KÖHNƏLMƏYƏN ƏKRƏM
(“Bu gün dünəndən
başlayır” silsiləsindən)
Ötən əsrin 60-70-80-ci illəri Azərbaycan milli radiosunun (o zamanlar yeganə radio) qızıl dövrləri idi desək, zənnimcə bizi qınamazlar. Burada əsas güc sözə verilmişdi- sağlam, diri, qəlbə, şüura, intellektə təsir edən, qan verən sözə. Mənalı, oynaq, həzin musiqilər isə sözə fon verirdi, daha onu üstələyib əndazədən çıxmırdı. Əlbəttə bu, dövrün, siyasi, ictimai quruluşun tələblərindən irəli gəlirdi, amma burası var ki, Azərbaycan xalqının işlək, vacib, gərəkli hissəsini təşkil edən dinləyici auditoriyası və bu auditoriyanın da əksər hissəsi olan gənclərin maarifləndirici, təsirli sözə marağı böyük idi. Radio əməkdaşlarına qalırdı araya-ərsəyə gətirdikləri proqramlara cəmiyyət içərisindən söz deyə bilən, kütlənin arzu-istəyindən, könül çırpıntılarından xəbər verən insanları tapıb efirə çıxarmaq. Və vurğuladığımız o illərdə Azərbaycan radiosu qərinələrin, əsrlərin yaddaşında qalacaq işlər gördü və gördüyü işlərin əyani göstəricisi kimi milyon metrlərlə lentlərdəki səs yazıları gələcəyə ərməğan edildi.
O illərdə çalışdığım Ədəbi-dram Verilişləri redaksiyası da bu istiqamətdə ardıcıl, sürəkli fəaliyyət göstərirdi. Əvvəlcə sıravi redaktoru, sonradan şöbə müdiri olduğum “İncəsənət və radio teatrı” bölməsinin biri-birinin ardınca efir üzü görən “Sənətsevər”, “Səslər muzeyi”, “XX əsr. İncəsənət”, “Sorğular, cavablar”, “Şəbəkə”, “Astana”, “Qiraət salonu”, “Nağıllı-dastanlı axşamlar” və nəhayət “Bulaq” proqramları dövrün öncül söz, sənət, mədəniyyət xadimlərinin, o cümlədən ən fəal, etibarlı radio dinləyicilərinin tribunasına çevrilmişdi. Və çalışdığım şöbə də həmin o sədaqətlilər sırasından ən seçilmişlərini özünün qeyri-rəsmi əməkdaşları saymışdı ki, onlardan biri də istedadlı yazıçımız Əkrəm Əylisli idi. Əkrəmin yaradıcılıq ömrü boyunca digər informasiya vasitələrindən daha çox radioya, efirə önəm verməsi gözlərimin önündə olub. Ən kəsərli, aktual düşüncələrini bizimlə bölüşər, ilk pyeslərini məhz radioya ünvanlayar, hekayələrinin efirdən səslənməsini lazım bilərdi. Onunla ilk efir görüşüm hardasa 1975-ci ildə “Sənətsevər” proqramında oldu. Kənd mədəniyyəti problemlərinə həsr olunmuş həmin verilişdə yazıçı Sabir Əhmədov, publisist Sirus Təbrizli, memar Vidadi Muradov, şair Məmməd Arazla yanaşı Əkrəm Əylisli də yer almışdı və o zamankı kəndimizin mədəniyyəti ilə, ilgili söylədiklərini efirə çıxarmaq üçün rast gəldiyim çətinlikləri indi də xatırlayıram. Təxminən belə bir fikir söyləmişdi ki, bu günkü kənd adamının xislətindəki alverçilik psixologiyası məni çox narahat eləyir və s.
Xırda efir mükalimələrimiz nəzərə alınmazsa Əkrəmlə daha bir görüşümüz 1983-cü ildə 50 dəqiqəlik “Sorğular, cavablar” verilişində baş tutdu. Verilişin xronometrajı uzun olsa da Əkrəmin danışıq qabiliyyətinə, məntiqinə, sözə olan qeyri-adi yazıçı sədaqətinə inanmışdım. Bir də o zamankı radio dinləyicilərinin zabitəli, saxtakarlıqdan uzaq, mərdi-mərdanə sözə yeriklədiklərini nəzərdə tutmuşdum. Və uzun çək-çevirdən, senzor qadağalarından sonra aşağıdakı müsahibəmiz (təbii ki, Əkrəmin radio fondunda olan pyeslərindən parçaların müşayəti ilə) efir üzü gördü. 27 il bundan öncənin sözüdür.
