Reklam bayramları
Texniki innovasiyalar dövründə informasiya mübadiləsi çox mühüm vasitədir. Bunu heç kim inkar edə bilməz. Bir var ki, yeni fikri, xəbəri xalqın uğurları naminə onunla bölüşəsən, bir də var ki, lazım oldu, olmadı zərərli fikirləri cəmiyyətə sırayasan, reklam vasitəsi ilə kimlərinsə varlanmasında iştirak edəsən. (İqtisadçıların dediyinə görə, pullar sosial bədəndə qan kimi həmişə dövran etməlidir. Əslində çirkli pullar bədənin pul kisəsinə ifrat dərəcədə düşüb qan dövranını pozsa, bu acgözlük xəstəliyindən qurtulmaq mümkün olmayacaq.)
Bizim əsas məqsədimiz reklam sahəsinə nəzər salmaq, onun tarixini, təbliğat vasitələrini öyrənməkdir. Heç bilirsiniz ki, indiki reklamların, elanların ulu babaları kimlər olub? Qədim dövrlərdə carçılar, çaparlar padşahların, kralların fərman və əmrlərini meydanlarda əhaliyə çatdırıblar. Xalqı meydanlarda bir araya toplamaq üçünsə təbillərdən, şeypurlardan, kilsə zənglərindən istifadə edirdilər. Əgər bunu qeyd etmək yerinə düşərsə, Ərəbistanda islam dininin yayılmasında (reklamında) zənci Bilalın da öz rolu olub. O, öz məlahətli səsi ilə “Azan” deyərək, insanları Allaha ibadət etməyə, namaza çağırırdı. Göründüyü kimi, ağıllı, sağlam təbliğatın kütləvi xarakter daşıması, təsir gücü bütün dövrlərdə əhalinin gələcək mədəni inkişafında əhəmiyyət kəsb edib. (Düzdür, bu, son qeyd etdiyim fikrin indi reklama ehtiyacı yoxdur. Hər halda gənclərin tərbiyəsində sağlam təbliğat vasitələrinə daha böyük ehtiyac var.)
Məsələn, yazılı mənbələrə görə, ilk reklam və ya plakatın tarixi Misirdən başlayır. Qədim papirusda kölənin satılmasını bildirən yazı reklam deyil bəs nədir? Hal-hazırda həmin papirus London muzeyndə saxlanılır. (Məgər o boyda Misirdə onu qorumağa yer tapılmayıb? London müzeylərində olarkən qədim şərq mədəniyyətinə məxsus bir çox qiymətli xalçaları, eksponatları, xüsusilə dahi Nizaminin əlyazmasını görəndə çox təsirləndim. Bu qəribçilik, sürgün taleyini vətəndən uzaqda yaşayan tarixi, mədəni abidələrimiz danışa bilsəydi, görən, bizə nə deyərdi?!)
Qədim Romada ticarətçilər müştəriləri cəlb etmək, öz malını reklam etmək üçün onu xüsusi tikilmiş divarlarda kömürlə yazırdılar. Məlum olur ki, hələ keçmişdən elan və reklamlar sahiblərinə tez bir vaxt ərzində mənfəət gətirməsi özünü doğruldub. 1612-ci ildə Parisdə elan jurnalı çap edilib. Yazıçı Daniel Defo özünün “Revyu” qəzetində reklamla da məşğul olubmuş. 1703-cü ildə I Pyotrun Sərəncamı ilə çıxan qəzetdə ilk reklamlar çap edilmişdi. 1878-ci ildə Metsel adlı sahibkar “Elan ticarətin hərəkətverici qüvvəsidir” adlı idarəsini açır. Yalnız 1910-cu ildə neon lampaları meydana gələndə reklam bazarı yeni mərhələyə qədəm qoyur. Fransız mühəndis-kimyaçı Corc Kloda bu mühüm ixtirasına – neon reklamına görə patent verilir.
Şair Vladimr Mayakovski də cəmiyyətin daha sürətli inkişafında reklamların böyük rolunu yüksək qiymətləndirib. 1923-cü ildə bu haqda qeyd edir: “ Burjua mühiti reklamın gücünü yaxşı bilir. Ən əsas işlər reklamlarsız keçinmir. Bu, rəqabət doğuran silahdır.”
