Bəkir Çobanzadə Budapeştdə

 

Bu il mart ayının 30-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanın Polşa və Macarıstandakı səfirlərinin yerləri dəyişdirildi. Həmin ərəfədə və sonrakı günlərdə Macarıstandakı ilk səfirimiz, görkəmli diplomat, həqiqi ziyalı və vətənpərvər Həsən Həsənovla mütəmadi telefon əlaqəsi saxlasaq da, yalnız may ayının sonlarında Bakıda görüşə bildik. Mən Macarıstana, o isə Polşaya getməyə hazırlaşırdıq. Odur ki, son beş ildə səfir kimi çalışdığımız ölkələr haqqında, görülən işlər və qurulan əlaqələr barəsində biri-birimizi məlumatlandırırdıq. Həsən müəllim tez-tez şaqraq gülüşlərlə müşayiət olunan canlı və cəlbedici danışıq manerası, özünəməxsus tükənməz enerjisi ilə həmin vaxta qədər Macarıstanda həyata keçirdiyi layihələrdən danışdıqdan sonra sözünü zarafatla tamamlayaraq dedi.

– Gördüyün kimi, Budapeştdə səfirlik açılandan sonrakı beş ildə bəzi işlər görmüşəm. Amma onu da biləsən ki, Azərbaycan-Macarıstan münasibətlərinin tarixində ciddi yeri, xidmətləri olan iki nəfərə qəsdən toxunmadım. Fikirləşdim ki, bütün işləri görüb qurtarsam sonra gələnə bir şey qalmaz. Odur ki, həmin iki nəfərin tədqiq olunmasını, araşdırılmasını sənə saxladım. Yəqin söhbətin kimlərdən getdiyini başa düşürsən. Biri Vamberi, o biri də Bəkir Çobanzadədir. İndi bu məsələlər sənin üzərindədir. Bax, gör nə edirsən.

Budapeştə gələndən sonra səfir Həsən Həsənovun təvazökarcasına “bəzi işlər” adlandırdığı fəaliyyətin miqyası və mahiyyəti, etiraf edim ki, məni xoş bir şəkildə heyrətləndirdi. Bu illər ərzində Səfirliyimiz özünün birbaşa vəzifələrinin yerinə yetirməklə bir sırada həm də mühüm elm və mədəniyyət ocağına, azərbaycanşünaslıq mərkəzinə çevrilmişdir. Son dörd ildə mütəmadi keçirilən “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” beynəlxalq konfransı, çap olunan onlarla kitab, bir sıra tanınmış macar alimlərinin, ictimai-siyasi xadimlərinin Azərbaycan səfirliyi ətrafına toplanması yerli cəmiyyətdə ölkəmizin müsbət imicinin formalaşmasına böyük təsir göstərmişdi.

Təbii ki, Həsən müəllim Macarıstanda səfir kimi fəaliyyətini bir müddət də davam etdirsəydi, istər Vamberi, istərsə də Bəkir Çobanzadə də onun bir çox məsələləri əhatə edən diqqətindən kənarda qalmayacaqdı.

İki xalqın mədəni və mənəvi əlaqələri kontekstində bu şəxsiyyətlərlə maraqlanmağa həqiqətən də dəyər. Çünki onların istər şəxsiyyətləri, istərsə də elmi-ədəbi irsləri türk xalqları ilə macarları yaxınlaşdıran ən etibarlı körpüdür. Fikrimcə, macəraçı xarakterinə baxmayaraq yəhudi əsilli ensiklopedist-alim Armin Vamberi (1832-1913) macar ictimaiyyətinin, ziyalıların avropasentrizm nəzəriyyələrindən uzaqlaşaraq doğma xalqın soy-kökünü həqiqi elmi-tarixi meyarlarla öyrənməsinə ciddi təsir göstərmişdi. Budapeşt Universitetinin Şərq bölümünün qurucusu və 35 illik (1870-1905) dəyişilməz rəhbəri kimi Osmanlı tarixinin və macar-türk əlaqələrinin öyrənilməsinə böyük töhfələr vermişdi. Təsadüfi deyil ki, turançılıq nəzəriyyəsinin banilərindən sayılan Azərbaycanın böyük fikir adamı Əlibəy Hüseynzadə macarların türk kökənli olmalarını məhz Vamberiyə müraciətlə yazdığı aşağıdakı misralarda ifadə etmişdi.

