Dost itkisi yaman olur...

 

Yanğın düşmüş gur meşəyəm,

Çiliklənmiş bir şüşəyəm.

Boynubükük bənövşəyəm–

Gödək oldu ömrüm mənim...

                      

Allah sənə rəhmət eləsin, Ənvər Rza! Düz iyirmi üç il bundan qabaq yazdığın bu bənd Əlibalanın qəfil və vaxtsız ölümünün boyuna biçilmiş kəfən kimi başsız qoyub getdiyi ailəsini, dostlarını, iş yoldaşlarını, sadəcə tanıyıb ən azı bircə dəfə salam verdiyi adamları necə də sızım-sızım sızıldadır... Ənvər Rzanın ən sonuncu şeiridir bu dörd misra. Moskvada xəstəxanada ölümündən bir-iki gün əvvəl yazıb. Cəmi-cümlətanı 47 il yaşaya bildi. Əlibala kimi vaxtsı-vədəsiz, qəfil getdi. Deyərsiniz ki, bəs xəstəxanada niyə? Tamam başqa xəstəlikdən müalicə olunurdu. Amma ürəkdən getdi. Eynən Əlibala kimi... Evdəkilər də, çöldəkilər də (yəni biz dostları) bilirdilər ki, əlli iki yaşına çatana qədər bircə dəfə də olsun, ürəyinin ağrıdığını eşidən-bilən olmamışdı. Hərdən özü: “mədəm ağrıyır “ – deyərdi. Buna da biz dostları qulp qoyardıq. Deyim, səbəbini siz də bilin. Hacı idi. Həcc ziyarətinə getmişdi. Bütün Həcc qaydalarına əməl edərdi. Namazı-orucu da öz yerində. Amma hər orucluq başlayandan bir-iki gün sonra orucunu pozub yeyərdi. Biz də sataşardıq, iradəsinin zəifliyini, yeməyə meyilli olduğunu üzünə vurardıq. Rəhmətlik xəfif-xəfif qımışar, özünəməxsus yumorla qayıdardı ki, mən orucu pozuram ki, o dünyada sizinlə bir olum, yoxsa mən cənnətdə sizlərsiz darıxaram... Təbii ki, bizə indi çatır: demə, mədəsini ağrıdan, bəlkə də ağrıyan ürəyi imiş. Vəfasız ürəyi...

Ənvər Rzanın böyük şairliyi ondadır ki, bircə misrasını oxuyan kimi, səni çəkib öz aləminə aparır, düşündüyün fikirləri əlindən alır. İndi də belə oldu. Mən Əlibalanın qəfil ölümünə ürək ağrılarımı dilə gətirmək istədim, hardansa bu bənd yadıma düşdü və məni özümdən aldı. Həm də, təsadüfə bax ki, bu yay Ənvərin kitabını çapa hazırlayırdım. Demək olar ki, bütün günlərimi o kitabın tərtibinə, oxunuşuna həsr edirdim. Əlibala da hər gün mənimlə iş yerimə – Azərnəşrə gəlir və az qala mənimlə bərabər Ənvərin şeirlərini oxuyurdu. Mən də bayaqdan mətləbdən uzaqlaşmağımın səbəbini axtarıram...

Əlibalayla tanışlığımızın zaman baxımından o qədər də tarixi yoxdur. On ilə yaxın olar. Amma elə bilirdik doğulandan bu adamla bir yerdəyik. Yaxşı bir dostluq “klubu” yaranmışdı aramızda. Əsl dostluğun etalonu saydığımız, etibarda, sədaqətdə tayı-bərabəri olmayan, artıq iyirmi beş ilə yaxın mütəmadi bir yerdə olduğum, sonralar qohumlaşdığım Hacı Hacıbəyli, Hacının qohumu, dostumuz Nazim, eyni məkanda, eyni zamanda tanış olub dostlaşdığımız gözəl və əsl dostluğa örnək ola biləcək insanlar – Məşədi Arif, Rafət, Elfat, ağsaqqal Rizvan Qədir oğlu, doxtur Zahid, Həsən Hacıbəyli və s. bu “klubun” fəal üzvləriydilər. Hacı Əlibala isə, demək olar ki, başqanımız idi. Hamını bir yerə yığmaq üçün 3-5 dəqiqə kifayət idi. Bir-bir hamıya zəng vurar, hərəni öz dilində danışdırar, toplaşacağımız məkanı nişan verər, kimsənin işi olub gəlmək imkanı olmayanda işə, ona “vedrə bağlayar”, işini qurtarıb təcili gəlməsini tapşırardı. “Vedrənin” böyüyünü isə ən çox da Rafətlə mənə bağlayardı. Rafət qutab yeyəndir, xüsusən də qarın qutabını çox xoşlayır. Deyərdi ki, o, qursağını qursaq qutabıyla doldurmasa, gələn deyil. Mənim işim olanda, işdən gec çıxanda dostlarımıza bəlli bir-iki yağlı-yağsız kəlmə də mənim dalımca atardı. İşimiz də nəydi: çayxanaya, əsasən “Büllur”a yığışıb çay içmək, çörək yemək və domino oynamaq... Hamıyla zarafatı vardı. Vay o gündən ki, onunla tərəf-müqabil olanda uduzasan: Gül ağzı açılardı: kolxozun biri kolxoz, çoban, sovxoz, piyada, nə bilim, daha nə. Özü də elə şirin, elə ürəkdən deyərdi ki, gülüşməkdən başqa əlacımız qalmazdı. Ən qəmli günlərimizdə hamını elə dindirər, elə ələ alardı ki...