– Qəribədir, aktyorlar, müğənnilər, ümumiyyətlə sənətin digər sahələriylə məşğul olanlar barədə KİV-də o qədər deyib-danışıblar ki, demək olar onların barəsində hər şeyi bilirik. Niyə yazıçılar, şairlər, lap elə jurnalistlər haqqında ətraflı məlumat ala bilmirik? Məsələn, şəxsən sizin ədəbiyyata gəlişiniz, ilk ədəbi təcrübələriniz haqqında çox az bilgimiz var. Bu barədə sizin öz dilinizdən eşitmək xoş olardı.
– Ədəbi mühitə necə gəlməyim barədə gərək ki, on-on beş il əvvəl “Azərbaycan gəncləri” qəzetinə nəsə yazmışdım. (Həmsöhbətimin danışıq üslubunu olduğu kimi saxlamağı lazım bilmişəm İ.M.). Ancaq indi bu məsələni bir neçə söznən deməyə nədənsə çətinlik çəkirəm. Mənə elə gəlir ki, mən ədəbiyyata gəlməyə bilməzdim. Çünki lap uşaqlıqdan nağıl dəlisiydim. Sonra məndə “Koroğlu” dastanına xəstəlik dərəcəsində dəhşətli bir vurğunluq oldu. Təxminən 4-5 siniflərdə oxuduğum vaxt “Koroğlu”nu əzbərdən bilirdim. Bundan əlavə anamın dilindən külli miqdarda bayatı eşitmişdim. Amma eşitmək də var, eşitmək də, o bayatıları yadıma salanda indi də tüküm ürpəşir. Buna görə də indi heç bir şübhə yoxdur ki, məndə ədəbiyyata həvəsi xalq ədəbiyyatı yaratmışdır. Bunun təsiriynən yazmağa başlamışam. 5-də, ya 4-də oxuyanda, burası dəqiq yadımda qalmayıb, birdən ağlıma yerləşdi ki, götürüb bir şeir yazım. Amma o şeirin nağıla, dastana, bayatıya heç bir dəxli yox idi. Qəzetlərdə, dərs kitablarında çap olunan şeirlərin burada soyuq və sininsimiş havası var idi. Daha doğrusu yazdığım havasız, rəngsiz, işıqsız bir şey idi, şeir deyildi. İndi fikirləşəndə mənə elə gəlir ki, ədəbiyyatda nə qazanmışamsa hamısını sonralar – el ədəbiyyatının gücünü, gözəlliyini duyandan sonra və məhz bu gücü duymağımın, dərk eləməyimin sayəsində qazanmışam. O vaxt nağıllardan, dastanlardan, bayatılardan aldığım şirədən indi elə bil ki, arı kimi şan düzəldirəm. Bir sözlə, aldığımı qaytarıram. Və mənə elə gəlir ki, ayrı cür heç ola da bilməz.
–Əyər yeniyetməlik çağlarına qayıtsaydınız və hansı sənəti seçmək problemiylə qarşılaşsaydınız, necə hərəkət edərdiniz?
– Çalışardım ki, mərd yaşayam, yaltaq olmayam, simasız olmayam, hər yetənə əyilməyəm. Hansı sənət sahəsində işləməyin insanın xoşbəxtliyi üçün mən bilən bir əsaslı əhəmiyyəti yoxdur. Əsas insani keyfiyyətlərlə yaşamaqdır.
–Yazıçını müasir həyatın daha çox hansı problemləri düşündürməlidir?
