“Ali təhsildə yeni maliyyələşdirmə
mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət
və təkliflər” müzakirə olunub
Təhsil Nazirliyində “Ali təhsildə
yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə
bağlı mövcud vəziyyət və təkliflər”lərlə
bağlı kollegiya iclası keçirilib. İclasda təhsil
naziri Misir Mərdanov və kollegiya üzvləri ilə
yanaşı, maliyyə naziri Samir Şərifov, iqtisadi
inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının sədri Məleykə
Abbaszadə, Nazirlər Kabineti Aparatının elm, mədəniyyət,
xalq təhsili və sosial problemlər şöbəsinin
müdiri İsmayıl Sadıqov, dövlət və özəl
ali məktəblərin rektorları, nazirliyin məsul
işçiləri, müvafiq struktur bölmələrin və
şöbələrin rəhbərləri iştirak ediblər.
Tədbirdə
çıxış edən təhsil naziri Misir Mərdanov
deyib ki, müşavirənin keçirilməsində əsas
məqsəd ali məktəblərədə maliyyələşdirmə
mexanizminin tətbiqi baxımından 2010-2011-ci tədris ilində
ali təhsil müəssisələrinə aparılan qəbulun
nəticələrinin ilkin təhlilini aparmaq və
qarşıya çıxan problemləri, onların aradan
qaldırılması üçün müvafiq tədbirləri
müəyyənləşdirməkdir. Nazir deyib ki, prezident
İlham Əliyev bu il fevral ayının 10-da “Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə” fərman
imzalayıb. Fərmanda bildirilir ki, 2010-2011-ci tədris ilindən
başlayaraq Azərbaycanda fəaliyyət göstərən
ali təhsil müəssisələrində dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında həyata
keçirilsin. Dövlət sifarişinin
formalaşdırılması ölkənin milli, mədəni,
humanitar və tarixi dəyərləri, mövcud əmək
bazarının xüsusiyyətləri və dövlətin
perspektiv inkişafı amilləri nəzərə
alınmaqla təmin olunsun. Mülkiyyət formasından
asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət
göstərən bütün ali təhsil müəssisələri
dövlət sifarişinin yerinə yetirilməsində
iştirak edə bilərlər. Ali təhsildə yeni maliyyələşdirmə
mexanizminin tətbiqinin əsas məqsədi isə ali təhsildə
keyfiyyəti təmin etmək, mülkiyyət formasından
asılı olmayaraq ali təhsil müəssisələri
arasında sağlam rəqabət mühiti yaratmaq, dövlət
ali təhsil müəssisələrinin əldə etdikləri
maliyyə vəsaitlərindən səmərəli, məqsədli
istifadəsinə şərait yaratmaq və şəffaflığı
təmin etmək, vəsaitlərin ayrılması prosesində
subyektiv amilləri aradan qaldırmaq, tələbələrin
keyfiyyətli təhsil alması üçün mülkiyyət
formasından asılı olmayaraq ali məktəbləri sərbəst
seçmək imkanını artırmaq və dövlət
ali təhsil müəssisələrinin maliyyə müstəqilliyini
artırmaqdır. Nazir vurğulayıb ki, fərmanın
icrası ilə əlaqədar tabeliyində ali təhsil
müəssisələri olan nazirlik, komitə və təşkilatların
təklifləri nəzərə alınaraq Nazirlər
Kabinetinin sərəncamı ilə ali təhsil müəssisələrinin
bakalavr və magistr səviyyəsinə dövlət
sifarişi ilə tələbə qəbulunun proqnozu təsdiq
olunub: “Fərmanın 6-cı bəndinin icrası ilə əlaqədar
Nazirlər Kabinetinin Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında qərarı
qüvvəyə minib. “Ayrı-ayrı ixtisaslar üzrə
dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsində hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı”,
“Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi
ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində
hər bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı” və “Azərbaycan Respublikasında ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı dövlət
sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi
Qaydaları” təsdiq edilib. Ayrı-ayrı ixtisaslar üzrə
dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat səviyyəsində hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı Azərbaycan
dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat
müəllimliyi (dillər üzrə), Xarici dil müəllimliyi
(dillər üzrə), fizika müəllimliyi, riyaziyyat və
informatika müəllimliyi, riyaziyyat müəllimliyi, fiziki tərbiyə
və çağırışaqədərki hazırlıq
müəllimliyi, (qızlar üçün fiziki tərbiyə),
texnologiya və musiqi müəllimliyi ixtisasları üzrə
1500 manat təşkil edib. Biologiya, kimya müəllimliyi, kimya
və biologiya, tarix, tarix və coğrafiya, informatika, təsviri
incəsənət, ibtidai sinif muəllimliyi, korreksiyaedici təlim,
məktəbəqədər təlim və tərbiyə, təhsildə
sosial-psixoloji xidmət ixtisasları üzrə 1500, filologiya,
fəlsəfə, tərcümə, jurnalistika, kitabşünaslıq,
antropologiya, tarix, politilogiya, psixologiya, sosiologiya,
regionşünaslıq, hüquqşünaslıq, beynəlxalq
münasibətlər, dinşünaslıq,
kitabxanaçılıq və informasiya ixtisasları üzrə
1800 manat, muzeyşünaslıq, arxiv işi və abidələrin
qorunması və sənətşünaslıq ixtisası
üzrə 1500 manat, instrumental ifaçılıq, solo oxuma,
dirijorluq, bəstəkarlıq, musiqişünaslıq
ixtisası üzrə 7000, xoreoqrafiya sənəti, estrada sənəti,
xalq çalğı alətləri
ifaçılığı, aktyor sənəti ixtisası
üzrə 1500, dekorativ sənət ixtisası üzrə
2000 manat təşkil edib. Bununla yanaşı
teatrşünaslıq, bədii yaradıcılıq və
ekran dramaturgiyası, rejissorluq, kinoşünaslıq, operator sənəti
ixtisası üzrə 1500, rəngkarlıq, qrafika, heykəltəraşlıq,
dizayn ixtisası üzrə 2000, dünya iqtisadiyyatı, mühasibat
uçotu və audit, maliyyə, iqtisadiyyat ixtisası üzrə
1500 və digər ixtisaslar üzrə təhsilalanlara 1500,
1600, 1800, 2500 manat təhsil xərci ayrılıb. Qeyd edim ki,
ali təhsil müəssisəsi tərəfindən dövlət
sifarişi ilə hər bir təhsilalana çəkilən
faktiki xərc təsdiq edilən təhsil xərclərinin
miqdarından artıq olduğu halda, onun qalan hissəsi həmin
ali təhsil müəssisəsi və yaxud onun tabe olduğu
qurum tərəfindən ödənilir”. M.Mərdanov bildirib
ki, ayrı-ayrı ixtisaslar üzrə dövlət
sifarişi ilə ali təhsil müəssisələrinin
magistratura səviyyəsində hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı təbiət
elmləri, riyaziyyat, mexanika, fizika, kimya, biologiya, coğrafiya,
hidrometeorologiya, torpaqşünaslıq, geologiya, humanitar və
sosial elmlər, mədəniyyətşünaslıq,
filologiya ixtisasları üzrə 1600 manat,
dilşünaslıq, jurnalistika, tarix, muzeyşünaslıq,
politologiya, psixologiya, sosiologiya, regionşünaslıq,
hüquqşünaslıq, musiqişünaslıq, incəsənət,
beynəlxalq münasibətlər, bədən tərbiyyəsi,
səhiyyə, beynəlxalq hüquq, dizayn ixtisasları üzrə
1800, iqtisadiyyat və idarəetmə, iqtisadiyyat, mühədis
iqtisadiyyatı və idarəetmə ixtisasları üzrə
1500, təbiət-texniki elmlər, biotexnologiya, materiallar
fizikası, biotexnologiya, neft-qaz və dağ-mədən
istehsalatının fiziki prosesləri, materiallar fizikası,
maşınların möhkəmliyi və dinamikası,
hidroaerodinamika, fiziki elektronika, informasiya sistemləri,
materialşünaslıq və yeni materiallar texnologiyası,
tribotexnika, maddi istehsal vasitələrinin renovasiyası,
kompüter riyaziyyatı ixtisası üzrə 1600 manat və
digər ixtisaslar üzrə 1800, 1600 manat təşkil edib.
