Azərbaycanın sovetləşməsi
və Qarabağın qara günləri (1920-1923)
Son 20 ildə Azərbaycanın tarixinin və taleyinin ağrılı yerinə çevrilmiş Qarabağ olaylar öz məcrasından çıxaraq bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Vətənimizin dilbər guşəsinə qarşı erməni təcavüzü Qarabağın tarixinin, mədəniyyətinin, dünəninin və bu gününün saxtalaşdırılması fonunda həyata keçirilmişdir. Bir sıra məqamlarda mənəvi dünyamızın daşıyıcısı olan bu ulu türk yurdu bəzən tamamilə başqa biçimdə dünyaya təqdim edilmişdir. Təbiəti, tarixi, mədəniyyəti ilə ruhumuza hopmuş Qarabağa qara əllər nə zaman uzanmağa başladı? Azərbaycanın qəhrəmanlıq tarixinə böyük nümunələr vermiş Qarabağın bu gün düşmən tapdağına çevrilməsinin tarixi kökləri haradan başlanır? Azərbaycanın sovetləşməsi bölgənin taleyinə hansı ağrılı dəyişiklikləri gətirdi?Qarabağın dağlıq hissəsinə muxtar vilayət statusunun verilməsinin gizli diplomatik məqamları nədən ibarət idi?Bütün bu çoxsaylı suallara professor Cəmil Həsənlinin “Azərbaycanın sovetləşməsi və Qarabağın qara günləri (1920-1923)” yazısında geniş toxunulmuşdur.Tarixi, elmi və bu gün üçün siyasi əhəmiyyətini nəzərə alaraq həmin yazını oxucularımıza təqdim edirik.
Qafqaz Bürosunda Qarabağ məsələsinin
açıq müzakirəyə çıxarılması
1921-ci il iyunun 27-də keçirilən Rusiya Kommunist Partiyası Qafqaz Bürosunun məlum toplantısında tarixi-etnoqrafik dəlilləri kənara qoyaraq Qarabağın məhz iqtisadi baxımdan Azərbaycana meylli olması əsas götürüldü. Lakin bundan bir həftə sonra, iyul ayının 4-də İ.Stalinin iştirakı ilə keçirilən Qafqaz Bürosunun plenumundan düz 20 gün sonra Azərbaycan partiya təşkilatına rəhbər təyin edilən Sergey Kirov və respublikaya bilavasitə nəzarət edən Q.Orconikidzenin lehinə səs verməsi ilə belə bir qərar qəbul edildi: “Dağlıq Garabağın Ermənistan SSR-in tərkibinə daxil edilsin, rəy sorğusu yalnız Dağlıq Qarabağda keçirilsin”. Plenumun işində RKP MK-nın üzvü Stalin, Qafqaz Bürosunun üzvləri Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelaşvili, Fiqatner iştirak edirdilər. İclasda gündəliyi daxil edilən məsələlər 4 istiqamətdə qoyulmuşdu: a) Qarabağı Azərbaycanın hüdudlarında saxlamaq (lehinə Nərimanov, Maxaradze, Nazaretyan; əleyhinə Orconikidze, Myasnikov, Kirov və Fiqatner); b) erməni və müsəlman əhalisinin iştirakı ilə bütün Qarabağda rəy sorğusu keçirmək (lehinə Nərimanov, Maxaradze); v) Qarabağın dağlıq hissəsini Ermənistanın tərkibinə daxil etmək (lehinə Orconikidze, Myasnikov, Fiqatner, Kirov); q) yalnız Dağlıq Qarabağda, yəni ermənilər arasında rəy sorğusu keçirmək (lehinə Orconikidze, Myasnikov, Fiqatner, Kirov, Nazaretyan). Protokolda belə bir qeyd var ki, Qarabağ məsələsi üzrə səsvermədə Oraxelaşvili iştirak etməyib. Məhz bu təkliflər səsə qoyulanda bundan az sonra Azərbaycan partiya təşkilatına rəhbərlik edəcək S.Kirov və dəfələrlə Leninə və Çiçerinə teleqramlarında Qarabağın dağı və aranı ilə birlikdə Azərbaycana məxsus olduğunu təkidlə yazan Q.Orconikidze sonuncu iki məsələnin, yəni Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsinin lehinə səs verdilər. Bu da öz növbəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş qərarın qəbul olunmasına səbəb oldu. Burada maraqlı bir sual meydana çıxır: bir neçə ay əvvəl Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanmasında təkid edən, “Azərbaycanı Qarabağsız təsəvvür etməyən” Orconikidze və Kirovun 1921-ci ilin iyun və iyul aylarından başlayaraq Qarabağa münasibətdəki fikirlərində belə sərt dönüş nə ilə bağlı idi? Cənubi Qafqazda Moskvanın etibarlı nümayəndələri olaraq onların ikisinin də Qafqaz Bürosunun 4 iyul iclasında Azərbaycanın əleyhinə eyni mövqedən çıxış etməsi ancaq Mərkəzdən verilən gizli göstərişlə bağlı ola bilərdə.
