İradə Tuncayın “Sarı
odalar”ı
Mənə ən çox ləzzət eləyən cümlə bilirsiniz hansı oldu: “Belə ağlayarsan ha dalımca, gəncliyimdə məni çox ağlatmısan...” (“İstanbulu dinliyorum gözləri qapalı”) Bu misraların kimə ünvanlandığını demək artıqdır. Bilməyənlər üçün deyim: İradə xanımın əbədi qəhrəmanı Aqil Abbas.
Misal çəkdiyim misra İradə Tuncayın səmimi, sözü üzə qırmızı deyən bir yazar olduğunu göstərir.
Yeri gəlmişkən deyim ki, İradə xanımın İstanbul reportajları onun xarakterini bir insan kimi açır: bir qədər xarizmatik, bir az da melonxolik və sentimental. İradə Tuncayın ovqatı kordioqram cədvəlinə oxşayır, bu üzdən yazıları da rəngarəngdir. Əsəbindən çığırıb-bağıran adamlar da var, oturub ağlayanlar da. Hər ikisi “Sarı odalar”a yaraşır. Kitabdakı yazılarda hayqırtı da var, pıçıltıyla söylənmiş ürək ağrıları da.
İradə xanım istəyəndə sərt olur, istəyəndə yumşaq. “Ədalət və mərhəmət” yazısını oxusanız, dediklərimə əyani şahidlik edə bilərsiniz.
Yazar dostum Aqil Abbasın həyat yoldaşının yazılarında həmişə bir sərbəstlik var. Bu yerdə bir haşiyə çıxım. “Sarı odalar”ın təqdimatında Rəşad Məcid dedi: “İradə Tuncay dostlarına mesaj göndərib soruşmuşdu ki, “mən kiməm?”, mən də cavab vermişdim ki, “Aqil Abbasın arvadı”. Məndən, yəni Elçindən olsaydı, “Aqil Abbasın xanımı” deyərdim. Rəşaddı da. Həmin təqdimatda bəndəniz isə belə dedi: “İndi Aqil Abbas kimdir?” sualını versələr, yəqin ki, Rəşad Məcid “İradə Tuncayın əri” cavabını verəcək. Çünki İradə xanım son publisistik yazıları ilə Aqil Abbası üstələyib. Əlbəttə, bütün bunlarda bir balaca zarafat elementləri var. Həqiqi olan isə budur ki, cazibədar və heç zaman qocalmayacaq İradə xanım İblislə cəngi-cidadadır. Yer üzündə baş verən hadisələrin hamısının günahını Tanrı dərgahından qovulmuş bu mələkdə və onun sazişə girdiyi, yolunu azmış insan oğlunda görür. Əlahəzrət tamah və unutqanlıq çoxlarını yoldan çıxarır. Bu yerdə, lütfən, “Dorian Qreyin portreti” və Mixail Bulqakovun “Master və Marqarita” əsərini oxuyun və “keçmişinizi unutmayın” tövsiyəsini yadınıza salın.
İradə xanım ömrünü uşaqlarına və şıltaq olduğu qədər də istedadlı Aqil Abbasa həsr eləməsəydi, daha çox şeylər yazardı. Ümumi fikir: “Qadın hər şeydən öncə anadır...” İkibaşlı fikir: “Qadın həm də yaradandır...” Yəni həm insan yaradır, həm də obrazlar. Aqil qardaşım da sağ olsun ki, göz önündəki bu həqiqəti etiraf edir, hətta dilinə də gətirir. İradə xanım da sağ olsun ki, onun dediklərini cavabsız qoymur. “Sən necə, mən də elə. Çünki bir-birimizə oxşayırıq”. Son sözləri İradə Tuncayın “Vomən iz lav” yazısının motivi də hesab eləmək olar. Necə deyərlər, səmimi etiraf ailənin dağılmaz təməlidir.
Ailə, ər, uşaq qayğılarına baxmayaraq, İradə Tuncay öz ruhunu itirməyib və bunu son illərdə yazdığı publisistik məqalələrilə sübut edib. Eh, hələ nələr oxuyacağıq!
Qoy, məndən inciməsinlər, bəziləri məqalə yazır, adını publisistika qoyur, amma İradə xanımın maraqlı, rəngarəng bədii publisistikası çox şeyə aydınlıq gətirir. O, yazılarını məişət obrazları və ictimai, siyasi, sosial faktlar üzərində qurmağı, ona bədii don biçməyi bacarır. Yazar xanım yaxşı bilir ki, publisistika sadəcə faktların şərhi (konstatasiyası) və müəllif müdaxiləsindən ibarət deyil. O, faktları ədəbi müstəvidə əridə bilir. “Jurnalistika (oxu. publisistika) faktlı ədəbiyyat, ədəbiyyat faktsız jurnalistikadır” deyimi onun qələmində öz təsdiqini tapır.
