Bir kitaba ithaf
Okyabrın 22-də, “Xalq
Bank”ın mərkəzi ofisində bankın təqdim etdiyi
“Xalq əmanəti” layihəsi çərçivəsində
Azərbaycanın Xalq Rəssamı Böyükağa Mirzəzadənin
əsərlərindən ibarət sərgi və sənətkarın
həyat və yaradıcılığına həsr
olunmuş bədii albomun təqdimat mərasimi keçirilib. Mərasimdə
tanınmış sənət adamları, ictimai xadimlər və
mass-media nümayəndələri iştirak edib.
Layihənin rəhbəri Azərbaycan
Respublikasının əməkdar artisti Rafiq Həşimov, nəşrin
tərtibçisi Emin Məmmədovdur. Tərtibat və dizayn
tanınmış rəssamTərlan Qorçuya, mətn isə
sənətşünas Şirin Məlikovaya məxsusdur. Tərcüməçi
Elşən Eynullayev, kitabın redaktoru isə şair Səlim
Babullaoğludur. “Şərq-Qərb” mətbəəsində
yüksək poliqrafiya ilə çap olunan kitab
üçün rəsmlərin seçilməsində
“Qız qalası” bədii qalereyası köməklik gostərib.
Oxucularımız üçün maraqlı olacaq “Dünya ədəbiyyatı”
jurnalının baş redaktoru Səlim Babullaoğlunun kitab
haqqında essesini təqdim edirik.
Əmtəənin ən
populyarı və çəkicisi banknotlar, ən çəkilisi
notlar, qeydlər, yəni, kitabdır. Yeganə əşyadır
ki, mahiyyətini, içini insandan gizləmir, rahatlıqla,
xoş və müti razılıqla səni öz ərazisinə
buraxır. Yeganə şeydir ki, onu üzünə tutanda
arxasındakı bütün böyük dünyanı həm
birbaşa və vizual, oxusuna aludə olduqca isə həm də
ruhən unutduğuna peşman olmursan. Bəlkə ona görə
ki, bu dünya əslində və əzəlində
kitabdır. Yeganə şeydir ki, istəsən səni xəyal
qanadları ilə çox-çox uzaqlara apara bilir, bəlkə
həm də ona görə ki, açıq kitab elə
qanadlarını gərmiş quşdur. Sən quyudakı Məlikməmmədə
də kömək edə bilərsən, huşsuz Paqanelə
də. Özünü yaxşı, ciddi aparsan hətta
böyük Nizami ilə də söhbət edə bilərsən,
çünki kitabın var.
Ciddiyyət demişkən,
Prustla razılaşsaq, mütaliə yeganə prosesdir ki, oxu
zamanı şüurumuzun bir hissəsinə mətnin məzmunu
ilə yanaşı kitabı qoyduğumuz masa, masanı
işıqlandıran lampa, otağı əhatələyən
bağça ilə məşğul olmağa icazə verir,
bizdə, bu gözəl axşamda çox ciddi bir işlə
məşğul olduğumuz duyğusunu yaradır.
Razılaşın ki, bu duyğunu nə televiziya, nə film
seyri, nə internetlə məşğulluğumuz oyatmır və
vermir.
Biz hər şeyin söz,
bütün sözlərin isə ilk növbədə şəkil
olduğu dünyada yaşayırıq, təsadüfi deyil ki,
ömrünün ilk hərflərini yazan uşaqlar onu
yazmır, hərflərin şəklini çəkirlər.
Çoxdankı ədəbiyyatçı
tanışlarımdan biri həyatının ilk kitabı
haqqında danışırdı. Yaxın qohumlarından biri
ona nəfis, illüstrasiyalı və alman dilində olan Azərbaycan
nağılları kitabını hədiyyə edibmiş. O
isə nənəsigildə yaşadığı
qayğısız, xoşbəxt uşaqlığının
hər Allah verən gününü evin“böyük otaq”
adlandırdıqları sirli hissəsinə çəkilər,
saatlarla o kitabdakı şəkillərə dinməzcə
zillənər, saçından asılmış və
ayağından qan damlayan o gözəl qıza kömək
haqqında düşünər, divlərlə cəng edər
və beləcə o kitabı oxuyarmış. Adətən belə
cənglərin sonunda, günün axırında onu, o
kiçik, yorğun cəngavəri açıq kitaba baş
qoyub yatan yerdə taparmışlar. O tanışım əmindi
ki, həmin qız xilas oldu.
