Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Toplayanı, ərəb əlifbasından

latın qrafikasına çevirəni

lüğətin tərtibçisi:

Şirməmməd Hüseynov

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

ORDAN-BURDAN

 

Nikolay vtoroy davanı başlayanda diyordu ki:

Allah bilir ki, bu davadan mənim qəsdim məhz odur ki, kiçik millətlər hürriyyət qazanıb dünyadə azad yaşasınlar.

Məni bu davaya vadar edən məhz insaniyyətpərəstlikdir!

Odur ki, tüfəngimin içində müsavat, niyzəmin ucunda ədalət və qılıncımın ağzında hürriyyət görürsünüz!

Biz, əlbəttə, bu sözlərə inanmırdıq. Biz elə bilirdik ki, Nikolay, ingilis və firəng ilə əlbir olubdurlar ki, Germaniyanı, Avstriyanı və Osmanlını parça-parça edib sonra bölsünlər, belə ki:

Germaniya olsun rus, ingilis və firəngin halal malı.

Avstriyanın bir yarısı düşsün Serbiyaya və o biri yarısı da Çernoqoriyaya, Osmanlının da hər nə toprağı var genə olsun rusun halal malı, əzcümlə İstanbul ilə Dardaneli də Milyukov ilə “Baku” qəzetəsinin müdiri Vermişevə versinlər və hərgah Ənvər Paşa ələ keçərsə, onu da diri-diri tutub “Bakines” qəzetəsi müdiri Cinoridzeyə versinlər ki, öz əli ilə Ənvər Paşanın başını kəsib qanı ilə qəzetəsinə yazsın ki, Ənvər Paşa öldürüldü...

Qərəz, biz belə bilirdik və inanmırdıq ki: Nikolay kiçik millətlərə hürriyyət hazırlasın! Halbuki, vaqeədə kişinin sözü doğru imiş və nahaq yerə biz onun haqqında bədgüman olmuşuq.

Germaniyanı bölmək istəyən-öz məmləkətinin lap yağlı yerlərini ona verərmi?

Avstriyanı parçalamaq istəyən-Serbiya ilə Çernoqoriyanı ona peşkeş edərmi?...

İstanbulu, Dardaneli və Ənvər Paşanı almaq istəyən-Milyukovu, Vermişevi və Cinoridzeni bolşeviklərə qurban edərdimi?

Lap nahaq yerə biz Nikolay haqqında bədgüman olub onun sözlərinə inanmırdıq.

Kişi doğru diyormuş ki, mən kiçik millətlərə hürriyyət qazanmaq üçün bu davanı başladım.

Həqiqət, hərgah bu dava olmasa idi: Finlandiya Rusiyadan ayrılıb birkərəlik azad ola bilərdimi? Polşa tazədən dirilib padşahlıq qura bilərdimi?

Ukrayna keçmiş günlərini yadına salıb tazə Zaparojiye düzəldə bilərdimi? Krım müsəlmanları Baxcasaray imarətini geri alıb tazədən xanlıq qura bilərdimi?

Kaledinlər kazaqları başına yığıb tazədən Kazakstan əmələ gətirə bilərdimi?

Gürcülər Gürcüstan,

Ləzgilər Dağıstan,

Kirvələr Kirvəstan

Türklər Türkistan

Düzəldə bilərdilərmi?

Heç vəqt!

Pəs bundan aşkardır ki:

Nikolay diyordu:

Davanı başlıyıb kişi kimi öz sözünün üstə durdu.

Əsrlərdən bəri qul və əsir olan kiçik millətlər üçün hürriyyət qazandı!

Qoy indi o millətlər əsirlik çirkini üstlərindən təmizləməgə məşğul olsunlar.

Çirki kim təmizlər?

Əlbəttə, kisəçilər.

Öyləsə, öz içlərindən mahir və ustad kisəçilər çağırıb canlarını sürtdürsünlər. Bədənlərinə kisə vurulduqca xoşhal olub zümzümə etsinlər və desinlər ki:

Saqi bə nuri-badə berəfruz came-ma

Mütrüb beguki, kari cəhan şod be kamema

Qərəz Nikolay doğru diyormuş!...

Filankəs

“İttihad” qəz., 4 dekabr 1917, ¹ 1

 

ORDAN-BURDAN

 

Bir nəfər nəsrani və ya yəhudinin birisi cibinə tapança qoyub adam öldürəndə onun adını qoyurlar-”terrorist”, yəni “fədai”.