M.Mərdanovun sözlərinə görə, cari tədris
ilində dövlət sifarişinin yerinə yetirilməsində
29 dövlət ali təhsil müəssisəsi iştirak
edib. Bunlar Bakı Dövlət Universiteti, Dövlət Neft
Akademiyası, Azərbaycan Texniki Universiteti, Memarlıq və
İnşaat Universiteti, Dövlət Pedaqoji Universitet, Bakı
Slavyan Universiteti, Dövlət İqtisad Universiteti, Dillər
Universiteti, Bakı Musiqi Akademiyası, Dövlət Mədəniyyət
və İncəsənət Universiteti, Sumqayın Dövlət
Universiteti, Lənkəran, Gəncə Dövlət
Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir
Politexnik İnstitutu, Naxçıvan Dövlət Universiteti,
Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan
Milli Konservatoriyası, Dövlət Rəssamlıq
Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu,
Dövlət İdarəçilik Akademiyası, Azərbaycan
Turizm İnstitutu, Tibb Universiteti, Dövlət Aqrar Universiteti,
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyası, Dəniz Akademiyası, Milli Aviasiya Akademiyası,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı
filialı, Fövqəladə Hallar Nazirliyinin
Akademiyasıdır. Cari tədris ilində dövlət
sifarişinin yerinə yetirilməsində iştirak edən
özəl ali təhsil müəssisələri isə Qərb,
Azərbaycan, Qafqaz, Xəzər, Odlar Yurdu, Azərbaycan
Kooperasiya, Elm və Təhsil Mərkəzi “Təfəkkür”,
Bakı Avrsiya, Bakı Asiya, Bakı Qızlar, Bakı Biznes,
Naxçıvan Universitetləri və Azərbaycan Əmək
və Sosial Münasibətlər Akademiyasıdır. Beləliklə,
ölkədə fəaliyyət göstərən 52 ali təhsil
müəssisəsindən 42-si dövlət sifarişinin
yerinə yetirilməsində iştirak edib.
2010-2011-ci tədris ili
üçün ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələri
üzrə təsdiq olunan proqnozda yeniliklərdən söz
acan nazir qeyd edib ki, əvvəlki tədris illərindən fərqli
olaraq tələbə qəbulunun proqnozunun təsdiqində
yeniliklər tətbiq edilib, ixtisaslar üzrə dövlət
sifarişinə tələbə qəbulunun proqnozu
ayrı-ayrı ali məktəblər üzrə deyil,
ümumi şəkildə təsdiq olunub, ayrı-ayrı
universitetlərin qəbul planında ixtisaslar üzrə
dövlət sifarişi və ödənişli əsaslarla qəbulun
proqnozu birgə verilib. Bu da, öz növbəsində dövlət
sifarişi ilə təhsil almaq hüququ qazanan abituriyentlərin
ali məktəbləri seçmək imkanını
artırıb. “Azərbaycan Respublikasında ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiqi ilə bağlı dövlət
sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi”
qaydaları haqqında danışan təhsil naziri
vurğulayıb ki, bu qaydalar “Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə” prezidentin müvafiq fərmanına əsasən
hazırlanan və Azərbaycanda ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının dövlət sifarişi əsasında
maliyyələşdirilməsi məsələlərini tənzimləyir.