– Belədi ki, insanı düşündürə bilən nə varsa yazıçını da düşündürməlidir. Çünki yazıçı da ən əvvəl adi insanların biridi. Bundan əlavə seçdiyi sənət onun boynuna son dərəcə çətin bir vəzifə də qoyub. Gördüyünü yazmaq vəzifəsi. Yazıçının fəaliyyət göstərdiyi sfera mənəvi sferadı. Bir var maddi-əşyavi dünya, bir də var mənəvi dünya. Yazıçı mənəvi dünyanın sakinidir. Özü də daimi sakinidir. Onun sənətinin digər sənətlərdən fərqi də elə burasındadır, həmişə mənəvi dünyada yaşamağındadır. Dediyim bu mənəviyyat dünyasına ara-sıra gəlib-gedənlərdən heç vaxt yaxşı əsər gözləmək olmaz. Bundan ötrü burada daim yaşamağa tab lazımdır, dözüm lazımdır. Mənəviyyat isə elə belə, gəlişi gözəl söz deyil. Bu sözün əsasında hər şeydən əvvəl insanın mənəvi, ruhi qayğıları dayanır; kədəri, bəzən səbəbi heç kəsə məlum olmayan ağrıları, əzabları... Bədii sənətin əsas problemləri bunlardır.
– Yaradıcılığınızın ilk dövrlərində şeirlə də məşğul olduğunuz bizə məlumdur. Bəs sonralar necə oldu ki, ondan əl götürdünüz?
– 1969-cu ildə Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna daxil olanacan uzun müddət şeir yazmışam. O şeirlərin bir çoxunu bu gün də əzbərdən bilirəm. Amma bu gün desələr ki, dur tribunadan şeirini söylə, açığı buna cəsarətim çatmaz. Çünki indiki cavan şairlərimizin əksəriyyəti mənim o vaxt yazdığım şeirlərdən qat-qat yaxşı şeirlər yazırlar və mən özümü onların qabağında pis vəziyyətdə qoya bilmərəm. Onlardan məsəlçün Ramiz Rövşənin, Vaqif Səmədoğlunun, Eldar Baxışın, Vaqif Cəbrayılzadənin şeirləri mənim ruhuma daha yaxındır.
–Cavan şairlər demişkən, onların bu günkü yaradıcılıq durumu sizi qane edirmi?
– Mən cavan şeirimizin bu günkü vəziyyətindən çox razıyam. O şeirin ardıcıl oxucularındanam. Və bir oxucu kimi cavan poeziyamız məni qane eləyir. Bu şeirdə axtarış çoxdur, bu şeirdə öyrəndiyimiz, həmişə eşitdiyimiz səslərdən əlavə yeni səslər də var. Və bu şeir əsasən intonasiyasının, ahənginin yeniliyi ilə, təkcə məzmunu ilə yox, həm də bir sıra başqa məziyyətləriylə şeirdi. Mənə elə gəlir ki, Azərbaycanın cavan şeirinin çox böyük gələcəyi var.
– İndi əyər şeir yazası olsanız kimə oxşamaq istərdiniz?
–Heç kəs heç kəsə oxşamır. Ola bilsin başlanğıcda kimisə yamsılayasan, təqlid edəsən. Amma elə ki, özünü tapdın, öz səsini tapdın ondan sonra olursan şair. Yazıçılıq da, nəsr də belədir. Təzədən başlayıb şeir yazmalı olsaydım çalışardım elə özüm kimi yazam.
–Həyatda xoşbəxt anlarınız olurmu, olursa nə vaxtlar olur? Bir də ki, iradəsi zəif olan gənclərə nə məsləhət görərdiniz?
– Xoşbəxt anlarım da olur, xoşbəxt günlərim də. Nə vaxt, deyə soruşursunuz. Əsasən onda ki, insanın bütövlüyünə, gözəlliyinə böyük inam olur. O vaxtlar ki, hər şey maraqlı görünür, o vaxtlar ki, qələmim yaxşı işləyir. Qaldı, iradəsi zəif olanlara nə məsləhət verə bilməyimə, mən belə məsləhət görərdim ki, onlar özlərini əməkdə sınasınlar, özlərini əməyə öyrəşdirsinlər. Mən qəti əminəm ki, insanın iradəsi də, gücü də onun əməyə münasibətilə müəyyən olunur.