 

Sizlərsiniz ey qövmi-macar,

bizlərə ixvan,

Əcdadımızın müştərəkən

məskəni Turan.

Bir dindəyiz həpimiz – haqqapərəstan,

Əsla ayırammaz bizi İncil ilə Quran!

 

Mənşəcə Krım tatarı olan, ali təhsilini 1916-1919-cu illərdə Budapeşt universitetinin (1950-ci ildən Eötvöş Lorand Universiteti adlanır –V.Q.) tarix-filologiya fakültəsində alan, Azərbaycanda dilçilik və türkologiya elminin inkişafına böyük töhfələr verən şair, alim, elm təşkilatçısı və ictimai xadim Bəkir Sidqi- Bəkir Vahab oğlu Çobanzadə (1893-1937) bu ideyanın ardıcıl tərəfdarlarından biri kimi tanınmışdı. İlk tədqiqatçılarından Abdulla Battal Taymasın yazdığı kimi, “Çobanzadə beynində elm və mədəniyyət yükü, ürəyində türklük və yurd sevgisi daşıyan, misli-bərabərinə zəmanəmizdə az-az təsadüf olunan idealist ruhlu bir türk övladı idi”.

Azərbaycan SSR Xalq Maarif Komissarlığının (XMK) dəvəti ilə 1924-cü ildə Bakıya gələn B.Çobanzadə Bakı Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasına rəhbərlik etmiş, 1925-1927-ci illərdə isə şərqşünaslıq fakültəsinin dekanı olmuşdu. Eyni zamanda XMK Elmi Şurasının üzvü, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi və S.Ağamalıoğlunun rəhbərlik etdiyi Yeni Əlifba komitəsinin üzvü kimi fəaliyyət göstərmişdi. Həyatının Bakı dövründə dilçiliyin, ədəbiyyat tarixinin və çağdaş ədəbi prosesin müxtəlif problemləri ilə bağlı onlarla kitab və məqaləsi nəşr olunmuşdu.

Türkoloqların 1926-cı ildə Bakıda keçirilən I Beynəlxalq qurultayında o, “Türk-tatar dillərinin qarşılıqlı münasibətləri” və “Türk-tatar dillərində elmi terminologiyanın tənzimlənməsi prinsipləri” adlı iki məruzə ilə çıxış etmişdi.

Müxtəlif vaxtlarda Tavrida universitetində (Ağməscid) Krım-tatar dili, Bakıda Azərbaycan dili, Daşkənddə özbək dili kafedralarına rəhbərlik edən Bəkir Çobanzadə geniş profilli türkoloq idi. Onun elmi-nəzəri yaradıcılığı türk dillərinin müqayisəli tədqiqi, qədim uyğur yazıları, Orhun-Yenisey abidələri, türk dialektologiyası, ədəbi dil tarixi, terminologiya, çağdaş türk əlifbalarının unifikasiyası və s. sahələri əhatə etmişdi. Dilçiliklə bir sırada ədəbiyyat tarixi və ədəbiyyatşünaslıq sahələrində də eyni məhsuldarlıqla çalışan Bəkir Çobanzadə Azərbaycanda “Kitabi-Dədə Qorqud”un ilk tədqiqatçılarından biri kimi tanınmış, Nəvai, Xətai və Füzuli yaradıcılığını linqvistik-poetik baxımdan təhlil edən monoqrafik əsərlər yaratmışdır. Türkologiyanı zənginləşdirən çoxcəhətli elmi fəaliyyəti sayəsində qapalı ölkədə-SSRİ-də yaşamasına baxmayaraq 1935-ci ildə Antonio Mellerin təklifi ilə Parisdəki Beynəlxalq Linqvistika Cəmiyyətinin həqiqi üzvü seçilmişdi.