Elə əslində, 1921-ci ilin iyun-iyul aylarında Dağlıq Qarabağ məsələsinin əvvəlcə gizli, sonra isə açıq şəkildə Qafqaz Bürosunun gərgin müzakirə obyektinə çevrilməsi, Dağlıq Qarabağı zorla Ermənistana vermək cəhdləri Sovet Rusiyası ilə Türkiyə arasında 1921-ci ilin mart ayının 16-da imzalanmış Moskva müqaviləsi və həmin müqavilədə Naxçıvanın Azərbaycanın tərkibində saxlanması ilə bağlı idi. Bu mümkün olmadıqda, bir gün sonra, iyul ayının 5-də muxtariyyət oyunu ortalığa atıldı ki, bunu da Orconikidze son dövrlərdə xarakterində müşahidə edilən kobudluqla qəbul etdirə bildi. Ümumiyyətlə, 1921-ci ilin ortalarından başlayaraq Q.Orconikidze özünü Qafqazın əsl sahibi kimi aparırdı. Onda özündən müştəbehlik meyli çox güclənmişdi. Cənubi Qafqaz respublikalarının yüksək partiya və sovet idarələrində səngimək bilməyən intriqalar bilavasitə onun xarakterində baş qaldırmış yekəxanalıq meylləri ilə bağlı idi. Nərimanov sonralar yazırdı: “Genuyaya getməmişdən qabaq, bir gün. Stalin mənə dedi: Serqo korlanıb”. Yox o korlanmayıb, onun dövlət ağlını həddən artıq qiymətləndirərək onu korlayıblar” – deyə Nərimanov cavab vermişdi. Ümumiyyətlə, Nərimanov belə hesab edirdi: “nə qədər ki, Serqo və Kirov Qafqazdadır, hər hansı bir işi təsəvvürə gətirmək çətindir”.
“Dağlıq Qarabağ Azərbaycan
SSR-in hüdudlarında saxlanılsın”
Qafqaz Bürosunun 4 iyul tarixli qərarı qəbul edildiyi tarixdən onun mətni və siyasi məzmunu müxtəlif yozumlara və hətta bəzi saxtalaşdırmalara məruz qalıb. Akademik Tofiq Köçərli bu qərarı şərh edərkən haqlı olaraq yazırdı ki, “erməni müəllifləri bu qərar üzərində “kiçicik” əməliyyat aparıblar: “daxil edilsin” ifadəsini “saxlanılsın” ifadəsi ilə əvəz ediblər”.
Qafqaz Bürosunun plenumunda qeyd edilən qərar qəbul edilsə də, lakin onu həyata keçirmək mümkün olmadı. Nəriman Nərimanovun məsələyə dair son qərarın RK(b)P MK tərəfindən verilməsi haqqında bəyanatla çıxış etməsi iclas iştirakçılarını fakt qarşısında qoydu. O dedi: ”Qarabağ məsələsinin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, onu RKP MK-nın qəti həllinə verməyi zəruri sayıram”. Yalnız Nərimanovun qəti etirazından sonra iclas belə qərara gəldi ki, “Qarabağ haqqında məsələ ciddi fikir ayrılığı doğurduğuna görə RKP MK-nın Qafqaz Bürosu həmin məsələni RKP MK-nın qəti həllinə verməyi lazım bilir”. Göründüyü kimi eyni iclasda 5-ci məsələ kimi “Qarabağ məsələsi” müzakirə edildi, 6-cı məsələ kimi Nərimanovun bəyanatı müzakirə edildi və bu bəyanatla bağlı qəbul edilən qərar 5-ci məsələ üzrə keçirilmiş səsverməni qüvvədən saldı. Hər halda Nərimanovun bəyanatı ilə bağlı qərar ona görə qəbul edildi ki, plenum iştirakçılarının çoxluğu ona səs verdi. Təəssüf ki, RK(b)P MK Qafqaz Bürosunun 4 iyul 1921-ci il tarixli iclasının protokolunun mətnini sənəd kimi dərc edən bir sıra azərbaycanlı müəlliflər də bəzi qeyri-dəqiqliklərə yol veriblər. Məsələn, Y.Mahmudov və K.