Azərbaycanda Özbəkistan Kinosu Günləri başlayıb
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan “Özbəkkino” Milli Agentliyinin baş direktorunun müavini, Özbəkistanın əməkdar
mədəniyyət xadimi
Cahangir Kasımovun rəhbərliyilə nümayəndə
heyətini qəbul edib. APA-nın məlumatına görə,
nümayəndə heyətinə Özbəkistanın xalq artisti, aktyor
Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar
incəsənət xadimi, kinorejissor
Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov daxildir. Nazir
görüşdə iki ölkə
arasında mədəni əməkdaşlığın
güclənməsindən məmnunluğunu ifadə edib. Ə. Qarayev Azərbaycanın mədəniyyət ocaqlarında
gedən təmir-bərpa işləri barədə qonaqlara məlumat verərək deyib ki, “Nizami”
kinoteatrında aparılan əsaslı təmir işləri yekunlaşdıqdan
sonra həmin məkanda çoxsaylı
beynəlxalq kino festivallar
həyata keçiriləcək. Azərbaycanda
kino-prokat sahəsində
çatışmazlıqların olduğunu
da qeyd edən nazir bu problemlərin aradan qaldırılması yönündə
lazımi işlərin aparıldığını
vurğulayıb. Özbəkistan nümayəndə heyətinin
rəhbəri Cahangir Kasımov Azərbaycanda
bu gün start götürəcək Özbəkistan
Kino Həftəsi üçün
maraqlı proqram tərtib edildiyini
diqqətə çatdırıb. Qonaq Azərbaycan
kinematoqrafiyası ilə yaxından tanış olduğunu, “Arşın mal
alan”, “Qaynana” kimi filmləri çox bəyəndiyini
açıqlayıb.
Özbəkistan nümayəndə
heyətinin Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində, “Azərbaycanfilm”
kinostudiyasında görüşləri nəzərdə
tutulub. Qonaqlar İçərişəhər,
Şirvanşahlar sarayı, Müasir İncəsənət
Muzeyi ilə tanış olub, dahi özbək şairi Əlişir
Nəvainin Bakıdakı abidəsini ziyarət ediblər.
Qeyd edək ki, Özbəkistan kino
günlərinin təntənəli açılış mərasimi
Gənc Tamaşaçılar Teatrında keçirilib. Açılış
mərasimində ilk öncə bu ilin aprelində Özbəkistanda
keçirilən Azərbaycan Kino Günləri ilə
bağlı hazırlanmış xüsusi çarx
nümayiş olunub. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev iki dost ölkə arasında mədəni əməkdaşlığın
gücləndirilməsi naminə bu cür tədbirlərin
keçirilməsini əhəmiyyətli hesab etdiyini deyib.
Özbəkistanın Azərbaycandakı səfiri İsmətullah
İrqaşev çıxış edərək bildirib ki,
gündən-günə inkişaf edən, müasirləşən
Azərbaycan da Özbəkistan Kino Günlərinin
keçirilməsi olduqca təqdirəlayiqdir. Səfir kino
günlərində azərbaycanlı kinosevərlərin mənalı
vaxt keçirəcəklərinə ümid etdiyini
vurğulayıb.
Çıxışlardan sonra
qonaqlara Özbəkistanda istehsal olunmuş “Səma altında
yol” filmi göstərilib. Xatırladaq ki, oktyabrın 27-dək
davam edəcək Özbəkistan Kino Günləri çərçivəsində
Azərbaycan kinosevərlərinin özbək
kinematoqrafçılarının “Ötən günlər”,
“18-ci kvadrat” bədii, “Şərq dürdanəsi” “Registan. Səmərqənd
gövhəri” sənədli filmlərinə baxmaq imkanı
var. 236 nömrəli məktəbdə isə “Özbəkistan
cizgi filmləri günü” keçirilməsi
planlaşdırılıb.
525-ci qəzet.- 2010.- 27 oktyabr.- S.7.