Vasif Adıgözəlova
həsr olunan musiqi festivalı davam edir
Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi, görkəmli bəstəkar, xalq artisti Vasif Adıgözəlovun 75 illiyinə həsr olunmuş Musiqi Festivalına artıq start verilib. Dünən ABİ-nin Üzeyir Hacıbəyli adına konsert zalında festival çərçivəsində bəstəkarın kamera-instrumental və kamera-vokal əsərləri gənc istedadların ifasında səslənib. Konserti giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə açıb. O, Vasif Adıgözəlovun Azərbaycan musiqi sənətindəki yeri və rolundan danışıb: Vasif Adıgözəlov Azərbaycan musiqi sənətində əvəzolunmaz xidmətləri olan bir sənətkardır. O, Bəstəkarlar İttifaqını ən çətin günlərdə ayaqda saxlamağı bacardı. Rusiyada, Azərbaycanda onun təşəbbüsü ilə keçirilmiş bir sıra mühüm tədbirlərdə gənc bəstəkarlarımızın əsərləri uğurla səslənib. Vasif Adıgözəlov sözün əsl mənasında uğurlu yolu olan bir məktəb qoyub. Konsertdə bəstəkarın Piano üçün 3 prelüd, Violina və piano üçün skertso, Piano üçün sonata, Hacı Qara operettasından səhnələr, Şuşam lay-lay, Xoşum gəlir, Yeddi çinar, Şərikli çörək bədii filmindən Skertso, Ninni, Qərənfil, Bakı haqqında mahnı, Bayram süitası, Naz-naz kimi qiymətli əsərləri ifa olunub. Oktyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında dirijor, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun və Azərbaycan Dövlət Xor Kopellasının bədii rəhbəri, xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında görkəmli bəstəkarın Çanaqqala- 1915 oratoriyası səsləndirilib. Festival davam edir.
GÜNEL
525-ci qəzet.-
2010.- 29 oktyabr.- S.7.