Şükürov dərc etdikləri sənədin mətnində plenum iştirakçılarının sırasında N.Nərimanovun adını verməmişlər. (Bax: Yaqub Mahmudov, Kərim Şükürov. Qarabağ: Real tarix. Faktlar. Sənədlər. Bakı, 2005, s.58). Əgər N.Nərimanov plenumun iştirakçıları sırasında olmayıbsa, necə Qarabağ məsələsi ilə bağlı bəyanatla çıxış edib. Halbuki, plenumun 11 saylı protokolunda iştirakçılar belə sadalanır: RK(b)P MK-nın üzvü Stalin, Qafqaz bürosunun üzvləri Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazaretyan, Oraxelaşvili və Fiqatner. Komsomolun Qafqaz Bürosunun katibi Breytman. Gürcüstan K(b)P MK üzvləri: Sinsadze, Mdivani və Svanidze. (Bax: RKP MK Qafqaz Bürosu plenumunun axşam iclasının 11 saylı protokolu. 04.07.1921.// RDSSTA, f.64, s.1, i.1, v.114). Doxsan ilə yaxındır ki, mübahisə mövzusu olan bu sənədlə bağlı kitabda digər bir səhvə də yol verilmişdir. Həmin səhv, sənədin mənbəsinin düzgün göstərilməməsi ilə bağlıdır. Müəlliflərin qaynaq kimi göstərdikləri (Sov.İKP MK yanında MLİ PAAF (indi ARDSPİHA), f.64, siyahi 2, iş 1, v.118) mənbə ilə bağlı qeyd edilməlidir ki, Qafqaz Bürosunun sənədlərinin toplandığı 64-cü fond Azərbaycanda deyil, Moskvada, Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində yerləşir.
Lakin Qafqaz Bürosunun 4 iyul qərarı RK(b)P MK-nın müzakirəsinə verilmədi. İlk növbədə ona görə ki, Orconikidze bir gün sonra özünün səhv mövqeyindən imtina etdi və Nazaretyanla birlikdə “qarabağ haqqında qərara yenidən baxmaq haqqında məsələ qaldırdılar.” Göründüyü kimi N.Nərimanovun ciddi müqavimətindən və Orconikidzenin bir gün əvvəlki mövqeyindən geri çəkilməsindən sonra Qafqaz Bürosunun iyul ayının 5-də keçirilən plenumunun iclasının gündəliyində müzakirə edilən ikinci məsələ üzrə belə bir qərar qəbul edildi: “a) müsəlmanlarla ermənilər arasında milli sülhün zəruriliyini və yuxarı və aşağı Qarabağın Azərbaycanla iqtisadi əlaqələrini, yuxarı Qarabağın Azərbaycanla daimi əlaqələrini və nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla ona geniş vilayət muxtariyyəti verilsin; b) Azərbaycan MK-na tapşırılsın ki, muxtar vilayətin sərhədlərini müəyyən edib təsdiq üçün RKP MK-nın Qafqaz Bürosuna təqdim etsin; v) Qafqaz Bürosu MK-nın Rəyasət Heyətinə tapşırılsın ki, Dağlıq Qarabağın Fövqəladə Komissarının namizədliyi haqqında Ermənistan MK-sı və Azərbaycan MK-sı ilə danışsın; q) Dağlıq Qarabağ vilayətinin sahəsinin hüdudları Azərbaycan MK-sı tərəfindən müəyyən edilsin və Qafqaz Bürosu MK-nın təsdiqinə verilsin”.
Ermənilərin “günahı” Stalinin
üzərinə atmaq cəhdləri
Erməni tərəfi tez-tez bu tarixi faktı Dağlıq Qarabağın Ermənistana verilməsi haqda qəbul olunmuş ilkin “ədalətli qərarın” ləğv edilməsini gözlənilmədən Tiflisə gələn və azərbaycanlılara lütfkarlıq göstərən Stalinin özünəməxsus xüsusiyyətləri ilə izah edirlər. Niyə erməni tarixçiləri Qafqaz Bürosunun məlum sənədlərini saxtalaşdıraraq Dağlıq Qarabağın əvvəllər olduğu kimi 5 iyul qərarı ilə Azərbaycanın tərkibinə onların təbirincə “verilməsini”, əslində isə “saxlanılmasını” Stalinlə əlaqələndirməyə çalışırlar. Bu ilk növbədə SSRİ-nin dağılması prosesində Stalinin cinayətlərinin açılması və onların özlərini Stalin rejiminin qurbanları kimi qələmə vermələri və bu fonda nəinki dağılan SSRİ-də, eləcə də bu dağılmada maraqlı olan