Amma bir müsəlman yaraşıq üçün xəncər bağlayıb bazara çıxanda onun adına diyorlar-”razboynik”.

Bunu da deyən kimdir?

Hamı!

Bir nəfər kazak ilə bir soldatın davası düşəndə kazakın adını qoyurlar-”konturrevolyusner”-yəni nikolaypərəst.

Amma kazak bir müsəlmanı nahaq yerə qamçının altına salıb şapparliyanda diyorlar ki, “molades” cəmaət arasına nizam salır.

Bunu da kim diyor?

Genə hamı!

Bir nəfər nəsrani fitnə salmaq üçün ruslara və saldatlara deyəndə ki, müsəlmanlar silahlanırlar sizi qırsınlar-onun adını qoyurlar “tovariş arator”, yəni natiq yoldaş.

Amma bir müsəlman bir binəva yumurtaçını-yumurtaların içində patron aparır-deyə dögüldügünü görüb-pasluşite, neçün bu yazığı dögürsüz deyəndə-adına diyorlar ki, “persiq provakator”.

Genə bunu da kim diyor?

Genə hamı!

Nəsrani arvadları hücum edib bazar-dükanı dağıdanda adını qoyurlar “revolyusiya”.

Amma bir nəfər miskin müsəlman arvadı upravaya gedib ac uşaqları üçün çörək istəyəndə haman saət qoşun çağırdıb diyorlar ki, müsəlmanlar “bunt” eliyor.

Bunu da kim diyor?

Genə hamı, yəni:

Rus da, erməni də, cühud da, nəsrani də, moltanı da, yəhudi də, bolşevik də, menşevik də, kadet də, hələ desən madet də!

Filankəs

“İttihad” qəz. 5 dekabr 1917, ¹ 2

nəsrani-xaçpərəst

 

GİZLİ MÜAHİDƏLƏR VƏ ALƏMİ-İSLAM

 

Kerenskinin hökuməti, Rusiyə, İngilis, Firəng və İtaliya hökumətləri aralarında müharibə əsnasında bağlanmış olan gizli müahidənamələri meydana çıxarmağa cürət eləmədi.

Bu müahidələrin elanını tələb edənlər Rusiyədə az degil idi. Əzcümlə müsəlmanlar dəxi elan tələbində idilər. Lakin əlbir hökumətlərin təzyiqi xaricdən və kadet firqəsi nüfuzu daxildən Kerenski hökumətinin bir çox məsələlərdə əl və ayağını bağlayan kimi, bu işdə də qabağını kəsmişdi. Diyordular ki, gizli müahidələri elan etməgə, yəni əlbir hökumətlərin sirrini açmaq diplomati nöqteyi-nəzərindən indiyə qədər görünməmiş qəbih bir fel və nəzakətsiz bir hərəkətdir.

Lakin diplomatiya nəzakətinə heç bir məna vermiyən və dürüstlük dərəcəsinə varıncaya qədər rast məcaz olan bolşevik hökuməti iş başına keçən kimi bilafütur düşmən ilə müsalihə başlayıb gizli müahidələri də elan etdi.

Kadetlər bolşeviklərə zidd olan sair partiyalar Lenin hökumətinin bu hərəkətindən son dərəcə inciyib xariciyyə vəziri əvəzinə olan komisar Trotskini sögürlər, digər tərəfdən bu əməlin təsirini azaltmaq məqsədilə diyorlar ki: nahaq yerə zəhmət çəkildi. Bu gizli müahidənamələrdə şayani-hürriyyət və calibi-diqqət heç bir şey yoxmuş!...

Əlbəttə, bu müahidənamələrdən kadetlər üçün şayani-heyrət heç bir şey yoxdur. Zatən haman müahidənamələrin məzmuni kadet firqəsinin məramnaməsi olub özlərinə də məlum idi. Və bir də bolşevik hökumətinin də bu müahidənamələri elandan məqsədi Rusiyə cəmaətini bir o qədər heyrətə gətirmək olmuyub, bəlkə gizli diplomatiya idarəsinin ləğv edilməsi idi.

Lakin biz Rusiyə müsəlmanlarından ötrü bu müahidənamələr son dərəcə şayani-heyrət və dedikcə calibi-diqqətdir. Nəinki, tək biz Rusiyə müsəlmanları, bəlkə ümum aləmi-islam bu müahidənamələrin məzmununa böyük əhəmiyyət verib mütənəbbih olmalıdırlar!