Hansını deyim, Əlibala, hansı sözünü ayırıb misal çəkim? Hər sözün, hər kəlmən, hər baxışın, duruşun qəlbimizin başını göyüm-göyüm göynədir. Allah sənə insaf verəydi, kaş tanımayaydıq bir-birimizi. Ay etibarsız, adamı bu qədər yandırıb-yaxan beyqafıl ölümü hardan tapdın? Hardan??? Neyləyək indi, Əlibala? Sənsiz dəstəmizin səfi də pozulub. Sənsiz yediyimiz-içdiyimizin tamı da qaçıb. Günlərimiz mənasızlaşıb, dostlarımız fağırlaşıb. Neçə gündür yoxsan, əlimizə domino almamışıq, sənsiz heç nəyə adamın əli gəlmir. Canından-qanından artıq sevdiyin övladlarını, nəfəs aldığın nəvələrini, hər an qayğısını çəkdiyin vəfalı ömür-gün yoldaşını, dərddən beli bükülən cavan qardaşını, başına pərvanə kimi fırlanan iş yoldaşlarını–musiqi məktəbinin müəllimlərini, yanlarında hər an rahatlıq tapdığın, balaca fürsət düşən kimi “torba tikdiyin” biz dostlarını niyə belə boynubükük qoyub getdin?

Duzlu-məzəli sözlərindən ötrü burnumuzun ucu göynəyir. Bütün gün sözümüzün əvvəli də sənsən, sonu da. Vallah səndən sonra bir yerə yığışa da bilmirik. Bir-birimizə zəng etməyə əlimiz də gəlmir. Sanki hamı sənin zəngini gözləyir. Səndən isə səs-səmir yoxdur...

Bir hadisəni heç vaxt unuda bilməyəcəyəm: səni hər zaman şux, zarafatcıl, deyib-gülən görmüşük. Amma bir dəfə... Gözlərimdə cərrahiyə əməliyyatı olunan ilk gündən yanımdaydın. Səndən başqa heç kimə deməmişdim. Dostları da sən yığıb gətirmişdin. Nə qədər bərk tapşırmışdımsa da, həmişəki kimi, sirr saxlaya bilməyib hamıya xəbər vermişdin. Bu sirr saxlamamaq da sənin şakərin idi. Həmişə zarafatla deyərdik ki, üç nəfərin ağzında söz qalmır. Əməliyyatdan bir-iki gün sonra anama zəng etdim ki, əməliyyat olunduğumu və gözlərimin yaxşı gördüyünü deyim. Dedim, anam sevincindən ağladı. Məni də kövrəltdi, amma büruzə vermədim. Bir müddət səssiz-səmirsiz oturduq. Birdən anladım ki, gərək heç anama da deməyəydim. Zavallı anamın gözləri işığını tamam itirib. Bakıdakı bütün göz həkimləri yoxlayıb ən çox qorxduğum diaqnozu qoymuşdular: heç vaxt görməyəcək. Onlara inanmamışdım, Türkiyədən, Avropadan gələn ən məşhur göz həkimlərinə göstərmişdim, amma neyləməli, fələyin hökmüylə tutulan gözə heç kəs kömək edə bilmir. Bu da mənim faciəmdir... Allahdan arzu edərdim ki, gözümün birini anama versin. Elə təkrar zəng edəndə özümü saxlaya bilməyib belə də dedim: fikirləşmə ki, səni qoyub öz gözlərimi qabağa salıb əməliyyat elətdirdim. Bilirsən ki, mümkün olsa bir gözümü sənə verərəm. Amma neyləyim, bu bizim alın yazımızdır. Təbii ki, anam da mənə acıqlandı və dedi ki, elə bilirəm öz gözlərim açılıb... Sənin yanımda olduğunu unutmuşdum, Əlibala. Bir də baxdım ki, hər zaman gülümsər sifətindən göz yaşları yuvarlanır. Sən də duyğulanmışdın... Nə isə, Əlibala, bu hal da mənə bir dağ oldu. Hər səni xatırlayanda qəlbimi göynədəcək bir dağ...

