Milli Kitabxanada “Oxucu günü”
Ötən gün M.F.Axundzadə adına
Milli Kitabxanada “Oxucu günü” təşkil edilib. Giriş sözü ilə
çıxış edən kitabxananın direktoru
Kərim Tahirov ilk dəfə
keçirilən mərasimə qatılanları salamlayaraq, tədbirin keçirilmə zərurətindən
danışıb: “Oxucu günü”
adlı belə bir tədbir bizim kitabxanada ilk dəfə gerçəkləşir. Lakin bundan sonra
mütəmadi olaraq iki
aydan bir keçiriləcək.
Bu mərasimi keçirməkdə məqsədimiz
oxucularımızın şikayət, təklif, irad və rəylərini bilməkdir.
Kitabxananın birinci mərtəbəsinə
qoyulan qutuya oxucular öz təkliflərini,
şikayətlərini yaza bilərlər.
Hər gün həmin qutu
açılacaq və biz oxucuları narahat edən problemlərin mahiyyətini bilərək,
günün tələbləri səviyyəsində
həmin problemləri həll etməyə
çalışacağıq. Bundan başqa, kitabxana
əməkdaşlarının oxuculara
göstərdiyi xidmətin nə dərəcədə
yüksək olması həmin məktublar vasitəsilə
bilinəcək. Əgər oxucu kitabxanadan narazı, istədiyi məlumatı əldə
etməmiş gedirsə, deməli, bizim
işimizdə qüsur var.
Bu qüsurları aradan
qaldırmaq üçün əlimizdən
gələni edəcəyik”. Direktor həmçinin
gələn ildən kitabxanada yenidənqurma
işlərinin aparılacağını bildirib.
Mərasimdə kitabxananın oxuculara
xidmət şöbəsindən Ədibə
İsmayılova, Azərbaycan ədəbiyyatı üzrə arxiv şöbəsindən Almaz
Əliyeva, kitab fondlarının
mühafizəsi şöbəsindən Xuraman
İsmayılova, diyarşünaslıq elmi
biblioqrafiya şöbəsindən Mədinə
Vəliyeva, sorğu informasiya
xidməti şöbəsindən Zemfira Əliyeva,
xidmət işləri üzrə direktor müavini Gülbəniz
Səfərəliyeva, elektron dissertasiya fondunun təşkil
və ondan istifadə şöbəsindən
Gülər Hüseynova və digər əməkdaşlar
oxucuların sullarını cavablandırıblar.
Çıxış edən oxucular kitabxanada xidmətin yüksək səviyyədə
olduğunu bildirməklə
yanaşı, iradlarını da dilə gətiriblər.
Əksər oxucular kataloqdakı
kartoçkaların köhnə, əzik olduğunu
bunların yeniləri ilə əvəzlənməsinin məqsədəuyğun
olduğunu önə çəkiblər.
Kitabxanaya daxil olan yeni kitablar
üçün ayrıca kataloqun
təşkil olunması da oxucuların təkliflərindən
biridir. Oxuculardan birinin “Kitabxananın müxtəlif xarici ölkələrdə çap
olunan jurnalları əldə etməsi çox yaxşı olardı” fikrinə direktor belə münasibət bildirib:
“Yanvar ayından artıq bir
neçə jurnal kitabxanaya
gətiriləcək. Bunlar “Voprosı istorii”, “Nauka i jizn”,
“Voprosı filosofii” və digər jurnallardır”. Tədbir günün sonuna
qədər davam edib.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 23 oktyabr.- S.17.