“Bədənin dili” adlı
kitablarında Allan və Barbara Piz yazırlar ki, adamlar
informasiyanın 7 faizini quru mətndən, 22 faizini intonasiya və
vurğulardan, 55 faizini isə təsvirdən alırlar. Əlbəttə,bu
şifahi nitqdə belədir. Oxu prosesində isə personajlar
və müəllif jestikulyasiya eləmir deyə 7 faiz avtomatik
yox olur, proses səssiz baş verir deyə 22 faiz dəyişikliyə
məruz qalır, belə çıxır ki, hər şey təsvirin,
sözlü təsvirinin üzərinə düşür.
Biz o sözü həm dinləyir, həm görür, həm
də qavrayırıq, xəyalın gücüylə.
Dolayı yolla, oxu prosesində söz ilkinliyinə
qayıdır. Amma bu gün təklif olunan kitab bizə eyni
prosesin tərsinə baş verməsinin şahidinə
çevirəcək və bununla unikaldır.
Rəngkarlıq, qrafika, səhnəqrafiya,
monumental divar və dəzgah rəssamlığı
janrlarında gözəl əsərlər yaratmış
böyük Azərbaycan rəssamı Böyükağa Mirzəzadənin
işlərini həm görəcək, həm eşidəcək,
həm də anlayacağıq. Onun
böyüklüyünü təkcə həyatın
özü qədər təbii, diri rəsmlərində yox,
sənətlə bağlı fikirlərində də duymaq
olar. Necə ki, müsahibələrinin birində deyirdi: “
Sözün düzü, mən deyim ki, hər hansı bir rəngə
xüsusi rəğbətim var, hər hansı rəngi sevirəm,
yox. Rəng həyatdır. Həyatı bütünlüklə
sevmək lazımdır. Həyatda olan gözəllikləri
duymaq, hiss etmək və başqalarına hiss etdirmək,
göstərmək lazımdır” İlk baxışdan adi
görünən bu fikri sənət, öz sənəti
haqqında yalnız ustad rəssam deyə bilərdi. Fikirləşirəm
ki, bəlkə nə vaxtsa böyük rəssam,
yazıçı, bəstəkar, yaxud sadəcə həqiqi
insan və azərbaycanlı olacaq bir uşaq elə bu ustad rəssamın
işləri toplanmış kitabdakı “Çəpiş”lə
dostluq edəcək, onu öz totuq əlləri ilə yemləyəcək,
“sərt üslubda” ustalıqla çəkilmış
işçi obrazlrının baxışlarında həqiqi
zəhməti hiss edəcək, böyük rəssamın
özünün dediyi kimi adətən boyasız çəkdiyi
gözəl qadınların simasında “gözəl
üzün- gözəlliyin özü, məzmunu” olduğunu
fəhm edəcək, balaca ürəyindən
anlaşılmaz gizilti keçəcək, dostluq eləməyi,
işləməyi və sevməyi öyrənəcək.
