Qiyamətə qalmış 4 dəqiqə
Gənc dostum Vahid Qazi!
“Ruhlar şəhəri“ni ərsəyə
gətirdiyin üçün sənə
təbrikdən çox təşəkkür
düşür. Bu kitab yumruq boyda ürəkdə
Qarabağın, Ağdamın özü boyda kədər gəzdirənlər üçün, qəlbi yurd
həsrətilə çalın-çarpaz
dağlanmış, amma hər an ağdamlı kimi ucadan-uca qürur hissi yaşayan və yaşadan, Ağdamı qibləgahı sayan yüzlər, minlər, onminlər üçün həm təsəlli, həm
də Ağdamın, bütöv
Qarabağın azadlığına bir
çağırışdır. Səni əmin etmək istəyirəm
ki, bu
çağırışa qoşulanların birincisi
mən olmaq istərdim, mənim kimilər
isə minlərlədir... Kitabının ayrı-ayrı fəsillərini
mətbuatdan oxumuşam. İmzanı
tanıyırdım, şəxsən özünü
yox (hər ikimiz Ağdamda 1 nömrəli məktəbi bitirmişik, amma
aramızda xeyli yaş
fərqi var). Qələminin sadəliyinə
və gücünə, janr
orijinallığına, doğma torpağa olan məhəbbətinə,
bir də intellektinin
miqyasına heyran oldum.
Bir kitabın təqdimat mərasimində
(sağ olsun hörmətli
yazarımız Laura Cəbrayıllı)
yaxınlaşıb Səninlə tanış oldum.
Yazıların haqqında fikirlərimi söylədim. Toplayıb,
ümumiləşdirib kitab kimi çap etdirəcəyini
dedin. İndi həmin
kitaba son söz yazıram. Əziz dostum!
Sən məni (tək mənimi?..) xəyalən Xudu Məmmədovun, Famil Mehdinin, Fred Asifin, başqalarının nigaran
ruhları dolaşan, həqiqi Apokalipsis yaşamış qibləgahım Ağdama apardın. Sən məni
Ağdamın mərkəzində, Uzundərədə 5 min igid əsgərin uyuduğu qəbiristanlığı ziyarət
etdirdin. Sən məni 26 fevral
1992-ci ildə əzizlərinin meyitlərini axtaran
Xocalı əhlinin naləsinə, Ağdam
Mədəniyyət Evinin, məscidin
qarşısındakı meydanlara
apardın. Cəmi iki həftədən
sonra tüstüsü,
alovu ərşə qalxan
Ağdam Ticarət Mərkəzinin qənşərində
dayandığım (mərhum şair Famil Mehdi ilə) yerlərə
apardın (o vaxt duya bilmədik: mənim, Famil
Mehdinin alovu daha yüksəklərə
qalxmışdı, yoxsa yanan
Ağdamın?..). Bir az nikbin notda danışsam (nikbinliyə yer qalıbmı?..), sən mənə
Ağdamın düz mərkəzindəki
Məhəbbət bulağından su
içmək fürsəti yaratdın (bu
bulaq 50-ci illərin bulağı idi, itmişdi, mərhum
Aydın Quliyev bizə qaytardı, yenə
qayıdacağına ümidim var...). Onu da deyim ki, Hafizin azan
yazılmış kasetini də ilk dəfə o mənə
bağışlamışdı. Sən məni 50-60-cı
illərdəki bütün əlyazmalarımın
itdiyi Voroşilov (sonralar Xudu Məmmədov)
küçəsindəki evimizə apardın (bu evdə mənim itkilərim tək əlyazmalarım
olmadı, adamlar oldu,
adamlar...).
Sən məni dünyanın ən əzəmətli
universitetlərinin – Berkli, Vaşinqton,
Pekin, Toronto, Ziqen və başqalarının (Rafiq müəllim bu
universitetlərdə mühazirə oxuyur.
ABŞ-ın Corciya Dövlət
Universitetinin, Almaniyanın Zigen
Universitetinin, Şimali
Kiprin Yaxın Doğu
Universitetinin və Təbriz Universitetinin professorudur – redaktor) auditoriyalarından daha
uca tutduğum 1
nömrəli məktəbin 2-ci mərtəbəsindəki 10
“a” sinfində oturtdun.
Süsən müəllimə ədəbiyyat dərsi
aparırdı, mən şagird idim... Ağdam Ulu Tanrının qüdrətindən
yaranmış, Azərbaycana, böyük
Türk dünyasına, bütün
dünyaya böyük
şəxsiyyətlər, sənət və elm
adamları bəxş etmiş bir diyardır. 1998-ci ilin
payızında ABŞ-da, Atlanta
şəhərində Corciya Dövlət
Universitetində dərs deyərkən bir
mötəbər tədbirə dəvət olunmuşdum.
Hava isti olduğundan tədbir böyük
bir həyətdə keçirilirdi.
Görüşdə dünyanın onlarla
ölkəsindən (ABŞ, Almaniya, Əlcəzair,
İran, Kanada, Hindistan və s.) alimlər,
praktiklər, mütəxəssislər iştirak
edirdi. Tədbir axşam
saat 20-dən tutmuş
səhər saat 5-dək davam
elədi. Dünya xalqlarının
musiqisindən nümunələr təqdim olunurdu.