(Düzdür, sovetlər dövrünün də öz siyasi, iqtisadi tələbinə görə plalakatları, reklamları vardı. Zəhmətkeş xalqın maddi və mənəvi yüksəlişinə dövlət səviyyəsində “qayğı göstərilirdi.”Yadınızdadırsa əhalinin öz pullarını əmanət kassalarına qoyulması, etibar edilməsi təbliğ olunurdu. Şəhərin ən hündür, yaraşıqlı binalarının damında nəhəng reklamları yaşlı adamlar xatırlayır. Axırı nə oldu? Dəyişən siyasi quruluş oldu, nə məkan, nə də insanlar ki, yerini dəyişməyib. Uzun illərin təcrübəsi göstərdi ki, reklam bizim həyatımıza bayram, sevinclə yanaşı həm də əlavə qayğı, problem gətirir.Yuxarıda qeyd etdiyimiz kimi, pullar sosial bədəndə qan kimi dövran etməlidirsə, bəs kasıbların həyatında qəpik-quruşlar necə dövran etsin? (Yəqin dəmir pulların cingilitisindən qulaq batır.)
İndiki zamanda reklamlar küçələri zəbt etsə də, daha çox evlərimizə televizor vasitəsi ilə daxil olub bizə yaşamaq öyrədir. (Bağışlayın bu söz üçün, reklamlar evdə əməlli-başlı əsl qayınanalıq edir. Bütün işlərimizə qarışır. Bu söz bütün qayınanalara aid deyil.) Nə yeyib, nə geyməyi, hansı mebeli almağı bizə məsləhət bilir. Eh, həyat necə dəyişilib. Vaxt vardı heç bir reklamı olmayan əl altından satılan xarici mebellər bəh-bəhlə alınırdı. Krasnodar mebelinin də öz müştəriləri vardı. Çox vaxt da rəsmi surətdə iş yerindən xarici mebel almaq üçün uzun növbəyə dayanırdıq.Yadınızdadırsa Kubinka bizim indiki ticarət mərkəzlərindən qat-qat kiçik bir ərazidə məhəllədə yerləşsə də hamı ən dəbdə olan malları ordakı dalanlarda, dar küçələrdə gizli əldə edirdi. İstədiyini üçqat baha qiymətə alanda sevincimizin həddi-hüdudu olmurdu. Niyə indi bahalı mağazalarda alış-veriş edərkən o sevinci yaşamırıq? Az qala vitrindəki laqeyd, soyuq baxışlı manekenlərdən seçilmirik.)
Bu gün isə guya reklamlar həyatımızı daha da gözəl, rahat etməyə çalışır, yağlı, şirin dilinə salıb malını tərifləyir. Ay başına dönüm, adamı gündə neçə dəfə acqarına təbrik edərlər. “Gözünüz aydın olsun, daha saçlarınız tökülməyəcək, başınızda kəpək qalmayacaq, üzünüzün qırışları hamarlanacaq, balerina kimi arıqlayacaqsınız.
Əgər verilişləri, filmlərin nümayişini kənara qoysaq, reklamların gözü ilə həyata baxsaq reallıqdan çox uzaqlaşmış olarıq. Reklamlara inansaq cəmiyyətimiz, ancaq
“xoşbəxt ailələrdən” ibarətdir. Necə hazırlandığı dəqiq məlum olmayan Rolton supunu içməklə, mayonezlərdən salatlarda istifadə etməklə, yoqurt, doşirak yeməklə ekranda “xoşbəxt ailələrə” baxanda düşünürsən ki, bəs mən ondan da yaxşı, keyfiyyətli qida qəbul etsəm də, onlar kimi niyə fərəh içində olmuram. Bəlkə o yeməklərin içinə “xoşbəxtlik” adlı eliksir qatılıb, xəbərimiz yoxdur. Yaxud genetik cəhətdən modifikasiya olunan ərzaqlar bəlkə məhəbbətin kimyəvi prosesini daha da gücləndirir. (Bəs onda niyə bu məhsullar mağazalarda tökülüb qalıb?)
Müasir dövrdə aydındır ki, artmaqda olan əhalinin ərzaq təminatını təbii yolla yetişdirilən kənd təsərrüfatı məhsulları ilə tam təmin etməyin mümkünsüzlüyünü etiraf etmək lazımdır.Qədim dövrlərdə kimyanın yeyinti məhsullarına əlavə olunmadığı dövrlərdə Herakl gücünə malik adamlar əlbəttə, çox olmalıydı.
Gənclərin “dostu” olan pepsi-kola, sprayt, fanta, koka-kolaya, maqdonaldsa ayrılan bahalı, rəngarəng reklamlara fikir vermisinizsə, bir ölkə, qitə üçün nəzərdə tutulmayıb. Bu içkilər, qidalar bəşəriyyətə qarşı içi zəhər dolu şüşələrlə yürüşdür. Tərkibindəki fosfor-kislota dişlərə, mədəyə ziyandır. Bəs insan beyninə vurduğu ziyana görə kim cavabdeh olacaq? Deyilənə görə, insanın orqanizmi 59 elementdən ibarətdir. Həmin o elementlər torpaqda da mövcuddur. Həmçinin insan öz doğulduğu torpağın kimyəvi tərkibi ilə sıx əlaqədardır. Onun təbii bulaq suyu, öz torpağında yetişdirilən meyvə və tərəvəzi yerli əhalinin sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Reklam mütəxəssisi Norman Duqlas qeyd edir ki, reklamın xarakterində milli ideallar əks olunmalıdır. (Lakin xarici sərinləşdirici içkilərin orqanizmə ziyanlı təsirinə, mənfi enerji gücünə baxmayaraq, bəh-bəhlə təbliğ edilməsi təəssüf doğurur.)
