Mərakeşdə Azərbaycan Mədəniyyət günlərinin rəsmi açılışı olub

 

Oktyabrın 27-də Mərakeşin paytaxtı Rabatda Azərbaycan Mədəniyyət günlərinin rəsmi açılışı keçirilib. APA-nın Mərakeşdə səfərdə olan əməkdaşının məlumatına görə, açılış mərasimi Rabatın mərkəzi mədəniyyət sarayında baş tutub. Mədəniyyət sarayının foyesində Azərbaycan rəssamı Fərid Xayrullinin ölkəmizin təbiətini, tarixi yerlərini, mədəniyyət abidələrini əks etdirən fotolardan ibarət sərgisi təşkil olunub.

Mərasimə gələnlər sərgini maraqla qarşılayıblar.

Tədbirdə Mərakeş parlamentinin sədri, baş nazirin müavini, Azərbaycanın Rabatdakı səfiri səfirliyinin əməkdaşları, Mərakeşin mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərakeş Azərbaycanın mədəniyyət nazirlərinin müavinləri Məhəmməd Kavadir Ədalət Vəliyev mərasımdə açılış nitqi ilə çıxış edib, bu cür tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Daha sonra bədii hissə başlayıb. Tədbirə gələnlər dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblının rəqs qrupunun ifasında maraqlı konsert proqramı izləyiblər. Solistlərdən xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasovun ifası alqışlarla qarşılanıb.

 Qeyd edək ki, mədəniyyət günləri okytabrın 30-dək davam edəcək. Azərbaycan sənətçiləri Kasablanka, Fəs, Meknes şəhərlərində konsert verəcəklər.

 

 

525-ci qəzet.- 2010.- 29 oktyabr.- S.7.