“Sarı Odalar”ın müəllifinə demək istədiklərim...

 

Qələm dostum Əlövsət Bəşirli ilə Yazıçılar Birliyinin Natəvan klubundan çıxıb, pillələri düşəndə özümüzdə deyildik. İkimiz də həyəcanlı idik. Təqdimat mərasimində dediyimiz, demədiyimiz, başqalarından eşitdiyimiz dürlü-dürlü sözləri ürəyimizdə dağ eləyə-eləyə, asta addımlarla aşağı enirdik. Ürəklərimiz bu nigaran vurğu üstündə köklənmişdi:

 “Nəyi deyə bildik, ürəyimizdə nələr qaldı?” Bayıra çıxanda fikili-fikirli bir-birimizin üzünə baxdıq. Qoltuğumuzda da günün qəhrəmanı – “Sarı Odalar” kitabı. Qalın, tutumlu...

Üz qabığında rəssam ürəyindən od almış gənc bir qadının şairanə çəkilmiş şəkili... O gözəl qadının düşüncələr içində baxışları bu kövrək ay işığında nələr deyirdi? İkimiz də qoltuğumuzdakı hədiyyəni bərk-bərk tutmuşduq. Ürəyimizdə isə sönüb-səngiməyən xoş duyğular hələ də onu əzizləyirdi.

– İndi neyləyək, fikrin nədir?

 – deyə Əlövsət soruşdu.

– Səni bilmirəm, mən işə tələsirəm, – dedim.

 – Yəqin indi məni gözləyirlər.

 – Düzü, mən istəyirdim harasa burulaq. Sakit bir çayxanada baş-başa verib, ürəyimiz istəyən kimi təəssüratımızı bölüşək. Səni bilmirəm, mən hələ də “Sarı Odalar”dan ayrılmamışam.

– Mən də, sənin günündəyəm, Əlövsət, – deyə onun sözünü təsdiqlədim.

 – “Sarı Odalar”a yaxşıca bayram elədik. Düzü, son vaxtlar Natəvan klubunda belə sevinməmişdim. Bu sözlərə, alqışlara illərdən bəri addım-addım yol gələn “Sarı Odalar”a halaldı bu toy, bu düyün! Məndən ayrılmaq istəməsə də, könülsüz-könülsüz:

 – İstəyirəm səni işə gecikdirməyim, – dedi. – Oturaq maşına, sən “Azərbaycan” nəşriyyatında düşərsən, mən də evə sarı yol tutaram. Sonra zəngləşərik... Əsas budur ki, yaxşı bir gün yaşadıq. Söhbətimiz maşında da öləzimədi. İşə qayıdanda qapı ağzında əməkdaşımız Kamil İsmayılova rast gəldim. Gözü o dəqiqə qoltuğumdakı iri kitabı almışdı. – Yaman müştəri gözü ilə baxırsan, – deyə “Sarı Odalar”ı ona uzatdım.

 – Mən indi bu kitabın toyundan gəlirəm. Kamil müəllim səhifələri çevirə-çevirə: – İradə Tuncayın yazılarını mən də izləyirəm, – dedi.

 – Mövzu seçimi, yazılarının orijinallığı, cəsarəti həmişə məni heyran edir.

 – Mən də burada verilən yazıların demək olar ki, əksəriyyəti ilə “Ədalət”in və “525-ci qəzet”in səhifələrindən tanışam. İndi isə arxayın, duya-duya, düşünə-düşünə oxumaq, müəllif dünyasına baş vurmaq istəyirəm. “Sarı Odalar” elə-belə qaçaraq oxunan kitab deyil. Hər yazının öz fəlsəfəsi var. “Sarı Odalar” müəllifin yaradıcılıq qələbəsi, qəhrəmanlığıdır. Bugünkü təqdimat mərasimi də, burada deyilən sözlər də, səslənən fikirlər də birləşib əsl bayram ovqatı yaratmışdı. İradə Tuncay çox həyəcan keçirirdi. Qanadlı quşa dönmüşdü. ... “Sarı Odalar” neçə gündür ki, stolumun üstündədir. Ancaq yenə də xəyalən təqdimat mərasiminə qayıdıram. Dediklərimdən qırıq-qırıq fikirlər beynimdə dolaşır. “525-ci qəzet”in yazdıqlarından fraqmentlər: “İradə xanım mənim də haqqımda bir neçə məqalə yazıb. Ona minnətdarlığımı bildirirəm. O bizə Məmməd Araz yadigarıdır”... Müəlliflə kiçik bir dialoqumuz da oldu: “– İradə, sən adi adam deyilsən”.