Lakin təəssüflər olsun ki, Azərbaycan ədəbiyyatının Firudin bəy Köçərli, Salman Mümtaz kimi fədailəri ilə bir sırada Bəkir Çobanzadənin da yalnız özü deyil, həm də elmi yaradıcılığı repressiyaya uğramış, bir sıra diqqətəlayiq, mühüm əsərləri məhv edilmiş, itib-batmışdır. Onların yalnız adı qalmışdır. Və burada da iş erməni barmağı, erməni izi olmadan ötüşməmişdir.

Onun şeirlərini və publisist irsindən nümunələri toplayaraq 1999-cu ildə İstanbulda “Kırımlı türk şair və bilgini Bəkir Sidqi Çobanzadə” adı ilə kitab şəklində çap etdirən İsmayıl Otarın yazdığına görə “Alimi tutuklayan QPU komitəsinin başkanı olan erməni Çobanzadənin yazılarını sandıqlara doldurub İrəvana göndərmişdi. İndi də harada saxlandığını bilmirik. Bu səbəbdən də Çobanzadənin yazıları haqqında tam bilgimiz yoxdur”.

 

lll

 

Şübhəsiz, Bəkir Çobanzadənin gənc yaşlarında Avropa miqyaslı bir filoloq-alim kimi yetişməsində Budapeşt universitetinin və Macarıstan türkologiya məktəbinin mühüm rolu olmuşdu. Məhz həmin mühit və şəraitin açdığı imkanlar sayəsində uzaq Qarasubazar qəsəbəsində böyümüş krımlı çobanın oğlu qeyri-adi istedadına və zəhmətsevərliyinə güvənərək mənsub olduğu xalqın layiqli təmsilçilərindən birinə çevrilə bilmişdi.

Budapeştə gələnə qədər Bəkir Çobanzadə əvvəlcə Krımda, sonra isə İstanbulda (1909-1914) təhsil almışdı. Bitirdiyi İstanbul Sultaniyyəsi əslində liseyə bərabər tutulurdu. Odur ki, təhsilini davam etdirmək, universitet diplomu almaq qərarında yetərincə ardıcıl və israrlı idi.

Lakin nə üçün məhz Budapeşt universiteti seçilmişdi? Bəkir Çobanzadə Avstriya-Macarıstanın bu mühüm elm və mədəniyyət mərkəzinə nə zaman gəlmişdi? “Rus məktəblərində pozulmayım deyə yurdsevər ana babam məni çox gənc yaşımda Türkiyənin başkəndinə yolladı. Vətənpərvərliyim hələ o zaman o qədər qüvvətli idi ki, ilk selamlık (sultanın xalqın qarşısına çıxması –V.Q.) sırasında bütün türk-tatarların ən uca hökmdarını – Sultanı görəndə xoşbəxtliyimdən ağlamış, yalnız buxaralı xocaların təskinliyi ilə sakitləşmişdim” – deyə sonsuz türk sevgisindən bəhs edən müəllif nə üçün naməlum Budapeşti sevimli İstanbuldan üstün tutmuşdu?