İradə Tuncayın keçmiş cəbhəçi Mehdi Məmmədovla bağlı yazısı çox kövrəkdir. Mehdini mən də tanıyırdım, “Gənclik” metrosunun həndəvərindəki kafedə xeyli söhbət eləmiş, hətta çörək də kəsmişdik, amma gözdən əlil insanın iç dünyasını duyan, düşüncələrini göydə tutan İradə xanım oldu. O, Mehdinin elə bir portretini yaradıb ki, bu bəxtsiz adamın taleyinə acımaya, bəzi məqamlarda isə kövrəlməyə bilmirsən.
Hər kəsin
haqqı zamanında özünə verilməlidir. Təəssüf ki,
çox zaman belə olmur. Hadisə məntiqi sonluqla nəticələnmir.
Hər şeyin zamana ehtiyacı var. Burası düz, amma
adamlar kimi, zaman da köhnələ və unudula bilir.
Böyük şairimiz Məmməd
Arazla bağlı xatirələri unudulmazdır. O, Məmməd
Araza təkcə ata kimi yox, həm də yaradıcı insan
kimi yanaşmağı bacarır. Belə demək
mümkünsə, yaradıcı insan obrazı ata
obrazını üstələyir. Ürək
ağrıları qələmin məharətilə pərdələnir
və yalnız konturları görünür.
“Sarı odalar”, “Mən və
sən” yazısı acı həqiqətlə dolu
olduğundan adamda pessimist əhval yaradır. Bu yazı, sanki,
eyni adama həsr olunub, sadəcə ünvan və obyektin
adı fərqlidir.
Düzdür, həyat
keçir və bu həyatda biz çox ağrı-acı
görürük. Çünki bu həyatdır və həyat
belə olmalıdır. Bu sözlər mənim İradə
Tuncaya təsəllim deyil, sadəcə demək istəyirəm
ki, bu xanım duyğusal insanların hisslərini yerindən
oynada, keçmiş xatirələrini dirçəldə
bilir. “Sarı odalar”ın sahibəsi impressionizmin
çağdaş davamçısı kimi görünür.
Bu günü keçmişdə, keçmişi bu gündə
axtarır...
O, hər yazısında
İradə Tuncaydır: səmimi, obyektiv, ürəyi
yanımlı. Özü etiraf edir ki, dili acıdır, sərtdir.
Məncə bütün bunlar özünə və ətrafa
tələbdən irəli gəlir, amma yazılarında
çox mehriban və ürəyiyumşaq bir xarakter ortaya
qoyur. Bayaq dedim ki, İradə xanımın yazıları kordioqram
cədvəli kimidir, heç zaman düz xətt üzrə,
tapdanmış yollarla inkişaf eləmir. Buna görə də
onun xarakterini tutmaq və dəqiq müəyyən eləmək
çətindir. Elə o üzdən də maraqlıdır.
Rəngarənglik və ovqat dəyişməsi insanın həyatsevərliyinə
işarədir.
İradə Tuncayın məlumatlılığı,
dünyagörüşü adamı satın alır, heyrətləndirir.
Onun publisistikasının oxunaqlığının səbəblərindən
biri də budur. Oxucular özləri də bilmədən mənən
zənginləşirlər.
Çe Gevara ilə Polad Ələmdarın
müqayisəsi – acı həqiqətdir (“Yoldaş Çe).
Biz ideallarımızı itirmişik,
cılızlaşmışıq. Hərdən kim
olduğumuzu, hansı arzu və xəyallarla
yaşadığımızı götür-qoy eləməyə
dəyər. Vaxtında ölmək hər adama nəsib olmur.
Həyatı qəhrəmanlıqlarla dolu, bütöv bir nəslə
örnək olmuş insan sonradan dəyişəcəksə,
bəlkə vaxtında getsə yaxşıdır. Belə
olanda adı da, özü də urvatlı olur. Bu məqamda “Dəyişmə-dəyişmə”
yazısı da kara gələ bilər. Eyni sözün
müxtəlif vurğuları ola bilir.
İradə xanım
inqilabçıdır. Dəyərlərin itirilməsinə,
vicdanın ölməsinə, arzuların gömülməsinə
yardımçı olan mühitə qarşı üsyan eləyir.
“Mən bir zaman bütün
dünyanı sevməyə hazır idim...Sonra içimdəki
sevgini elə öldürdülər ki, yeri boş qaldı.
Yox, nifrətlə dolmadı, elə boş qaldı...”
(“Ölən istəklərimiz”) Yaxşı sitatdır,
sonrasını özünüz oxuyun.
Bu məqaləmdə Aqil
Abbasdan çox danışdım. Bu da təsadüfi deyil. Mənə
elə gəlir ki, İradə Tuncay yazıçı
dostumuzun indi demədiklərini deyir, daha doğrusu,
üsyankarlığının və
qiyamçılığının “xodunu” almış Aqil
Abbası zərbə altından çıxarmağa
çalışır. Hə, yadıma düşdü, bəzən
İradə xanım Aqil Abbasın da əvəzinə
yazır. Onun yazısından bir Aqil Abbas boylanır. Onlar bir
yerdə, qoşa addımlayırlar.