“– Bilirəm”. Bu da “Ədalət” qəzetinin mənim dediklərimdən aldıqları: “İradə Tuncay oxucuların hər gün gözlədikləri yazarlardandır. O, Məmməd Araz universitetini bitirdiyindən sözün qiymətini bilir. Yazılarını oxuyanda insanın ürəyindən işıqlı bir yol düşür. Uzun illər bir yerdə işləmişdik. Yaxından tanıdığımdan bilirəm ki, daxilində tufanlar oynayır. Bəzən Aqil Abbasa yazığım gəlir”. İradə Tuncayın haqqımda yazdıqlarından bu epizodu oxuyanda məni düşüncələr alıb aparır. “Lift gecikir, gözləməyə hövsələm çatmır, özüm düşmək istəyirəm. Pilləkənlərin başında üzbəüz gəlirik. Bilmirəm niyə, amma ovqatından görürəm ki, əhvalı heç də yaxşı deyil. Yaşıl gözləri dolub. – Sən bir yazı yaz, – deyir. – Nə yazı? – Ölən istəklərimiz...

 – Bilirəm, məndən inciksən...

– Elədi, inciyəm! – Vallah, mənim gücüm nəyə çatırdı ki? Mən kimiydim ki?

 – Ən azından mənə demək olardı ki, adını divardan asmamış, ərizəni yaz, özün get. Mən sizə inanırdım. Sizdən bunu gözləyirdim... 13 il əvvəlki hadisəni xatırlayırıq. O vaxt məni səbəbsiz-filansız işdən çıxartdılar. Bir adam da dillənmədi. Əslində səbəbini bilirdim – baş redaktor xanımın məndən xoşu gəlmirdi, amma mən o vaxt fikirləşirdim ki, gəlmir-gəlməsin də, dünya dərəbəylik deyil ki? Çox cavanıydım, inanırdım, ümidlərim vardı. Sındırdılar. Üzümü çevirib getdim, ölmüş istəklərimin xarabalarında yaşadım. Bu da taleyin cilvəsiydi ki, az sonra atamın evində çox böyük, sözükeçən bir adamla rastlaşdım. Həmin xanıma pislik etmək imkanım yarandı, eləmədim. Fikirləşdim ki, gün gələcək ona da haqsızlıq eləyəcəklər. O da ölmüş istəklərinin içində dolaşacaq. Oldu. Amma indi gözləri yaşara-yaşara mənə “ölən istəklərimizdən yaz”, deyən müəllimə baxıb düşünürəm ki, ətrafdakı canavarları özləri yaradırlar. Dillənmirlər, danışmırlar... Yıxılana əl uzatmırlar, “mənə nə?!” deyirlər, sonra da belə olur. Haqlarını-hüquqlarını tapdalayırlar, ağızlarından halal tikələrini qapırlar. Boynubükük komendantlar məmləkətində yaşamaq... Amma bir zaman bütün dünyanı sevməyə hazır idim... Hər halda mən onun istəyini yerinə yetirdim. Yazdım. Bilməm anlaşıldımı?” ...O vaxtlar İradə İbrahimova kimi tanınan İradə Tuncay ona daşın haradan dəydiyini yaxşı bilsə də, məndən inciməyə də haqqı var. Sözləri ürəyimi indi də göynədir, utandırır məni: “Ən azından mənə demək olardı ki, adını divardan asmamış, ərizəni yaz, özün get. Mən sizə inanırdım. Sizdən bunu gözləyirdim”. İradə xanım, inanın ki, bu yazı o zaman qəzetdə çıxanda da, indi onu kitabdan oxuyanda da varlığımdan yox olmuşam. Özümü çox qınamışam. Mən o zaman sədrin Televiziya üzrə müavini idim. Şirkətdə ikinci adam sayılırdım. Günümüzün paradoksu, acı reallığı da budur ki, sədr müavininin xəbəri olmadan, baş redaktorla sədrin “sövdələşməsi”lə qələmli bir əməkdaş işdən azad olunur, sədr müavini isə bundan əmr divara asılandan sonra xəbər tutur. Sədrlə aramızda olan söhbəti xatırlayıram: –Bu əmr qanunsuz verilib, axı! – Bəlkə də... Ancaq neyləyək, olan olub, keçən keçib. – Axı o istedadlı əməkdaşdır. Məmməd Araz kimi bir sənətkarın qızıdır. Nə deyərlər, bizi hamı qınayar ki? O dinmədi. Başını aşağı salıb, günahkar-günahkar susdu. Deməyə daha sözü yox idi. İradə xanım inciməsin, küsməsin neyləsin. Ancaq həyatın da öz qanunları, qəribəlikləri var. Məmməd Arazın şərəfinə Filarmoniyada təşkil olunmuş təntənə vaxtı Prezident şairin ailə vəziyyəti, dolanışığı ilə maraqlandı. Söhbətin gedişində aydın oldu ki, onun qızını Azteleradioda işdən çıxarıblar. Prezident əsəbi halda: – Tapşırarıq, yerinə bərpa edərlər, –dedi. Sədr ağlına belə gəlmədiyi bu sözləri qəflətən televiziya ekranından eşitdi. Yəqin onun düşdüyü vəziyyəti, keçirdiyi hissləri özünüz də yaxşı bilirsiniz. Səhəri gün əmr verilsə də, İradə İbrahimova bir daha AzTV-yə gözünün ucu ilə baxıb, onun qapısını açmadı. “Mənə də elə bu lazım idi!” – deyibən, qürurunu sındırmadı. O, geri qayıtsaydı, İradə Tuncay olmazdı. Bu yerdə ürəyimdən bir səs qopdu: “İradə xanım, siz deyirsiniz ki, məni anlayacaqlarmı? Mən də deyirəm: “Mütləq anlayacaqlar”. ...“Sarı Odalar”dan ayrıla bilmirəm. Hər yazını oxuyandan sonra da fikrə gedirəm. Düşüncələr məni alıb aparır. Bu, demək olar ki, hər axşam təkrarlanır. O insanlar yuxuda da məndən ayrılmır. Şirin, həyəcanlı görüşlər, ürək söhbətləri, uzun sürən lal baxışlar, sükut dalınca sükut... Bəzən həmsöhbətimlə ulduzlaracan yol gedirik. Səhəri gün də belə olur. Yenə ürəyimdə, “Sarı Odalar”la söhbət, suallar pıçıltılar... “– Bir də xoş gördük, “Sarı Odalar” “– Xoş günlər, xoş arzular”. “– Yolun nə yaman uzun oldu? Oxucuların görüşünə niyə belə gecikdin, gec gəldin?” “– Məndə nə günah? Yaxşı olar ki, bunu müəllifdən – İradə Tuncayın özündən soruşasan”. “– Az qala bir qərinədir ki, bir-birimizi tanıyırıq”. “– Özün bilirsən ki, o çox çətin yazır. Elə bil qranit çapır, daş yonur. Yazdıqlarını da cilalayır, cilalayır. Hər yazını da bir heykələ döndərir”. “– Mənim ondan bir xahişim vardı”. “– Nə xahiş idi belə”. “–İstəyirdim unudulmaz Araz haqqında sanballı bir qələm çalsın”.