Əlibala iki həyat yaşayırdı: biri şən, zarafatcıl, deyib-gülən, dostlarına vedrə bağlayan, hamıyla məzələnən: ikincisi qəddar zəmanənin girdabında çabalayan, iztirab, əsəb, bəzi dost-aşnalarının etibarsızlığı. Bu ikinci həyat onu çox sıxırdı, amma büruzə vermirdi. Qəlbi o qədər işıqlıydı ki, bütün insanların qəlbini işıqlandırmağa bəs edərdi. Günəş kimi səxavətliydi. Günəşin hər zərrəsindən insanlara pay düşər, Əlibalanın imkanı olsaydı millətinin hər bir nəfərinə ehtiyacını ödəyəcək qədər əl tutardı. Cibindəki ən son manatını da xərcləməyə can atırdı. Vaxtilə zəhməti hesabına əli babat gətirirmiş. Onda da qazandığını ailəsinə, dostlarına, yemək-içməyə xərcləyərmiş. “Qara gün” üçün nəsə artırıb saxlamayıb. Bu zəmanədə “qara günlər” isə çoxuymuş, lap çox... Parklarda, daha doğrusu, evinin yaxınlığındakı parkda hamı dəbdəbəli restoranlar, barlar tikdi, heç kim onlara gözün üstündə qaşın var, demirdi. Bu zavallı balaca bir çayxana açan kimi, tökülmüşdülər üstünə, imkan verməyiblər balalarının gündəlik ruzisini qazansın. Buna rəğmən, gözü-könlü tox idi, o hadisəni heç yadına da salmazdı. Hərdən kimsə deyəndə ki, Əlibala, bir çayxana nəydi ki, onu saxlaya bilmədin? Özünəməxsus təbəssümlə: “bu dünyadan kim nə aparıb beş arşın kəfəndən başqa?”

 Xoşlamadığı adamla zarafat etməzdi, sifətini turşudub hardansa leksikonuna girmiş, mənasını heç özü də bilmədiyi bircə söz deyərdi: “Mozu”. Xoşu gələn adamla salamlaşanda elə ürəkdən asiyalılar kimi “Ay salaməleykum!” deyərdi ki! Eyni zamanda, hətta ən yaxın dostlarına da şəbədə qoşardı. Hacıya sidq-ürəkdən “böyük qağam”, Rafətə “qursaq”, Elfata “Həsənin internetdən tapdığı oyunçu”, birinə antrekotu xoşladığı üçün “antrekot”, Nazimə telefonla çox danışdığı üçün “telefonçu”, Həsənə “kolbasa Həsən”, mənə isə “baş qağam” deyərdi. Deyirdim ki, ayə, Hacıyla qardaşsan, ona “böyük qağa” deyirsən, mən niyə “baş qağa” oldum? Gülə-gülə qayıdardı ki, axı sən baş redaktorsan! Söz üçün cibə girməzdi. Hər sözün, sualın cavabı dilinin ucundaydı. İndi hər görüşdə bunları xatırlamamaq olmur. Bir yerdə oturanda hansı birimizin– Hacının, Rafətin, Nazimin, Elfatın, Həsənin, mənim – telefonuna zəng gələndə diksinirik. Elə bilirik həmişə olduğu kimi, bu dəfə də zəng edən Əlibaladır. İstər-istəməz hamı nigarançılıqla telefonuna zəng gələn adama baxır: “o deyil ki?” Belə də olmalıydı. Axı vaxtın əksəriyyətini biz dostlarıyla keçirirdi. Biz onu hamının – iş yoldaşlarının da, ailə-uşağının da əlindən almışdıq...