Qəflətən bir
qüvvə məni odu ilə
yandığım, illər boyu həsrət
qaldığım Qarabağ, Ağdam göylərinə apardı. Bu, Mənsum İbrahimovun
səsi idi. Çevrilib
monitora baxanda Mənsumu
gördüm, Cabiri gördüm, Nəzakəti, Aygünü
gördüm.
Bu musiqi fraqmentini “Sən
bir nəğmə, mən bir nəğmə” verilişindən
bir iranlı professor kompüterə yazmışdı və o
tədbirdə səsləndirirdi. Saydım, on barmağım
kifayət eləmədi, düz 11 dəfə həmin fraqment
təkrar olundu. Fəxr etdim, qürur duydum Mənsum, onun
dostları üçün, Qarabağ üçün, Azərbaycan
üçün. Mənim azərbaycanlı olduğumu bilənlərin
bir sualı vardı – bu ecazkar səs hardandır? Torpaqdan, sudan, yoxsa... Tanrıdan?
Sənin “Playing Baseball on the Chessboard:
Thoughts about Genocide” (Şahmat taxtasında beysbol: genosid düşüncələri)
adlı məqaləni
internetdə gördüm.
Qarabağ haqqında oğlunla
dialoq çox ibrətamiz və kəskin idi. Məni həm də seçdiyin janr və səlis ingiliscən valeh elədi. O yazını
dünyanın müxtəlif
ölkələrinə, xüsusən
tanıdığım alimlərə,
sənət adamlarına
göndərdim. Bu yazının yayılma sürəti, ona verilən qiymətlər məni çox sevindirdi. Qarabağ, Ağdam, Xocalı faciəsinin tanınmasında
ağdamlı müəllifin
(elə Ağdamın
da) zəhmətinin dünyada qiymətləndirilməsindən
qürur duymamaq olarmı? Azərbaycan da dünyanın
bir parçasıdır.
Bizim dünyamız qalaktikalar içərisində balaca
bir gəmidir. İndi bu gəmidə böyük bir hüzursuzluq var. İnsanlar
bir-birlərini eşitmək
istəmirlər.
Adəmdən bu yana yalan,
şər, haram üstündə duran bütün qarşıdurmalarda
İblisin dəsti-xətti
açıq görünür.
Dünyanın mənəvi entropiyası
çoxalıb. Entropiya artanda
dağılma ilə nəticələnir. Bircə alternativ
var. Bu alternativ də odur ki, insanlar
bir-birlərini eşitməyi
bacarmalıdırlar. İnsanlar deyəndə
tək fərdləri
yox, xalqları da nəzərdə tuturam. Dünya heç vaxt
qiyamətə bu qədər yaxın olmayıb. İnsanların borcu odur ki, dünyanı bu təhlükədən
qurtara bilsin. Bir ölkənin miqyasında
çətin ki, dünyanın xilası üçün nəsə
etmək mümkün
olsun. Amerikalı fiziklər mücərrəd
bir saat düzəldiblər, adı
“dünyanın axirət
saatı”dır. O saatda
12-yə 5 dəqiqə qalıb,
23:55. Bu 5 dəqiqədə
gəmini batırmaq da, etibarlı bir yola çıxarmaq
da olar. Bu gün əllərdəki
silahlar dünyanı
500 dəfə dağıtmağa
kifayət edər.
Elm, əfsuslar olsun ki, insandan
daha çox müharibələrə və
təbiətin məhvinə
xidmət edib. Enerjimiz tükənib, bütün
müharibələr enerji
uğrundadır. Enerji mənbəyi
tapmışıq, bəs
onu hara istifadə edirik? Atom, hidrogen bombası
hazırlamağa. Ümumibəşəri əxlaqımız yüksək
olsaydı, gəmimizdə
bir hüzur olardı. Əxlaqımız isə tısbağa
sürəti ilə inkişaf edib. Sənin kitabının əlyazmasını oxuyub
qurtarandan sonra bu qənaətə gəldim ki, indi həmin saatın böyük əqrəbi bir dəqiqə irəli çəkilməlidir: 23:56. Mən 1989-cu ildə bir yazımda
göstərmişdim ki,
Qarabağ problemi
SSRİ-nin dağılmasına
aparan yoldur. Qloballaşan
dünyamızda bu tarixdən ibrət götürmək lazımdır.
Yer adlı kosmik gəmimizdə pozulmuş
ilahi düzüm nizamlanmalıdır, insanın
yaşaması üçün
tövbə, barışıq
və anlaşmadan başqa yolu yoxdur. Qiyamətə
qalmış 4 dəqiqənin
içərisində dünya
və biz başa düşməliyik ki, insanlığı xilas etmək üçün
ilk növbədə Qarabağ,
deməli həm də Ağdam azad olmalıdır... Ağdamın – Ruhlar şəhərinin
və onun sakinlərinin azadlığı
arzusu ilə.
Rafiq ƏLİYEV,
professor
525-ci qəzet.-
2010.- 23 oktyabr.- S.23.