Birinci Beynəlxalq Aşıq Festivalı çərçivəsində tədbirlərə yekun vurulub

 

Xəbər verildiyi kimi, oktyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Aşıq Festivalının təntənəli açılış mərasimi keçirilib. Heydər Əliyev Sarayında gerçəkləşən tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq festivalın əhəmiyyətini vurğulayıb. Azərbaycanda ilk dəfə təşkil edilən bu beynəlxalq festivala 8 ölkədən – Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarların qatıldığını bildirən Ə.Qarayev aşıq sənətinin həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biri olduğunu dilə gətirib: “Ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn aşıq sənəti ustad el şairlərinin yetişməsinə, püxtələşməsinə təkan verib. Onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Molla Cümənin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Alının, Aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar gözəl sənət nümunələridir. Biz belə bir sərvətə laqeyd münasibət bəsləyə bilmərik. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərib, bu gün də təsir göstərməkdədir. Bu sahəyə həmişə dövlət qayğısı olub, aşıqlarımız fəxri adlara layiq görülüb, onların konsertləri üçün hərtərəfli şərait yaradılıb. Biz bu misilsiz xalq sənətinin yeni şəraitdə dirçəlməsi, insanların estetik tərbiyəsində aşıq yaradıcılığının imkanlarından istifadə olunması, onun qorunması, inkişaf etdirilməsi və nadir milli sərvət olaraq dünyada tanıdılması üçün yeni layihələr və tədbirlər həyata keçiririk”. Ə.Qarayev ümumilli liderin aşıq sənətinə olan həssas münasibətinin bu gün Heydər Əliyev Fondu tərəfindən layiqincə davam etdirildiyini dilə gətirib: “Ulu öndərimiz Heydər Əliyevin xalq yaradıcılığına bəslədiyi münasibətə sadiq qalaraq aşıq sənətinin inkişafı, dünyada tanıdılması üçün əlimizdən gələni edirik. Bu gün aşıq sənətinin inkişafı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti sayəsində yeni mərhələyə qədəm qoyub. Muğam sənətindən sonra aşıq sənətinin də YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilməsi bunun əyani sübutudur”.

Nazirin sözlərinə görə, festivalın iştirakçıları Azərbaycanın bir çox bölgələrində maraqlı konsert proqramları ilə çıxış edəcəklər.

Festivalın 2 ildən bir keçirilməsinin nəzərdə tutulduğunu deyən Ə. Qarayev növbəti illərdə festivalın coğrafiyasının daha da genişlənəcəyini bildirib.

Daha sonra Azərbaycan aşıq sənətini özündə əks etdirən videomaterial nümayiş etdirilib və festivalda iştirak edən ölkələrin təmsilçiləri səhnəyə dəvət olunublar.

 Mərasimdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bildirib ki, belə bir möhtəşəm tədbirin keçirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir: “Xalqımızın bu ölməz sənətinin haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutması qarşımızda yeni üfüqlər açmaqla yanaşı, məsuliyyət hissimizi də artırıb. Azərbaycanın ev sahibliyi ilə gerçəkləşən bu festival bütün türk dünyasını əhatə edir. Festival milli aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi üçün böyük imkanlar yaradacaq. Belə möhtəşəm tədbirin ölkəmizdə keçirilməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva yaxından kömək göstərmişdir”.

Gecədə iştirakçı ölkələrin sənətkarları geniş konsert proqramı ilə çıxış etmişlər.

Festival çərçivəsində aşıqlar Tovuz rayonunda konsert proqramı ilə çıxış ediblər. Oktyabrın 25-də reallaşan konsertdə qonaqlar əvvəlcə rayonun mərkəzindəki Heydər Əliyev muzeyini ziyarət edərək, ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

 Gənclərdən ibarət “Misri” aşıqlar ansamblının qarşıladığı qonaqları rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov salamlayıb. Tədbirin saz və söz diyarı qədim Tovuzda keçirilməsini yüksək qiymətləndirən T. Zeynalov qonaqlara rayonun sosial-iqtisadi inkişafı haqqında məlumat verib.

Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub türk dünyasının birliyindən, aşıq sənətinin böyüklüyündən bəhs etmiş və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu festivala böyük qayğı göstərdiyini dilə gətirib. Z.Yaqub Tovuzun klassik və müasir aşıqlarından söz açaraq ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin aşıq sənətinə olan rəğbətlərini vurğulayıb. Sonra Türkiyə, Qırğızıstan, İran, Özbəkistan, Naxçıvan və Tovuz aşıqlarının iştirakı ilə konsert proqramı reallaşıb. Festival çərçivəsində aşıqlar Qazax və Gədəbəy, Şəmkir və Tovuz şəhərlərində konsert proqramı ilə çıxış ediblər. Festivalın bağlanış mərasimi isə “Azərbaycanın Əfsanələr Paytaxtı” elan olunan Gəncədə gerçəkləşib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 27 oktyabr.- S.7.