Burada bir haşiyə çıxaraq Krım tatarlarının Avropa ilə əlaqələrinin, Avropaya maraqlarının digər türk xalqları ilə müqayisədə daha güclü olduğunu qeyd etmək lazımdır. Bu da Polşa, Rumıniya, Litva kimi ölkələrdə yaşayan tatar əhalinin əslən Krımdan olması ilə bağlı idi. Macarıstanda soydaşları yaşamasa da, bu ölkə də onların diqqətindən kənarda qalmamışdı. Məsələn, “Tərcüman” qəzetinin 1908-ci ildə çıxan 42, 44, 49, 51, 65 və 67-ci saylarında İsmayıl bəy Qaspralının “Molla Əhməd Fransəviyə təsadüf” adlı geniş yazısı çap olunmuşdu. Yol qeydləri şəklində yazılmış bu sənədli povestdə müəllifin Macarıstana səyahəti, paytaxtın Buda hissəsində yerləşən və türk fütuhatı ilə bağlı olan Gül Baba türbəsini ziyarət etməsi, Türkiyədə daha çox Rəşid Əfəndi adı ilə tanınan professor Armin Vamberi ilə görüşü, Şərqin, ilk növbədə türk dünyasının problemləri öz əksini tapmışdır. Əsər yarımçıq qaldığından müəllifin qayəsini tam şəkildə anlamaq müəyyən çətinlik törədir. Lakin İ.Qaspralının Şərq-Qərb müqayisəsini dünyanın bu iki əks qütbü ilə sıx bağlı olan Macarıstanın timsalında aparması öz-özlüyündə maraqlıdır.

İstanbulda orta təhsilini tamamladıqdan sonra Bəkir Çobanzadə Krıma qayıtmışdı. Yenə də özünün yazdığına görə, 1914-cü ildə başlayan Birinci Dünya müharibəsi onu Odessa şəhərində, Milyukov məktəbinin tələbələri sırasında yaxalamışdı. Kadet partiyasının lideri, Müvəqqəti hökumətin xarici işlər naziri P.N.Milyukovla hər hansı əlaqəsi haqqında məlumata malik olmadığımız bu məktəb, onun verdiyi təhsilin xarakter və istiqaməti də tamamilə naməlum qalmaqdadır.

Krım-tatar tədqiqatçısı, Bəkir Çobanzadənin ömür yolundan bəhs edən iri həcmli “Mədəni inqilab əsgəri” (Daşkənd, 1991) kitabının müəllifi Səftər Naqayev qəhrəmanının rus ordusunun tərkibində Birinci Dünya müharibəsi cəbhələrində vuruşmasından, Avstriya-Macarıstan ordusuna əsir düşməsindən, macar kommunistlərinin yardımı ilə əsirlikdən qaçmasından, Budapeştə gəlib universitetə daxil olmasından və s. bəhs edir. Əslində isə sonuncu faktdan başqa qalan hamısı fantaziya məhsulundan başqa bir şey deyildir.

Çox ehtimal ki, Bəkir Çobanzadə məhz cəbhəyə göndərilməmək üçün 1914-cü ilin sonlarında Bessarabiya –Kişinyov-Rumıniya üzərindən keçərək təzədən İstanbula qayıtmağa müvəffəq olmuşdu. Növbəti ildə azad dinləyici sifəti ilə təhsilini İstanbul Darülfünunun dil-ədəbiyyat fakültəsində davam etdirməyə başlamışdı. Burada macar əsilli pedaqoq Lipot Mosonyinin diqqətini çəkməsi onun sonrakı taleyinin müəyyənləşməsində müstəsna rol oynamışdı.

Həyatının bu dönəmini müəllif özü “Budapeşti Hiralp” qəzetinin 28 mart 1918-ci il tarixli sayında çap olunan “Bir tatar gəncinin ana yurdundan: Krım” adlı yazısında anlatmışdır. Polşalı türkoloq, professor Henrix Yankovskinin macar dilindən çevirərək Krımda çıxan “Əməl” dərgisinin 1992 – ci il 189-cu sayında dərc etdirdiyi həmin yazıda oxuyuruq:

“Bir çox məşəqqətlərdən sonra yenə İstanbula qovuşdum. Orada çox möhtərəm Lisot Mosonyi bəyəfəndi ilə tanış oldum. Uzaq Qərbə köç etmiş soydaşlarımız olan macarlar haqqında daha öncədən bilgim olduğu halda əslində yalnız bu möhtərəm bəyəfəndi tərəfindən öyrədilən macar tarixi və ədəbiyyatı diqqətimi çəkdi. Bir gün o, Yanoş Araninin “Toldi” adlı əsərinin birinci bölümünü türkcəyə çevirərək mənə oxudu. Həm qafiyəsi, ifadə və anlatma gücü, həm də Toldinin insanı özünə cəlb edən şəxsiyyəti diqqətimi çəkdi. Macarları və Macarıstanı daha əvvəllər də tanımağa can atmışdımsa, yalnız möhtərəm macar dostum (Lisot Mosonyi nəzərdə tutulur –V.Q.) və bu diqqətəlayiq əsər keçmiş xəyallarımı biçimli bir hala salaraq məni yeni addımlar atmağa təşviq etdi. Çox keçmədən niyyətim gerçəkləşdi. Macarıstanın paytaxtına gəldim. Macarıstanda dostca, qardaşlıq duyğuları ilə qarşılandım. Ünlü macar qonaqpərəstliyinə də şahid oldum. Üstəlik Macarıstanın ən yaxşı elm mərkəzlərindən birində macar ədəbiyyatını və mədəniyyətini öyrənmək, qardaş xalqa sevgi və məhəbbətimi daha da dərinləşdirmək imkanı qazandım .”

Burada adı çəkilən Yanoş Arani (1817-1882) görkəmli macar şairi və Şandor Petöfinin yaxın dostu idi. Onun xalq qəhrəmanı Toldinin mübarizəsindən bəhs edən “Toldi”, “Toldinin axşamı”, “Toldinin məhəbbəti” poetik trilogiyası milli şüurun formalaşmasında mühüm rol oynamışdı. Yanoş Arani eyni zamanda Macarıstanın hun dövrünə həsr olunan və Akademiyanın Nadaşdi mükafatına layiq görülən “Budanın ölümü” tarixi poemasının müəllifi idi.

Macar dilinə yetərincə yiyələndikdən sonra B.Çobanzadə 1917-ci ilin yanvarında Yanoş Araninin “Agnes” adlı balladasını Krım-tatar dilinə çevirmişdi. Əvvəlinə əlavə etdiyi “Macar ədəbiyyatından bir yarpaq” adlı kiçik müqəddimədə mütərcim “Bu hərəkətimlə böyük şairin ruhunu və macar dostlarımı şad edə bilsəm qurulmaqda olan türk-macar dostluğuna kiçik bir töhfə verdiyimi düşünərək mən də özümü bəxtiyar sayaram”- deyə onu Macarıstana bağlayan sənətkar qarşısında borcunu yerinə yetirdiyini bildirmişdi. Əlamətdar haldır ki. tərcümədə o, Arani şerinin özünəməxsusluqlarının, ritm və qafiyə sisteminin mühafizə olunmasına xüsusi diqqət yetirmişdi.

Beləliklə, bir tərəfdən Mosonyinin təşviqləri, o biri tərəfdən isə Yanoş Araninin təsiri Budapeşt seçimində həlledici amilə çevrilmişdi. Şübhəsiz, macar tərəfinin ayırdığı təqaüd də önəmli amillərdən idi. Tatar gənci təhsilini başa vurana kimi universitet pansionatında dövlət hesabına yaşamışdı. 1635-ci ildə katolik rahib Peter Pazmaninin qurduğu Budapeşt universiteti Macarıstanın ən qədim və mötəbər ali məktəblərindən biri hesab olunur. O da maraqlıdır ki, həmin dövrdə Bəkir Çobanzadə L.Mosonyinin təşviqi ilə Budapeştə və eyni universitetə gələn yeganə türk gənci deyildi. Qazan tatarı, sonralar Türkiyədə Türk Dil Qurumunun və Türk Tarix Qurumunun qurucu üzvü, Xett muzeyinin yaradıcısı, 1957-1965 –ci illərdə Beynəlxalq Muzeylər Şurasına rəhbərlik etmiş məşhur tarixçi, arxeoloq, dilçi və etnoqraf, professor Həmid Zübeyr Koşay (1897-1984) da təxminən eyni dövrdə bu universitetdə təhsil almışdı.

