Böyükağa Mirzəzadənin yaradıcılığı ilə bağlı bədii albom təqdim edilib

 

Oktyabrın 22-də görkəmli rəssam Böyükağa Mirzəzadənin yaradıcılığına həsr olunmuş bədii albomun təqdimat mərasimi sənətkarın əsərlərindən ibarət sərginin açılış mərasimi gerçəkləşib. Mədəniyyət turizm nazirinin müavini Ədalət VəliyevXalq Bank”ın bu layihəsini yüksək qiymətləndirərək xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsində əhəmiyyətli rolundan danışıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov görkəmli rəssamın yaradıcılığını belə səciyyələndirib: “XX əsr Azərbaycan mədəniyyətinin ən parlaq nümayəndələrindən biri, müasir Azərbaycan rəngkarlıq məktəbinin yaradılmasında müstəsna rol oynayan Böyükağa Mirzəzadənin rəngkarlıq, qrafika və digər janrlarda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub. Onun əsərləri Azərbaycanın, eləcə də dünyanın məşhur muzeylərində qorunub saxlanılır. İşıq, nur onun sevinc dolu dünyaduyumunun ifadəsi olaraq bütün əsərlərinin ruhuna pərçimlənib. Rəssamın rəsmlərinin unikallığı ondadır ki, biz onun tematik və janr, monumental və lirik işləri vasitəsi ilə ötən illərə virtual səyahət edə bilirik”. A.İbrahimov layihə haqqında da fikirlərini bölüşüb: “Bu layihə çərçivəsində Azərbaycan mədəniyyətinin ən müxtəlif nümunələri, söz, rəngkarlıq, musiqi, memarlıq, elm və digər sahələrdə özünəməxsus irs qoyub getmiş sənətkarlarımızın həyat və yaradıcılığı haqqında məlumatlar, onların qiymətsiz əsərlərinin nəşr edilərək, sənətsevərlərin ixtiyarına veriləcək. Bu da öz növbəsində sənətkarlarımızın sənətinə, yaradıcılığına olan hörmətdən qaynaqlanır”.

Sərgidə rəssamlar Arif Hüseynov və Oqtay Sadıqzadə Böyükağa Mirzəzadə yaradıcılığının xüsusiyyətlərindən söz açıblar. Çıxış edənlər Azərbaycan rəssamlıq məktəbində Böyükağa Mirzəzadənin özünəməxsus rolundan danışıblar. Tədbirdə Böyükağa Mirzəzadənin tabloları nümayiş etdirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 26 oktyabr.- S.7.