Əgər
hiss etmisinizsə reklamlar “kəpənək effekti”nə
malikdir. Necə? Onda bu
effektə səbəb olan prosesi izləyin. Reklam əvvəlcə
bizə yaraşıqlı qablarda, bağlamalarda qidalardan,
içkilərdən istifadə etməyi məsləhət
görür. (Onun əslində orqanizmə ziyandan savayı
heç bir xeyri yoxdur.) Müştərilər kifayət qədər
reklamlardan ilhama gəlib bu qidalardan istifadə etdikdən sonra
müalicə üçün yeni dərman preparatlarının
reklamlarını izləyirlər. Bu dərmanlar da qəbul
edildikdən sonra növbəti reklama ehtiyac olduğunu hiss
edirlər.Təyinatına görə hazırlanmayan dərmanların
qəbulundan sonra zəhərli maddələrdən necə
xilas olmaq? Gördüyünüz kimi, bu burulğana
düşmək asandır çıxmaq isə çətin.
Bu proseslərin arxasında isə psixi təsirlər
dayanır. Buna videopsixokorreksiya deyilir.
Təəssüf ki,
çox vaxt məlumatlar psixoloji üsullarla ictimai
şüura yönəldilir. Mədəniyyət sahəsindən
fərqli olaraq, kütəvi informasiyaların şərhi məhz
kütlə üçün ən sadə dildə nəzərdə
tutulub. Oxucu və tamaşaçını əsas məqsəddən
yayındırmaq üçün xüsusi texnologiyadan istifadə
edilir. Belə reklamlar bizə nə üçün
yaşamağı deyil, necə yaşamağı təbliğ
edir. Fikir vermisinizsə xaricdə cizgi filimlərinin çoxu
siyasi xarakter daşıyır. Məsələn, İkinci
dünya müharibəsi illərində Amerikada yaponların,
hitlerçilərin eybəcər obrazlarını yaratmaqla vətəndaşlarının
mənəvi ruhunu qaldıraraq, düşmənə
qarşı neqativ münasibət formalaşdırmağa
çalışırdılar. Belə siyasi reklam xarakterli təbliğat
silahdan da güclüdür.
Bu gün ən çox cəlbedici
sahələrdən biri incəsənətdir. Adamlar daha
çox incələşib, incə sənətə, peşəyə
yiyələnməyə çalışırlar. O sənət
incəldikcə pulu da bir o qədər çox olur. Yəni
incəsənəti özünə sənət edən
adamların həyatı, günü-güzəranı bir
çox alimdən qat-qat artıqdır ki, əskik deyil. Alim
el yolunda nə qədər səmərəli
çalışsa da, ayda bir dəfə aldığı
maaşına möhtacdır. Deyirəm, şəhərimizdə
gələcəkdə mahnı oxuyanlar bir yerə toplansa,
stadion qədər müğənni yığmaq olar. İlbəil
necə deyərlər, hər ailədə məmə deyəndən
pəpə deyənə kimi müğənni olmağa tələsir.
(Ciddi, faydalı işlərlə kim məşğul olacaq
bir Allah bilir.) Belə getsə bir stadionluq səsin
gücündən, psixoloji təsirindən nəinki sənayedə,
kənd təsərrüfatında, hətta cəbhə
bölgələrində səmərəli istifadə etmək
üçün alimlər yeni kəşflər edə bilər.
Kənd təsərrüfatında bol məhsul vermək
üçün, başqa sahədə düşmən
qorxutmaq üçün. (Yadınızdadırsa sovetlər
dövründə inəklərin bol süd verməsi
üçün mal tövlələrində simfonik musiqidən
istifadə edirdilər.) Səsin vibrasiyası, fiziki xassəsi
möcüzələr yarada bilər. İncəsənətlə
elmin sintezinin tədqiq olunmasına böyük ehtiyac var. Məsələn,
yel dəyirmanları və günəş enerjisindən
istifadə xalqa xidmət edirsə, alimlər bu haqda da
düşünsələr pis olmaz. Amma bir şey var ki, alimin
əvvəlki həyatı bu kəşfi ilə də zənginləşməyəcək.
Oxuyanlar isə kasıblaşmayacaq.