Əslində istedadlı türk gənclərinin Macarıstana dəvət olunması sadəcə Lipot Mosonyinin təşəbbüsü deyildi. 1910-cu ildə görkəmli macar alimi, Macarıstan EA-nın həqiqi üzvü, müstəqillik dövründə iki dəfə ölkənin baş naziri olmuş hersoq Pal Telekinin (1879-1941) rəhbərliyi ilə Budapeştdə “Turan Cəmiyyəti” (“Turani Tarsasag”) qurulmuşdu. Bir sıra tanınmış şəxsiyyətləri, elm adamlarını, milli ruhlu şair və yazıçıları öz sıralarında birləşdirən Cəmiyyət qarşısına “Avropadan Asiyaya, Devenyüdən Tokioya qədər Turanı aramaq”, eyni köklü xalqların turançılıq zəminində birliyini möhkəmləndirmək vəzifəsini qoymuşdu. 1913-cü ildən Cəmiyyət “Turan” məcmuəsi nəşr etməyə başlamışdı. 1920-ci ildə isə doqquz turançı təşkilat birləşib “Macarıstan Turan Federasiyası” (Magyarorsag Turani Szövetseg”) qurmuşdu. Nəhayət, o da maraqlıdır ki, ideyanın beşiyi başında dayanan hersoq Pal Telekinin hökumətə rəhbərlik etdiyi 1939-1941-ci illərdə istehsal olunan yüngül macar tankları “Turan” adlanırdı...

Macarıstan paytaxtına gəldikdən sonra Bəkir Çobanzadə Eötvöş kollecində macar dili öyrənmiş, eyni zamanda universitetin tarix-filologiya fakültəsinin məşğələlərinə davam etmişdi. Həmin dövrdə bu fakültə nəzdində mühüm türkoloji mərkəzə çevrilməkdə olan Şərq bölməsində İqnatsi Qoltsier, İosif Şmidt, İqnatsi Kunos, Gyula Nemet kimi Avropa miqyasında tanınan şərqşünas alimlər çalışırdılar. Başlanğıc mərhələdə o, İ.Goltsier və İ.Şmidtdən ərəb dili və ədəbiyyatı, İ.Kunosdan türk ədəbiyyatı, G.Nemetden isə orta əsrlər və müasir türk dili dərsləri almışdı. Orhun-Yenisey abidələri və Osmanlı dövrünə aid türkdilli macar qaynaqları ilə də G.Nemetin rəhbərliyi altında məşğul olmuşdu. Sonrakı semestrlərdə öyrənilən predmetlərin sayı artmış, məşğələlər daha mürəkkəb xarakter almışdı.

Budapeştdə ilk vaxtlar Bəkir Çobanzadə tamamilə tənha idi. Yalnız bir müddət sonra müharibə cəbhələrində Avstriya-Macarıstan ordusuna əsir düşmüş iki-üç Krım və Qazan tatarı ilə tanış ola bilmişdi. 1918-ci ildə isə Budapeştə ali təhsil almaq üçün Krım tatarlarının Xeyriyyə Cəmiyyəti tərəfindən göndərilmiş daha bir neçə nəfər gənc həmvətəni gəlmişdi. Lakin təklik onu heç vaxt sıxıb- qorxutmamışdı. Əksinə, qüvvə və inadını daha da artırmışdı. Bunu macar paytaxtına gəldiyi ilk vaxtlarda çəkdirdiyi və dostu Həmdi Atamana göndərdiyi şəklin arxasına yazdığı aşağıdakı sözlər də sübuta yetirir:

“Öz-özünə yetişən çiçək hər zaman solmağa məhkum deyil. O, yurddan və Tanrıdan aldığı qüvvətlə bəzən böyüyür. Toxumları ilə bəhərsiz bir tarlanı, çılpaq bir qayanı canlandırmağa, süsləməyə müvəffəq olur”. Altına “Budapeşt. 2 dekabr 1916-ci il” tarixi qoyulmuş bu sözlər həmin “öz-özünə yetişən çiçəyin” kimliyini çətinlik çəkmədən müəyyən etməyə imkan verir.