dünyada haqlılıq görüntüsü yaratmaq cəhdləri ilə bağlı idi. Dağlıq Qarabağın guya “Stalinin iradəsi” ilə Azərbaycanın tərkibinə verildiyini iddia edən erməni müəllifləri və siyasiləri Sovet cəmiyyətində baş vermiş “bütün müsibətləri Stalinin üstünə yıxmaq” cəhdləri fonunda ümumdünya rəğbətinə ümid bəsləyirdilər. Məsələn, Moskva Dövlət Universitetinin fəlsəfə doktoru olan Q.Yepiskoposyan məsələni elə təqdim edir ki, guya Dağlıq Qarabağ həmişə Ermənistanın tərkibində olub və yalnız Stalinin təzyiqi ilə 1921-ci ilin iyul ayının 5-də Azərbaycana verilib. (Bax:Q.Episkorosən. Stalin i armənskiy vopros.// Kommunist, 1989, 22 ənvarə) Professor A.A.Karsesi yeni araşdırma kimi təqdim edilən öz kitabçasında mövzu ilə bağlı Qafqaz Bürosunun protokollarını araşdırmadan iddia edir ki, “bu zaman Nalçikdə dincələn Stalin gəldi və Nərimanovun tələbini müdafiə etdi... onun rəyi isə həlledici rol oynadı. Dağlıq Qarabağ Azərbaycana verildi”. (Bax:A.Karseüi. Konfliktı mejdu narodami i puti ix preodoleniə: (K probleme Naqornoqo Karabaxa). Erevan, Ayastan, 1990, s.31). 1989-cu ildə Ermənistan SSR EA tərəfində hazırlanmış “Dağlıq Qarabağ: tarixi arayış” kitabçasında da əsas “günahkar” kimi Stalin götürülür. Orada qeyd edilir: “5 iyul qərarı Stalinin təzyiqi ilə qəbul edildi”. Lakin bu nəşrin hazırlanmasında o qədər çoxlu sayda tanınmış erməni tarixçisi iştirak etmişdi ki, bu tarixçilər yaxşı bilirdilər ki, məsələ heç də onların iddia etdikləri kimi olmayıb. Hər şey Qafqaz Bürosu plenumun iyulun 4-də keçirilən iclasının 11 saylı və iyulun 5-də keçirilən iclasının 12 saylı protokollarında çox aydın şəkildə əks olunub. Bu protokollardan çox açıq şəkildə görünür ki, əvvəla Stalin plenumun hər iki iclasında iştirak edib, ikincisi, nə iyulun 4-də, nə də iyulun 5-də müzakirə edilən Qarabağ məsələsi ilə bağlı fikir bildirməyib. Bunlardan əlavə RK(b)P MK Qafqaz Bürosunun iyulun 2 və 3-də keçirilmiş plenumunun 8 saylı protokolu da eyni ilə iyulun 4 və 5-də keçirilmiş iclasların protokolları ilə eyni arxivdə və eyni fondda saxlanılır. Həmin protokola bir qədər diqqətlə nəzər yetirilərsə, plenum iştirakçılarının sırasında İ.Stalinin adının birinci qeyd olunduğu görünər. Məhz plenumun həmin iclasının qətnaməsinə əlavədə göstərilirdi ki, Azərbaycanla müqayisədə Ermənistan və Gürcüstanda millətçi “kommunist” qrupları həm say, həm də keyfiyyət baxımından daha güclüdürlər. Əslində, 1921-ci ilin iyun ayının 3-də Zəngəzur məsələsinin, iyul ayının 4-5-də isə Dağlıq Qarabağ məsələsinin Qafqaz Bürosunun plenumlarının müzakirəsinə çıxarılması Naxçıvanla bağlı məsələnin 1921-ci ilin mart ayında Sovet Rusiyası ilə Türkiyə arasında imzalanmış Moskva müqaviləsində yer alması və bu fonda Ermənistanda güclənən kommunist millətçiliyi dalğasının, habelə Mərkəzin bu dalğanı ram etmək cəhdlərinin bilavasitə nəticəsi idi. Bunun üçün bilavasitə Moskva danışıqlarında iştirak etmiş Ermənistan nümayəndə heyətinin başçısı, xarici işlər komissarı A.Bekzadyanın 15 aprel 1921-ci ildə G.Çiçerinə ünvanladığı geniş etiraz məktubunun məzmununa nəzər yetirmək kifayətdir.
