Qürbətdə keçən ömür

 

Oktyabr ayının 25-də Moskvada yaşayan həmyerlimiz-yazıçı, kinodramaturq, tarix elmləri namizədi Əbdül Hüseynovun 85 yaşı tamam olur

 

Qədim keçmişimizi, tariximizi yalnız tarixi faktlar yox, tarixi əsərlər-romanlar vasitəsilə öyrənmək mümkündür. Belə ki, maraqlı təsvirlərlə, faktlarla verilən tarixi romanlar hər zaman oxucu rəğbəti qazanır. Belə kitabları oxumaqla hər bir oxucu tarixi bilgilərini zənginləşdirir. Ədəbiyyat tariximizdə maraqlı tarixi romanları ilə yaddaşlarda əbədi yaşayan, ədəbiyyat tarixində özünə əbədi yer tutan yazıçılarımız çoxdur. Və həmin yazıçılarımızdan biriMoskvada yaşayan görkəmli qələm sahibi Əbdül Hüseynovdur.

Əbdül Hüseynov əsərlərinin əksəriyyətində Azərbaycanın tarixi reallıqlarını,açıb göstərib, müxtəlif taleli insan obrazlarını canlı və dolğun şəkildə qələmə alıb. Böyük Vətən Müharibəsinin acı fəsadları onun bədii yaradıcılığında mühüm yer tutur. ”Müharibənin sədası” əsəri buna parlaq misaldır. Yazıçı bu əsərdə, eləcə də bir sıra başqa əsərlərində vətənə canlarını fəda edən, həyatın ağır zərbələrinə tuş gələn müxtəlif taleli insanların nisgilini, daxili kədər və üzüntülərini, müharibənin vurduğu sağalmaz yaraları təsirli dillə qələmə alıb, romanlarında və hekayələrində yaratdığı neçə-neçə yaddaqalan canlı obrazlarıyla ədəbi fikir tariximizi zənginləşdirib.

Əbdül Hüseynovun ədəbi qəhrəmanları müxtəlifdir, şəxsiyyətlərinə görə biri-birindən fərqlidirlər. Bu qəhrəmanlar – hökmdarlar, şahlar, sultanlar, dövlət xadimləri, şairlər, alimlər, filosoflar və adi insanlardır... Əbdül Hüseynovun başqalarından seçilən nikbin və təbii bir üslubu, özünəməxsus yazı manerası var. Yazıçının əsas məqsədi tarixi romanlarında həqiqətin gözünə dik baxmaq, heç nəyi saxtalaşdırmamaq, həyatın şirin və acılarını qəlbinin süzgəcindən keçirərək yazmaqdan ibarətdir. Bu əsərlər onun özünün keçdiyi üzüntülü həyat yolunu, onun maddi-mənəvi, psixoloji aləmini uydurmalara calamadan real əks etdirmək baxımından olduqca ibrətamizdir. Əbdül Hüseynov tarixi romanlarıyla bizə sübut edir ki, keçmişə obyektiv gözlə baxmaq, həmin tarixi yaradan şəxslərin və şəxsiyyətlərin həyatına, onların həyatda,tarixdə qoyub getdiyi əməllərə diqqətlə yanaşmaq lazımdır. Belə olduğu halda yazıçı öz əsərində həqiqətin müəyyən mənada bərqərar olmasına nail ola bilər. Hər halda Əbdül Hüseynovun çəkinmədən tarixi mövzulara müraciət etməsi bizi sevindirir. Tarixi təhrif etmədən, onu büsbütün təxəyyülünün gücü çatdığı qədər zənginləşdirməyə çalışan yazıçı, əksər hallarda öz istəyinə nail olur. ... Ötən əsrin 80-ci illərində Moskvada Ədəbiyyat institunda oxuyurdum. Adətim üzrə dərsdən sonra boş vaxtlarımda kitab mağazalarına gedir, yeməyimə qənaət edərək ayırdığım pullara mənə lazım olan kitabları alırdım. Günlərin birində Qorki küçəsində ki, (indiki Tverskaya) Moskva kitab mağazasında Əbdül Hüseynovun “Pliqrim iz Şirvana”, (Şirvanlı zəvvar) adlı kitabına rast gəldim. Məni maraq bürüdü. Yazıçılarımızın əksəriyyətini tanıyırdım. Moskvada Cingiz Hüseynov adlı nəhəng bir yazıçımız olduğunu da bilirdim, amma Əbdül Hüseynov adında nə Azərbaycanda, nə də Rusiyada yazıcı tanımırdım. Bu mənim Əbdül Hüseynovla, onun yaradıcılığıyla ilk qiyabi tanışlığım idi. 1990-cı illərin ortalarında tədbirlərimizin birində Ə.Hüseynovla yaxından tanış oldum. Və bu tanışlığımız möhkəm dostluğa çevrildi. Sonralar Ə.Hüseynov mənə dedi ki, əslində bu romanı 1970-ci illərin ortalarında qələmə alsa da əsər Moskvada ilk dəfə1980-ci illərin əvvəllərində, ikinci dəfə isə 1995-ci ildə “Overley” nəşriyyatında dərc edilib. 2009-cu ildə XII əsrin dahi şairi Əfzəlləddin Xaqani Şirvaninin vəfatının 810-cu ildönümü bir sıra şəhərlərdə, o cümlədən, Bakıda qeyd olundu. Biz Xaqani Şirvaniyə həsr edilmiş həmin əsəri o ərəfədə cap etmək və Xaqanisevərlərə hədiyyə etmək niyyətindəydik. Müəyyən səbəblərə görə istəyimizi həyata keçirə bilmədik. Bu günlərdə Moskvada həmin romanı “Üsyankar Xaqani” adıyla oxucularımıza təqdim etdik. Bu əsəri Azərbaycan dilinə şair və yazıcı Sultan Mərzili tərcümə edib. Mən həmişə ədəbiyyata təmənnasız xidmət edən və öz xeyirxahlığı ilə çoxlarına nümunə ola bilən bu qələm adamıyla dostluğumdan qürur duymuşam. Mənə elə gəlir ki, onun nurlu simasindan yağan, işıqlı cöhrəsindən süzülən bir enerji var və bu enerjini duyan hər kəs bir nicat tapır.