Özün də bizlərə elə alışmışdın ki, bir yerdə dayana bilmirdin, 15-20 dəqiqə işə dəyib qaçırdın yanımıza. Sifarişi verib çay-çörək gətizdirir, şad-xürrəm yeyib-içəndən sonra əsl mərəkə–domino stolu qurulardı. Sən də rəhbərliyi ələ alıb kimin-kimlə tərəf-müqabil olacağını müəyyənləşdirirdin. Rafət tək qalanda könülsüz-könülsüz deyərdin ki, onunla heç kim oynamır, mən çarəsizlikdən oynayıram. Mənə də yaman sataşırdın: “qağam bu oyunu hamınızdan yaxşı bilir”. Elə ki, beş metr aralanardım, arxamca baxıb gülə-gülə: “heç oyundan xəbəri yoxdur, getsin yazısını yazsın, kolxozun biridir”–deyərdin. Hamı gülüşərdi. Dönüb sənə baxanda: “bu kolxozlar oyunu bilmirlər, barı səndən öyrənsinlər”–deyib şaqqanaq çəkib gülərdin. İndi bu gülüşlərin, zarafatların, atmacaların dostlarının gündəlik söhbətlərinin mayasıdır. Hamı sanki bir çəkisizlik dünyasına, qəm səltənətinə düşüb. Baxışlar qəmli, sifətlər mükəddər... sanki hamımız sənin qəfil qayıdışını gözləyirik. Amma burası da mütləq həqiqətdir ki, bu mümkün olan deyil. Nə qədər özümüzü aldatsaq da! Yavaş-yavaş biz sənin yanına gələcəyik. Bu isə mütləqdir. Çünki bəşər övladı bu dünyada müvəqqətidir, əbədiyyət orada – sənin yanındadır. Gözlə bizi, Əlibala, gözlə, sənin üçün nə qədər çətin olsa da, gözlə, hökmən görüşəcəyik! Bəlkə də bizdən qabağa düşmüsən ki, bizlərə orada bələdçilik eləyəsən, qarşılayıb yerbəyer edəsən, inkir-minkirdən xahiş edib günahlarımızı bağışlatdırasan? Nə bilmək olur?.. Hələlik... Hələliksə, bizi bağışla, səni qoruya bilmədik...

 Axşamdan başladığım bu yazını dan yeri söküləndə qurtardım. Bu vaxtlar sən artıq adətincə sübh namazına dururdun. Hərdən gecənin tənhalığından qurtulmaq üçün səhəri diri gözlü açanda elə bu vədə sənə zəng vurardım, gümrah səsini eşidib əmin olardım ki, namazını qılmağa hazırlaşırsan. İndi haqq dünyasındasan. Biz dostların arxayınıq ki, bu dünyada qazandığın savabların hesabına behiştdəsən. Bilirəm ki, bu keşməkeşli dünyamızdan da nigaran getmisən. Bizimlə bərabər, itirilən torpaqlarımızın nisgilini sən də yaşayırdın. Bilirəm ki, uşaqlarından, nəvələrindən nigaransan. Ələlxüsus da balaca nəvəndən – Rahimin körpə qızcığazından. Dediyinə görə, indi istəməsin, səni yaman çox istəyirmiş. Səni görən kimi boynuna sarılar: “aba, aba” –deyərmiş. Hələ sənə düz–əməlli “baba” da deyə bilmirdi. Nigaran olma: tərbiyəli, cəmiyyət üçün ləyaqətli övladlar böyütmüsən. Səndən sonra qardaşın İlqar, tək oğlun Rahim ailənin bütün yükünü öz üzərinə götürüb. Sənin öz adına layiq əza məclisləri qurdular. Bütün dost-tanışların, qohum-əqraban, iş yoldaşların da dərddən beli bükülmüş İlqarın, hələ də düşdüyü boşluqdan çıxa bilməyən boynubükük Rahimin əhatəsindəydi. Ona görə də, nigaran qalma, ən azı biz dostların hər an Rahimin yanında olmağa, onu tək qoymamağa söz vermişik.

P.S. Bilirəm, bir nigarançılığın da Rafətlə bağlı idi. Sağlığında çox çalışdın, çox cəhd etdin ki, Rafətin də o məsələsini həll edəsən. Amma bəzi adamların simicliyindən heç nəyə nail ola bilmədin. Bircə bu nigarançılığına son qoymağa söz verə bilmərəm. Bağışla, qardaş, bunu bacara bilməyəcəyəm. Bəlkə o dünyada – sənin yanında görüşəndə bir əncam çəkə bildik, inşallah. İndiliksə, rahat yat, yerin behişt, ruhun şad olsun!..

 

 

 Dostların adından,

 

 Əlövsət Ağalarov

11 oktyabr 2010

 

525-ci qəzet.- 2010.- 26 oktyabr.- S.6.