Heydər Əliyev Sarayında I Beynəlxalq Aşıq Festivalının açılışı olub

 

Oktyabrın 22-də Heydər Əliyev Sarayında I Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda ilk dəfə təşkil edilən bu beynəlxalq festivala 8 ölkənin – Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Rusiyanın Dağıstan respublikasının aşıqları qatılıb: “Ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn aşıq sənəti ustad el şairlərinin yetişməsinə, püxtələşməsinə təkan verib. Onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Molla Cümənin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Alının, Aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar bu gün gözəl sənət nümunələridir. Biz belə bir sərvətə soyuq yanaşa bilmərik. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərib, bu gün də təsir göstərməkdədir”.

 Festivalın 2 ildən bir keçirilməsinin nəzərdə tutulduğunu deyən Ə. Qarayev növbəti illərdə tədbirin coğrafiyasının daha da genişlənəcəyini vurğulayıb.

Daha sonra Azərbaycan aşıq sənətini özündə əks etdirən videomaterial nümayiş etdirilib və festivala qatılan ölkələrin təmsilçiləri səhnəyə dəvət olunublar.

 Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bildirib ki, belə bir möhtəşəm tədbirin keçirilməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yaxından köməklik göstərib: “Xalqımızın bu ölməz sənətinin haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutması qarşımızda yeni üfüqlər açmaqla yanaşı, məsuliyyət hissimizi də artırıb. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu festival bütün türk dünyasını əhatə edir”.

 Sonra mərasim geniş konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, festivalın bağlanış mərasimi oktyabrın 26-da Gəncə şəhərində olacaq. Festival çərçivəsində Qazax, Tovuz, Şəmkir Gədəbəy rayonlarında aşıqların geniş kütlə qarşısında çıxışları təşkil olunacaq.

 

 

525-ci qəzet.- 2010.-26 oktyabr.- S.7.