Ermənilərin Moskva konfransı
ilə bağlı faktları saxtalaşdırmaq cəhdləri
A.Bekzadyan Sovet Rusiyasını Türkiyə ilə danışıqlarda və imzalanmış müqavilədə ermənilərin mənafeyini müdafiə etməməkdə ittiham edirdi. O yazırdı: “erməni nümayəndəliyi bunu göstərməyi vacib hesab edir ki, türk nümayəndələri konfransda (Moskva konfransı nəzərdə tutulur – C.H.) hər zaman Zaqafqaziyanın müsəlman əhalisinin, o cümlədən Sovet Azərbaycanının mənafeyinin müdafiəçisi, himayəçisi və protektoru rolunda çıxış etdilər”. Xüsusilə, Bekzadyanı narahat edən başlıca məsələ “Türkiyənin öz Şərq sərhədlərinin təhlükəsizliyi üçün çox vacib hesab etdiyi” Naxçıvanı Azərbaycanın tərkibində saxlamağa nail olması idi. O qeyd edirdi ki, “Naxçıvan və Şərur-Dərələyəz məsələlərinin həlli ilə bağlı konfransda qəbul olunmuş qərarlar Ermənistanı ona məxsus olan Zəngəzuru normal idarə etmək imkanından məhrum edir”. Bu məktubla bağlı Çiçerin Ermənistan Sovet hökumətinin nümayəndəsi Ter-Qabrielyana bildirirdi ki, Bekzadyanın konfransda iştirak edən erməni nümayəndələrini təmizə çıxarıb bütün günahları Rusiya nümayəndələrinin üzərinə qoymaq cəhdləri onu təəccübləndirir. Çiçerin qeyd edirdi ki, konfransın başlıca məsələsinin nədən ibarət olmasından erməni nümayəndələri yaxşı məlumatlı idilər və mənim onlarla xüsusi şəkildə daim əlaqədə olmağıma baxmayaraq, onlar qəbul edilən qərarlardan hər hansı narazılıq ifadə etməmişdilər. Eyni məzmunlu bir teleqram həmin günlərdə Çiçerin Tiflisə, Leqrana da göndərmişdi. O yazırdı ki, “birincisi, erməni nümayəndələrinin günahı Rusiya nümayəndələrinin üzərinə qoymaq, ikincisi isə, faktları saxtalaşdırmaq yolu ilə özlərini, mənə bəlli olmayan naməlum oxucunun və ya dinləyicinin qarşısında ittihamlardan xali etmək cəhdlərindən ibarət olan Bekzadyanın fəaliyyət tərzinə etiraz edirəm”. Göründüyü kimi, Ermənilər belə şantaj yolu ilə Moskva müqaviləsi ətrafında gedən qapalı müzakirələr fonunda Qarabağın ələ keçirilməsi üçün əlverişli məqam və Mərkəzin güclü dəstəyini əldə etməyə çalışırdılar. Moskva konfransının gedişində susub sonradan ayılan Ermənistan rəhbərliyinin Sovet Rusiyasını ittiham etmək cəhdlərinin arxasında “kompensasiya” arzuları dayanırdı və belə bir “kompensasiya subyektini” isə onlar Qarabağda görürdülər.
İ.Stalinin Tiflisə gəlişinin
müəmmalı məqamları
İyulun 5-də
Dağlıq Qarabağ məsələsinin yenidən
müzakirəyə çıxarılmasına gəldikdə
isə, bu məsələ məhz Orconikidze və
Nazaretyanın təklifi ilə yenidən müzakirəyə
çıxarılmışdı. Bir sıra erməni müəllifləri
iyul ayının 5-də səhv olaraq Nazaretyanın deyil,
Orconikidze və Nərimanovun belə bir təkliflə
çıxış etdiklərin yazırlar.(Bax:Q.Melik-Şaxnazarov.
Politizaüiə istorii kak istoçnik naprəjeniə
mejnaüionalğnıx otnoşeniy.// Mayendorfskaə
deklaraüiə 2 noəbrə 2008 qoda i situaüiə vokruq
Naqornoqo Karabaxa. Sbornik statey. Moskva, 2008, s.311) Dağlıq
Qarabağın guya 5 iyul qərarı ilə Azərbaycana
verildiyi kimi səhv fikri bu yaxınlarda Moskvada nəşr
olunmuş məqalələr toplusunda V.A.Zaxarov və
S.T.Sarkisyan da iddia edirlər.(Bax: V.A.Zaxarov, S.T.Sarkisən.