Ölkədə fəaliyyət göstərən ali təhsil
müəssisələrinin dövlət büdcəsindən
maliyyələşdirilməsi dövlət sifarişi əsasında
həyata keçirilir. Ali təhsil müəssisələrinin
maliyyələşdirilməsinin dövlət sifarişi əsasında
həyata keçirilməsi həm bakalavriat, həm də
magistratura səviyyələrini əhatə edir. Ali təhsil
müəssisələrində baza ali tibb təhsili bakalavr səviyyəsinə,
rezidentura isə magistratura səviyyəsinə bərabər
tutulur. Qaydalara əsasən mülkiyyət formasından asılı
olmayaraq, qanunvericiliyə uyğun fəaliyyət göstərən
bütün ali təhsil müəssisələri dövlət
sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.
Dövlət sifarişi ilə ali təhsil müəssisələrində
kadr hazırlığı adambaşına maliyyələşdirmə
prinsipi əsasında həyata keçirilir. Bu qaydalarda istifadə
olunan anlayışlar dövlət sifarişi – ölkənin
milli, mədəni, humanitar və tarixi dəyərləri,
mövcud əmək bazarının xüsusiyyətləri və
dövlətin perspektiv inkişaf amilləri nəzərə
alınmaqla, müəyyən edilən ixtisaslar üzrə təhsil
xərclərinin dövlət büdcəsi vəsaiti
hesabına maliyyələşdirilməsi nəzərdə
tutulan təhsilalanların sayını ifadə edir: “Dövlət
sifarişi əsasında maliyyələşdirmə –
dövlət sifarişi çərçivəsində təhsil
almaq hüququnu əldə edən şəxslərin təhsil
xərclərinin adambaşına maliyyələşdirmə
prinsipi əsasında dövlət büdcəsi hesabına
maliyyələşdirilməsi deməkdir. Adambaşına
maliyyələşdirmə prinsipi – ali təhsil müəssisələrində
təhsillə bağlı xərclərin hər bir təhsilalana
düşən xərclər əsasında müəyyənləşdirilməsidir.
Adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsi
hər bir təhsilalana düşən xərclərin,
müvafiq ixtisasların xüsusiyyətləri nəzərə
alınmaqla, hesablanması üçün istifadə edilən
formul və prosedurları məcmu şəkildə
özündə əks etdirən metodikaya əsaslanır.
Beynəlxalq müqavilələrə əsasən Azərbaycan
dövlətinin hesabına təhsil alan əcnəbilər
üçün adambaşına təhsil xərclərinin
hesablanması zamanı hökumətlərarası müqavilələrin
şərtlərindən asılı olaraq, digər xərclər
də nəzərə alınır. Hər il
üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil
müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə
dövlət sifarişi İqtisadi İnkişaf Nazirliyinin
aidiyyəti sahə nazirlikləri ilə
razılaşdırılmış təklifləri əsasında
müəyyənləşdirilir. İqtisadi İnkişaf
Nazirliyinin Maliyyə Nazirliyi və aidiyyəti sahə nazirlikləri
ilə növbəti il üçün
razılaşdırılmış təklifləri hər il
iyunun 1-dək Nazirlər Kabinetinə təqdim edilir.
Razılaşdırılan təkliflər əsasında
Nazirlər Kabineti növbəti il üçün
ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrinə dövlət
sifarişi əsasında tələbə qəbulunun
proqnozunu hər il iyulun 20-dək təsdiq edir. Dövlət
sifarişində iştirak etmək istəyən özəl
ali təhsil müəssisələri növbəti il
üçün təkliflərini hər il mayın 1-dək
Təhsil Nazirliyinə təqdim etməlidirlər. Təkliflərdə
özəl ali təhsil müəssisəsinin dövlət
sifarişində hansı ixtisaslar üzrə iştirak edə
biləcəyi qeyd olunmalıdır. Ali təhsil müəssisələrində
müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə
təhsil almaq hüququnu qazanan abituriyentlər müvafiq
qanunvericiliyə uyğun olaraq, keçirilən qəbul
imtahanları nəticəsində müəyyən edilir.
Dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan
abituriyentlərə Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən müvafiq
identifikasiya kodu verilir. Ali təhsil müəssisələrinə
qəbul imtahanları nəticəsində müxtəlif
ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil
almaq hüququnu qazanan abituriyentlər mülkiyyət
formasından asılı olmayaraq, dövlət sifarişində
iştirak etmək istəyən ali təhsil müəssisəsinin
seçimində sərbəstdirlər. Dövlət
sifarişi əsasında maliyyələşmənin şərtləri
bu qaydaların 1 və 2 nömrəli əlavələrində
göstərilən nümunəvi müqavilələr əsasında
müəyyənləşdirilir. Təhsil Nazirliyi ilə ali
təhsil müəssisələri arasında bu qaydaların 1
nömrəli əlavəsinə uyğun olaraq hər il
sentyabrın 15-dək müqavilə imzalanır. Ali təhsil
müəssisəsi ilə dövlət sifarişi ilə təhsil
alacaq təhsilalan arasında hər il sentyabrın 15-dək bu
qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq
müqavilə imzalanır. Dövlət sifarişi əsasında
maliyyələşmə ayrı-ayrı ixtisaslar üzrə
təhsil proqramlarına uyğun olaraq müvafiq ixtisas üzrə
bakalavriat və ya magistratura səviyyəsindən məzun
olmaq üçün nəzərdə tutulan müddəti əhatə
edir”. Dövlət sifarişi əsasında maliyyələşmənin
digər şərtləri haqqda danışan nazir qeyd edib ki,
Dövlət sifarişi əsasında maliyyələşmədən
məhrum edilmə təhsilalan təhsilini davam etdirmədikdə,
təhsilalan ali təhsil müəssisəsindən xaric
edildikdə, təhsilalan bu qaydaların 5.6-cı bəndində
qeyd olunan hallarda göstərilən müddətlərdən
çox təhsilinə fasilə verdikdə, ixtisasını
dəyişdikdə, müvəqqəti təhsilini
dayandıran şəxslər təhsilini davam etdirmək istədikdə,
dövlət sifarişi əsasında maliyyələşmə
müddəti bitdikdə, təhsil proqramında göstərilən
müddətdə müvafiq kreditləri qazanmasının
mümkünsüzlüyü ali təhsil müəssisəsi
tərəfindən müəyyən edildikdə: “Dövlət
sifarişində iştirak edən ali təhsil müəssisələrində
maliyyələşmənin səmərəliliyinə nəzarəti
Təhsil Nazirliyi və aidiyyəti nazirliklər həyata
keçirir”.
Nazirin sözlərinə əsasən,
ali təhsilin bakalavriat səviyyəsində dövlət
sifarişi üzrə təsdiq edilmiş qəbul planı
10529 nəfər olduğu halda dövlət sifarişi üzrə
müvafiq ixtisaslara faktiki qəbul 9788 nəfər təşkil
etmiş, nəticədə dövlət sifarişi 741 nəfər
kəsrlə yerinə yetirilib. Magistratura səviyyəsində
isə dövlət sifarişi üzrə təsdiq edilmiş
qəbul planı 2070 nəfər olduğu halda dövlət
sifarişi üzrə müvafiq ixtisaslara faktiki qəbul 1125 nəfər
təşkil edib, nəticədə dövlət sifarişi
945 nəfər kəsrlə yerinə yetirilib: “Bakı
Dövlət Universitetində dövlət sifarişi ilə qəbul
olunanların faizi 52.7 olub. Dövlət Neft Akademiyasında 71,
Prezident yanında Dövlət İdarəçilik
Akademiyasında 92 faiz, Texniki Universitet 32.8 faiz, Dillər
Universiteti 55.6 faiz, Bakı Slavyan Universiteti 18.8 faiz, İqtisad
Universitetində 42.4 faiz, Bakı Musiqi Akademiyası 43.4 faiz, Azərbaycan
Milli Konservatoriyası 33.3 faiz, Tibb Universiteti 39.6 faiz olub.