 “– Axı “Odalar”da yazıb ki?”

“– Bu nə oxucu yanğısını söndürəndi, nə də Məmməd Araz əfsanəsinə güzgü tutan bir əsər. Bütün aləm bilir ki, Məmməd Araz bu dünyaya tək gəldi, tək də getdi. Azərbaycanın dərdlərini, ağrılarını xəstə canı ilə, inildəyə-inildəyə kim onun kimi yaza bilərdi? O ahı, o harayı belə bir zirvə ucalığında, var səsilə kim hayqıra bilərdi? İstərdim ki, Məmməd Arazın oğul bildiyi İradə Tuncay atası haqqında səs salan bir roman yazsın. Hamımızı sevindirsin”.

 “– ...Siz Məmməd Arazdan danışdınız.”

 “– Bəlkə də iyirmi ildir ki ürəyimə düşüb bu istək. Axı, İradə Tuncay ömrü boyu Məmməd Araz ürəyinin, istedadının sevgisi, günəşi ilə nəfəs alıb. Uzun illər bir övlad kimi onun ağrı-acılarını köksünə sıxıb. Bu ağrı-acılara yalvarıb-yaxarıb: “Nə olar atamı incitməyin, yuxularına dəyməyin, qoy bir az dincəlsin, gözlərinin acısını alsın” –deyib. İradə Tuncay bəlkə də o çətin, sarsıntılı günlərə qayıtmaqdan qorxur, ehtiyat eləyir. “Sabah başlayaram, o biri gün başlayaram”, deyə düşünür. Beləcə həftələr aylara, aylar isə illərə qovuşur. Vaxt isə gözləmir. İradə Tuncayın bu əsəri yazan vaxtıdır. Qələmi də, söz dünyası da bunu deyir. Biz bilmirik, bəlkə ürəyində bu əsəri yaza-yaza gəlir. Bəlkə də “Sarı Odalar”ın üstündəki o gənc qadın kimi düşüncələrində, xəyallarında ömrünün o aylı gecələrinə qayıdır, göz yaşları qəlbinə axa-axa Məmməd Arazı xəyalına gətirir, yazır və yazdıqlarını da ürəyinin başına sıxır. Bu, bəlkə də bir yazıçı qəlbinin gizlinləri, sirri-sehridir. Nə bilmək olar? ...