Azerbadjano – Karabaxskiy konflikt: istoki i sovremennostğ.// Mayendorfskaə
deklaraüiə 2 noəbrə 2008 qoda i situaüiə vokruq
Naqornoqo Karabaxa, s.221) Lakin sənədlərdən aydın
olur ki, Stalin iclasın ilk günündən Tiflisdə olub və
onun iyulun 5-də “gözlənilməz” gəlişi barədə
söz-söhbət həqiqətə uyğun gəlmir. Həm
də Mərkəzin nümayəndəsi kimi məhz o, Ermənistanın
sovetləşməsindən sonra Dağlıq Qarabağın
Ermənistana verilməsinin mümkünlüyü ideyası
ilə hələ 1920-ci ilin noyabrında Bakıda
çıxış etmiş və bu ideyanın, erməni
mövqeyində dayanan Çiçerinin təzyiqləri ilə
birlikdə Dağlıq Qarabağın Ermənistana verilməsi
haqda ilkin qərarı qəbul edilməsində şübhəsiz
ki, rolu olmuşdu. Lakin bu ilkin qərar o qədər mübahisəli
idi və Zaqafqaziya kommunistlərində artıq bir il ərzində
formalaşmış baxışlara o qədər uyğun gəlmirdi
ki, elə o gün, 4 iyulda problemi RKP MK-nın geniş
iclasına keçirmək qərara alınmışdı, yəni
4 iyul qərarından elə qəbul olunduğu gündə
imtina edildi. Həm də ki, Lenin Orcenikidzeyə vurduğu
teleqramda ümumiyyətlə, Stalinin Tiflisdəki hərəkətlərindən
təəccübləndiyini bildirmişdi. Onu da əlavə
edək ki, “imperiya yaradıcılarından” biri olan Stalin əlbəttə
ki, mübahisəli məsələlər yaranması tərəfdarı
idi və sonralar həmin məsələlərdən
ustalıqla istifadə edirdi. Ən nəhayət, Stalin niyə
Tiflisə gəlmişdi? Bunun səbəbi Qafqaz Bürosunun plenumu
keçirilən günlərdə çağırılan
Gürcüstan KP MK-nın plenumunun materiallarından aydın
olur. Belə ki, iyulun 7-də həm Qafqaz Bürosunun plenumu
öz işini davam etdirib və Stalinin iştirakı ilə
Qafqaz Bürosunun həmin iclasında Gürcüstanla Ermənistan
arasında olan neytral zonanın Ermənistana birləşdirilməsi
haqqında qərar qəbul edilib. Eyni zamanda 2-ci məsələ
kimi həmin iclasda Axəlkələk və Xram
rayonlarının Ermənistana birləşdirilməsi məsələsi
müzakirə edilib və məsələ baxılmaq
üçün Gürcüstan KP MK-ya göndərilib ki,
onun rəyi ilə növbəti plenuma
çıxarılsın. Sənədlərdən
görünür ki, məhz həmin gün N.Nərimanov
istisna olmaqla Qafqaz Bürosunun üzvlərinin iştirakı
ilə Gürcüstan KP MK-nın plenumu keçirilib. Qafqaz
Bürosunun üzvləri iclasa saat 11-də, Stalin və Orconikidzenin
isə saat 12:25-də gəlməsi haqqında protokolda qeyd
var. İclasda ilk olaraq Batum məsələsi müzakirə
edildi və Stalindən xahiş edildi ki, bu məsələ ilə
bağlı Acar nümayəndələri ilə
apardığı danışıqlar barədə MK-ya məruzə
etsin. İclasda müzakirə edilən 2-ci məsələ
Qafqaz Bürosunun 5 iyul iclasında Gürcüstanın müsəlman
əhalisi arasında işin gücləndirilməsinin zəruriliyi
haqqında Nərimanovun bəyanatı ilə bağlı idi.
Bu bəyanatla bağlı plenum Gürcüstan MK-na təklif
etmişdi ki, müsəlmanlar arasında işi gücləndirmək
üçün Ömər Faiqdən (Nemanzadə – C.H.)
istifadə etsin. İyulun 7-də keçirilən
Gürcüstan KP MK-nın plenumunun gündəliyinə
“Gürcüstan müsəlmanları üzrə xalq
komissarlığının yaradılması haqqında” məsələ
salınsa da, lakin plenum Gürcüstan müsəlmanları
üzrə xüsusi müəssisənin yaradılması
ideyasını bəyəndi, onun forma və
funksiyasını müəyyən etmək üçün
Kavtaradze, Kvirkelia, Tumanov və Ömər Faiqdən ibarət
komissiya yaratdı. Bu yeni yaradılan müəssisənin
başında Ömər Faiqin dayanması haqqında qərar
qəbul edildi və Azərbaycan KP MK-dan xahiş edildi ki,
Gürcüstan müsəlmanları üzrə yaradılan
müəssisəni təşkil etmək üçün 3-4
müsəlman kommunisti göndərsinlər. Bundan sonra
Gürcüstan KP MK-nın plenumu daha iki məsələni (“mətbuat
haqqında” və “Gürcüstan Fövqəladə
Komissiyasının fəaliyyəti barədə”) müzakirə
edib, bilavasitə Stalinin Nalçikdən Tiflisə gəlişini
zəruri edən Gürcüstan rəhbərliyinin dəyişdirilməsi
məsələsinin müzakirəsinə keçdi.