Nədən ötrü biz Nikolay və Milyukovlar qoşununa kömək edirmişik? Nədən ötrü Rusiyə müsəlmanları müharibə meydanında can verib, qan tökürmüşlər?

Nədən ötrü hind, ərəb, əcəm və türk müsəlmanları ingilis və firəng qoşunlarının alman topları altında əriyən səflərini doldururmuşlar?

Ondan ötrü ki, Nikolay hökuməti zəfəryab olub Aya Sofya məscidini kəlisayə döndərsin!

O məscidin dərgahi əleyhinə əl qaldırmış olan mübarək məhparəsi üzərinə Milyukovların nəhsli əllərilə xaç qondarılsın!

İslam toprağı dağılsın, islam taifəsi pərişan və pərakəndə edilib Türkistan əhalisi kimi cəlayi-vətən olsunlar!

Əfğan, İran, Osmanlı, Misir, Ərəbistan bütün istiqlaliyyətlərini, şərəf və heysiyyətlərini itirib bugünkü Xiyvə və Buxara halından da bədtər bir halə düşsünlər!

Bütün dünya üzündə bir danə də müsəlman hökuməti, müsəlman dövləti qalmasın!

Aləmi-islam bütün-bütünə xaricilərin malı və qulu olsun!

Lakin min şükürlər Allahın dərgahına ki, bu fikri-fəsad və bu xəyali-xam əmələ gəlmədi, fələgin çərxi döndü, aləmi-islamə düşmənvə öz rəiyyətinə zalim kəsilmiş olan Nikolay hökuməti özüilə bərabər qovuldu. Milyukovların ağzına vurulub dəmxor iştahları küsdürüldü. Bu biməzmun müharibə isə haman müharibəni başlayanları zirü-zəbər dərəcəsinə gətirdikdən sonra bu gün qurtarmaq üzrədir.

Fəqət aləmi-islam üzərində cövlan edən təhlükə hələ qurtarmamışdır. Bu təhlükəni birkərəlik, əbədi surətdə rədd etmək üçün bu gündən belə çalışmaq ümum-islam əhli və islam taifələri üçün fərz və vacibdir. Bu gündən belə amalımız və əfkarımız bu olmalıdır ki, hər bir yerin, hər bir diyarın müsəlmanları bir-birinə var qüvvələri ilə kömək edib əcnəbi hakimiyyəti altından azad edilsinlər. Ondan sonra əl-ələ verib islam aləmi təhtində birləşsinlər və almanlar kimi qəvi bir “müşt-zireh” əmələ gətirib həmişə davaya hazır olsunlar.

Aləmi-islamın əzəmət və şövkəti ancaq ittihad və ittifaqə bağlıdır!

Üzeyirbəy Hacıbəyov

“İttihad” qəz., 6 dekabr 1917, ¹ 3

Üzeyirbəyin bu dəyərli məqaləsi bu vaxta qədər nəinki heç bir nəşrə daxil edilməmiş, hətta onun ensiklopediyası və əsərlərinin biblioqrafiyasına belə salınmamışdır. İlk dəfədir yenidən işıq üzü görür.-Ş.H

müahidə-əhdnamə, müqavilə, bağlaşma

qəbih-çirkin, yaramaz

rastmizac-doğru təbiət

bilafütur-təngə gəlmə

müsalihə-sülh, barışıq

nəhs-uğursuz

məhparə-ay parçası

cəlayi-vətən-vətəndən ayrı düşmə

zirü-zəbər-alt üst olma

müşt-zireh-zirehli yumuruq

 

ORDAN-BURDAN

 

İsgəndərzadə cənabları “Açıq söz” qəzetəsinə Petropavlovkadan məktub yazıb diyor ki:

Buranın müsəlman əhalisi dinc və dinməz oturub öz işlərinə məşğul idilər. Sonra buraya bir sürü kazak gətirdilər ki, bu dinc əhali arasında nizam və qaidə bərpa etsinlər.

Kazaklar nizam və qaidəni bu növ ilə salmağa başladılar:

Müsəlmanların başından dəri papaqları götürüb qaçırdılar...

İsgəndərzadə cənabları bu “form” nizam salmaq işindən şikayət edir və diyor ki, müsəlmanlar qorxularından başlarına şapka geyib bazara çıxırlar.