Özəl ali məktəblərdən Azərbaycan Kooperasiya
Universitetində 0, “Azərbaycan” Universitetində 3 nəfər,
Bakı “Asiya” Universitetində 0 faiz, Xəzər Universiteti 19
nəfər, Bakı Qızlar Universiteti 0, Qərb Universiteti
1.1 faiz, Bakı Avrasiya Universiteti 0, Qafqaz Universiteti 250 nəfər
göstərici qeydə alınıb”.
Təkliflərdən söz
açan M.Mərdanov deyib ki, bəzi ixtisasların dövlət
əhəmiyyətliliyini nəzərə alaraq həmin
ixtisaslara dövlət sifarişi üzrə qəbulu
stimullaşdırmaq (bu ixtisaslara qəbul olan tələbələrə
yüksək təqaüdlər, həmçinin işlə
təmin olunmasına zəmanət vermək və sair) və
digər tədbirləri həyata keçirməklə
yüksək bal toplayan abituriyentlərin dövlət
sifarişli yerlərə cəlb olunması təklif olunur.
Strateji əhəmiyyət kəsb edən ixtisaslara dövlət
sifarişi üzrə qəbul zamanı müsabiqə
balının müəyyənləşdirilməsinə fərdi
yanaşılması nəzərə alınır: “Cari tədris
ilində ali təhsil müəssisələrinə
aparılmış qəbulun nəticəsi göstərir ki,
ayrı-ayrı ali məktəblər üzrə dövlət
sifarişi ilə ödənişli əsaslarla faktiki qəbul
arasında kəskin fərqlər yaranır. Qəbulun nəticələrinin
bu şəkildə davam etməsi gələcəkdə bir
sıra ali məktəblərdə dövlət sifarişi
üzrə qəbul olan tələbələrin
sayının kəskin şəkildə azalmasına gətirib
çıxaracaqdır. Beləliklə bir sıra dövlət
ali məktəblərində bilik səviyyəsi
aşağı olan ödənişli əsaslarla təhsil
alan tələbələrin sayı getdikcə böyük
üstünlük təşkil edəcəkdir. Digər tərəfdən
çox sayda ödənişli əsaslarla tələbə qəbul
edən bu ali məktəblər maliyyə baxımından
dövlət sifarişi ilə daha çox tələbə əldə
edən ali məktəblərdən üstün vəziyyətə
düşəcəklər. Belə ki, bu tələbələrə
ali məktəb dövlət sifarişi üzrə təhsil
alan tələbələrdən fərqli olaraq təqaüd
ödəməyəcəkdir. Bu isə ali məktəblər
arasında nəzərdə tutduğumuz sağlam rəqabət
mühitinin yaradılmasına imkan verməyəcəkdir. Təklif
olunur ki, növbəti illərdə tələbə qəbulu
planlaşdırılarkən hər bir dövlət ali məktəbinin
ümumi qəbul planı əvvəlki ildə həmin ali məktəbə
dövlət sifarişi üzrə aparılan faktiki qəbulun
nəticələri nəzərə alınsın. Yeni maliyyələşdirmə
mexanizminin tətbiqi nəticəsində dövlət
sifarişinin yerinə yetirilməsi ilə bağlı
ayrılan vəsaitlərin xərclənilməsində ali təhsil
müəssisələrinin səlahiyyətləri
artırılsa da ödənişli təhsildən əldə
edilən büdcədənkənar vəsaitlərin gəlir
və xərclər smetalarının icrası əvvəlki
kimi 40 xərc maddəsi üzrə həyata keçirilir.Nəticədə
ali məktəblər büdcədənkənar vəsaitlər
üzrə gəlir və xərclərinin smetasının
icrasında sərbəst deyillər. Təklif olunur ki, dövlət ali
məktəblərinə ödənişli təhsildən və
digər mənbələrdən daxil olan büdcədənkənar
vəsaitlər üzrə gəlir və xərclər
smetalarının tərtibində, həmin vəsaitlərin xərclənilməsində