Əbdül Hüseynov yazdıqlarını sadəcə olaraq, təkrarlamır, araşdırdığı tarixi materiallara əsaslanaraq baş verən hadisələri öz yazıcı təxəyyülüylə zənginləşdirir. Əbdül Hüseynov ağır bir həyat yolu keçib.Dəfələrlə ağla gəlməyən faciələrlə üzləşib. Bir dəfə o, öz həyat tarixçəsini, vətəndən getməyinin səbəbini mənə danışdı: “Mən cəbhəyə könüllü getdim. Cəbhəyə getməyimə evdə heç kəs razı deyildi. Ən çox razılaşmayan isə anam Ceyran xanım idi. Elə hey – ay oğul, sən Allah, getmə-deyirdi.Amma mən heç kimə qulaq asmadim. Müharibədə bir neçə dəfə ağır yaralansam da yenə də ön cəbhəyə qayıdırdım. Müharibə qurtarandan sonra evimizə tələsirdim. Dönə-dönə xəyalımda qardaşlarımla, atamla, anamla necə gorüşəcəyimi canlandırmışdım. Amma atalar düz deyib, sən saydığını say, gör fələk nə sayır. Evimizə gələndə gördüklərimə inana bilmirdim. Mən müharibədə olduğum vaxtda üç qardaşım və atam maliyariya xəstəliyindən ölmüşdü. Anam mənim vətənə gəlməyimə bir həftə qalmış cəbhədən göndərdiyim şəklimi sinəsinə sıxaraq dünyasını dəyişmişdi. Özümü anamın ruhu qarşısında günahkar sayırdım. Cəbhəyə getməsəydim, bəlkə də belə olmazdı. Bütün arzularım, gələcəyim, istəklərim puç olmuşdu. Bircə çıxış yolu vardı. Baş götürüb vətəndən getmək”. Bəli, çox kədərli tarixçədir. Bu gün əfsuslar olsun ki, Azərbaycanda Əbdül Hüseynovu bir yazıçı kimi yaxşı tanımırlar. Ədəbi mühitdə də həmçinin. Burada tənqidçilərimizin də günahı az deyil. Bu vaxta kimi tənqidçilərimiz onun zəngin yaradıcılığına kifayət qədər diqqət yetirməyiblər. Ümumiyyətlə Azərbaycanda indiyədək Əbdül Hüseynovun nəşr olunan böyüklü-kiçikli heç bir əsəri haqqında samballı tənqidi məqalə yazılmayıb, yazıçının yaradıcılığına soyuq, daha doğrusu ögey münasibət bəslənilib, yazıçının yaradıcılığı diqqətdən kənarda qalıb. Amma bir ziyalı, bir azərbaycanlı kimi o, öz missiyasını həmişə şərəflə yerinə yetirib. Buna görə də biz hamımız bu böyük həmyerlimiz qarşısında borcluyuq.

 

Moskva, oktyabr 2010

 

 

Nəsib NƏBİOĞLU

 

525-ci qəzet.- 2010.- 23 oktyabr.- S.15.