Macar paytaxtı və universitet mühiti Bəkir Çobanzadənin yalnız elmi deyil, mədəni-mənəvi və siyasi baxımdan yetişməsinə də əhəmiyyətli təsir göstərmişdi. O, burada mənsub olduğu Krım tatarlarının, bütünlükdə fərqli coğrafiyalarda yaşayan türk xalqlarının tarixinə və gələcəyinə tamamilə fərqli nəzərlərlə baxmağa başlamışdı. Macar cəmiyyətində müşahidə etdiyi azadlıq və müstəqillik duyğuları, ictimai inkişaf meyli onun həqiqi vətənpərvər kimi formalaşmasında öz müsbət, verimli rolunu oynamışdı.

Macar dilinin kifayət qədər çətin sayılmasına baxmayaraq dilləri öyrənmək sahəsində xüsusi istedadı ilə seçilən Bəkir Çobanzadə bir neçə ay ərzində onu universitet mühazirələrini dinləmək səviyyəsində mənimsəyə bilmişdi. Həmdi Atamana 17 sentyabr 1917-ci il tarixli məktubu bu baxımdan diqqət çəkicidir:

“İlin sonunda müdhiş imtahanlarım var. Fövqəladə bir qeyrətlə çalışmağım lazımdır. Macarıstanda doğulan və 12 sənədən bəri macar dilində oxuyan, öyrənən macarlarla bərabər macar ədəbiyyatından, tarixindən imtahan verməliyəm. Müvəffəq olduğum təqdirdə məni böyük şərəf və etibar, başarısızlığa uğradığım təqdirdə isə səfehlik tənəsi və xəcalət təri gözləyir. İndiyə qədər bütün qeyrətim macar dilini bacardığım qədər mükəmməl öyrənməyə sərf olundu. Artıq dil məsələsində başqalarından o qədər də fərqlənmirəm. Bəzən qüvvəm tükənsə də, inadım və arzularım tükənmir .”

Məhz bu inadkarlıq sayəsində o, yalnız macar dilini öyrənməklə kifayətlənməmiş, həm də macar cəmiyyəti, elm və mədəniyyət adamları ilə sıx əlaqələr qurmağa müvəffəq olmuşdu. Eyni zamanda onları Krım tatarlarının və digər türk xalqlarının vəziyyəti, üzləşdikləri problemlərlə maraqlandırmağa, iki qohum xalq arasında ünsiyyət körpüsü salmağa çalışmışdı.

Tanınmış macar türkoloqu, akademik Georq Xazai ilə söhbətimiz zamanı (12 oktyabr 2010-cu il) o, Bəkir Çobanzadənin macar dilində yazılmış şeirlərindən birinə təsadüf etdiyini bildirmişdi. “Budapeşti Hirlap” qəzetinin 16 mart 1918-ci il sayındakı aşağıdakı sətirlər isə bu fikrin həqiqiliyinə inamı daha da artırır. Jurnalist Gyula Pekar yazırdı: “Qarasubazardan (Krım) olan gənc şair Bəkir Sidqi Odessadakı rus (?) və Konstantinopoldakı türk universitetini bitirdikdən (?) sonra əvvəlcə Eötvöş kollecinin tələbəsi olmuş, indi isə Budapeşt universitetini başa vurmuşdur. O, macar dilində Peştin yoxsul məhəllələrindəki yerli sakinlərin çoxundan daha yaxşı danışır”.