Əlbəttə, kazakların bu hərəkəti müsəlmanlar həqqində zülmdür. Özü də iki növ zülm:

Həm maddi və həm mənəvi.

Maddiligi ondan ibarətdir ki, papaq çox bahadır;

Mənəviligi də bundan ibarətdir ki, papaq kişinin namusudur.

Papaq getdi-pul getdi.

Papaq getdi-namus getdi.

İndi məsələ burasındadır: nə tövr etmək ki, kazaklar müsəlmanların papaqlarını başlarından götürüb qaça bilməsinlər.

Bunun üçün mən bir neçə əlac təklif edə bilərəm: Petropavlovka müsəlmanları mülahizə etsinlər, hansı məqbul görünsə, ona görə iş görsünlər.

Mənim təklif etdiyim əlaclar iki növdür: “praktiçeski” və “moralni praktiçeski” bunlardır:

1) Papağın bir tərəfinə kəmər bənd eləsinlər, belə ki, papaq başa qoyulanda kəmərin sallanan ucu çənənin altından keçirilib papağın o biri tərəfinə həlqə ilə bağlansın; Ancaq kəmər möhkəm olsun və möhkəm də bənd edilsin ki, kazak papağı dartanda qırılıb üzülməsin.

2) Bazara çıxmaqdan bir-iki saət qabaq papağın içindəki qayışın üzərinə yapışqan və ya “çiriş” deyilən maddədən bir qat sürtsünlər və sonra papağı başa qoyub bərk bassınlar ki, möhkəm yapışsın. İki saət keçəndən sonra bazara çıxmaq olar. Çünki, bu ərzi-müddətdə papaq başa elə yapışar ki, üç kazak da dartsa, çıxarda bilməz.

İndi keçək “moralni” əlaclara:

Əvvəla-Petropavlovka müsəlmanları bir “papaq komisəsi” düzəltsinlər. O komisəyə müraciət edib əhvalatı söyləsinlər. Komisə də milli komitəyə müraciət etsin. Milli komitə də Zakavkaz komisaryatına müraciət etsin. Zakavkazski komisariyat da kazak hökumətinə müraciət etsin. Kazak hökuməti də Petropavlovkaya kağız yazıb kazaklara tapşırsın ki, Petropavlovka müsəlmanlarının papaqlarına dəgməsinlər.

Və saniyən, Leninə bir ərizə göndərmək və ərizədə yazmaq: Sən ki, diyorsan bolşeviklər müsəlman aləmini cəbri-zülmdən azad etmək istiyor-Allah səndən razı olsun və sən ki, diyorsan biz: istiyirik İstanbul müsəlmanların özlərində qalsın, yenə Allah səndən razı olsun. Ancaq bunu da öz proqramınıza daxil edin ki, Petropavlovka müsəlmanlarının papaqları da öz başlarında qalsın, artıq bir təvəqqimiz yoxdur.

Doğrudur mən bu əlacları söylədim və qəsdim də müsəlman qardaşlarıma kömək etməkdir. Amma hər halda bu sözlər ilə mən onu demək istəmirəm ki, Petropavlovka müsəlmanlarının öz gördükləri əlac pisdir.

Xeyr! Dəri papaq əvəzinə şapka geyib bazara çıxmağın özü də çox məqbul əlacların biridir. Özü də bunu isbat edir ki, müsəlmanların heç kəs ilə işləri yoxdur, davakar degildirlər. Ancaq bir burası var ki, şapkanı geyə bilər cavan müsəlmanlar, bəs Hacı Qurbanəli nə eləsin? O da şapgə qoysun??

Nə eləmək qoysun: müvəqqətən şapkə geyməgin zərəri yoxdur. Kazaklar eləyib qalmayacaqlar ki, bir gün olacaqdır ki, çıxıb gedəcəkdirlər. Təki arada şuluqluq olmasın və bir də Sədi əleyhirrəhmə papaq haqqında gözəl deyibdir:

“Dərviş sifət baş kolah-e tətəridar”*.