Müharibə olmaqdansa, hərbi,
siyasi plakatlara baxıb qorxudan arıqlamaqdansa, deyirəm, nə
yaxşı ki, rəngarəng reklamlar var. Xüsusilə,
“baunti” şokaladını yeyib birbaşa cənnətə
düşməkdən gözəl nə ola bilər? Amma
“baunti” şokaladını yeyərkən gözlərinizi bərk-bərk
yumun ki, cənnəti görə biləsiniz. Heç olmasa
necə deyərlər, kasıb adam gözlərinin qurdunu beləcə
öldürür.
Xarici ölkələrə
bahalı turist səyahətlərinə getməyi adamdan nə
qədər xahiş etmək olar? Varlı adam reklamsız da
yaxşı bilir ki, ən bahalı, ekzotik istirahət yeri
haradır. İmkansız kişilər isə hirsli vaxtına
düşəndə az qala televizorla vuruşurlar: “Ay
qardaş, mən Antaliyada, Mayamidə dincəlmək istəmirəm,
əl çək məndən. Hər gün eyni sözü
nə qədər təkrar etmək olar? Abşeron çimərliyinə
nə gəlib. Arvad-uşağı salıram qabağıma
gedirəm pulsuz “dikiy plyaja” qumların üstündə
qarpız, pomidor, xiyar, pendir, çörək yeməkdən yaxşı
nə ola bilər? Neçə il əvvəl də belə
olub, indi də belə olsa bəşəriyyət heç nə
uduzmaz. Vaxtı ikən mənim atam, anam da Xəzər dənizinin
çimərliklərinə hətta elektrik qatarlarında,
avtobuslarda gediblər.
Yəqin bilirsiniz ki, “reklam”
latın sözüdür, mənası təsdiq,
çağırış, etiraz etməkdir... Obrazlı desək,
əyri oturub, düz danışaq. Reklamlar bizə hər
gün alqışlar deyir, nikbin olmağa
çağırır. Yazıq demir ki, sizi göstərdiyim
nemətlərə həsrət qalasınız. Eşitməmisiniz
atalar sözünü “niyyətin hara mənzilin də ora”.
Bayramlarda endirim kampaniyalarından narazı deyilik, yaxşı
ki, reklam vasitəsi ilə bundan xəbərdar oluruq.
Reklam mütxəssisi
Virciniya Valentayn reklamı belə xarakrerizə edir: “Reklamda məlumat
çox qısa müddət ərzində 30 saniyəyə
sizin şüurunuza çatmalıdır. Çeynənmiş,
yaxud milli ənənələrə yad olan obraz potensial
alıcıya təsir göstərə bilmir.” Mən reklam
mütəxəssisini reklama verdiyi tərifə görə məyus
etmək istərdim, heyif ki, onu şəxsən
tanımıram. Onun fikirlərinin bizə heç bir aidiyyəti
yoxdur. Çoxu bizim yumşaq ürəyimizi yaxşı
tanıyır. Çoxunun dərdinə, bayramına,
ovqatına həmişə şərik oluruq. ( Kaş ki, bu
münasibətlər qarşılıqlı olaydı.)
Məsələn, son illər
“Valentin” günü münasibətilə fevral ayında
bar-bar bağıran reklamların təbliğatdan az qala səsi
tutulur. Gənclərimiz sevdi, sevmədi dəxli yoxdur,
valentinçilərə qahmar çıxaraq, özlərini
salırlar parfümer mağazalarına. (Satıcıların
alverlərini, gəlirlərini birə on artırırlar.) Bir
sözlə, o “bayram” günü cavanlar Valentin və Valentina
olub əllərində güllər düşürlər
şəhərin canına. Adama deməzlər ki, Valentinin vətənində
Leyli və Məcnun günü keçirilir, belə
düşmüşük həşirə?! Sevməyi, sədaqəti
klassik şairlərimizin əsərlərindən öyrənmək
lazımdır, ey, valentinçilər.
Nəhayət, etiraf edək
ki, reklam bizim indiki dövrdə bayram deməkdir. Amma dərindən
düşünsək, əsl bayram isə elə özü
reklamdır. Allaha, təbiətə yaxın olan Ramazan, Novruz
bayramı kimi. Nə maska taxırsan, nə də pivə
içib rəqs edirsən. Milli bayramlarımız milli
bayrağımız altında bizə daha əziz və
müqəddəsdir. Elə bil göy
qurşağının mavi, qırmızı, yaşıl rənglərinə
boyanır bayramlarımız, arzularımız.
Sizlərə həmişə
yolunu gözlədiyiniz, ürəyinizə yatan milli, doğma
reklamlar arzulayıram. Bəlkə onların çoxu həyatınızda
yuxu kimi çin oldu...
Zöhrə ƏSGƏROVA
525-ci qəzet.- 2010.- 28 oktyabr.- S.7.