İ.Stalin təklif etdi ki, Gürcüstanda ağır vəziyyətin
yarandığını nəzərə alaraq F.Maxaradzeni
Gürcüstan İnqilab Komitəsinin sədri vəzifəsindən
azad edib bu fəzifəyə Budu Mdivanini təyin etmək
lazımdır. İosif Stalinin təklifi səsə qoyuldu və
Budu Mdivani (6 səs lehinə, 4 nəfər bitərəf
qalmaqla, Qafqaz Bürosu üzvləri də daxil olmaqla 9 səs
lehinə, 4 nəfər bitərəf qalmaqla ) Gürcüstan
İnqilab Komitəsinin sədri təyin edildi. Uzun müddət
erməni tarixçilərinin və bəzi rus tarixçilərinin
1921-ci ilin iyulunda Stalinin Nalçikdən Tiflisə qəfil gəlişində
“Qarabağ izi” axtarmaları məqsədli xarakter
daşıyır və bu gəlişin əsl səbəbi
Gürcüstanı müəyyən məsələlərdə
az-çox müstəqil olan və Orconikidze ilə yola getməyən
Filipp Maxaradzedən alıb, Moskva ilə daha sıx
bağlı olan Budu Mdivaniyə vermək idi. Hətta həmin
ilin noyabrında Orconikidze F.Maxaradzenin nəinki
Gürcüstandan, ümumiyyətlə onun Qafqazdan
uzaqlaşdırılması məsələsini qoymuşdu.
1921-ci ilin noyabr ayının 2-də o, Lenin və Stalinə
yazırdı ki, “Filippi təcili olaraq Qafqazdan götürmək
tamamilə zəruridir”.
A.Myasnikov: “Əgər Qafqaz Bürosunun son
iclasını xarakterizə etsək, sanki orada Ağaronyan,
Topçubaşov və Çxenkeli oturmuşdu”
Zəngəzurda daşnak qiyamı iyulun 13-də tamamilə yatırıldı. Bu hadisə Dağlıq Qarabağın taleyinə dərhal təsir göstərdi. 1921-ci il iyulun 16-da Ermənistan KP MK-nın Qafqaz Bürosu plenumunun yekunlarının müzakirəsinə həsr olunmuş iclası oldu. Və əgər Axalkalaki məsələsində erməni kommunistləri mübarizəni Gürcüstan MK-sında, habelə Qafqaz Bürosunun növbəti plenumunda davam etdirməyi qərara aldılarsa, Qarabağ məsələsində tamamilə başqa mövqe tutdular. Qeyd olundu ki, Qafqaz Bürosunun qərarı erməniləri təmin etməsə də, bu məsələni Qafqaz Bürosunda yenidən müzakirəyə qoymamaq, “muxtariyyətin mahiyyəti barədə növbəti iclasa konkret və tam ifadə olunmuş məsələ çıxarmaq” haqda qərar qəbul edilsin. Bununla yanaşı Qafqaz Bürosunun 5 iyul qərarı ilə Dağlıq Qarabağa muxtariyyət təmin etdikdən sonra, 1921-ci ilin avqust ayının ortalarında Q.Orconikidze ilə birbaşa xətlə danışığında A.Myasnikov qeyd edirdi ki, artıq “Qarabağ məsələsinə bizdə kifayət qədər loyal münasibət bəsləyirlər”. Ümumiyyətlə, sovetləşmənin ilk aylarında ermənilərdə belə bir fikir formalaşmışdı ki, Sovet Azərbaycanı onların bütün istəklərin təmin etməlidir. 1922-ci ilin yanvar ayında keçirilən Ermənistan Kommunist Partiyasının birinci qurultayında A.Myasnikova sual veriləndə ki, Dağlıq Qarabağ Ermənistana niyə birləşdirilmədi? O cavab verdi ki, “əgər Qafqaz Bürosunun son iclasını xarakterizə etsək, sanki orada Ağaronyan, Topçubaşov və Çxenkeli oturmuşdu. Azərbaycan belə deyirdi ki, əgər Ermənistan Qarabağı tələb edirsə, kerosin buraxmayacağıq”. 1921-ci ilin iyul ayı ərzində keçirilmiş Azərbaycan KP MK-nın Siyası və Təşkilat Bürosunun iclasları haqqında Qafqaz Bürosuna göndərilən məlumatda qeyd olunurdu ki, Dağlıq Qarabağ məsələsi ətrafında qızğın mübahisələr gedir və bu məsələ ilə bağlı Azərbaycanın KP MK-nın nöqteyi-nəzəri Ermənistan KP MK-nın nöqteyi-nəzərinin əksinədir.
