Rəssam Adil Ələkbərovun xatirə sərgisi açılıb

 

Ötən gün Rəssamlar İttifaqında tanınmış Azərbaycan rəssamı, monumentalizmin dəyərli nümayəndəsi Adil Ələkbərovun xatirəsinə həsr olunan sərgi keçirilib. Sərgini Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov açaraq Adil Ələkbərovun yaradıcılıq yolundan danışıb. Bildirib ki, Adil Ələkbərovun bütün əsərlərində onun mənəvi gərginliyi, emosiyaları duyulur, monumentallıq yüksək səviyyədə hiss olunur: “Mən inanıram ki, Adil Ələkbərov sənəti əbədi yaşayacaq. Heç şübhəsiz ki, o Azərbaycan təsviri sənətində özünəməxsus bir iz qoyub. Bu istedadlı insanın ən uğurlu əsəri daima bakılıların gözləri önündə olan “28 may” metrostansiyasının foyesini bəzəyən monumental kompozisiyasıdır. Döymə metal texnikası əsasında işlənmiş həmin əsər Azərbaycan monumental sənətinin ən dəyərli nümunələrindəndir”.

Tədbirdə çıxış edən digər rəssam heykəltəraşlar da Adil Ələkbərov sənətinin özəlliklərindən bəhs edib, onun rəssam monumentalist kimi Azərbaycan rəssamlıq sənətinə möhtəşəm töhfələr verdiyini diqqətə çatdırıblar. Onlar Adil Ələkbərovun üzləşdiyi çətinliklərdən danışıblar. Rəssamın oğlu Valid Ələkbərov çıxışında gələn qonaqlara, Mədəniyyət Turizm Nazirliyinə, eyni zamanda Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova özü ailəsi adından təşəkkürünü bildirib.

Sonda qonaqlar mərhum rəssamın “Karusel”, “Genosid”, “Zvon Zolota”, “Vojd”, “İran allahı”, “Qız qalası” başqa əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 29 oktyabr.- S.7.