Müslüm Maqomayevin vəfatının
ikinci ildönümü
qeyd olunub
Azərbaycanın dünya şöhrətli
müğənnisi Müslüm
Maqomayev vəfatının
ikinci ildönümündə
anılıb. APA-nın məlumatına
görə, əvvəlcə sənətkarın Fəxri
Xiyabandakı məzarı ziyarət olunub.
Ziyarətdə Azərbaycanın
tanınmış mədəniyyət və incəsənət
xadimləri, Mədəniyyət və Turizm
Nazirliyinin nümayəndələri,
Rusiyanın Azərbaycandakı səfiri Vladimir
Doroxin və Azərbaycana səfərə
gələn Özbəkistan nümayəndə heyəti iştirak edib.
Daha sonra anım tədbiri
Azərbaycan Bəstəkarlar İttifaqında davam etdirilib. İttifaqın
sədri, xalq artisti Firəngiz Əlizadə Müslüm
Maqomayevin sağ ikən bu qurumun üzvü olmasından
qürur duyduqlarını söyləyib: “O, dahi müğənni
olmaqla yanaşı, həm də böyük bəstəkar
idi. Məhz buna görə də 80-ci illərdə istisna
olaraq Bəstəkarlar İttifaqına üzv seçilib.
Müslüm Maqomayev insanlarla təmasda olmağı sevirdi və
ömrünün sonuna qədər internetdə pərəstişkarları
ilə yazışırdı”. Tədbirdə Ruhəngiz
Qasımova, Zemfira Qafarova, Həcər Babayeva və digərləri
xatirələrini bölüşüblər. Mərasim M.
Maqomayevin mahnılarının ifası ilə davam etdirilib.
Moskvada isə Müslüm Maqomayev adına I Beynəlxalq
Musiqi Müsabiqəsi keçirilib. APA-nın Rusiya mətbuatına
istinadən yaydığı xəbərə görə,
müsabiqədə I yeri Azərbaycan və Belarus baritonları
Cavid Səmədov və İlya Silçukov qazanıb.
Müsabiqədə ikinci yeri də azərbaycanlı tenor
Samir Cəfərov tutub. Yarışmada III yeri Belarus
müğənnisi Oksana Volkova və müsabiqənin ən gənc
iştirakçısı 19 yaşlı rus baritonu Dmitriy
Trifonov bölüşüblər. Müsabiqə iki mərhələdə
– öncə opera, sonra estrada janrında keçirilib.
Müsabiqənin proqramına M. Maqomayevin ifa etdiyi əsərlər
də daxil edilib. Müslüm Maqomayevin həyat yoldaşı
Tamara Sinyavskayanın rəhbərlik etdiyi münsiflər heyətində
müğənnilər Yelena Obraztsova və Tamara Qverdtsiteli,
maestro Yuri Başmet, bəstəkarlar Aleksey Rıbnikov və
Mişel Leqran, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli təmsil
olunub.
525-ci qəzet.- 2010.- 26 oktyabr.- S.7.