təhsil müəssisələrinin səlahiyyətləri
artırılsın, müvafiq xərc maddələrinin
sayı ilkin mərhələdə 4-ə qədər
azaldılsın. Gələcəkdə həm büdcə və
bücədənkənar vəsaitlərin ayrılması, xərclənilməsi
1 xərc maddəsi üzrə həyata keçirilsin, ilin
sonunda ali təhsil müəssisəsinin hesabında qalan
büdcə, xüsusən büdcədənkənar vəsaitlər
silinməsin, növbəti ilə keçirilsin. Tətbiq
olunan yeni maliyyələşdirmə mexanizmi özəl ali məktəblərin
dövlət sifarişinin yerinə yetirilməsində
iştirakını stimullaşdırmır. Belə ki,
dövlət sifarişində iştirak nəticəsində
özəl ali təhsil müəssisəsi yüksək səviyyəli
tələbələr əldə etsə də, maliyyə
baxımından itirir. Bunun əsasən iki səbəbi var:
dövlət sifarişi üzrə bir təhsilalana ayrılan
vəsaitin həcminin özəl ali təhsil müəssisəsinin
müəyyənləşdirdiyi təhsil haqqından az
olması və dövlət sifarişi üzrə təhsil
almaq imkanı əldə etmiş tələbələrin sərbəst
seçimi nəticəsində özəl ali məktəbə
qəbulun sayının həmin ali məktəbin ödənişli
əsaslarla yerlərin azalmasına səbəb olur. Bu isə
həmin ali məktəbin dövlət sifarişindən kənar
ödənişli təhsildən əldə edəcəyi
maliyyə gəlirini azaldır. Yüksək keyfiyyətli kadr
hazırlığını təmin edən özəl ali təhsil
müəssisələrinin dövlət sifarişinin yerinə
yetirilməsində iştirakının stimullaşdırılması
ilə bağlı, tədbirlər həyata keçirilsin, əks
halda özəl ali təhsil müəssisələri dövlət
sifarişinin yerinə yetirilməsindən imtina edə bilər,
bu isə təhsildə azad seçim və ədalət
prinsipinin pozulmasına səbəb ola bilər. Bu da həm təhsilin
keyfiyyətini, həm də ali məktəblər arasında
sağlam rəqabəti təmin etmir”.
Mövzu ətrafında
çıxış edən maliyyə naziri Samir Şərifov,
iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının sədri Məleykə
Abbaszadə və Nazirlər Kabinetinin şöbə
müdiri İsmayıl Sadıqov 2010-2011-ci tədris ilində
ali təhsil müəssisələrinə
aparılmış qəbulun nəticələrinin yeni maliyyələşdirmə
mexanizminin tətbiqi baxımından müzakirə edilməsinin
mühüm əhəmiyyətindən söz
açıblar. Qeyd olunub ki, ayrı-ayrı ixtisaslar üzrə
vəsaitlərin müəyyənləşdirilməsi
qaydası təkmilləşdirilsin, ali məktəblərə
vəsaitlərin səmərəli xərclənməsi
baxımından zəruri köməklik göstərilsin,
abituriyentlər və tələbələr arasında
müvafiq maarifləndirmə işlərinə diqqət
artırılsın.
Daha sonra mövzu üzrə
müzakirələr başlanıb. Bakı Dövlət
Universitetinin rektoru Abel Məhərrəmov, Tibb Universitetinin
rektoru Əhliman Əmiraslanov, Dillər Universitetinin rektoru Səməd
Seyidov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev və
başqaları yeni maliyyələşdirmə mexanizminin tətbiqi
vəziyyəti barədə fikirlərini bildirib, bir sıra təkliflərlə
çıxış ediblər.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2010.- 27 oktyabr.- S.4.