Yəqin ki, çoxunuz adətən
kitabxana və ya kitab rəfləri fonunda çəkilmiş
yazıçı fotolarına çox rast gəlmisiniz. Bunu
müxtəlif cür mənalandırmaq olar, ən
xeyirxahı budu ki, həmin yazıçı arxasındakı
kitablarla özünü sığortalayır, sanki bizə,
oxuculara onun əsərində tapa bilmədiklərimizin
başqa, elə onun arxasında olan kitablarda mövcud
olduğuna işarə edir, əlbəttə
özünün həmin kitablardan xəbərdar olduğunu
deməyi də unutmur. Şəxsən mən dəfələrlə
bu sayaq fotolara lupa, zərrəbin altında baxmışam, dəqiqləşdirmək
istəmişəm ki, o rəflərdə bir silsiləyə,
seriyaya aid kitablar varmı. Çünki sövqi-təbii
hissimlə inanmışam, məhz kitab seriyası-ənənənin,
oxu və mədəniyyət dissiplininin göstəricisidir. Həmişə
hamınızın yaxşı tanıdığı “JZL”,
“Dünya ədəbiyyatı kitabxanası”, “Brokqauz-Yefron
ensklopedik sözlüyü”nə qibtə və nisgillə
baxmışam. Çünki bu və onlarla başqa silsilə
kitabların arasında elələri olub ki, onların
yaşı, tarixi yüzü, yüz əllini ötüb, hətta
dünya siyasi xəritəsində XX əsrdə peyda
olmuş xeyli dövlətlərdən daha
yaşlıdırlar. Bu gün qarşınızda ilki olan
kitab seriyası da bu mənada bizim mədəni həyatımız
üçün əlamətdardır. Gələcəkdə
dəyərli kültür brendinə çevriləcək, hələliksə
olduqca qiymətli mədəni örnəkdi. Və mən
istisna eləmirəm ki, bəlkə sabah “Çəpiş”lə
oynayan uşağın-gələcəyin böyük
yazıçısının, 50 il sonra qarşısında
şəkil çəkdirdiyi kitabxanasında həmin silsilənin
ən azı 50 cildliyi olacaq. Titul vərəqində də bu
qeydlər: “Xalq əmanəti” seriyası; naşir- Xalq Bank.
Necə ki, oxşar layihələri bir çox ölkələrdə
Yapı Kredi , Southbank eləyib və eləməkdədi.
İbn Kəsirin “Peyğəmbərlər
tarixi” kitabında Adəmin xəlq olunması ilə
bağlı hissədə belə bir yer var. İki mələk
əliboş qayıtdıqdan sonra böyük Allah Adəmi
yapacağı torpağı gətirmək üçün
yerə bu dəfə ölüm mələyini göndərir...və
dirilik üçün gərək olan torpağı məhz
ölüm mələyi gətirir. O ölüm mələyi
ki, hər dəfə insanların canını alanda
onların torpaqdan yaranmış bədənini elə bir
vaxtlar götürdüyü yerdə qoyub gedir. İnsana
miniatürdə də olsa öz keyfiyyətlərindən
vermiş səxavətli Allah bu hadisəni bizə
çatdırmaqla bir görün nəyi öyrədir. Hətta
öz yaratdığına olan “borcunu” dəfələrlə,
milyardlarca dəfə artıq ödədiyini anladır. Əmanətə
sədaqətin ən gözəl nümunəsini sərgiləyir.
“Əmanət”
sözünün bir neçə anlamı var: müvəqqəti
saxlamaq, gələcəyə ötürmək; özü də
bu canlı və cansız hər şeyə aid ola bilər. Əmtəənin
bütün növlərinə də. Amma “əmanət”in
içində bir “aman” sözü də var. Yəni, vaxt,
müvəqqəti müddət. Kimsəyə sirr deyil ki,
bütün mədəni irs xalqa məxsus olsa da onu yalnız
fərdlər yaradır, hətta xalq mahnılarının
müəllifi belə konkret insanlardır. Amma fərdlər həmin
sözü, səsli,rəngli materialı xalqdan, xalqa aid olan
coğrafiyadan almırmı? Xalqın irsini, onun əmanətlərini
özünə qaytarmaq işinin bir hissəsini boynuna
götürmək və əmanətə sədaqətin
gözəl nümunəsini sərgiləməklə “Xalq
bank”, məncə, eyni zamanda həmin o müvəqqəti
zamanı düzgün qiymətləndirir.
Mən “Xalq əmanəti” seriyasının naşirlərinin nəşriyyat planları, daha doğrusu niyyətləri ilə qismən tanışam. Bilirəm ki, memarlıq, ədəbiyyat, musiqi, tətbiqi və təsviri incəsənət, şifahi xalq yaradıcılığına aid çoxlu gərəkli kitablar nəşr etmək niyyətindədirlər, biz bunları səbirsizliklə gözləyirik. Əmtəənin ən çəkicisinin ən çəkilisini yaratmağının şahidiyik indi, necə deyərlər, daşları atmağın da, toplamağın da vaxtı var. Uğur olsun!
Səlim Babullaoğlu
525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.19.