəlibdir dağda, düzdə qar tala,

Tay olammaz bəzənsə də qart, ala.

Necə zirvə könül verir qartala,

Sən də mənə öz könlünü elə ver.

Aramızda nə divar var, nə barı,

Gen dolanma daha, yaxın gəl barı.

Eşqin özü kimi şirindir barı,

Babək, onu yetişdirib elə ver.

Körpələrin xatirinə

Hər gün doğan körpələrin,

Gözlərinə baxmasaydı.

Şəfəqləri dan yerinin,

Süd gölünə axmasaydı.

Günəş göyün yaxasına,

Nur çələngi taxardımı?

Baxdığına o, təzədən,

Bir də doğub baxardımı?

Gün aləmə nur gətirməz,

Gətirməsə körpə uğur.

Bir-birinə bənzəri var,

Bir-birinə baxıb doğur.

 

Qövsi-quzeh göy üzündə,

Bir laylanın mətni kimi.

Odur belə müqəddəsdir,

Göylər ana bətni kimi.

Hər gün aləm büründükcə,

Körpələrin süd ətrinə.

Biz Günəşə baxacağıq,

Körpələrin xatirinə.

Mən bir uşaq ürəyiyəm

Çörək tapmamışam, su tapanda da,

Nə qarlı dağ oldum, nə yaşıl yamac.

İstəyir daş elə qoy sapanda da,

Yenə də tapacaq məni ehtiyac.

Yapdığım kündələr niyə küt gedir,

Gəlmişəm mən kimin bəd nəzərinə?

Məyər mərd ölübmü, namərd əmr edir,

Vətənin ləyaqət əsgərlərinə ?

Dağlar yaranıbdır baxsın zirvədən,

Üfüqlər yaranıb qanad çalmağa.

Gəlmədim dünyaya kölgələnəm mən,

Gəlmişəm dünyaya kölgə salmağa.

Mən ki, bir uşağın saf ürəyiyəm,

Hələ ki, isidir arzular məni.

Bəlkə də mən elə qar çiçəyiyəm,

Heç vaxt oxşamayıb ilk bahar məni.

Yox qürub yeriyəm yarasaların,

Baxıb görə bilmir kor olub daha.

Nəyimə gərəkdir dünyanın varı,

Bahası ucuzdur, ucuzu baha.

Sevməsəydi təbiət

Ümmansan, qəlbim qayıq,

Özün bil, talehim sən.

Ya sahilə çatdırıb,

Ya da qərq edəcəksən.

Aldın başdan ağlımı,

Qəlbimi etdin əsir.

Varlığımda elə bil,

Ünvansız külək əsir.

Oxu atıb bəs niyə,

Gizlədirsən sən yayı.

Şimşəksənsə qoy olum,

Oduna tuş qağayı.

Eşqim ocaq çatıbdır,

Ürəyimi edib sac.

Səni əlçatmaz edib,

Məni də sənə möhtac.

Qisməti hasil edir,

Hasili eşqə qismət.

Haldan-hala düşərdi,

Sevməsəydi təbiət?

 

 

Görüm

 

Övladlarıma

 

Bənzəyirsən qartala,

Qartal kimi uç görüm.

Dalma bala xəyala,

Ürəyini aç görüm.

Aran da var, dağ da var,

Qara da var, da var.

Nahaq da var, haq da var,

Ara görüm, seç görüm.

Tufan döysə gəmini,

Çəkmə onun qəmini.

Atan əkən zəmini,

Balasısan biç görüm.

Vətən birdir seçilməz,

Onu sevən kiçilməz.

Dəniz şordur, içilməz,

Sən dənizi iç görüm.

Kəc baxırsa yağıdır,

Vətən cənnət bağıdır.

Nə vaxt qeyrət çağıdır,

O vaxt səni qoç görüm.

 

Dəyişməz

 

Eşq hasili iki ürək vurula,

Sevən ömrün tənasübü qurula.

Vurulubsa, iki dünya bir ola,

Dünyanı dəyişər, özü dəyişməz.

Odur cazibəsi hər bir bucağın,

Açılan qolları doğma qucağın.

Eşqdən atəşini alan ocağın,

Alovu dəyişər, közü dəyişməz.

Sonsuzluq, bu elə özüdür eşqin,

Hələ deyilməmiş sözüdür eşqin.

Ağlın yetmədiyi izidir eşqin,

Ağılı dəyişər, izi dəyişməz.

 

 

Külək

 

Yelindir, yer əmib, çatıb əhdinə,

Boşalan buludun ahıdır külək.

Daraqsız saçları darar səmtinə,

Daranmış saçları dağıdır külək.

Baharda başqadır onun avazı,

Ağaclar qızlartək işvəli-nazlı.

O qədər şirindir, azı, ən azı,

Yaşıl yarpaqlarda nağıldır külək.

Kim deyir yox onun sevinci, qəmi,

Bəs hansı istəklə gəzir aləmi?

Əslimi dağlara salıb Kərəmi,

Nakam məhəbbətin dağıdır külək.

Dənizlə gözləri dəyişik salar,

Dönüb qağayıya qaş qanad çalar.

Kirpiklər sahilmi, dalğalar yalar,

Adamı zor ilə ağladır külək.

Bir dəli sevdanın həvəsindədir,

Çırpnır, fələyin qəfəsindədir.

Varlığı gizlənib, nəfəsindədir,

Hisslərin gərilmiş çağıdır külək.

 

 

Babək ARUSLU

 

525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.28