Filankəs

“İttihad” qəz., 8 dekabr 1917, ¹ 5

Felyeton ilk dəfədir qəzetin mətnindən çap edilir

 

*Dərviş simalı və şiş papaqlı ol

 

ORDAN-BURDAN

 

Bakı Dum qlasnısı Qasım Qasımov keçən gün Dumda müsəlmanların adından şikayət edib və deyibdir ki, bu axır vəqtlərdə bəzi adamlar saldat şineli geyib gəlib xəlqin evlərini axtarırlar və karəstilərini alırlar. Təvəqqe edirik ki, belə-belə şeylər olmasın.

Bakı milis naçalniki yerini dolandıran qlasnı Varşamyan müsəlmanları sakit etmək üçün cavab veribdir və cavabında belə deyibdir:

“Biz saldat forması geyib oğurluq edən adamlara qarşı gücsüzük.

Hərgah tovariş Varşamyan bu sözləri daha bir açıq yerdə söyləsə idi, bilir ki, ora məxluqun yığıncaq yeri ola: məsəla, Parapet, Hürriyyət meydanı, vağzalyanı, o halda daha artıq mənfəət yetirmiş olardı; Kimə?

Əlbəttə, saldat forması geyən oğrulara! Çünki həriflər milisin gücsüz olduğunu bilmiş naçalniki ağzından eşidib hər bir halətdən arxayın olacaqdılar ki:

İndi meydan tamam bizimdir!

Şübhəsiz, Dum zalında denilən sözlərin “mənfəəti də” az olmıyacaqdır.

Əcəb burasıdır ki, Varşamyan öz məxsus vəzifəsində gücsüz olduğunu boynuna alır, Dum qlasnıları da buna bir söz demiyib keçirlər”.

Özgə məmləkətlərdə qaidə belədir ki, bir adam öz vəzifəsini yerinə yetirməkdə gücsüz olsa, ona deyirlər ki:

Bas bayıra!

Lakin Rusiyada bunu deyə bilməzlər, ona səbəb budur ki, işlər “fors-major” olub, filanı-şilanı məsuliyyətli tutmaq mümkün degildir. Rus demişkən, “nepredvidennaya obstayatelstvo”lar olur.

Ancaq müsəlmanlara demək olardı ki:

Ay müsəlman qardaş! Sən haçana kimi öz dərdini özgəyə şikayət edəcəksən. Nə olar ki, bir kərə də özün-özünə şikayət edəsən!

Bu saət bir elə zamandır ki, gərək hər kəs özü-öz başına bir çarə qılsın.

Sənə aşkar diyorlar ki:

Başlı-başını saxlasın, mən başımdan bezmişəm!

Di sən də bir hünər göstər və başını saxla, nə şikayət yeridir!

İndi ki, biz yenə dumlarda, sudlarda, uçastoklarda boyun burub şikayət edəcəyik daha nə qiyamətdir ki, düzəltmişik! Onun bizə mənfəəti nədir?

Nə oldu ki, Kazan müsəlmanları, Türküstan əhli, Krımlılar, Başqırlar, Qırğızlar, Ləzgilər, Kazaklar, Maloruslar, Polyaklar, Gürcülər, Ermənilər və kimlər, kimlər öz başlarına çarə qılıb öz-özlərini dolandırırlar, amma biz Qafqaz müsəlmanları o qədər bişüur olmuşuq ki, özümüzü oğrudan da gözləyə bilmirik.

Elə bilirsiz Bakı şəhərinin heç olmasa müsəlman hissəsini oğrudan qorumaq çətin işlərmi!

Burasın da unutmamalıdır ki:

Bakı müsəlman şəhəridir və sahibləri də müsəlmanlardır! Kömək istəyələr, nəinki biz gərək, özgələr bizə şikayət edib bizdən özgələrdən ...

Filankəs

“İttihad” qəz., 14 dekabr 1917, ¹ 10

Üzeyir bəyin bu felyetonu ilk dəfədir ki, yenidən işıq üzü görür. Qəzetin mətnindən çap edilir.

 

ORDAN-BURDAN

 

Rus yazıçılarından, rus əhvali-ruhiyyəsin gözəlcə bilən bir yazıçı vardırsa da, o da məşhur malorus Qoqol idi.

Kitabının bir yerində diyor ki:

“Çiçikovun arabası bir çuxura düşüb aşdı. Atlar arabanı yerindən tərpədə bilmiyordular. Aşmağa da səbəb arabaçının sərxoş olmağı imiş.

