Moskvada Müslüm Maqomayevin xatirə ulduzunun təntənəli açılışı olub

 

MoskvadakıVeqasticarət mərkəzində üstündə dahi musiqiçi Müslüm Maqomayevin imzası olan ulduzun təntənəli açılış mərasimi keçirilib.

Müslüm Maqomayevin Mədəni-Musiqili İrsi Fondunun təsisçisi, “Krokus” QSC-nin prezidenti Araz Ağalarov tədbiri açaraq bildirib ki, onun üçün Müslüm Maqomayevin ulduzunun açılış mərasimində iştirak etmək böyük şərəfdir. O, Moskvada keçirilmiş vokalçıların I Beynəlxalq Müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirib və bildirib ki, bu müsabiqə görkəmli musiqiçinin xatirəsinə ən böyük hədiyyədir.

Rusiyanın xalq artisti Lev Leşşenko deyib: “Bu gözəl insan, təkrarsız müğənni, istedadlı aktyor və bəstəkarın xatirəsini gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur”.

M.Maqomayevin xanımı, tanınmış opera müğənnisi Tamara Sinyavskaya toplaşanlara təşəkkürünü bildirib: “Ulduzun açılışı göstərir ki, Müslüm bizi tərk etməyib, bu dünyadan iki il əvvəl köçsə də, aramızdadır. Müslümün xeyirxah dostları Araz Ağalarov və onun oğlu Eminə dərin təşəkkürümü bildirirəm. Bu ailə bizim hamımızı birləşdirib. Mən Müslüm Maqomayevin bu dünyadakı nümayəndəsi kimi hiss edirəm ki, o, hər şeyi görür, duyur, minnətdarlıqla qarşılayır”.

 Dahi müğənninin xatirəsinə həsr olunmuş müsabiqədən danışan T.Sinyavskaya vurğulayıb ki, bu musiqi yarışmasının təşkili ideyası Müslüm Maqomayevin vəfatından dərhal sonra meydana gəlib: “Bu fikir də, Müslüm Maqomayevin irsi Fondunun yaradılması ideyası da dostlarının xatirəsini əziz tutan və xeyirxah işlər görən Araz və Emin Ağalarovlara məxsusdur”.

 Mərasimdə Müslüm Maqomayevin uşaqlıq dostu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli də çıxış edib: “Mən bir azərbaycanlı kimi xoşbəxtəm, fəxr edir və sevinirəm ki, Rusiya Müslümü sevir və onun xatirəsini əziz tutur”. Müğənninin yüksək insani keyfiyyətlərindən danışan F.Bədəlbəyli vurğulayıb ki, həsəd hissi Müslüm Maqomayevə yad idi, o, böyük istedadların müvəffəqiyyətlərinə ürəkdən sevinirdi, onlardan zövq alırdı, bacarıqlı musiqiçilərə sənətdə öz yerlərini tapmaqda kömək edirdi: “O, çox mükəmməl təhsil almışdı. Müslüm həqiqi ulduz idi”. F.Bədəlbəyli Müslüm Maqomayevin xatirəsinə səmimi qayğıya görə Araz və Emin Ağalarovlara təşəkkürünü bildirib.

Sonra Fərhad Bədəlbəyli fəxri missiyanı yerinə yetirib və Müslüm Maqomayevin mahnılarının müşayiəti ilə dahi musiqiçinin xatirə ulduzunun açıldığını elan edib. Mərasimdə Rusiya Dövlət Dumasının, ictimaiyyətin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Müslüm Maqomayevin vəfatından iki il keçir. Əfsanəvi müğənninin adı hələ sağlığında nadir, universal istedad sahibi kimi tarixə düşüb. Onun gözəl, güclü, dərin, məxməri səs tembri folklordan tutmuş cazadək, operadan tutmuş müasir musiqiyədək bütün repertuarların öhdəsindən gəlirdi. Əvəzsiz vokal ustalığı, ifaçılıq texnikası və aktyorluq məharəti Maqomayevi ən yüksək səviyyəli müğənnilər sırasına yüksəldib. Onun bütün yaradıcılığı əlçatmaz zirvə sayılır.

 

 

525-ci qəzet.- 2010.- 27 oktyabr.- S.7.