– Bəzən adlı –sanlı yazıçılarımızın söhbətlərindən aydın olur ki, onları ilk dəfə ələ qələm almağa vadar edən səbəb kiçik yaşlarında başlarına gələn bir hadisə olub. Bəs sizdə necə baş verib bu olay- yəni əlinizə ilk dəfə qələm alıb yazı yazmağınız?
– Mən bizim xalq ədəbiyyatımızı o qədər daxili ağrı, tükənməz sevgi və ehtirasla qəbul etmişdim ki, bunun əvəzini nə iləsə verməliydim. Mən bu fikirdəyəm ki, o ədəbiyyatı o yaşında, o sayaq qəbul edən adamlar yazmaya bilməz. O ədəbiyyat qəribə sevinci, kədəri, qüssəsiylə ta uşaqlıqdan mənim qanıma hopmuşdur. Oki qaldı uşaqlıqda başa gələnlərə, onlar yazıçının ömürlük yol yoldaşıdır. Yazıçı da ki, mənəviyyat dünyasının adamıdır və o dünyadan uşaqlığı çıxarıb atmaq mümkün deyil. Yəni uşaqlığı insanın mənəviyyatından çıxmaq ona bənzər ki, binanın altından onun bünövrə daşlarını çəkib çıxarırlar. Yazıçının bu günündən onun uşaqlığına birbaşa, kəsə yol gedir. Əyər bu yol yoxdursa yazıçıya, onun sənətinin həqiqiliyinə mən inanmaram. Ədəbiyyatda peşəkarlıq mümkündür, peşəkarcasına yazanlar da olub, olacaq. Amma uşaqlığından təcrid olunan yazıçının insana kövrək, təmiz hisslər aşılaya biləcəyinəsə mən bir o qədər də inanmıram. Dünyanın ən yaxşı əsərlərində uşaqlığın kövrəkliyi var. Uşaq inamı var. Uşaqlığın hüdudsuz, sərhədsiz, gömgöy səması, uşaqkən gördüyümüz dünyanın əks-sədası var.
–Tez-tez KİV-də kəndə vida deyib köçünü şəhərdə salan gənclərimizdən, lap elə yaşlılarımızdan yana giley dolu yazılara, çıxışlara, bədii əsərlərə rast gəlmək olur. Bir şey maraqlıdır ki, əksər hallarda bu mövzuda danışanların özləri də elə kənddən gələnlər olur və çox güman ki, doğma el-obasını yalnız xeyirdə- şərdə yad edirlər. Necə bilisiz, belələrinin danışmağa haqqı varmı? Sizə elə gəlmirmi ki, bizdəki urbanizasiya təbii axındır və bunun qabağını belə çıxışlarla almaq qeyri-mümkündür?
– Bu çox çətin, həm də ciddi bir sualdır. Urbanizasiyanın təbii axın olduğuna mənim də şübhəm yoxdur. Amma kənd camaatının, xüsusən gənclərin kütləvi halda kəndlərdən şəhərlərə axışmalarının səbəbləri təkcə urbanizasiya ilə tükənmir, bunun onlarla son dərəcə ciddi, öyrənilməli səbəbləri var. Ona görə də mən inanmıram ki, bir radio verilişinin imkanı daxilində bu məsələni kifayət qədərində anlaşıqlı və ağıllı şəkildə şərh etmək mümkün ola.
–Müasir kəndimizi, onun hamımızı narahat edən mənəvi dünyasını necə görmək istərdiz?
–Mənəviyyat sözü çox çəkili, çox güclü sözdür. Müasir kəndin mənəviyyatı deyəndə ilk növbədə orada yaşayan adamlar başa düşülür. Adamlar nədirsə, mənəviyyat da odur. Mən insanı, istər şəhərdə olsun, istərsə də kənddə olsun hər şeydən əvvəl ləyaqətli görmək istərdim. Yalnız özünü, öz ailəsinin dolanışığını, qohum –əqrabasının təminatını düşünən adamların mənəvi dünyayla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Mənəviyyat aləmi özündə vicdan ağrısı duya bilənlərin aləmidir. Mənəviyyat o deyil ki, televiziya ekranı qabağında saatlarla oturasan, çoxlu kitab oxuyasan, yaxud kəndində klub olsun, hər axşam orda mühazirə oxunsun və sən də hər axşam orda söylənən mühazirələrə qulaq asasan. Mənəviyyat daha dərin şeydi, böyük insan mədəniyyətididir ki, yarandığı gündən bəri insanlar onu işıq bilib ona doğru gedirlər və gedəcəklər. Bizim kəndlərimizdə də indilərdə yaxşı ziyalılarımız yetişir, yaxşı müəllimlərimiz var. Mən arzu edərdim ki, kəndlərimizdə mənəviyyat sarıdan süzülən işıq daha da gur olsun.