“Sarı Odalar”ın bayramında Məmməd Arazın ömür-gün yoldaşı Gülxanım bacı ilə görüşdüm. Onun sevincində fəxarət duyğusu günəşlənirdi. Gözlərində isə bir nisgil oxudum: “Kaş Məmməd Araz sağ olaydı, qızının bu sevincinə qovuşaydı”. Ötəri də olsa, gileyimi bildirdim.

 – Gülxanım bacı, nə vaxtdan bəridir İradə xanımdan sizin kitabı istəyirəm. Söz verir gətirməyə, ancaq unudur.

 – Bu xatirələr “Azərbaycan” jurnalında çıxıb ki?

 – Oxumuşam. Jurnalın dalbadal üç nömrəsində sizin “Gündəlikləri” də su kimi içmişəm. Sağ olun ki, oxucuları Məmməd Arazlı günlərə qaytarmısınız. İndi mən də xatirələrimi qələmə almaq istəyirəm. “Yaddaşıma yazılanlar” adlı kitabımda çıxacaq. Sizin kitabı da ona görə istəyirdim ki, yaddaşımı təzələyim. – Qələminiz var olsun, – dedi Gülxanım bacı. – Kitab sarıdan da darıxmayın, İradəyə verərəm, gətirib çatdırar. Mənim üçün də xoş olar, Məmməd Arazın ruhu da sevinər. Hörmətli İradə xanım! Bu yazı bəlkə də qəlbimi bürüyən qövsi-quzeh duyğuların kiçik bir dalğasıdır. Ürəyimdən çox sözlər keçir. Neyləyim, hissiyyat boğur, haldan-hala düşürəm, gözlərim yaşarır. Bu, bəlkə də yaşdandır. Fikirlərimin, cümlələrimin, sözlərimin canı budur: sizin qələminizə, istedadınıza, yaradıcılığınıza dərin hörmət bəsləyənlərdən biri də mənəm. Varını verən utanmaz. “Sarı Odalar”da toplanmış irili-xırdalı yazıların hər biri haqqında geniş söz açmaq olar. Bəlkə də həmin yazının həcmindən böyük. Çünki bu yazıların hər birinin hərarəti, cazibəsi insanı çəkir, duyğulandırır. Kitabda zaman, məkan, insan, tarix bir-birilə qovuşur, bir ahəngdə, bir axında birləşir, bir olur. Ağıl, ürək, emosiya, cəsarət hadisələrə orijinal baxış və yeni deyim tərzi “Sarı Odalar”ın ruhuna hopub. Və onun səhifələrində gur səslə çağlayır. Bu yazı üzərində işləyərkən Bakı Dövlət Universitetinin bir qrup tələbəsi (qəribəydi ki, hamısı da qız uşağı idi) öz müəllimlərilə bizim Xatirə Kitabı redaksiyasına gəlmişdi. Qonaqlar içəri girəndə sevinclə, ucadan səsləndim: – Ay qızlar, yəqin ki, bu kitabı hələ görməmisiniz. Fəxrlə deyə bilərəm ki, biz müəlliflə nə zamansa televiziyada bir yerdə işləmişik. Çox istedadlı jurnalistdir, “Ədalət” və “525-ci qəzet”in səhifələrində heyranedici yazıları ilə həmişə çıxış edir. Özü də Məmməd Arazın qızıdır, atasının adına və arzusuna layiq bir qələm sahibidır. – Müəllim, kitabı hardan tapmaq olar? – deyə qızlar xorla soruşdular. – Təəssüf ki, tirajı cəmisi beş yüzdür, – dedim. –Satışa çıxacaq, çıxmayacaq, bu barədə heç nə bilmirəm. Müəllif bilsə ki, “Sarı Odalar”ı oxuyacaqsınız, mütləq avtoqrafla sizə hədiyyə edər. – Ala bilsək, mütləq oxuyacağıq! – dedilər. – Onda mənə “sağ ol” düşür. ...İradə Tuncay, istəyirəm ki, yazı stolunuzun üstündə qalaqlanan, tığlanan əlyazmalarında tezliklə böyük Məməd Araz dünyasının yazı, qışı, boranı, qarı, hıçqırıqları, göynərtiləri, çırpıntıları, zirvələşən, heykəlləşən şeirləri baş-başa, ürək-ürəyə versin. Bizim bildiyimiz, bilmədiyimiz sirli-sehirli Məmməd Araz fırtınalarının dalğaları ürəkləri heyrətə gətirsin. Şair ömrünün yaşantıları bizi gah titrətsin, dondursun, gah da coşqulara qoşsun. Bəri başdan deyirəm: yol gələn yeni kitabınıza “Sarı Odalar” sevinci arzulayıram! Qoy, hələlik janrını bilmədiyimiz, uğruna indidən inandığımız bu kitab qəlbimizi yerindən oynatsın, bizi dəli eləsin! Mübarəkdir!

 

 

Nahid HACIZADƏ

 

525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.14.