Yoldan ötən “mujiklər” bu əhvalı görüb köməgə gəldilər:

Bunlardan birinin adı Minay və o birininki də Mitay idi. Başladılar hay-huy salmağa, atları daha da karıxdırıb dəli kimi elədilər. Axırda qərar qoydular ki, Minay əmi atın birinə minsin və Mitay əmi də daldan qamçılasın.

Amma bundan bir əlac olmadı, sonra qərar qoydular ki, bu səfər də Mitay əmi minib Minay əmi qamçılasın, bundan da bir faidə olmadı.

Sonra qət etdilər ki, Minay əmi də, Mitay əmi də ikisi ata minib arabanı qamçılasın, bundan da heç zad çıxmadı. Genə durdular qıçğırıb bağırmağa, atları bilmərrə ürkütdülər, Allah bilir bunun axırı nə olacaq idi, hərgah yoldan keçən özgə arabanın kuçeri gəlib özün yetirməsə idi.

Özgə kuçer gəlib əlinə kunutu aldı və ən əvvəlcə Mitay əmi ilə Minay əmini sögüb qovdu. Sonra atların yedəgindən yapışıb ustalıqla arabanı çıxardıb yola saldı...”

İndi Bakı da – nəinki bütün Rusiyada qaidə salmaq lazımdır, hərc-mərc cəmaəti daha zinharə gətiribdir, hətta bir çoxları Nikolay adı çəkiləndə dəruni-qəlbdən bir ah çəkib diyorlar ki:

Keçən günə gün çatmaz, calasan, günü günə!

Qərəz hamı Bakı müsəlmanları kimi diyorlar ki, ya bir qaidə olsun, ya daki hamımız qırılaq. Amma nə eləməli ki, Minay əmi ilə Mitay əmilərin bəhsi və cəhli qoymuyor ki, işlər bir qaidəyə düşsün.

Voenni Revolyusiyonni komitet diyor ki, siz heç zada əl vurmuyun, biz şəhəri qaidəyə salaq, o birilər diyorlar ki, yox sizin qaidə salmağa ixtiyarınız yoxdur, qaidəni gərək şəhərin Dumu salsın.

Bu birilər diyorlar ki, yox Dum nəçidir? Komitetin hökmü Dumdan böyükdür.

Digəriləri diyorlar ki, xeyr, bu saət şəhərin bir sahibi varsa, o da Dumdur.

Bir başqaları da diyorlar ki, nə olar komitet də qaidə salsın, Dumda onlara cavab verirlər ki, yox belə yaramaz, qaidəni gərək ya Dum salsın, ya heç kəs.

Bunlar öz-özlərilə “ağalıq” mənsəbi üstündə mübahisə və mücadilə etməkdə, oğrular da öz işlərində, piyan soldatlar da öz peşələrində, provakatorlar da gecələr güllələr atmaqla xəlqi qorxuya salmaq sənətlərində getdikcə məharət göstərməkdədirlər.

Bax bu saət mən bu sətrləri yazdığım yerdə güllələr atıldığını eşidirdim. Saydım, hələlik doqquz əl güllə açıldı. Kim atır, kimə atır, neçün atır-heç bilən də olmayacaqdır...

Necə-qaidə salmaq ağalığını istəyənlərdən soruşmaq lazımdır ki, qaidəni nə ilə salmaq istiyorsan?

Desə ki, “nazidaniye” ilə-yəni nəsihətamiz sözlər ilə-onda deməlidir ki, boş danışırsan, Quran oxumaqla donuz darıdan çıxmaz!

Desə ki, zor-qüvvə ilə, onda deməlidir ki-buyur meydana, qaidə sal! Həqiqət, bu saət qaidəni ancaq zor və qüvvə ilə salmaq mümkündür. Hər kəs bu qüvvəyə və bu zora malikdirsə, buyursun, qaidə salsın. Daha burada artıq mübahisə və mücadilə lazım degildir və hər kəsin zoru və qüvvəsi yoxdursa, nahaq yerə əl və ayağa dolaşmasın və o birilərinə də “meşat” eləməsin. Vəssəlam.

Və əgər heç kəsin qaidə salmağa iqtidari yoxdursa, o da başqa məsələdir.

Onda da canımızı dişimizə tutub gözlərik, bəlkə bir gün olar ki, özgə qoçu əlinə qunut doluyub gələr ...

Filankəs

“İttihad” qəz., 20 dekabr 1917, ¹ 14

 

Üzeyir HACIBƏYLİ

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.20-21.