–Bir yazıçı kimi avtoportretinizi yaratmalı olsaydınız özünüzü nə sayaq təsvir edərdiniz. Başqa sözlə desək, istərdik xarakterinizin, vərdişlərinizin müəyyən cəhətləriylə bizləri tanış edəsiz. Sözdə.
– Doğrusunu deyim ki, xüsusiyyətimin bir cəhəti özümə lap yaxşı məlumdur: başqalarının şəxsi həyatına burnumu soxmağa heç vaxt marağım olmayıb. Başqalarının gözündə heç vaxt yaxşı görünməyə çalışmamışam. Bu da mənim avtoportretim. Qalan təfsilatları mənə elə gəlir ki, axtarsanız yazdıqlarımda tapa bilərsiz.
– Elə bir sual varmı ki, neçə illərdi onun sizə veriləcəyini gözləyirsiz və cavabınız da hazırdı, amma o sualı sizə vermirlər ki, vermirlər.
– Mənə verilməyən o sualı mən özüm hər gün özümə verirəm. Cavabı isə təxminən belədir: Yaşayarıq, görərik.
– Bu sualımızsa ənənəvidir. Yəni planlarınızla bağlıdır. Hazırda nəylə məşğulsunuz. Oxucu və tamaşaçılarımızı yaxın vaxtlarda hansı işlərinizlə görüşdürəcəksiz?
–İndilər əlimdə, daha doğrusu fikrimdə bir pyes var. Planlarım da ki, açığın deyim çoxdur. Ürəyimdə də başqa təzə yazılarımın havası əsir. Ayrı nə deyim sizə. Mən həmişə belə yaşamışam, bacarsam elə bu cür də yaşayardım. Yəni yazmadıqlarımın arzusuyla. Mənə elə gəlir ki, bu ilin axırına kimi çoxdan üzərində işlədiyim bir yazıma nəhayət ki, nöqtə qoyacam. İndi də ən böyük sevincim odur ki, bu günlərdə işıq üzü görmüş kitabım bütün məziyyətləriylə ürəyimcədir və güman edirəm bu kitabım oxuyanları da razı salacaq.
P.S. Əzizim Əkrəm, şəxsən tanıdığım və tanımadığım çox az söz, qələm yiyələri var ki, haçandır onların yazdıqlarıyla dolub-boşalmaq, kövrəlib ağlamaq, dünyamızda varlıqlarına sevinib qürrələnmək, kəsəsi, onları oxumaq, oxumaq, yenə də oxumaq istəyirəm. Onlardan biri də sənsən. Gərək ki, bir müsahibəndə demisən: “Məni hər zaman oxuyacaqlar” Orası düzdür, mən səni hər zaman oxumuşam. Ancaq təzə, lap təzə yazılarını oxumağımızın vaxtı deyilmi? Olsun ki, biri-birindən duyğulu, həssas, bəzən də qorxulu, müdhiş obrazlarının çoxusu dünyaların dəyişiblər. Bəs Sadığa, Mədinəyə, Qədirə, Ələbbasa, sənə anandan yadigar qalan nağıllara nə deyəsən, axı, qocalsalar da, saçlarına dən düşsə də, belləri bükülsə də hələ dururlar, duya-duya, bu dünyanın istəklərini seyr eləyə-eləyə yaşamaqdadırlar. Olmaya...
Yox inanmıram!
Qoyma inanam!
20 oktyabr 2010
İntiqam Mehdizadə
525-ci qəzet.- 2010.- 27 oktyabr.- S.6.