1918-ci ildə İstanbuldakı “Krım” dərgisində çap etdirdiyi “Macar qardaşlar” adlı məqaləsində Bəkir Çobanzadə yenə dil məsələsinə toxunaraq yazırdı: “İki ildən bəridir ki, macarların arasındayam. Dillərini hələ birinci ilin ilk yarısında öyrənməyə müvəffəq oldum. Əvvəla, bir çox türk, tatar, slavyan kəlmələrinin olması, o biri tərəfdən isə ədatlarının, səslərinin ana dilimizi andırması nəticəsində az zaman içərisində macarcanı imtahana girməyə, sonra isə nitq deməyə və məqalə yazmağa imkan verən bir səviyyədə mənimsədim. Macarların içərisində fransızlardan, almanlardan, hətta daim türk-tatar millətləri ilə birgə yaşayan erməni, rumlu və yəhudilərdən daha sərrast və doğru-dürüst türk-tatar dilində danışanlara təsadüf etdim”.

Bunun əsas səbəbini müəllif macarlarla türklər arasındakı etnik birlikdə görürdü: “Budapeştdən bir az kənara çıxan, təmiz irqli macarların yaşadığı kəndlərə, kiçik şəhərlərə səyahət edən adam dərhal Avropanın bu hissəsindəki slavyan və germanlardan tam fərqlənən insan tipinə rast gəlir, bu tipin özünə nə qədər bənzədiyini “Vay, siz necə macara oxşayırsınız”- deyən macarın öz dilindən eşitməli olur”. Bəkir Çobanzadə məşhur Avstriya tarixçisi Y.Hammer-Purqştalla (1774-1856) əsaslanaraq Macarıstanın kun (hun-V.Q.) adlanan və öz dilində danışan sonuncu sakininin 1770-ci ildə öldüyünü yazırdı.

Şübhəsiz, ötən əsrin əvvəllərində macar ziyalıları və alimləri arasında özlərinin hun-türk köklərindən xəbərdar olanlar az deyildilər. Odur ki, daha yaxın tanışlıq nəticəsində Bəkir Çobanzadə belə qənaətə gəlmişdi: “Macar xalqından başqa macar aydınları, münəvvər təbəqə, hökumət də türk-tatarlarla böyük bir məhəbbət və səmimiyyətlə maraqlanır. “Şərq Akademiyası”, “Turan” cəmiyyəti, “Şərq ticarət mərkəzi” kimi cəmiyyətlər, habelə macar mətbuatı, xüsusən də “Turan”, “Macar Figeylo” kimi məcmuələr və “Budapeşti Hirlap” kimi qəzetlər bu məsələdə öncüllük vəzifəsini öz üzərlərinə götürürlər”.

Rusiyadakı qalibiyyətli fevral inqilabından sonra Bəkir Çobanzadənin macar ictimai-siyasi dairələri ilə əlaqələri daha intensiv xarakter almışdı. “Macar qardaşlar” adlı məqaləsində “xüsusi ilə macar mətbuatının mənim şəxsimdə millətimə göstərdiyi məhəbbəti ayrıca qeyd etməyə borcluyam”-deyən müəllifin 1917-1918-ci illərdə Krım həqiqətlərinin təbliği məqsədi ilə yerli mətbuatın açdığı imkanlardan daha geniş yararlandığı meydana çıxır. Bəkir Çobanzadə bu münasibətlə adını çəkdiyim məqaləsində yazırdı:

“Rusiya ixtilalından sonra yuxarıda zikr etdiyim qəzet və məcmuələrdə əski və yeni mədəniyyətimizə, Krımın son zamanlardakı vəziyyətinə dair bir çox məqalələr yazmaq mümkün oldu. Məqalələr ümid etdiyim təsiri göstərməkdə gecikmədilər. Birinci məqaləmin nəşrindən sonra müəllimlərdən, zabitlərdən, qəzetçilərdən çoxlu təbriklər aldım. Təbrik edənlər arasında hətta Macarıstanın gənc tarixçilərindən Pallot Oqar da vardı və məktubu ilə birlikdə Baron de Tot haqqında yazdığı əsərini də göndərmişdi”.

 

 

(Ardı gələn şənbə sayımızda)

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.23.