“Ə, sənnən
döyüləm” yazısında bizim yaxından
tanıdığımız, başqalarının isə
ümumən tanımadığı bir insanın dəqiq-dürüst
obrazını yaradır. Söhbətin kimdən getdiyini deməyəcəm,
çünki onun adını çox çəkmişəm.
Bu yazıda həqiqət – yumor – ironiya triosu həmahəngdir.
Hər kəsin evində bir söyüş söyəni
olmalıdır, ya yox? “Bu məmləkətdə
abırlı adamlara yer yoxdur görə-görə gəlirəm...”
Elə biz də, İradə xanım.
Yadımdadır, məqalə
mənə necə ləzzət eləmişdisə, oxuyan
kimi İradə xanıma zəng vurub təbrik elədim.
Qarabağlıyam, axı!
“Sarı odalar” müəllifinin
İstanbul haqqında bilgiləri mənə doğmaydı.
Çünki mən də bu şəhəri sevirəm və
onun küçələrini, tarixi abidələrini, sultan
saraylarını, məscidlərini çox gəzmişəm:
Aya Sofya məbədi, Mehmet Sultan camesi, Dolmabaxçasaray... Bir
müəllifin romanında deyildiyi kimi: üstündə minlərin,
milyonların qanı axıdılmış, sonucda əbədi
türkləşən minarəli şəhər.
İradə xanım bizim
ümumi tariximizi, yaşantılarımızı yazır.
Sovet bayramlarının panoramını cızır. Nəyin
yaxşı, ya pis olduğunu demir, sadəcə göstərir.
Biz SSRİ-ni unuda bilmərik,
çünki o bizim böyük vətənimiz idi. Biz
işıqlı gələcəyə olan ümidlərimizi,
inamla dolu baxışlarımızı, gündən-günə
çiçəklənən arzularımızı unuda,
uşaqlığımıza və gəncliyimizə, onun
ideallarına xəyanət edə bilmərik.
Keçmişimizin üstündən xətt çəkməyə
ürəyimiz gəlməz. O, bizim bir parçamızdır.
Bu məsələdə İradə xanımın yazdıqları
ilə mənim düşüncələrim arasında bir
paralellik var.
Yeri gəlmişkən, bir
neçə il öncə Litvadaydım. Vilnüs ətrafında
böyük bir park var. Rəsmi adı “Qrutas-park”, şərti
adı “Sovetlər ölkəsi”dir. Ucu-bucağı
görünməyən “ölkədə” baş küçə
Leninin adını daşıyır. Litva ərazisindəki
köhnə sovet abidələrinin hamısı burada
toplanıb. Kitabxanası və muzeyi var. Bax, həmin muzeydə
mən pioner qalstukunu, oktyabryat ulduzunu, əski sovet
pullarını görəndə kövrəldim. Sovetlərin
himni və bizim çox eşitdiyimiz “Moskva” mahnısı
keçimşə olan xiffətimi daha da artırdı.
Demək istəyirəm ki,
İradə Tuncayı oxuyanda özümə doğma olan
çox nəsnələri tapdım. Biz hələ çox
şeyləri bilmirik. Elə bilməsək
yaxşıdır. Çünki hər il getdikcə bizdən
nəsə qoparır: bir az gəncliyimizdən, bir az ümidlərimizdən,
bir az da inanclarımızdan. (“Sarı odalar”)
Müdrik bir ifadə
yadıma düşdü: “Onu özünü doğrultmayan
ümidləri qocaltmışdı...”
İradə xanım
“kişilər qocalanda kövrək olur, cocuğa
dönür” deyir, amma özünün də kövrəldiyinin
və cocuqlaşdığının fərqində deyil, deyəsən.
Mənim də bəxtim gətirib
ki, İradə Tuncay “Don Juan” romanıma bir həmkar
yazısı həsr eləyib.
Anketsayağı desək,
yaxşı yoldaşdır, qələmdaşlarına
sayğı ilə yanaşır. Elçinsayağı
yanaşsaq, Əbülfət Mədətoğlunun, Ceyhun
Musaoğlunun, kompüterçi qızların ovqatına bir
suallıq su çiləyir.
Əlləriniz var olsun,
İradə Tuncay – Toğrulun, Tuncayın anası, Tansunun nənəsi...
Baho, son söz artıq oldu, deyəsən! “Sarı
odalar”ın təqdimatında kimsə gözəl dedi: Sən
nənə yox, böyük annəsən!
Sonda bir not: “Təhsil” nəşriyyatının
çap etdiyi “Sarı odalar” kitabı çox səliqəli
və nəfisdir. Oxuduğum yazıların içərisində
yalnız bir hərf səhvi tapdım. Bu isə İradə
xanımın özünə və yazısına tələbkarlığından
irəli gəlir, yəqin.
Daha bir not: Mən İradə Tuncaydan yazdım, amma səsi Aqil Abbasa verirəm. Qarşıda seçkilərdir, axı!
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2010.- 29 oktyabr.-
S.7.