1921-ci ilin iyul ayının 19-da Azərbaycan MİK-nin Rəyasət Heyəti Qafqaz bürosunun 5 iyul qərarını və ümumilikdə N.Nərimanovun Tiflisə səfərinin yekunları barədə məruzəsini müzakirə etdi. Məruzənin müzakirəsindən sonra qəbul olunmuş qərarda deyilirdi: “Dağlıq Qarabağ Sovet Konstitusiyası çərçivəsində başda icraiyyə komitəsi olmaqla, daxili özünüidarə hüququ verilməklə Sovet Azərbaycanının ayrılmaz hissəsi olaraq qalır”. Eyni zamanda iclasda N.Nərimanov Azərbaycanla digər Cənubi Qafqaz respublikaları arasında sərhədlərin qurulması barədə çıxış etdi. O bildirdi ki, Dağlıq Qarabağ Sovet Konstitusiyası çərçivəsində daxili özünüidarə hüququnda Sovet Azərbaycanının ayrılmaz hissəsi olaraq qalır. N.Nərmanov əlavə etdi ki, “Şuşada əhəmiyyətli sayda fəhlə ünsürlərin olmasını nəzərə alaraq, Vilayət icraiyyə komitəsindən əlavə, Şuşa şəhər icraiyyə komitəsinin yaradılması haqqındakı məsələ də gündəlikdə dayanır. Eyni qayda AKP MK-nın Dağlıq Qarabağ partiya təşkilatına münasibətində də öz əksini tapmalıdır və Vilayət partiya komitəsinə bərabər hüquqda şəhər komitəsi də yaradılmalıdır. Vilayət və şəhər icraiyyə komitələri, habelə eyni ilə partiya komitələri arasında qarşılıqlı münasibətlər Bakıdakı kimi (yəni AKP MK-nın Bakı Komitəsi ilə AKP MK arasında olduğu kimi – C.H.) olmalıdır”. Azərbaycan MİK-nin Rəyasət Heyətindən sonra iyulun 20-də AK(b)P MK Siyasi və Təşkilat bürosu Qarabağ haqqında Ə.Qarayevin məlumatını dinləyib yaranacaq muxtar qurumun konstitusiyasının hazırlanması üçün daxili işlər, ədliyə və xarici işlər komissarlıqlarının nümayəndələrindən ibarət komissiya yaratmağı qərara aldı. Qərardan çıxarış S.Çvanova (Xalq Ədliyə Komissarlığı), Süleymanova (Xalq Daxili İşlər Komissarlığı) və Andreyevə (Xalq Xarici İşlər Komissarlığı) göndərildi. İclasın qərarı ilə S.Adıgözəlov müavin axtarılıb tapılana qədər kommunist partiyasının Şuşa qəza komitəsinin katibi saxlanıldı.
RKP MK Qafqaz
Bürosunun Qarabağın Azərbaycanın tərkibində
saxlanması haqqında 5 iyulda qəbul etdiyi müvafiq qərarının
olmasına baxmayaraq müxtəlif erməni təşkilatları
Azərbaycana qarşı apardıqları pozuculuq işlərinə
son qoymurdular. İyul ayının 23-də Ə.Qarayev
Şuşadan N.Nərimanov və M.D.Hüseynova göndərdiyi
teleqramda yazırdı: “Sovet Ermənistanının fövqəladə
müvəkkili Ter-Simonyan Gorusda müsəlman, rus və erməni
dilində elan etdiyi öz əmrində göstərib ki,
Dağlıq Qarabağ Sovet Ermənistanına birləşdirilib.
Bu təxribat digər tərəfdən Ter-Simonyanın
Musayevi (Ocaqqulu Musayev – C.H.) Kürdüstana fövqəladə
müvəkkil təyin etməsi ilə müşayiət
olunub. Bununla bağlı siyasi münasibətlər
baxımından Şuşada vəziyyət həddindən
artıq ağırlaşıb, baxmayaraq ki, indi artıq
yavaş-yavaş düzəlməkdədir. Ter-Simonyan
Qubadlı qəza icraiyyə komitəsini narahat edir və nə
yolla olursa-olsun onu Zəngəzura birləşdirmək istəyir.
Minkənd sahəsində yerli icraiyyə komitəsi Musayev tərəfindən
dağıdılıb və hansısa bir inqilab komitəsi
yaradılıb. Nəyin bahasına olursa-olsun bu
qarışıqlığa son qoymaq və Simonyana
qarşı qəti ölçü götürmək
lazımdır”. Sənədin üzərində Nərimanovun
belə bir qeydi vardır ki, ölçü
götürülməsi xahişi ilə Qafqaz Bürosuna
teleqram göndərilsin. Bununla yanaşı AK(b) MK-nın
Siyasi və Təşkilat Bürosunun avqust ayının 8-də
keçirilən iclasında O.Musayev səlahiyyətlərin
aşdığına, Kürdüstanda partiya və sovet
işini pozduğuna görə kommunist partiyasının
sıralarından xaric edildi.
(Ardı var)
Cəmil HƏSƏNLİ,
Tarix elmləri doktoru,
Professor
525-ci qəzet.- 2010.- 23
oktyabr.- S.10-11.